04.07.2011

1986-cı il tarixli brend


Rüfət Əhmədzadə                 rufat@gun.az

(bir gəncin manifesti)

Mənim yazarlığım özünüifadə ehtiyacından yaranıb. Və təbii ki, əsasən lirika üslubunda, esseçilik-bloqçuluq formatında inkişaf edib (“inkişaf” sözünün bəzilərində qıcıq doğuracağını düşünüb, bir neçə dəqiqə başqa söz axtardım, amma tapmadım). Elə ona görə də, yazılarıma “mən” söhbəti çoxdur. Həm də, gəlin, bu məsələyə bir az psixoloji tərəfdən yanaşaq. 23-25 yaşlar arası olan dövr elə “mən”çilik dövrüdür insan həyatında – gəncliyin özünü sübut etmək üçün vurnuxduğu, özünü oda közə vurduğu bir dövr.
Amma yaş 25-ə çatanda, “biz” deməyin gəlir. Çalışırsan ki, həyatını birtəhər də olsa, qurub nizama salasan. Bu da, təbii ki, insanın kefə-əyləncəyə və avara həyata nə qədər meylli olub-olmamağından asılıdır. Amma məndə həyat nə qədər avara (lakin əyləncəsiz) keçsə də, bu mənasız həyat tərzindən (bir hekayəmin adını xatırladım: “Ölüm janrında həyat”)  qurtulmağa çalışıram. Hələ ki, birtərəfli alınır. Karyera baxımından. Ona da min şükür.
Sözüm onda deyil. İndi gənclərimizin çoxu mənim günümdədir. Hələ mən çoxundan şükürlü sayılaram. İşləməyəndə belə, işsiz qalmıram. Nə yaxşı ki, çox mütaliə etməyə səbrim qalmasa da, dil öyrənmək və söz uydurmaq baxımından az-maz görüb-götürmək qabiliyyətim var. Onunla da çak-çuk edirəm. Tipik azərbaycanlı kimi, çak-çuka da şükür deyək ki, həm Allaha, həm də bəzi bəndələrə xoş getsin. Məni (bizi) çak-çukun ümidinə buraxanlara.
Peşəkar yazar olmaq qərarımı 23 yaşımda verdim. Amma həvəskar kimi başladım. 2009-cu ilin dekabrından Tia.Az-da peyda oldu imzam. Ondan əvvəl “Yeni yol”, “24 Saat” və “Türküstan”da yazsam da, bu ildə 2-3 dəfə olurdu, ya olmurdu. Eləcə, təbi gələndə iç boşaldırdım. Amma sanki 3 ay ölkədən kənarda sürgün həyatı sürməyim lazım idi ki, Vətənə gələndə yazar olum. Amma mən biznesmen olmağa getmişdim. Adımı-soyadımı Ukraynada brendə çevirmək arzum var idi. Yenə də amma…
…Yazılarımı əvvəl “Yeni yol”, sonra “24 Saat”, sonra “Nonsens” və Tia.Az-a dərc edən Əlişir Əhəd və Fikrət Fərəməzoğludan savayı, heç kim mənə mətbuatda peşəkar yazar olmağım üçün dəstək olmadı. Öz adımı özüm tanıtdırmalı oldum (Yəqin “mən”çiliyim ondan belə artıq dozalı alınıb). Əvvəlcə “promotion”umu “facebook” qeydləri ilə apardım – tanımadığım adamları işarələməklə. Beləcə çox dost da yığdım özümə. Bloq açandan sonra, başqa bloqlara da baxdım, bloqçularla da tanış oldum. “Yaz-yay” təliminə qoşuldum. İlqar Mirzə, Azər Nəzərov və Hacıbəy Heydərli ilə dostlaşdım. Mənə çox dəstək oldular. “Bloqosfer”ə qoşuldum, forumun ən çox tanınan iştirakçılarından oldum, yazı müsabiqəsində qalib gəldim… “Adyazar.az”ı lap unutmuşdum. Rövşənə təşəkkürlər!
Yazılarımı hara göndərirdimsə dərc olunurdu. Amma getdikcə, etiraf edim ki, ulduz xəstəliyinə tutulurdum. “Yazı istəyən bloqumdan götürsün” deyirdim. İndi də deyirəm. Və buna görə, 70 əsasım var. Yazmıram, vaxtım yoxdur. Sizin də səbriniz, çox ehtimal.
Görəsən, niyə belədir? Nə üçün işsiz olan, özünü mətbuata və ədəbiyyata həsr etməl istəyən bir gənc bir il pulsuz-parasız ora-bura yazı göndərməli, dəridən-qabıqdan çıxmalıdır ki, özünü təsdiq elətdirsin və sonra da ona zəng və ya məktubla iş dəvətləri gəlsin? Hələ, özümə şükr edirəm. İllərlə qəzetlərə pulsuz yazanlar var. Hətta tanıdığım yaşlı yazar da var ki, özü bazarda dükan işlətsə də, axşamlar yazıb pulsuz olaraq sayt və qəzetlərə göndərir. O sadəcə içini boşaldır. O zaman ki… Yox, demirəm – kimlərinsə xətrinə dəyə bilərəm.
Hələ bir neçə ay əvvəl Hacıbəydən yazılarımın “Azxeber.com”da oxunuşu və oxucu münasibəti barədə soruşmuşdum. O isə belə cavab vermişdi: “Sənin adın brenddir. Nə yazırsan, oxunur”.
Reaksiyamı yazmayacam. Hacıbəy özü bilir ki, nəyi eşitməyi sevirəm, nəyi sevmirəm. Bu sözləri çox ciddiyə almamışdım. Amma zamanla görürəm ki, bəli, şükürlər olsun, brendə çevrilirəm. Metroda, tədbirlərdə, hətta küçədə belə məni saxlayıb “Siz Rüfət Əhmədzadə deyilsiz ki?” deyənlər olur. Eyforiyadan uçmasam da, nəyəsə nail olmaq üçün, tanınmağın vacib olduğunu anlayıram. Amma…
… Məni kimsə ilə paylaşmağı istəməyən biri hələ məni saxlayıb Rüfət Əhmədzadə olub-olmadığımı soruşmur. Heç soruşmayacaq da. Bütün brendlərin taleyi  ortada qalmaqdır. Nə isə…
Bu yazını yazmaqda məqsədim özümü tərifləmək, tanıtdırmaq yox, BİR GƏNCİN MANİFESTİni yaratmaq idi. Esseyə uyğun olan həcmdə bacardım məncə. Heç olmasa, 25 yaşımın tamamında özümə bir yazı həsr etmiş oldum. Mənim məndən başqa kimim var axı? Mən çox tənha brendəm.

P.S.: Soruşsanız ki, indi peşəkar olmuşam ya yox, deyərəm ki, bəli. Üzdə olan çoxundan yaxşı yazıramsa, çox oxunuramsa, deməli həvəskarlar içində peşəkar sayıla bilərəm – Yuxusuz gecələr və pulsuz günlərdən sonra.

Комментариев нет:

Отправить комментарий