Nənəm Bibixanımın əziz xatirəsinə...
İllər keçəndən sonra anladım ki, həqiqətən də o yay uşaqlığımın son yayı oldu. Böyüdüm . Boyca böyüməsəm də fikirlərim, düşüncələrim, dünyaya baxışım uşaq təxəyyülü nə qədər uzağı görə bilərsə o qədər böyüdü, lal-dinməz oldum. Əlifbanı öyrənməmiş kitabları sevdim, şəkil şəkməyə meylləndim ki, onların da bir mövzusu vardı- ata, ana bir də balaları şən xoşbəxt yaşayırlar ətraf gül-çiçək, həmişə yay fəslidi və o yaydan beynimin bir küncündə qısılıb qalan boyumdan böyük borular...
Bakı-Qazax yolu üstə ətrafa səpələnmiş kiçik kəndlərdən biri də anamın doğulduğu yer idi. Həmin, birinci sinifə gedəcəyim il anam məni nənəmə verib, kəndə yola saldı.Uşaqlar adətən harasa gedəndə sevinər, mən isə kədərlənmişdim. Başımı elektirik qatarının sürətindən soyumuş, soyuq pəncərəsinə söykəyib, göz yaşı tökürdüm. Nənəmin fikirləri isə hardasa uzaqlarda olduğundan mənə fikir belə vermirdi. Yüz iyirmi kilometrlik yol mənim üçün nağıl dili ilə desək gedər-gəlməz yolçuluq idi. Birdə həsrət vardı bu yolda. Atamın qəfildən evdən uzaqlaşması, həmişə bizimlə balaları ilə məşğul olan anamın işə düzəlməsi, evimizin düzənini pozdu. Bacım qardaşım uşaq baxçasına mən isə kəndə gedəsi oldum. Bu ayrılıqların səbəbini başa düşmədən əvvəlki , gözəl günlərimizin həsrətini çəkə-çəkə axıtdığım göz yaşları yanaqlarımı yandırırdı. Nənəm axır ki, bu halımı görüb, başını buladı: Olmaz, belə getməz, narahat olma, atan da qayıdacaq, anan da əvvəlki kimi sizi başına yığacaq hələ qoy sənin dərslərin başlasın, görərsən hamını başına yığacaqsan, görərsən. Yaydı da hərə bir yerə qaçır. Fikir eləmə, sənə şor çörək verim?
Başımı buladım. Gözlərimi nənəmnən çəkmədim.İlk dəfəydi ki, kimsə mənimlə böyük adam kimi danışırdı. Fikrimi soruşmasa belə danışırdı və dodaqları pıçıldaya-pıçıldaya yuxuya getdi nənəm. Gözləri yumulsa da “fikir eləmə, gözlərini sil”, -dedi.
Axşamtərəfi kəndə çatsaq da yay günündə canıma gələn titrətmə məni yatağa saldı. Babam, dayım, xalam hamısı əl-ayağa düşdülər. Nənəm qulağımın dibində dilində qəribə sözlər deyə-deyə kürəyimi ovur, qarnıma nanəcövhər çəkirdi. Xalamın gətirdiyi qatıq canıma necə yayılmışdısa gözlərim xumarlanırdı. Birdə onda ayıldım ki, artıq səhərdi. Hamı yatsa da nənəm oyaq idi çünki səsi tövlədən gəlirdi, o, inəyi oxşaya-oxşaya sağırdı. Məni görüb gülümsədi: Deyəsən indi yaxşısan, şükür, min şükür...
Yenə də məndən cavab almamış özü təsdiq etdi ki, yaxşıyam. Sonra tövlənin içində yuva quran qaranquşları göstərdi. “Baaaxx, quş quşdu, amma özünə yuva tikir, doğur, törəyir, balasını qoruyur... ehh, nə deyim, görürəm bu dünyanın tarazdığı pozulub bala, nəsə, hər şey yoluna düşər inşəAllah...
