03.07.2011

CORC ORUELL BİZİ İZLƏYİR


“Əgər siz insansınızsa, Uinston, o zaman sonuncu insansınız. Nəsliniz kəsilmişdir. Yer kürəsinin sakinləri artıq bizik! Tamamilə tək qaldığınızın fərqindəsinizmi? Siz tarixdən kənardasınız, siz mövcud deyilsiniz.”- “1984”
Keçmiş yalnız sənədlərdə mövcuddur. Keçmişin mövcud olduğu fiziki məkan yoxdur. Sənədlərdə olanı isə dəyişdirmək mümkündür. Hər şeyi dəyişdirmək mümkündür. Keçmişi də, indini də, gələcəyi də. Bunun sadəcə bir yolu var, materiyanı deyil, insan şüurunu idarə etmək!
Corc Oruellin “1984” antiutopiyasında insanları və dünyanı idarə etməyin ən əsas yolunun bu olduğu göstərilir. Partiyadan öncə və sonrasında heç bir şey olmayacaq, əbədi qalan ancaq partiya olacaqdır.
Bu əbədilik üçün isə: dövlətdə (romanda Okeaniya) olan hər bir fərd izlənəcək, hər bir danışığa qulaq asılacaq, sənədlərdə mövcud ola biləcək hər bir yanlış dəqiqliklə aradan qaldırılacaq, insanlar ancaq partiyaya sədaqət haqqında düşünə biləcək (bunun üçün cinsi ehtiyacların mahiyyəti də dəyişdiriləcək), insanlar öz övladlarından da qorxacaq, onları birləşdirən dəyər partiyanı yox etməyə çalışan əbədi düşmən (romanda Qoldşteyn və onun gizli cəmiyyəti) və onun zərərli fikirləri olacaqdır.
Bu elə bir sistemdir ki, sonunda bəlli olur ki, hər bir şeyə sahib olan Partiya öz düşmənini də özü yetişdirib, partiyaya yad təlim olan Qoldşteynin gizli kitabı da məhz partiyanın sədaqətli üzvü O’Brayn başda olmaqla partiya nümayəndələri tərəfindən yazılıb.
Oruell əsəri “Avropada sonuncu insan” adlandırmaq istəyib. Yəni zülmə qarşı dirənən, həqiqəti yalnız bir nəfərin gördüyü, lakin sonucda işgəncələr nəticəsində əyildilən bir insan.
Uinston Smit.
Partiyanın ən dəhşətli üsulu insanların yoxa çıxarılması, buxara çevrilməsidir.
Partiyaya qarşı ola biləcək hər bir insan ümumiyyətlə mövcud olmamış kimi bütün sənədlərdən, yazılı mətbuatdan, kitablardan silinir, keçmiş kitablar hər dəfə yenidən təkrar-təkrar nəşr edilir.
Bu elə bir sistemdir ki, hətta kağızlardan silinməklə yanaşı, insanların yaddaşından da silinir. Amma sonuncu insan xaric: Uinston Smit.
Uinstonun əzablı taleyi prolların yaşadığı bir məhəllədən qeyd kitabçası almaqla başlayır.
1984-cü ildə baş verən həqiqətləri bu kitabçaya yazmağı düşünür.
Bu təkbaşına mübarizə ona Culiyanı qazandırır.
Yeddi ilə yaxın bir müddətdə onlar qoca Çarrinqtonun köhnə bir evində həm sevgi yaşayırlar, həm mübarizə aparırlar.
Bu mübarizə qoca Çarrinqtonun Partiyanın gizli fikir polisi olduğu aşkara çıxanadək davam edir.
Məlum olur ki, bu yeddi ildə onların hər bir addımı, Uinstonun hər bir qeydi izlənilib.
Qoldşteynin rəhbəri olduğu “Qardaşlıq cəmiyyəti” gizli təşkilatının üzvü olduğu hesab etdikləri O’Brayn də məhz partiyanın adamıdır.
Bundan sonrası artıq Uinston Smitə bəlli idi.
Əzablı işgəncələr, güllələnmə, buxara çevrilmə...
Əsərdə insanı dəhşətə gətirən işgəncə metodlarından söz açılır. İnkvizisiya məhkəməsi ilə bağlı maraqlı müqayisə aparılır.
Əgər inkvizisiya məhkəmələrində kilsə ona qarşı çıxan yad fikirli insanları düşüncələrini dəyişdirmədən tonqala atırdısa (bu zaman öləcəyini bilən insan yenə də kilsəyə qarşı fikirlərini yüksəkdən qışqırırdı), Partiya öldürmədən öncə yad fikirlinin bütün beynini, düşüncələrini tam səmimiyyətləri ilə lehinə dəyişdirdikdən sonra onu öldürürdülər.
Partiya ölən bir insanın da onlara əks fikirdə olmasına qarşıdır.

