09.04.2014

Kommunizm niyə mümkündür?

Cəmil Şirvanov

Bu sual gündəlik həyatda və internetdə həmvətənlərimiz tərəfindən geniş müzakirələrə səbəb olur. Mənə (buna) oxşar suallar az verilməyib. Prinsipcə bu məsələnin vətəndaşları narahat etməsi heç də  təəccüblü deyil. Kapitalizm şəraitində 23 il yaşamaq onlara hərtərəfli başa saldı ki, yaşadıqları quruluş heç də onların yaşamaq istədikləri quruluş deyil. Onlar həm də istəmirlər ki, övladları bu barbar cəmiyyətdə yaşasın. Belə ki, son on ilin kapitalist propaqandası zəhmətkeşlərin çoxusunu inandırmışdır ki, kommunizm qurmaq mümkün deyil.
Qərb tərəfdarları tərəfindən gətirilən kommunizmin mümkünsüzlüyü haqqında dəlillər ilk baxışdan inandırıcı görsənir. Əsas dəlil SSRİ-nin süqutudur.
Burjua ideoloqlarının arqumentləri hələ Qorbaçovun vaxtından belə idi: “Kommunizmi qurmaq istədilər, gördülər ki, alınmadı, yenidən qayıtdılar kapitalizmə. Deməli, kommunizm qurmaq mümkün deyil; kommunizm həyatda reallaşdırılması mümkün olmayan gözəl utopiyadır”. 
Biz bu (cəfənf) arqumentləri niyə ilk baxışdan inandırıcı hesab edirik? Artıq çoxdan sübut olunub ki, bu tipli mühakimələrdə nə məntiq, nə elmi əsaslandırma, nə də məişət reallıqları ilə uzlaşma vardır. Belə mühakimələr ilk baxışda zəhmətkeş kütlələr tərəfindən də onlara inamın yaranmasına səbəb olur. Ona görə ki, zəhmətkeş kütlələrin çoxusunun belə mühakimələri oxuyub analiz etmək və fikirləşmək üçün sərbəst oturmağa vaxtları yoxdur. Hamı işləyir. İş saatı gecə saatlarınadək uzadılıb. Stalini qaniçən adlandırırlar, amma Stalin iş gününü 5 saata endirmişdi. Özünüz qiymət verin. 
Sizə hər birimizin həyatımızda rastlaşdığımız hadisələrdən misal çəkək: İnsan doğulur, böyüyür, qocalır və ölür; heyvanlar və bitkilər də eyni qaydada. Biz deyə bilərikmi heyvanlar və bitkilər insanlarla müqayisədə həyat qabiliyyətli deyillər? Xeyr. Deyə bilmərik. Onlar insanlara nisbətən daha çox həyat qabiliyyətlidirlər. Onların da başqa canlılar kimi hərəsinin özünəməxsus yaşam müddəti vardır. O cümlədən, ictimai quruluşlar da müəyyən ömrə malikdirlər. Nə vaxtsa planetimizdə insanlar ibtidai-icma quruluşunda yaşamışlar. Sonralar bu quruluş quldarlıq quruluşu ilə əvəz olunub. Öz ömrünü başa vurduqdan sonra quldarlıq quruluşu da keçmişə qovuşdu və insanlar feodalizm quruluşunda yaşamağa başladılar. Feodalizm də əbədi olmadı. Onu əvəz edən bir quruluş- kapitalizm gəldi. 
Bəs burjua ideoloqları hardan çıxarırlar ki, kapitalizm quruluşu əbədidir və bəşəriyyət bundan sonra həmişəlik kapitalizm şəraitində yaşayacaqdır? Bu məntiqsiz deyilmi?! Məntiqə və elmə əsaslanan fikir budur ki, yaxın keçmişdə bir neçə dəfə baş verdiyi kimi bir ictimai-quruluş digəri ilə əvəz ediləcək. İnsanlar əvvəlki quruluşdan tamamilə fərqlənən həyat şəraitində və qanunların təsiri altında yaşayacaqdırlar. 
Yaranan sual ondan ibarətdir ki, bəs kapitalizm quruluşunu hansı quruluş əvəz edəcək? Burada biz oturub özümüz hər hansı bir quruluşu özümüzdən fikirləşib icad edə bilmərik axı. İctimai münasibətlərin inkişafı və quruluşların bir-birini əvəz etməsi hər hansı seçilmiş şəxslərin, mütləq monarxların və alimlərin iradəsi ilə deyil, obyektiv və insan iradəsindən asılı olmayan səbəblər üzündən baş verir. Məsələn, feodalizm ibtidai-icma quruluşundan sonra yarana bilməzdi. O cümlədən kapitalizm də quldarlıq quruluşundan sonra yarana bilməzdi. Tarixdən bizə məlumdur ki, feodalizm quldarlıq cəmiyyətinin dağılması şəraitində, kapitalizm isə feodalizmin öz içində əmələ gəlməyə başlamışdır. Belə məlum olur ki, bütün əvvəlki ictimai-iqtisadi formasiyalar növbəti, daha mütərəqqi ictimai-iqtisadi formasiyanın yaranması üçün vacib olan şərtləri öz daxilində yetişdirir. Bu həmişə belə olmuşdur. Yaşadığımız kapitalizm cəmiyyətinin əsas şərtləri feodalizm dövründə yaranmağa başlamışdır. 