Tövlədən heyvan sidiyinin iyi gəldiyindən orada dayana bilməyib çölə çıxdım. İlk gözümə dəyən uzaqdan görünən dəyirmi, sira- sıra düzülmüş borular oldu. Babamgilin evindən Haramı dağına uzanan yol çollük-biyaban idi. Bizim ev kəndin sıraca ən sonuncu evi sayılırdı. Elə o səbəbdən də bağımız hamı kimi bir neçə sot yox, bəlkə də bir neçə hektar idi. Babam bu bağda nələr əkməmişdi. Bağ bir neçə hissəyə ayrılmışdı Narlıq, albalı bağı, almalıq, üzümlük, qızılgüllük, əkin sahəsi də ayrı idi. Bu bağda hər meyvədən bir neçə növ vardı. Yay-qış evimizdə də bu bağın meyvələri olardı. İndi isə kəndin ən sonuncu evinin eyvanında dayanıb, bağa yox, düzəngaha səf-səf düzülmüş borulara baxırdım. Uzaqdan adamlar, bir də vaqona bənzər səyyar ev görünürdü. Maraq məni ora aparsa da bilirdim ki, nənəm məni ora, borulara baxmağa aparmaz. Birdən şaqqanaq səsi eşidildi. Gülənin kimliyi mənə məlum olsa da o qonşu qadını heç sevmirdim. Sakitcə evə keşmək istəyəndə məni adımla səslədi, məcbur olub cavab verdim. Sübh tezdən olmasına baxmayaraq Kifayət yenədə qara qır saqqız çeynəyirdi və hə dəfə saqqızı ağzında çevirdikcə dodaqlarının kənarı köpüklə dolurdu. – Ora baxırsan, ay bəxtəvər, bunan sonra Bəkidə əyləşib, evüzdə Kür suyu içəcəksüzzz... Bəkililərin əlü bala batub dəəə...
Kifayət tövlədən əli vedrəli çıxan nənəmi görüb, çəpərin dibindən uzaqlaşdı. Özü də hiss edirdi ki, nənəm onu sevmir. Mən nənəmi başa düşmürdüm. O Kifayəti sevməsə də bişirdiyi yeməkdən hər gün bir qazança onların payını göndərər, qızı Gülayəni isə dizinin dibində oturdub, özü yedirdərdi. Kifayət isə bütün olanları adi qarşılardı. Nənəmin bir baxışından gizlənən Kifayət həmin anlarda həyətdə vurnuxur, amma hiss olunurdu ki, bu biri həyətə qızını doydurmağa çalışan qonşusuna minnətdarlıqla baxır. Nənəm də qonşu qızını yedirib, doyurandan sonra əlini onun bozarmış siçan quyruğuna bənzər saçlarına çəkər, - ağıllı qızım, anava oxşama ,-deyərdi ki, bu söz də mənim xoşuma gəlməzdi. Gülayə anasının qızı idi axı o kimə oxşamalıydı ki?
Nəsə, bu anlarda mənim fikrimi məşğul edən başqa məsələ vardı ki, bu da Bakıya doğru uzanan su borularını yaxından görmək. Fikrimi nənəmə deyəndə o bir an susdu, sonra “bazar günü dayınla, xalanla gedərsən, indi ora adamla doludu, iş gedir bazar günü heç kim olmur, gedərsən gözünün qurdu ölər”.
Səbirsizliklə o günü gözləyirdim.Belə günlərdə bağa girmək istəsəm də onun taxtadan olan iri qapısını qıfıllı görürdüm. Hər dəfəsində də nənəm deyərdi ki, baban bağı sulayır. İlan çıxar belə vaxtda bağa girməzlər. Babam gecələr bel götürüb, bağın arxa tərəfinə keçər, hardansa gələn suyun bəndini bağa tərəf yönəldərdi. Gecələr bağ sulanır, gündüzlər qapısı qıfıllı olardı. Bu vəziyyət məni haldan çıxarsa da bilmədiyim səbəblər içimi üzsə də dözməliydim. Sentyabıra kimi dözməliydim. Məndən üç yaş böyük xalam hər dəfə əlinə kitab alıb, mənə hərifləri öyrətmək istəyəndə kitabı onun əlindən alıb, tam sərbəst oxumağa başlayırdım. Babam sanki musiqi dinləyirmiş kimi məni susmağa qoymur, “oxu” deyir. Üçüncü sinifin ana dili kitabındakı hekayələri, nağılları oxuyuram. Xalam hardansa “Kommunist” qəzetinin köhnə, saralmış nüsxəsini tapıb gətirir. Ona elə gəlir ki, kitabdakıları əzbərləmişəm ona görə də belə sərbəst oxuya bilirəm. Qəzet mənə sarı uzadılır, onu alıb, balaca bir yazı oxuyuram: “ Bu il zəhmətkeş pambıqçılarımız söz veriblər ki, hər hektardan ...”
