10.07.2011

Boş damarımız...

Rövşən Yerfi                                        http://www.dayaq.org/

       İstehza ilə söylənilsə də, atalar sözü səviyyəsinə çatan bir deyim, az qala millətin xasiyyətinin əsas cizgilərindən birinə dönüb: ”Subay oğlandan soruşdular, haralısan? Cavab verdi ki, hələ evlənməmişəm...”
       Hardan qaynaqlanır, nədən gəlir bu cavab? Qadına olan sevgimizdən, yoxsa qadın qarşısında acizliyimizdəndirmi? Kişinin öz mənsəbini kənara qoyub, arvadı tərəfinə keçməyi mənliyinin alçalmasına gətirib çıxarmırmı? Bəlkə elə bu xüsusiyyətimizə görədir ki, şəxsi mənliyimizin cılızlaşması, nəticədə əvvəldən kövrək olan milli mənliyimizin aşınmasını sürətləndirir. Axtarsan belə mənəvi keyfiyyətə ətraf millətlər içində, yəqin ki, ən çox biz sahib olarıq. Rəhmətlik Sabir demişkən: ”Kim nə deyər bizdə olan qeyrətə...”
        Dahi şairimiz düz deyib. Xislətimizi bilən qonşu millətlər zaman-zaman bəlli qeyrətimizdən, “boş damarımızdan” yetərincə istifadə ediblər. Adi bir misal: On üçüncü əsrdə Şirvan şahı Üçüncü Mənuçöhr gürcü qızı Tamarı alandan sonra, Səlcuqlarla ittifaqdan çıxıb gürcülər tərəfə keçdi. Səlcuqlarla münasibətin pozulduğunu görən gürcülər səbr eləmədən, ard-ardınca Şirvana qəsbkar yürüşlər etdilər, Şamaxıya qədər gəlib çıxdılar. Şirvanşah yanıldığını anlayıb, bir çox itkilər versə də, səhvini düzəldib, yenidən səlcuqlarla əvvəlki münasibətini bərpa etmək məcburiyyətində qaldı.
       Atasının türk olmasını unudan Şah Abbas min bir əziyyətlə, qanlar bahasına yaradılmış böyük türk dövlətini, ailədə söz sahibi olan fars qızının – anasının dilinə, elinə “satdı”. Ana tərəfini başına yığıb Səfəvi türk dövlətini fars dövlətinə çevirdi. Dörd yüz ildən çoxdur millətin böyük bir hissəsi bir şahın atasına olan saymazlığının, hörmətsizliyinin əzabını çəkir, fars dilindən, farslaşmadan istəsə də qurtula bilmir. Tariximizdə belə misallar çoxdur. Müxtəlif dövrlərdə hansı millətin işğalına məruz qalmışıq, o millətin qızını saxlayıb, QUL-luq etməkdən zövq almışıq. Ərəb, fars, rus... Hazırda bu baxımdan üstünlük ingilislərindir. Dil, təhsil, mədəniyyət, yaşayış tərzi “avropalaşma”, “qərbləşmə” adı altında ingilisləşməyə doğru yönəlib. İngilisə ərə gedənlər, mahnı oxuyanlar günü-gündən artır. Belə getsə indi də içərimizdən milli mənliyini ingilisə peşkeş edənlər tapılacaq...
        Bu günlərdə şəhərimizin küçə və meydanlarında tez-tez rastlaşdığımız xırdavat satan çinli qızları görəndə üz-gözlərinə vərdiş olmadığımız bu xanımları maraqla seyr edib qəribə xəyallara daldım. Yadıma bəzi siyasi və iqtisadi öncəgörənlərin fikirləri düşdü: ”dünyanı gələcəkdə çinlilər idarə edəcək!” Əgər bu hal həqiqətən baş verərsə, belə olanda bizim millətin gələcək öndə gedənləri, işbazları görün nələr edəcəklər: şəhərin bütün reklamları, vitrinləri sürətlə çin dilinə dəyişdiriləcək. Çin məktəbləri açılacaq, hamı çin dilində mızıldamağa çalışacaq. Çinli qızlar gəlinlərimiz olacaq. Onlarla evlənənlər irəli vəzifələrə çəkiləcəklər. Varlılarımız Pekində, Şanxayda böyük villalar alacaqlar. Diribaş ziyalılarımız Çin mədəniyyətinin, mətbəxinin üstünlüklərindən ağız dolusu danışıb, bəh-bəhlə qurbağa ətindən, çəyirtkə qızartmasından dadacaqlar. Bəziləri də yenilik arxasınca qaçıb musiqimizdə, adətlərimizdə təzə sintezlər icad edəcəklər. Görəcək günlərimiz varmış irəlidə... Bəli, biz beləyik – özümüzü əskik tutub, özgənin hörmətini uca tutmaqda, yersiz qonaqpərvərlikdə birinciyik. Öz qadını qarşısında zəifliyini duyan, acizanə millət necə “tolerant” olmaya bilər? Ayrı yolu varmı?!.
         Osmanlı sultanları özgə dindən olan arvadlarına dinini, dilini qəbul etdirəndə, bizim arvadından ehtiyatlanan şahlarımız öz milliyyətini, dilini unutmaqla İrana sahib olmağa çalışırdılar...
         Hələ nə qədər ki, aramızda evlənməyənədək özünün “haralı olmasını” təyin etməkdə çətinlik çəkən, qadın tərəfə əyilməyə hazır olan oğul balalarımız var, ümumi millətdə özünə hörmətin, daxili qürurun yüksəlişinə. bütövləşməsinə ümid yoxdur. Vay o günə ki, qadını  “boş damarımızı” bilən yad millətdən olanların sayı dayanmadan ilbəil arta, o zaman düşmənə ehtiyac qalmayacaq. Qalacayıq tək Allahın ümidinə...

Комментариев нет:

Отправить комментарий