03.07.2011

Bacarıq antologiyası

Ülvi Məmmədli                 Azad Yazarlar Ocağı

 Bakının Sahil qəsəbəsinin aztəminatlı ailələrinin uşaqları üçün İctimai Araşdırmalar Cəmiyyəti ali məktəblərə hazırlaşmaq üçün pulsuz hazırlıq kursları təşkil eləyib. Sağ olsunlar. Çoxtəminatlılar özləri də oxuda bilər. Amma aztəminatlı təkcə Sahildə deyil ki... Ondan bizdə də açın daaa...
 Qazın bahalaşması hamını qazlandırıb, dəxli olan da, olmayan da qiymətləri qaldırır. Təbii qaldırır, süni qaldırır, axır ki, qaldırır. Un yavaş-yavaş olur 30 manat. Deyir artıq şəkərin, qəndin (yəni biri tozudur, o biri bərki), yağın, ağartı məmulatlarının qiymətləri qaxır. Əgər ərzaq mallarının qiyməti qalxırsa, sözsüz ki, qeyri-ərzaq malları da qalxacaq. Bizim bu şanlı hökumət nümayəndələrimizdən biri televizorda görün gözümüzün içinə nə deyir: "Bu, iqtisadi qanunauyğunluqdur". Daha sizə sözüm yoxdur. Yaman bacarıqlı etnos imişsiniz!
  Rüşvətoterapiya, ya da rüşvətofobiya. Bütün növləri tam tədqiq olunub, hər birimiz bu sahədə elmi iş müdafiə edə bilərik. İndi təzə bir növü çıxıb. Azad tələbə təşkilatları "Rüşvətsiz Sessiya" adlı kampaniyaya başlayır. Kampaniyanın adı "Tələbəyəm, Rüşvət Vermirəm!"dir. (Deyilənə görə, ADPU-dan Bəhlul Ağayev adını hallandırmamaq barədə onlara xəbərdarlıq da göndərib). Deyir kampaniyaya qoşulmaq istəyən hər tələbə sessiya ərzində universitetdə qoluna (daha cəsarətliləri isə alnına) qırmızı lent bağlamalı və "RÜŞVƏTƏ STOP" deyərək sivil şəkildə etirazını bildirməlidir. Amma bunu bildirmək üçün tələbənin biliyi də olmalıdır axı. Qırmızını bağla, çıx müəllimin qarşısına, özün də heç nə bilmə. "Antonio, qırmızı geyinmisən?" - məsəli müəllimlərdən uzaq, "öküz, qırmızı, qızışmaq" sözlərindən cümlə düzəldərsiniz... Ehtiyatlı olaq!
 Gözləriniz aydın, yağan yağışın suyundan götürüb analiz eləyiblər. Qardaş, suda daha nələr olmayıbmış: fosfor, azot, kalium, kükürd... Bir sözlə, Mendeleyev cədvəlinin yarısı bu yağış suyundan çıxıb. Gör texnika nə qədər inkişaf eləyib, dünya nə qədər dəyişib. Biz məktəbdə oxuyanda deyirdilər ki, yağış suyu ən təmiz, distillə olunmuş sudur. Hətta maşının akkumlyatoruna da yağış suyu tökürdülər ki, tərkibində duzlar yoxdur. Qadınlar saçlarını yağış suyu ilə yuyurdular ki, saçları gur olsun. İndinin yağışının içində filan qədər xəzinə yatır...
 Bir-iki dənə də əndrabadi söz var, mənalarını hələ bilmirəm, öyrənən kimi onlar haqda da qurtdanquşluq eləyəcəm. Məsələn, biri yazır ki, "məhkəmə ertələndi". Ay qardaş, ertələndi nədi? Ertənin mənasını mən tezdən, sonrakı gün kimi başa düşürəm. Biri yazır ki, "media cameəsi". Lailahəilləlah, bu arxaik, özü də öz dilimizdə olmayan sözü medianın yanına pərçimləməyə hacət nədi? Yəni, nəyə lazımdı? Nədi, onlar "cameə" kimi dilsındıran söz yaza bilirlər, mən "hacət" yaza bilmərəm?. Bir də bir "sıyrılmaq" sözü var. Zorla sözə vətəndaşlıq hüququ vermək istəyirlər. "Qasımov bir oyunçudan sıyrıldı, iki oyunçudan sıyrıldı və topu qapıdan qırağa vurdu". Balam, bu Qasımov ağac qabığıdı ki sıyrılır? Eldə bir də deyirlər ki, acından mədəm sıyrıldı. İndi Qasımov da mədə-zaddı?.. Nə isə, çox danışsam mən də xərifləyə bilərəm, elə bu qədər bəsdi...

Комментариев нет:

Отправить комментарий