Babam xalamı danlayır, ”görürsən, səndən neçə yaş kiçikdi, hələ bu il məktəbə gedəcək, amma Kommunisti su kimi oxudu”...
Xalam məni tələyə salmaq istəsə də özü ora düşmüşdü.
Axır ki, arzuladığım gün gəldi. Sübhtezdən eyvana çıxanda ilk gördüyüm Kifayət oldu. O, harasa tələsirdi. Deyəsən məni görmədi, yoxsa yenə söz xatirinə nəsə deyəcəkdi. Nənəm ocaqda nəsə bişirirdi. Yanına qaçdım, indi hiss etdim ki, süd plovun ətri aləmi bürüyüb. Kifayətin də çəpərin dibi ilə niyə sivişib keçdiyini indi anladım. Nənəm ona heç nə deməsə də baxışı o qadını əzirdi. Aş qazanının yanında hazır dayanmış qazançanı görəndə yenə də nənəmə daxilimdə hirsləndimmi, qısqandımmı bilmirəm. Mənə elə gəldi ki, nənəm daxilində o qadını sevir, lakin nəyi isə ona bağışlamır, amma nəyi?
Sakitcə eyvanın pilləkənində əyləşdim. Nənəm yenə də mənə baxıb gülümsədi. – Sabahın xeyir, durmusan nənə qurban?
Bir anın içində yerimdən durub, nənəmə sarı qaçdım, onu qucaqladım, anamın ətrini nənəmdən almaq istədim. Nənəmdən süd qoxulu ocaq ətri gəlirdi. O vaxtlar nənəmin qirx- qırx beş yaşı ancaq olardı, amma mənə elə gəlirdi ki, nənəm dünyanın ən yaşlı və müdrük insanıdı. Artıq söz danışmaz, daima iş-güclə məşğul olar, hər kəlməsi isə nağılvari musiqi idi... Bəstə boylu, ağ bənizli, biçimli əndamı olan şəhərli qızı babamın qarşısında olsa-olsa hərdən çay içərdi.Onun nə vaxt yediyini, yatdığını heç birimiz görməzdik. Ərinə-babama ağa deyərdi, oğullarının qarşısında başıaçıq gəzməzdi.O mənim mələk nənəm idi. Getdiyi evlərə çörək alıb gedərdi. Kim təzə ev alırdısa ora çıraq yandırıb aparardı. Övladı olmayanlar onun köynəyini geyərdilər ki, bəlkə Allah onlara da bir övlad verdi. Olurdu. Doğulan uşağın adını ona qoydururdular ki, uşaq salamat olsun. Belə idi mənim nənəm.
Hıçqırığımı boğa bilmirdim. Nənəm əllərini uzun hörüklərimdə gəzdirib, alnımdan öpdü. Birdən mənə qəribə sual verdi; süd plov bişirməyi anan sənə öyrədib? Niyə elə baxırsan, gözlərinə qurban, nənə sənə yeməklərin sirrini öyrədəcəm.Bakıya gedəndə atan anan məttəl qalacaqlar ki, bu qız nə çox iş öyrənib, nənəsinə halal olsun... Həə.. balam deməli, bir ləyən düyü üçün...
Bu günlərimdə hər yemək bişirəndə nənəmə rəhmət oxuyuram. Elə həmin gündən üzümdəki həsrət gözlərimə çöksə də sıxıldığımı, ailəmizin həsrətini çəkdiyimi nənəmdən belə gizlətməyə çalışdım, özümə qapıldım.
Kiçik dayım, xalam və mən nənəmin bizimüçün hazırladığı şor çörəklərini əlimizə alıb, yola düzəldik. Eyvanımızdan yaxın görünən borulara yaxınlaşdıqca heyrətlənməyə bilmirdik. Ən azı iki metr hündürlüyündəki boruların içinə yüz mənim kimi uşaq yerləşərdi. Kiçik dayım qürrələnirdi ki, o boruların içinə girib, mən isə dayım da olsa ona hirsləndim ki, “necə adamsan, axı onun içindən su axacaq, sən ayağını necə ora sala bilmisən?”