Hər bir ictimai quruluşda iqtisadiyyatdan tutmuş ideologiya və sosial sahələrə qədər bütün inkişaf qanunlarını müəyyənləşdirən özünəməxsus qanunlar hökm sürür. Bu qanunlar obyektiv reallıqdan irəli gəlir, insanın özü fikirləşib tapmır. İnsan yalnız yaşadığı quruluşun mahiyyətini açmalı, öyrənməlidir ki, həmin quruluşun hardan yarandığı və necə fəaliyyət göstərdiyini, onun tərkibində hansısa quruluşun əlamətlərinin olub-olmadığını və bütün bunların hansı nəticələrə gətirib çıxaracağını dərk etsin. 
Kapitalizm quruluşunun qanunları XIX əsrdə böyük alman alimi Karl Marks tərəfindən kəşf edilmişdir. Marks öz ömrünün 40 ilini kapitalzim quruluşunun mahiyyətini açmaqdan ötrü tədqiqatlara həsr etmişdir. O, kapitalizm cəmiyyətinin mahiyyətini açmaq üçün minlərlə mötəbər materiallar topladıqdan və analiz etdikdən sonra belə bir qənaətə gəlmişdir ki, kapitalizm məhvə məhkumdur. Kapitalizmin öz qanunları ona gətirib çıxaracaq ki, kapitalizmin qaçılmaz sonu gələcək və bəşəriyyət yeni bir ictimai quruluşu- kommunizmi yaradacaqdır. Bu təbiidir. Çünki, kapitalizm özü kommunizmin yaranması üçün lazım olan şərtləri öz daxilində yaradır. Bununla da kommunizm quruluşunda insanlar minillər boyu məruz qaldıqları zülm və istismardan həmişəlik azad olacaqlar.
Bəşəriyyətin əsrlər boyu arzuladığı cəmiyyət olan kommunizm göründüyü kimi nəinki mümkündür, hətta qanunauyğundur, qaçılmazdır. Kommunizm kapitalizmin birbaşa törəməsidir, onun yekun nəticəsidir!
Kommunizm, burjua ideoloqlarının bizi inandırmağa çalışdıqları kimi Marksın özünün uydurması deyildir. 150 ildən artıq bir zaman kəsiyində heç kim Marksın elmi qənaətinin əksini sübut edə bilməmişdir. XIX əsrin ortalarından bugünə qədər kapitalizmin inkişafı Marksın elmi qənaətinin doğruluğunu sübut etmişdir. 
XX əsrin əvvəllərində Marksın kapitalizmin öyrənilməsinə dair işini böyük alim və inqilabçı Vladimir İliç Lenin davam etmişdir. O, nəzəri cəhətdən sübut etmişdir ki, kapitalizm özünün çürüyüb məhvolma mərhələsinə qədəm qoymuşdur, həm də praktikada bu elmi-nəzəri qənaətlərinin doğruluğunu sübut etmişdir. O praktikada sübut etmişdir ki, bəşəriyyət kapitalizmin ölüb getməsi və kommunizmə keçid mərhələsinə qədəm qoymuşdur. Böyük oktyabr sosialist inqilabı, SSRİ-nin yaradılması, SSRİ-nin iqtisadi-sosial sahədə fenomenal uğurları bu fikrin doğruluğuna dəlalət edir. 
Bu yerdə savadlı oxucular belə bir söz deyə bilərlər: “Axı SSRİ süqut etdi!”. Bəli, təəssüf ki SSRİ-ni qoruyub saxlamaq mümkün olmadı. Amma bu ona dəlalət etmir ki, kommunizmi qurmaq mümkün deyil. Əksinə, Sovetlər birliyinin ictimai həyatın bütün sahələrindəki uğurları kommunizmin mümkün olması barədə mötəbər sübutlardır. Əgər bir yeni ictimai quruluş özündən əvvəl yaranmış quruluşa müvəqqəti olaraq məğlub olursa, burada bəşər tarixi baxımından heç bir təəccüblü və xüsusi bir şey yoxdur. Çünki tarixdə belə hadisələr çox olmuşdur. Burjua cəmiyyətinin qurulması da eyni çətinliklərlə üzləşməli olmuşdur. Belə ki Avropada baş verən burjua inqilabları çox nadir hallarda bir dəfəyə qəti qələbə qazanmışdır.
