04.02.2019

Döyüşkən faşist strukturunun yaradıcısı Hitler yox, Ernst Rem olmuşdur. Hitler Remin hücumçu dəstələrinin sayəsində hakimiyyətə gəldi, amma hakimiyyətə oturuşandan sonra onların hamısını qırıb çatdı. Müharibə veteranı Rem ovçu şurasının üzvü Georq Eşerix ilə birgə Bavariya Xalq Qoşunu adlı hərbi qruplaşma yaratmışdı və bu qruplaşmanı silah-sursatla təmin etmişdi. Hitlerlə birgə partiyada çalışarkən Rem öz hərbi qruplaşmasını onun ixtiyarına verdi və partiya liderlərinin mühafizəsi üçün çalışdı. Bundan sonra Remin hərbi qruplaşması SA (Sturmabteilung - hücumçu dəstələr) adlanmağa başladı. Məhz Remin avtoriteti nəticəsində 2 min üzvü olan SA silahlılarının sayı Pivə Qiyamı ərəfəsində 30 minə qalxdı, hətta tanınmış general, müharibə qəhrəmanı Erix Lüdendorf bu təşkilatın rəhbərliyində yer aldı. Remin əzmi sayəsində 1933-cü ilin əvvəlində SA-çıların sayı 600 minə, axırında isə 3 milyona çatdı.
 Remin SA-çı əsgərləri hesabına Hitlerin partiyası ölkənin ən qüdrətli siyasi hərəkatına çevrildi. Rem və onun SA-çıları özlərini “nasional-sosialist inqilabının” avanqardı hesab edirdilər. Nasional-sosializmin dirçəlməsində SA-çılar mühüm rol oynamışdılar. Onlar bir növ ölkənin ikinci polisi idilər. SA-çılar küçə toqquşmalarında Hitlerin opponentləri ilə vuruşurdular və onun döyülərək siyasi meydandan çıxarılmasına imkan vermirdilər. Hitler hakimiyyətə SA-çıların çiyinlərində gəldi. Hitleri hakimiyyətə otuzduran və möhkəmləndirən həmin hərbi gücü Rem formalaşdırmışdı. Rem olmasaydı, Hitler siyasi pyedestala qalxa bilməzdi. Amma Hitler hakimiyyətə oturandan sonra onun ilk qurbanlarından biri elə Rem oldu. Hitler SA-nın bütün rəhbərliyini qırdı və təşkilatı sıradan çıxardı.

Комментариев нет:

Отправить комментарий