Dayım gülürdü. Məndən beş-altı yaş böyük olmasına baxmayaraq “uşaqsan” – deyirdi. Ondan incimişdim deyə bir az onlardan aralaşdım. Boruların yaxınlığındakı barak evə tərəf getdim.Barakın açıq qapısından içəridə gördüklərim ayaqlarımı yerə mıxladı. Səs, o səs mənə tanış idi... Yekəpər ayıya bənzər lüt kişi və o Kifayət. Kifayət yumulu gözlərini bir anlıq açdı və ona zillənən gözlərimi gördü. İki gözün toqquşmasında birdən-birə yana-yana qışqırdım. Gülayənin, Kifayətin dəmir yolunda fəhlə işləyən çəlimsiz ərinin, balaca oğlunun əvəzinə qışqırdım. Dayım mənə tərəf qaçdı, barakdakı hadisəni o da gördü tez gözlərimi balaca hələ bərkiməyən əlləri ilə qapadı, bizə sarı gələn xalama sarı qışqırdı ki, gəlməsin. Əllərini gözlərimdən çəkmədən səmtimi geri, evə sarı döndərdi. Xalam dil qəfəsə qoymadan mənə sual versə də dayım ona çəmkirdi:- Kəs, uşaq qorxub, kəs!
Xalam məchul sual qarşısında susub dursa da gözləri mənə sual verirdi. Başımı aşağı dikib gedirdim. Birdən arxadan yenə o səs eşidildi:- Ədə, ədəəə Rasim...
Dayım geri dönmədən əlimdən tutub, məni aparırdı. Və... bəlkə də onda ilk dəfə doğma əlin nə olduğunu hiss etdim. O zaman gördüklərimi dərinliyi ilə anlamasam da hiss edirdim ki, burada insanların başı üstündə xəyanət kölgəsi dövr edir. Nənəm deyərdi ki, su aydınlıqdı, amma çəkiləcək bu su kəmərinə marağım tamamilə söndü. Bakıya çəkiləcək Kür suyu gözümdə çirkaba bulaşdı, dəyərini itirdi...
Beşdaş
Mən daşları sevirəm. Daşlar haradasa azıb qalan yaddaşdı mənim üçün. Bu bugünkü düşüncəm. Amma zaman vardı ki, mənim və dostlarımın oynamağa oyuncaqları yoxdu. Bizim kimi uşaqlar oyunlarımızı daşlarla, yollardan yığdığımız şüşələrlə oynardıq. Onda bizim indiki kimi kompüterlərimiz, dəbdəbəli gəlinciklərimiz, hörümçək adamlarımız yox idi. Həyat bizim üçün küçədə, torpaq üstə, daşların arasında idi.
Bir az diqqətlə baxsan hər daş nəsə danışır, lakin onu eşitmək lazım. Daş var ki, ortadan onu kəsən olsa içində çiçək şəkli görər. Daş var yol daşı, daş var baş daşı. Hər necə olursa olsun onlar bizimlə yol yoldaşı...
Daşları yığıram. Qonşu uşaqları ilə birgə beşdaş oynayacağıq. Qəribə oyundu beşdaş. Bəlkə də primitiv, sadə bir oyun. Əvvəl bir daşı boyundan uca atıb, yerdə qalanları tək-tək yığırsan, sonra iki-iki, sonra bir tək, üçü cüt beləcə oyun davam edir...
Elə daşlar seçməliyəm ki, hamar eyni biçimli olsun, ələ yatsın tapdığım daşları əzizləyə-əzizləyə üfürüb, tozunu təmizləyirəm yenə axtarıram başımı aşağı salıb irəliləyirəm.Birdən başım bağın taxta qapısına dəyir, qapı açıqdı. Sevinirəm. Sanki babamın zəhməti ilə əmələ gələn bağa yox, Gülüstani-İrəmə qədəm qoyuram. Bilmirəm nəyə baxım. Uzaqdan sanki “gəl, məni dər”,- deyən albalı ağacına sarı qaçıram bu an babamın səliqə ilə açdığı arxa düşürəm. Arx qannan doludu, çığırıram, mənə elə gəlir ki, qan gölündə üzürəm, ürəyim qalxır,başım gicəllənir. Nənəm özünü yetirir, qolumdan tutub, məni arxın içindən çıxardır.- Nənə, ora qannan doludu, nənə, qorxuram...