İşgəncə və insan psixologiyası

Bu məqamda “1984”-dəki işgəncəyə münasibət gərəkir.
Romandakı işgəncə metodları Corc Oruellin xəyal məhsulu olmayıb, işgəncə və onun məqsədləri, psixoloji hədəfləri tam aydın şəkildə göstərilib.
Qəribədir ki, məhz əsərdəki hadisələrin baş verdiyi tarixdə, real 1984-cü ildə BMT-nin “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya” qəbul edilir.
Həmin konvensiyanın birinci maddəsində işgəncənin üç məqsədi göstərilir: məlumat əldə etmək, mənəvi və fiziki əzab vermək, qorxu yaratmaq.
Məhz “1984”-ün fikir polisləri işgəncənin bu üç mahiyyətindən istifadə edirlər: Əvvəlcə qurbandan bütün məlumatlar əldə edilir (bu zaman qurban etdiyi və etmədiyi hər bir şeyi edir, tanıdığı-tanımadığı hər bir insanı satır, törətdiyi irəli sürülən bütün etdiyi-etmədiyi cinayətləri boynuna alır), bu işgəncələr sonunda hər bir təhqirə, alçaldılmağa məruz qalan insan mənəvi cəhətdən tamamilə əyilir. Nəhayət, partiyaya qarşı çıxıldığı təqdirdə bu cür işgəncələrin olacağı barədə toplum qorxu içərisində saxlanılır.
Ən dəhşətli məqam budur ki, Avropanın sonuncu insanı Uinston bu işgəncələrə məruz qalarkən, bütün hallarda insan düşüncəsinə qalib gələ bilməyəcəklərini hayqırır, fiziki işgəncələrlə alçaldılsa da, düşüncəsinə təsir edə edə bilməyəcəklərini bildirsə də, məhz hadisələrin sonunda burada da partiyanın qələbə çaldığı göstərilir.
“Dünyada ən dəhşətli şey hər fərd üçün müxtəlif olur, biri diri-diri basdırılmaqdan qorxur, o biri tonqalda yandırılmaqdan, üçüncüsü suda batırılmaqdan, dördüncüsü paza taxılmaqdan...Sizin üçün isə, dünyada ən dəhşətli şey siçovul olmalıdır”.
Bəli, fikir polisi o qədər qüdrətlidir ki, insanların nələrdən qorxduqlarına qədər bilir.
Dişləri sındırılsada, sümükləri sındırılsa da, aylarla gur işığın altında, ac-susuz qalsa da, sevdiyi Culiyanın hər bir hərəkətini satsa da, Uinston Culiyaya olan sevgisinə əsla xəyanət etməmişdi.
Bütün bu işgəncələr onun düşüncəsinə təsir edə bilməmişdi.
Amma...
“Lakin hər insanın təhəmmül edə bilmədiyi, hətta ağlına sığışdıra bilmədiyi bir qorxu var”.
Adi həyatda siçovullardan qorxan Uinston günlərlə qəfəsdə ac saxlanılan, buraxıldıqları təqdirdə insanı gəmirməyə hazır olan iri siçovulların gözlərinə qədər yaxınlaşdığı bir məqamda....
“İkinci düyməni basanda qəfəsin qapısı yuxarı qalxacaq. Ac siçovullar oradan güllə kimi çıxacaqlar. Heç onların havada necə sıçradıqlarını görmüsünüz? Bir göz qırpımında atılıb sifətinizi gəmirəcəklər. Çox vaxt birinci gözdən başlayırlar. Bəzən isə insanın yanağını parçalayıb dilini yeyirlər”...
...gözlərinə qədər yaxınlaşdığı bir məqamda....Uinston:
“Culiyanı onlara verin! Culiyanı onlara verin! Məni yox, Culıiyanı! Onun başına nə oyun açacağınızın mənə dəxli yoxdur. Qoy, siçovullar sifətini parçalasın, sümüklərini gəmirsin. Məni yox! Culiyanı!”
Artıq partiya sonuncu insanın da düşüncəsinə qalib gələ bilmişdi.
Eynilə Culiya da Uinstona qarşı bu hərəkəti edir.
Artıq...
“Mübarizə başa çatıb. O, öz üzərində qələbə çalıb. O, Böyük Qardaşı sevir”.

“1984”-ün Böyük Qardaşı partiyanın əbədi rəmzidir. O dünyanı idarə edən və aralarında savaş aparan üç böyük dövlətdən (Okeaniya, Avrasiya, İstasiya) Okeaniyanın rəhbəridir. Hər bir yerdə onun rəsmi asılıb. “Böyük qardaş səni izləyir”sözləri hər bir yerdə var. Hər bir insan evlərdə, küçələrdə olan telekran vasitəsilə izlənilir. Bu ekranlar kiçicik bir mimikadan da partiyaya qarşı çıxa biləcək insanı müəyyənləşdirir. Danışılan hər bir söz dinlənilir. Sənədlər üzərində Okeaniyanın qüdrətli dövlət olduğu söylənilir.
Amma insanlar həqiqətən bu sistemi sevir.
Aclığa, səbəsiz partlayan raketlərə rəğmən sevir. Tək sevməyən Uinston da sonucda sevir.
Məhz bu sonluğa görə, Corc Oruell akademik dairələrdə fikir ayrılığına səbəb olur.
Onu tənqid edənlər, inkar edənlər də mövcuddur.
Tez-tez xəbər başlıqlarında “”1984” gerçək oldu “ qeyd olunur.
İnsanların şəxsi həyatlarının izlənilməsi, televiziyada yayımlanması, televiziyalardan tək bir həqiqətin olduğunun bağırılması, qorxu toplumunun yaradılması, fikir polislərinin azadlıq hayqıran fərdləri məhv etməyə çalışması, böyük qardaşlara pərəstiş və ən əsası insanların fikirlərinin yuyularaq qorxu rejimlərini tam səmimiyyətlə sevən insanların yaradılması bu gün də davam edir. Sonuncu insanlar tək-tək həbs edilir.
Corc Oruell bizi izləyir.
Yeganə ümid əzilənlərə bəslənən ümiddir...   

Dilqəm Əhməd

Комментариев нет:

Отправить комментарий