Tərlan Saleh
Dönmüşük fəsillərə
Yenə külək
sovurur
vaxtımızı yellərə...
Özümüz də bilmədən
əsir düşdük illərə...
Aylar, günlər, həftələr,
saçımıza qar ələr...
Məcnuntək gözə gələr,
eşqim düşər çöllərə...
Günəş düşüb dumana,
Günəş düşüb dumana,
ömür sığmır zamana...
Nə söyləyim gümana,
gələcək
nəsillərə...
payız-eşqimin barı,
bahar-yarın ilqarı,
dönmüşük fəsillərə...
Yox deyəndə mən
Baba Vəziroğluna nəzirə
Bu necə əzabdı,
bu necə zillət,
sənin tamaşana dururdu millət,
dedin “bircə kərə
başını yellət”,
dilim quruyaydı “yox” deyəndə mən...
Sən qəlbimdə
idin, qəlbim də səndə,
ruhunu görərdim dumanda,
çəndə,
görüşdük buluddan qar ələnəndə,
dilim quruyaydı “yox” deyəndə mən...
Çəməndə,
çiçəkdə izlərimiz var,
həsrətlə
boylanan gözlərimiz var,
neçə deyilməmiş
sözlərimiz var,
dilim quruyaydı “yox” deyəndə mən...
Burda nə günahı bədxahın,
bədin,
yazısı beləymiş qədər-qismətin,
məndən son məktuba
cavab istədin,
dilim quruyaydı “yox” deyəndə mən...
Eşq sınağa çəkdi, yaman əyildim,
dəmirtək pasımdan
özüm yeyildim,
mən ki bu sevdadan dönən
deyildim,
dilim quruyaydı “yox” deyəndə mən...
Bəxt öz karvanından dala düşəndə,
bülbül gülzarından kola düşəndə,
elçilər düzəlib
yola düşəndə,
dilim quruyaydı “yox” deyəndə mən...
Ağlamaq
Bulud Günəşin yolunu
haçanadək bağlayar?!
İşıq kəsən,
yol bağlayan
sonda özü ağlayar...
Ağlamaq etirafdı...
Nə qalacaq bu yurddan
hərə bir cür böləndə?!
El qurtular əlindən
namərd kəslər
öləndə...
Ağlamaq da hayıfdı...
Yüz dəfə
ağlasam bircə dəfə bax,
birin naz eyləsin yüz
qabağında...
Qəlbimi doğrayıb çəksən
də şişə,
kabab neyləyəcək
köz qabağında?!
Baxışım üzündə nura
qarışar,
vəsfində ozanlar
sazla yarışar...
Tək bir sözünlə
ellər barışar,
fatehlər baş əyər
söz qabağında...
Baxtın zəlzələsi
taxtımı yıxsa,
hicran məngənəsi
qəlbimi sıxsa,
sevgiyə səadət
kitabı çıxsa,
Tərlan, əksin olar üz
qabığında...
Yol gedir dünya
Yaxşının içində yaman,
şübhənin içində
güman,
kəssə də
yolunu duman,
yol gedir dünya...
Bir əbədiyyət
yaşında,
cavanlıq eşqi başında,
qara dəyirman
daşında
yol gedir dünya...
Dünəni var, bu
günü var,
öz səsi var, öz
ünü var,
bağlanır bütün qapılar,
yol gedir dünya...
Ömrümün ilk baharıdır,
vurulub, Günəş yarıdır,
işıqfor yaşıl-sarıdır,
yol gedir dünya...
Xoş günündə,bəd
günündə
öz yeri var böyüyün də...
Ağsaqqalın öyüdündə
yol gedir dünya...
Qocalar demi eşəndə,
çəlikləri görüşəndə...
Üçayaqlı yerişində
yol gedir dünya...
Dünyanın savaş yarası,
nənəmin türkəçarəsi...
Gəlir yenə ayaq səsi,
yol gedir dünya...
İşindədir xəlbir-ələk,
bizi də ələyər
fələk,
yolçu öz yolunda gərək,
yol gedir dünya...
Heç boşalan, dolan deyil,
çərxi xarab olan deyil...
Öz yolundan qalan deyil,
yol gedir dünya...
Комментариев нет:
Отправить комментарий