İlk dəfə nənəmin səsinin ucaldığını eşidirəm:- Ay ağa, ay ağa! Əttik tərəfdən gələn suyu bağla, uşaq qorxdu, bağla!
Bağın içində işləyən babamı indi görürəm.O, işarə ilə başa salır ki, bağdan çıxaq. Nənəm deyinir: - Bu harda görünüb ki, bağı qannan suvarasan. Heyvanların ahı tutar adamı. Bir dənəsinə də əl uzatmaram. Elə bilərəm əttikdəki heyvanların qanını içirəm. Əlimi vurmaram...
Yadımda ilişib qalan bir söz oldü “torpağı qannan suvarmaq”. O zamanlar üçün bu sözlər bizə yad idi, amma illər keçəndən sonra bunun da şahidi olduq ki, torpaq uğrunda çox qanlar töküldü. Bu sonra oldu. Onda isə hər şey başqa idi.
Evimizin arxasında ət tədarükü kombinatı vardı. Bu kombinat, olkənin ən iri ət daşıyıcısı idi. Gündə bəlkə də yüzlərlə üstü yazılı maşınlar buradan mal daşıyırdılar. Kombinat tərəfdən daima mal böyürtüsü, qoyun mələməsi eşidilərdi. Kəsilən heyvanların qanı yuyularaq konalizasiya sistemi olmadığından sadəcə çölə axıdılardı ki, orda da qanlı iyli gölməçə əmələ gəlmişdi. Yerli camaat bağı suvarmağa su tapmadığından bu, qan qarışıq suyun bəndini bağlarına sarı açardılar.Onu da danmaq olmaz ki, qanlı su həqiqətən də torpağı cana gətirirdi.
Bütün bunları babam mənə izah etsədə ondan yaman incimişdim.O-babam bilə-bilə bizə qan içmiş meyvələr yedizdirirmiş. Ən əsası isə sevə-sevə topladığım daşlar qanlı suya bulaşmışdılar. Həmin daşları sadəcə yerə atmadım, onları torpağın altında basdırdım. Bunu xalam görmüşdü qəribədir ki, o heç nə demədi, susdu ilk dəfəydi ki, susdu...
Həmin yaydan sonra mənim meyvələrə olan məhəbbətim də söndü. İndinin özündə belə nadir hallarda meyvə yeyirəm.
Və ya ...
Sözlərin bitdiyi yerdə nöqtələr danışar. Nöqtələr nələr danışmaz ki...
Həmin yay ortancıl dayımı öz dayısı qızı ilə küçədə özü də mənim yanımda söhbət edərkən görənlər söhbəti böyüdüb, o həddə gətirdilər ki, babam evə hirsli-hikkəli gəlib, nənəmə əl qaldırmaq həddinə çatdı. Düzü, özümü nənəmin üstünə atdığımdan babam etmək istədiyi hərəkəti etmədi. Nənəm başını belə qaldırmadan babama bircə sual verdi:
-Nə olub ağa?..
Babama da bu lazım imiş. Ağzı od püskürürdü, nənəmi günahlandırırdı ki, oğluna düzgün tərbiyə verə bilmədiyindən, o da küçədə qızla söhbət edir. Bunun altından çıxmağın bir yolu var dedi:- Oğlun Şərəfxanımla evlənməlidi, vəssalam!