Feodalizmdən kapitalizmə keçmək üçün inqilab və əksinqilablar bir-birini əvəz etmişdir. Yəni köhnə quruluş müvəqqəti olaraq yeni quruluşu məğlub etsə də, yeni burjua quruluşunun gəlişini dayandıra bilmədi. Çünki artıq vaxt yetişmişdi. Feodalizm getməli idi. Təkcə Fransada 3 dəfə- 1793, 1830 və 1848 illərdə burjua inqilabları olmuşdur. Bu inqilabların arasında iki əksinqilab dövrü olmuşdur.
Kapitalizmdən kommunizmə keçid ictimai həyatda kardinal və ağlagəlməz dəyişikliklərin olması deməkdir. Çünki bu sinifli cəmiyyətdən sinifsiz cəmiyyətə keçiddir. Əvvəlki ictimai quruluşların dəyişilməsi nəticəsində ağalıq edən bir sinfin hökmranlığı digər sinfin hökmranlığını əvəz edirdi, burada isə məqsəd bütün siniflərin məhv edilməsidir- bu məqsədə çatmaq əvvəlki inqilabların vəzifələrinin icrasından daha çətin və ağırdır. 
Bir məsələ ilə də razılaşmaq lazımdır ki, SSRİ-də kommunizmi tam qurmaq mümkün olmadı. Ölkə kommunizmə doğru irəliləyirdi. Hələ də kapitalist ictimai münasibətlərinin təsiri qalmaqda idi. Sovet cəmiyyətində onun bütün inkişaf tarixi ərzində yeni kommunizm münasibətləri ilə kapitalizmin elementləri arasında mübarizə getmişdir (əmtəə-pul münasibətləri, antoqonist olmasa da cəmiyyətin fəhlə, kəndli siniflərinə bölünməsi və s.). Müəyyən mərhələdə inqilabi kommunist qüvvələr əksinqilabi qüvvələrə nisbətən zəiflədi və nəticədə SSRİ-də əksinqilabi qüvvələr qalib gəldi. Ölkədə yenidən kapitalizm bərpa edildi. 
Bəli, baxmayaraq ki, SSRİ-də əksinqilabi burjua qüvvələri qalib gəldi, fikrimizcə bu müvəqqətidir. SSRİ-nin süqutundan sonra dünya kapitalizm sisteminin inkişafı açıq-aşkar sübut edir ki, kapitalizm SSRİ-dən sonra öz sonuna daha sürətlə yaxınlaşır, nəinki SSRİ mövcud olduğu illərdə. Bu bir çox mütəxəssislərin yekdil fikridir. Qlobal kapitalizm kommunizmin uğurlu həyata keçirilməsi üçün lazım olan axırıncı şərti də yaratmış oldu. Qlobal kapitalizm istehsalı dünya miqyasına yüksəltməklə bütün dünya üçün istehsal vasitələri üzərində ictimai mülkiyyətə keçidi əhəmiyyətli dərəcədə asanlaşdırmışdır.
1. İnformasiya texnologiyalarını yaradıb həyata tətbiq etməklə (internet, mobil rabitə və s.) müasir kommunizm cəmiyyətinin qurulması, onun özünün idarəetmə işinin asanlaşdırmışdır;
2. Elektron hesab və bank kartları sistemini işləyib və tətbiq etməklə istehsal və tələbatın uçotu və yoxlanılması sistemini asanlaşdırmaqla bərabər pul sisteminin ləğvinin birinci mərhələsini həyata keçirtmişdir.
Sadə bir araşdırma və analizlə biz belə bir fikrə gəlmiş oluruq ki, kapitalizm artıq öz ömrünü başa vurmuşdur. O öz tarixi funksiyasını yerinə yetirdiyi üçün artıq yerini yeni bir quruluşa verməlidir. Kapitalizm artıq bəşəriyyətə lazım deyil. Əsas məsələ istehsal vasitələri üzərində xüsusi mülkiyyəti ləğv etməkdir. Yalnız bundan sonra kommunizmə gedən yol açılacaqdır. Bu hadisə baş verəcək. Əvvəl-axır baş verəcək. Parazit burjua sinifi buna nə qədər müqavimət göstərsə də, ölməkdə olan bu sinif tarixi inkişafın qarşısını ala bilməyəcəkdir. Axı tarix amansızdır.
Marksizmin klassiklərinin söylədikləri kimi qələbə istənilən halda inqilabi sinfin-proletariat sinfinindir. O qələbə ki bəşəriyyətin ən vacib tapşırığını yerinə yetirərək dünya zəhmətkeşlərini minillərin zülmündən, yoxsulluğundan və istismarından xilas edəcək. Bu prosesin yaxın zamanlarda baş verməsi üçün bütün dünyanın zəhmətkeşləri öz imkanları daxilində güc və səylərini əsirgəməməlidirlər.

Комментариев нет:

Отправить комментарий