15.07.2012

AY LƏLI YAR…

O'Kamil


O gün gül adlım (mən onu həmişə məhəbbətlə belə adlandırıram) yenə zəng elədi. Çox həssas və diqqətcil uşaqdı. Yadımdan çıxıb hansı rayondandı? Ya şimal zonasındandı - hər dəfə rayona gedəndə mənə Şəki paxlavası gətirir, deyir ki, dünyada ən yaxşı paxlava Şəki paxlavasıdı. Ya da Cənub zonasındandı - hər dəfə rayondan gələndə mənə ləvəngi gətirir, deyir anamgil göndərdi, ye cana gəl, ləvəngini dünyada heç yerdə bizdəki kimi bişirə bilmirlər… Ya da aran zonasındandı və oradan ekzotik nəsə gətirir. Ya da Naxçıvandandı - hər dəfə mənə duz gətirir, deyir başına dola, ocağa at, gör bir dənə (yəni bir cüt) göz yel olub sənin yanından keçə bilərmi – bizim duz kimi heç bir duz adamı gözdən qorumaz.

Əlqərəz, çox yaxşı uşaqdı. O gün yenə ya dünyanın ən yaxşı ləvəngisini yeyirdim ki, cana-qana gəlim, ya dünyanın ən yaxşı paxlavası ilə çay içirdim, ya da başıma dünyanın ən yaxşı duzunu çevirirdim ki, bədnəzər-filan qəmişini çəksin, gül adlım zəng elədi, başladıq telefonla bayramlaşmağa. Dünyanın ən gözəl arzularını şəkərə-nabata bələyib bir-birimizə göndərdik. Sonra mən bayram öncəsi gördüyüm yuxunu ona danışdım. Dedim, qara qayğulu vaqiə görmüşəm. Killerlər üstümə cumur gördüm, bıçağı sinəmə saplayırlar gördüm, qanım şəlalə kimi fışqırır gördüm. Bıçağı yan-yana, paralel şəkildə vurduqlarını deyəndə dedi, bu, yaxşıdı, 2007-ci ildə işlərin rəvan və simmetrik gedəcək. Qan qovuşuqdu dedi. «Killer gədənin biri bıçağı asimmetrik vurdu» - deyəndə sözümü kəsib killeri qarğadı: «Görüm onun əli quruyaydı, donuz oğlu donuz…». Sonra 2007-nin donuz ili olduğunu xatırladıq. Sonra məni danladı ki, burax bu müxalifəti, artıq yuxuların da siyasiləşib. Yuxuda yazdığım şeri oxudum, xoşuna gəldi və əlüstü cavabını da verdi:


Bəsdi qürurlandığın millət üçün yanmısan,
Dəxli nədi saf olub, hər kəsi saf sanmısan?
Hər sözə aldanmısan, hər kəsə aldanmısan,
Agentə bəy demisən, nakəsə aldanmısan,
Sən bu qırımın ilə Rüstəmi-dastanmısan?
Cındırıva bax da gör: sən də bir insanmısan?…
Müxalif olanlardan kim gedibdi irəli?
Ay ləli yar, ləli yar, ləli,
Sən dəlisən, dəlisən, dəli…


Kim bulara can deyir, bağları, bostanı var,
Bilgədə seyrangahı, Qaxda gülüstanı var,
Novxanıda bağ evi - dəryaya eyvanı var,
Cərgə ilə palması; timsahı, ceyranı var,
Hər şəhərdə bir dənə sərvi-xuramanı var,
Sexləri, obyektləri, marketü dükkanı var…
Müxalif olanlardan kim gedibdi irəli?
Ay ləli yar, ləli yar, ləli,
Sən dəlisən, dəlisən, dəli…


Hər şeyə nöqsan demək səndə keçib vərdişə,
Təkbaşına bir nəfər neyləyəcək gərdişə?
Şeytana mömin demək ən dividendli peşə,
Patronuva “bəli” de, söy muxalif qərdeşə,
Dəxi dolanmaq üçün olmayacaq əndişə,
Zənbili at maşina, ət-balıq al biş-düşə,
«Mersedes»i qoy evə, «Nissan»ı sür Qəçrəşə…
Fantaları qoy suya, tikələri çək şişə…
Müxalif olanlardan kim gedibdi irəli?
Ay ləli yar, ləli yar, ləli,
Sən dəlisən, dəlisən, dəli…


Axırda sözünü mənim kimi mahnıyla bitirib xudahafizləşdi:


Pəncərəni bağlama, ay ləli qurbanın olum,
Mən gedirəm, ağlama, ləli yar, ləli,
Sən dəlisən, dəlisən, dəli…


Nöş ağlayıram? Genə rayonlarına gedir. Hansına? Bilmirəm. Şimaldandısa, gələndə Şəki halvası gətirəcək, Cənubdandısa, ləvəngi… Yaxşı uşaqdı, göz dəyməsin, gedim şəklinin başına duz çevirim…

Комментариев нет:

Отправить комментарий