Gözlərim böyümüşdü, hadisənin necə olduğunu babama danışdım.Əslində qız bizi saxlamışdı, əqrabaydıq axı. Məni öpmüşdü, dayıma;-necəsən bibioğlu, - demişdi. Sadəcə bu. Nöqtələr isə danışır... Dayımı zorla sevdiyi qızdan ayırıb, öz dayısı qızına təcili nişanladılar. Səbəbsiz nəticə... Bir həftə keçməmiş toy çalındı. Anam da toya gəlmişdi. Sübh tezdən eyvanda nənəmlə söhbət edirdilər. Onların söhbəti mənim dərrakəm səviyyəsində deyildi. Mən anama baxırdım. Anam, o vaxt çox dəbdə olan krimpilin kostyum geyinmişdi, ayağına geydiyi yay çəkmələri süd rəngli geyiminin davamına bənzəyirdi. Ağappaq barmaqlarında nişan üzüyü vardı, başqa heç nə. Hələ ki, məni görmürdü. Anası ilə söhbət edirdi. Anam təlaşlı idi. Vaxtsız çalınacaq toyun sədası onu sarsıtmışdı, çünki anam da bilirdi ki, dayımın sevdiyi qız var. Nənəm isə bircə cavab verdi: “Atanız belə məsləhət bildi...”
Sakitcə arxadan gəlib, anamın belini qucaqlayıram. Anamın gözləri dolur, mənə sarı dönüb, gözlərimə baxır, sonra alnımdan öpür. Nənəm üzünü çevirir ki, anam sıxılmasın məni bağrına bassın. Valideyin yanında balasını öpmək bu yerin adətlərinə zidd idi. Anam anasına baxıb, mənə sarı dönür, boyun-boğazımı iyləyir, nəfəsini içinə çəkir, gözləri dolsa da yaşları kiprikləri ilə çəpərləyir. Sonra... sonra səsinə ahəng verir:- Nə yaman böyümüsən, nənən sənə yaxşı baxır,-deyir.
Toyun səhərisi, mən yuxudan duranda artıq anam getmişdi. Anamın aldığı təzə paltarı geyib, özümü təzə gəlinə göstərmək istəyirəm. Atası ət kombinatının müdiri olan gəlin mənə tərəf baxmaq belə istəmir.
Ümumiyyətlə, o yay mənim böyüməyimə səbəb olan hadisələrdən biri də təzə gəlinlə bağlı oldu.
Üç gün evin içində vurnuxan gəlin yanına gələn ana qohumları gedəndən sonra xeyli dəyişdi. Qapısının ağzından belə keçəndə mənə çımxırdı ki;- nə vaxt evinizə çıxıb gedəcəksən?!
Əmirlə deyilən söz uşaq olsam belə məni tutsa da sərt cavab verdim:- Nənəm nə vaxt lazım bilsə, onda!
O, mənə tərs-tərs baxdı, baxdı: Onda sakit otur, dur, elə eləmə ki,..
-Mən sənə nə eləmişəm ki?..
hiss edirdim ki, səsim titrəyir, hər an ağlaya bilərəm, lakin qəhərimi boğub, gəlinə baxırdım.
O isə sakitcə məni süzür sözün ən yaralısını deməyə çalışırdı: - Atan sizi atıb gedib, həə...
Sanki içimdə nəsə qırıldı. Bu bir anlıq oldu.Yox! Yox!- dedim. Dayım sənə görə öz nişanlısını atıb! Atam qayıdacaq, dayım isə heç vaxt səni istəməyəcək, heç vaxt!
Bu sözləri deyib, qaçırdım. Hara gedəcəyimi bilmədən qaçırdım. Sora sakitcə həyətə dönüb, orda heç kimin olmadığını gördükdə bağa tərəf getdim. Axır vaxtlar bağın qapısı açıq olurdu. Təzə gəlinin dedikləri içimi yandırırdı ona görə də kişmiş üzüm kolunun yanında yerə çöküb, yana-yana ağlayır, varlığından xəbərsiz olduğum Allaha yalvarırdım ki, atam evimizə dönsün, yenə hər şey əvvəlki kimi olsun. Bu an ayaqlarımın üstü ilə asta-asta sürünüb gedən ilan belə məni çalmasa da dilim qəfildən tutulmuşdu. Hadisəni kənardan izləyən babam mənə tərəf qaçdı, dayımı səslədi ki, -bel gətirin! xalam əlinə daş alıb qaçdı, nənəm qatıq gətirdi, təzə gəlin eyvanda dayanıb gülürdü. Bu gülüş nitqimi özümə qaytardı. Babama yalvardım ki, o ilana dəyməsin, mənə elə gəlirdi ki, həmin ilan ilanlar padşahının qızıdı elə o səbəbdən də məni vurmadı. Bu uşaq təxəyyülü idi, lakin özümü buna inandırmağa çalışırdım, sonradan hətta ona ad da qoymuşdum: İlanlar padişahının qızı Pərixan!
