02.10.2013

Jurnalist Anar Niftəliyev prezidentə MÜRACİƏT etdi: "İki körpə qızımı yetim qoyanlar..."

Jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Niftəliyevanın (Tofiqqızı) sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı həkim səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində həyatını itirməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş prokuror Zakir Qaralova və səhiyyə naziri Oqtay Şirəliyevə müraciət ünvanlayıb. Modern.az saytının məlumatına görə, A.Niftəliyevin müraciətində deyilir:

-Hörmətli Cənab Prezident!

Ötən ay, sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı mənim həyat yoldaşım, ədəbi tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Niftəliyeva (Tofiqqızı) həkim səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində həyatını itirdi.
Həmin gün xanımımın nəşi Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyində müayinədən keçirildi və ekspertizanın ilkin rəyində həkim məsuliyyətsizliyi təsdiqini tapdı. Hazırda ekspertizanın yekun rəyini gözləyirik.
Sentyabrın 20-dən Nəsimi Rayon Prokurorluğunda araşdırma başlansa da, cinayət işi qaldırılmadı. Əvvəlcə bu, ekspertizanın yekun rəyinin gözlənilməsi ilə izah olunsa da, sentyabrın 25-də nəhayət fakt üzrə cinayət işinin başlanılmasına qərar verildi. Hüquqi prosesin nə qədər davam edəcəyi və nəticədə hansı addımların atılacağını bilmirəm. Amma mövcud fakt ondan ibarətdir ki, hələlik, heç bir şübhəli yoxdur və həkimlər məsuliyyətə cəlb olunmayıb.
Hadisə isə belə olub: Milli Onkologiya Mərkəzində tibbi müayinə zamanı həyat yoldaşım Elnarə Niftəliyevanın süd vəzi kanalında, cəmi 1 sm.-likdə səpkilərin olduğu bildirildi, qeyd olundu ki, bu səpkilərin 7-10 ildən sonra 1 kub sm.-lik şişə çevrilmə ehtimalı var. On ildən sonra yarana biləcək bu şişin isə xərçəng şişi olma ehtimalı yarıbayarıdır. Gələcəkdə hər hansı bir fəsadın yaşanmaması üçün süd kanalındakı mövcud səpkinin cərrahi müdaxilə ilə aradan qaldırılması məsləhət bilindi.
Biz Milli Onkologiya Mərkəzində təklif olunan əməliyyatdan imtina etdik, çünki hələ növbəti müayinələr üçün böyük zamanımız vardı. Ancaq ailəmizə yaxın olduğunu zənn etdiyimiz adam, Ə.Topçubaşov adına Klinik Cərrahiyyə İnstitutunun həkim-cərrahı Fərəcullah İdrisov məni inandırdı ki, bu, çox kiçik əməliyyatdır və yüksək səviyyəli cərrah-onkoloq müəyyənləşdirməklə, ən müasir tibbi avadanlıqla təchiz olunmuş klinikada bu əməliyyatı yerinə yetirə bilər. F.İdrisov məni və həyat yoldaşımı bu əməliyyatda heç bir riskin olmadığına tam əmin etdi və bütün məsuliyyəti öz üzərinə götürdü. Beləliklə, mənə əməliyyat üçün 1000 manat verməli olduğumu bildirdi və biz razılaşdıq.
Yalnız həyat yoldaşım həkimlərin cinayəti nəticəsində həyatını itirdikdən sonra bəlli olur ki, “Medi Sina” klinikası heç də yüksək səviyyəli tibbi avadanlıqlarla təchiz olunmuş klinika deyil, məni aldadıblar.
Hazırda böyük bir faciə yaşadığım, 8 və 2 yaşında iki körpə qızımın yetim qaldığı məqamda, bu gün – 02 oktyabr 2013-cü ildə müəyyənləşdirirəm ki, pul naminə məni aldadıb, bu dəhşəti mənə yaşadanlar – Fərəcullah İdrisov, Hərbi Hospitalın həkimi Mahir Məmmədov və Sirus İbrahimov (anestezioloq) yenə də iş başındadırlar; yenə də əməliyyatlara girir, kimlərisə aldadır və kimlərisə ömürlük bədbəxt edirlər.
Faktiki olaraq heç bir xəstəliyi olmayan, yalnız həkim adıyla qəssablıq edən bu pul düşkünü canilərin günahı ucbatından həyatını itirən bir insanın qatilləri, heç nə olmamış kimi, öz fəaliyyətləri ilə məşğul olurlasa, hansı ədalətdən danışmaq olar? Onu da qeyd edim ki, bu qatillər müxtəlif vasitələrlə ekspert rəyinin dəyişdirilməsinə çalışır, məsuliyyətdən yaxa qurtarmaq üçün ağılagəlməz üsullara əl atır, istintaqın gedişinə təsir göstərirlər.
Hörmətli Cənab Prezident!
Vicdanı üstündə olan heç bir insan öz xətası, nəfsi, acgözlüyü nəticəsində qatilə çevrilməsinin əzabından qurtula bilməz, heç bir halda məsuliyyətdən yaxa qurtarmaq üçün çalışmaz. Görün, bu həkim-qəssablar öz vicdanlarını nə qədər itiriblər ki, məsuliyyətdən qurtarmağa çalışırlar, yenə də həkim xalatı geyinib, əməliyyatlara girirlər. Bu qəssablar üçün pasient yoxdur, “kliyent” var, bunlar sağlam adamı belə aldadıb, insanların pulunu və canını almaqla məşğuldurlar.
Hörmətli Cənab Prezident!
Məsuliyyətdən yaxa qurtarmaq üçün bütün vasitələrə əl atan, paralel olaraq qəssablıqlarını davam etdirən bu qatil-həkimlərin cəmiyyətdən təcrid olunması və layiq olduqları cəzalarını almaları üçün Nəsimi Rayon Prokurorluğunda açılan bu cinayət işini şəxsi nəzarətə götürməyinizi Sizdən xahiş edirəm. Çox gözəl anlayıram ki, bu həkimlərin nəinki cəzalandırılması, hətta güllələnməsi belə, mənim itirilmiş həyatımı, övladlarımın anasını geri qaytarmayacaq. Ancaq bu, nəzarətiniz tibb sahəsində olan belə dəhşətlərin qarşısını almaqda çox mühüm addım olar, neçə-neçə ailələri həkim qətliamlarından xilas edər və əlbəttə ki, həyatımı alt-üst edən, ömrümün sonuna qədər mənə əzab verəcək bu faciədə ailəmizə nisbi bir təskinlik gətirər.
Əvvəlcədən Sizə öz təşəkkürümü bildirirəm.

Комментариев нет:

Отправить комментарий