29.12.2010

Ədalət Salman. Şeirlər

Azərbaycan şeir antologiyası 

                                              GÜNAH

Gəlib əfv diləsin öz günahına,
Naümid qaytarma suçlu bəndəni.
İlahi, üz tutub haqq dərgahına
Tövbəyə durmuşam, bağışla məni.

İlahi, hamımız günah içində,
Hərənin nədəsə bir günahı var.
Xoşbəxt görünsə də öz sevincində
Güunahkar bəndənin bir gün ahı var.

Günahı olanı barmaqla göstər,
Günahsız axtarmaq yoxsa xəyaldı.
Günahsız yolunda canımı istə,
Günahsız bədənə qanım halaldı.

Halalı, haramı itən dünyanın,
Mizan tərəzisi şeytan əlində.
Gündə bir günaha batan insanın
«Tövbə» kəlməsi də yoxdu dilində.

Gəlib əfv diləsin öz günahına,
Naümid qaytarma öz bəndənizi.
İlahi, üz tutub haqq dərgahına
Tövbyə durmuşuq, bağışla bizi.
 

                                                     
OLA

Bizə öyüd verən insan,
Gör nə qəşəng danışırsan.
Gözəl sözlər demək asan,
Gözəl də əməlin ola.

Böləsən elnən çörəyi,
Olasan elin dirəyi.
Hamıya yanan ürəyin,
Səxavətli əlin ola.

Dar gündə qapı açasan,
Köməkçün haya qaçasan.
Hamını dost tək qucasan,
«Can» deyən də dilin ola.

Комментариев нет:

Отправить комментарий