Qonşu uşaqları belə mənim bu sözlərimə inanıb, aləmə car çəkmişdilər ki, guya məni ilanlar qoruyur.Buna Kifayət də inanmışdı. Hər məni görəndə az qalırdı ki, əllərimi öpsün. Gülməli idi. Təzə gəlin də mənə qarşı münasibətini dəyişmişdi. O, sadəcə məni danışdırmırdı. İllər keçəndən sonra belə o, heç bir zaman məni sevmədi. Onların dörd övladı oldu.İki oğlan, iki qız. Oğlanların ikisi də Birinci Qarabağ savaşında şəhid oldular. Yas yerinə getmişdim. Dayımı tanıya bilmədim. Həmişə yaraşığı, şıxlığı ilə seçilən dayımı tanıya bilmədim. Bir ildə iki oğul itirən dayımın yerişi, duruşu itməklə bərabər bir gecədə saçları ağarmış, həmişə yana meyilli olan telləri isə biz-biz durmuşdu. Balalarının itgisi saçlarından bilinən dayım, bir qızla söhbətin qurbanı dayım bu dünyada xöşbəxt ola bilmədi. Həmin gün yasda ağlayan dayım arvadı mənə baxıb, baxıb güldü.
Sadəcə güldü. Bir anda o, gözümdə şəhid anası yox, körpə uşağın hissləri ilə oynayan əcaib məxluqa çevrildi. O gəlinin ocağımıza ayaq basması ilə ailə ayrılıqlar yaşamışdı.Dayımı ana-atasından ayıran gəlin, heç kimi qapısına buraxmazdı. Atasının pulu ilə qürrələnərdi. Qohumlar arasına nifaq salardı. Sonda hamı onu tərk etsə də uşaqlara - şəhidlərə görə yenidən o qapı açıldı... Qeyrət ya qanla gələr ya da... Şəhidlərin mübarək vətən torpağı!..
Nöqtələr yenə də danışır... O yay Kifayətin qızı Gülayə öldü... Kifayət iki balasını günün günorta çağı tək evdə qoyub, yenə də harasa getmişdi. Gülayə evdə yatıbmış. Kiçik qardaşı isə həyətdə oynayır, sonra hardansa tapdığı kibriti yandırıb, həyəti başdan- başa bürümüş quru saralmış otduğa atır.Həyət bir anda alışıb, yanır od evə sarı gedəndə hələ çətin danışan balaca Rüfət yanlarını basa-basa ağlaya-ağlaya ən yaxın qonşu olan bizə tərəf gəlir. Günortanın istisi olduğundan evdə xalam və mən uzanmışdıq. Qaz idarəsinin müdiri olan babam işdə idi. Kiçik dayım, futbol oynamağa getmişdi. Təzə evlənən dayımgil artıq evi tərk etmişdilər qaynatası onlara ev bağışlamışdı. Nənəm düşünə-düşünə düyü təmizləyirdi. Deyəsən arada huş onu aparırdı. Birdən Rüfətin ağlamaq səsi eşidildi. Nənəm narahat oldu: Ah, Kifayət, Allah bilir yenə də uşağı vurdu...
Yerindən durub qapıya tərəf getdi və birdən qışqırdı: - Yandılar, uşaqlar yandılar!..
Bir anda küçəyə qaçdıq.Rüfət ağlaya-ağlaya evi göstərib; bacı... bacı... deyirdi...
Ev artıq alışmışdı. Nənəm ani olaraq evə sarı dönüb, bir vedrə soyuq suyu başına töküb, irəli qaçdı. Həmişə asta-asta gəzən nənəmin hərəkətləri elə sürətli idi ki, xalam və mən susub tamaşa eləyirdik. Bəlkədə uşaq olduğumuzdan fəlakətin ağırlığının fərqində deyildik. Birdən xalam qışqırdı;- məmə, ay məmə!..
Bu hal mənə təsir etdi, birdən nənəm yanar, ona nəsə olar mən xalamdan da bərk qışqırmağa başladım:-Nənə, ayyy nənə!..
Nənəm qucagında Gülayə, qapıdan sürətlə çıxdı, artıq qonşular köməyə gəlirdilər. Kimsə qızı nənəmin əlindən alıb, moskviçə qoydu. Maşın sürətlə uzaqlaşdı. Nənəm dayanmadan öskürürdü. Birdən Kifayət göründü: Daha deyün evim yıxılıb dənə!..
O, dizlərinə döyə-döyə gəlib, Rüfəti görəndə bir az sakitləşsə də qəfildən mənə baxdı;- Qızım, Gülayəm hanı?!
O yay, ilk dəfə dost itgisinin nə olduğunu anladım.Ağladım. Hamının arsız kimi tanıdığı Kifayət qəfildən yerə yıxıldı. Bir neçə saat sonra xəstəxanadan xəbər gəldi ki, Gülayə vəfat edib. Nənəm onu odun içindən çəkib çıxarsa da zəif ürək yaralarının ağrısına dözə bilməmişdi...
Gülayənin yaşına görə ona yas düşməsə də el-gün hamı yanmış evin həndəvərinə yığışır, kimin nəyə gücü çatıdısa bu ailəyə kömək edirdi. Kifayət gah gülür, gah ağlayırdı.Deyirdilər ki, gəlin dəli olub. Amma o dəli olmadı sadəcə bir müddət övlad itgisini özü bildiyi kimi yaşadı. Bir gün dedi ki, özümü asacam, mənim günahımdı, asacam özümü... Asmadı. Əri fağır-fağır ona baxıb, ağladı:-bizi yetim qoyma Kifayət,-dedi.
Onu Gülayəni sevməsəm də darıxırdım. Nənəm onu yedizdirəndə elə qəribə olurdu ki, hətta az qala xalamnan mənə acıq da verirdi. Amma onun yaxşı beşdaş oynamağı vardı. Evlərinə gedəndə məni elə qarşılardı ki, sanki bir ev xanımı idi. Gözəl çay dəmlərdi, qazları otarmağa aparardı, qardaşına qulluq edərdi. Mənən soruşardı ki, sənin atan yazıçıdı? Deyərdim ki, həə! Bəs sən kim olacaqsan?
_Atam kimi,-deyərdim.
-Mənnən yazarsan?
-Həə, amma nə?
-Böyüyərik mən danışaram, sən də yazarsan, yaxşı?
-Yaxşı.
-Pioner qəzetinə verərsən.
-Yaxşı.
O vaxt gələcəkdə kim olacağımı belə bilmədən ona- Gülayəyə söz vermişdim.Yazdım.Amma mən böyüsəm də o böyümədi, sözləri ürəyində qaldı. Yenə də onun xatirəsinə yazdım.Ruhu şad olsun! Düz qırx bir il sonra yenidən yadıma düşən uşaqlıq dostu gözlərimdə bir damla yaşla yad edildi...
O ilin yayı uşaqlığımın son yayı oldu. Atam məni aparmağa gəlmişdi. Atamı yox, nənəmi öpmüşdüm, axı o, demişdi ki, atan gələcək. Sevincimdən borulara sarı qaçmışdım.Elə hey qışqırırdım; Atam gəlibbb... Atam gəlibbb..
Bu ara nənəmin səsini eşidirəm:-Dur qızım, dur elektirik qatarına gecikərik...
Sözün bitdiyi yerdə...
Atam qayıtdı. Onda mən artıq ikinci sinifə gedirdim. Bacım Qardaşım artıq evdəydilər, məktəbə gedəcəkdilər. Gülayənin ili tamam olmuşdu. Gələcəkdə şəhid olacaq dayıoğlum dünyaya gəlmişdi. Ət kombinatının müdirini işdən azad eləmişdilər. Ən əsası isə Bakıya artıq Kür suyu çəkilmişdi. Həmin il Bakıya güclü sel də gəlmişdi. Həmin vaxt atam biz balalarını başına yığıb, nağıl danışırdı. Anam bizə baxıb gülümsəyirdi. Mən Pərixanı-ilanlar padşahının qızını yadıma salsam da artıq nağıllara inanmırdım, çünki o yay uşaqlığımın son yayını yaşamışdım sevgilər, ayrılıqlar, xəyanətlər, itgilərlə birgə...
Комментариев нет:
Отправить комментарий