02.07.2011

Jurnalist Sevda Sultanova: «Kişilər məni futbola qısqanırlar»


«Jurnalistlərin gözüylə» adlı rubrikamızın qonağı Azərbaycanın ilk qadın futbol yazarlarından biri - «Futbol +» qəzetində köşə yazılarının müəllifi olan Sevda Sultanovadır




- Əvvəllər mətbuatda publisistik və televiziya ilə bağlı tənqidi yazılarla çıxış edirdin. Amma indi onları kənara qoyub futboldan yazırsan. Niyə?
- Mən əvvəllər də «525-ci qəzet»də futboldan yazmışam. Amma davamlı olaraq yox. Sadəcə, dünya və Avropa çempionatlarından bəzi məqalələr yazmışam. Cünki masştabı böyük olan futbolun ötürdüyü enerjini heç nə ilə müqayisə etmək mümkün deyil. Bu, hardasa uçuşa bənzər bir şeydir. Adamı bu dünyadan qoparıb tamamilə fərqli məkana aparır. Futbolu sevməyim öz yerində. Amma peşəkar baxımdan bunu mətbuatın bugünkü zavallı durumuna etiraz kimi qəbul edin. Bu gün Azərbaycan mətbuatında yazı yazmaq üçün seçim imkanım sıfıra bərabərdir. Həm oxucu auditoriyasınin geniş olması, həm də yenilik etmək baxımından futboldan yazmağı qərara aldım. Futboldan yazanda psixoloji istirahət edirəm. Yeni nələrsə öyrənirəm. Bir sözlə, bu, mənim üçün zövqdür. Amma hər şeydən əvvəl  “Futbol+” un baş redaktoru Mahir Rüstəmlinin təklifi məni ruhlandırdı.
- Deyirsən ki, futboldan yazmaq mənim üçün zövqdür. Amma səndən fərqli olaraq, qadınların çoxusu kişiləri futbola qisqanırlar…- Mən fərqli düşünürəm. Kişinin futbolu sevməməsi faciə olmasa da, hər halda böyük qüsurdur. Çünki futbol savaşdır, kişi oyunudur. Tərslikdən mənim dostluq etdiyim kişilərin çoxu futbolu sevmir. Mən futboldan danışanda onlar əsəbiləşir. Əksinə mənim özümü futbola qısqanırlar. Qadinlarin çoxu isə futbola hansısa yaraşıqlı kişiyə görə baxır.
- Bəs, sənin özünün Azərbaycan futbolunda sevdiyin yaraşıqlı futbolçu var?
- Uşaq olanda Vəli Qasımova vurulmuşdum. Həm yaraşığına, həm də oyununa görə. Amma indi Azərbaycan futbolunda belə futbolçu görmürəm.
- Niyə? Məgər, bizim futbolçular çirkindi?
- Yox. Sadəcə, mənim üçün təkcə yaraşıq önəmli deyil. Futbolçunun yaraşığı ilə ustaliği, xarakteri  vəhdət təşkil etməlidir. İstedadın və xarakterin yoxluğu, hətta o futbolçu dünyanın ən yaraşıqlı kişisi olsa belə, mənə maraqlı deyil. Ümumiyyətlə, furbolda idealım olan yeganə kişi Xose Luis Çilavertdir. O, mənim üçün futbolun Çe Gevarasıdır.
- Sən, ümumiyyətlə, Azərbaycan futbolçularıyla ünsiyyətdə olmusan?
- Çoxdan Tərlan Əhmədovla müsahibə etmişdim. Vəssalam. Onlarla ünsiyyətə can atmıram. Əgər diqqətimi çəkən futbolçu olsa, mütləq ünsiyyət quraram.
- Yəni bizim futbolçular sənin üçün bu qədər maraqsızdır?
- Çox təəssüf ki hə... Mən bizim futbolçuların oyununa baxanda darıxıram. Və onlara da, özümüzə də acıyıram. Əsl futbolçu üçün tamaşaçısız stadionda oynamaqdan böyük faciə yoxdur.
- Sevda, səndə Azərbaycan futboluna qarşı az da olsa, məhəbbət var?
- Ümumiyyətlə, bu gün mənim üçün Azərbaycan futbolu anlayışı mövcud deyil. İnanin ki, bunu ürək ağrısı ilə deyirəm. Azərbaycan futbolu anlayışının mövcud olması üçün bizim futbolun mütləq hansısa özəlliyi olmalıdır. Dünya futboluna nəsə verməlidir. Axı, biz indi futbola nəsə verəcək iqtidarında deyilik. Bir futbolçumuz belə Avropanın hansısa məşhur klubunda oynamır. Bizim futbol monoton, rəngsizdir.
- Sən hər şeyi qara rəngdə görürsən. Özün Azərbaycan futbolundan yazırsan. Amma eyni zamanda deyirsən ki, Azerbaycan futbolu mənim üçün maraqsızdır. Futbolumuzu izləməyə-izləməyə hansısa komandanın oyunuyla bağlı yürütdüyün fikir nə dərəcədə peşəkar sayıla bilər? Deyirsən ki, əsl futbolçu üçün tamaşaçısız stadionda oynamaqdan böyük faciə yoxdur. Amma elə sənin ata yurdun Lənkəranda doğma komandalarının oyunlarının əksəriyyətinə on min, bəzən iyirmi mindən çox adam gəlir.
- Azərbaycanda futbolun hansı vəziyyətdə olmasını bilmək üçün 90 dəqiqə ekran qarşısında oturmağa ehtiyac yoxdur. 5 dəqiqə kifayətdir ki, mənzərə sənə tam aydın olsun. Mən, adətən, bizim çempionatın oyunlarını 5-10 dəqiqədən artıq izləmirəm. Cünki buna hövsələm, səbrim çatmir. Bilirsən, futbol mənim üçün kino kimidir. Yadıma gəlir ki, “Devid Geylin həyatı” filmini gərginlikdən ayaq üstə izləmişdim. Futbol matçlarını da gərginlikdə izləmirəmsə, meydanda baş verənləri yaşamıramsa, ona baxmaga dəyməz.Yəni futbol ilk öncə incəsənətdir və millilik anlayişından daha böyükdür. Sizə bir sey deyim, eyni anda televiziyada həm miili çempionatın oyunu, həm də deyək ki, İngiltərə cempionatının oyunu göstərilir. Azarkeş, təbii ki, keyfiyyətli futbola baxacaq.
«Xəzər-Lənkəran»a gəlincə, bir dəfə bu haqda yazmışdım. Lənkəranlılar cox temperamentli azarkeşdir. Əsl fanatdılar. Amma bu istisnadır. Həm də çox keyfiyyətli stadion-filan, bunlar da azarkeşdə maraq oyadir. Biz əslən lənkəranlıyiq. Lənkəranda yaşayan dayım deyir ki, o cür stadionda oturub futbol izləmək adama zövq verir. Hətta maraqsiz futbol olsa belə.
- Mən səninlə daha bu movzuda mubahisə etməyəcəyəm. Çunki sən deyirsən ki, bizim futbolda heç nə yoxdu, mən isə fikirləşirəm ki, var, amma çox azdı. Gəl, o zaman bu məsələyə ümumən yekun vuraq: sən ve sənin kimi düşünən insanlarda Azərbaycan futboluna sevgi yaratmaq üçün nə etmək lazımdır?
- İlk öncə yuxarıların futbola münasibəti dəyişməlidir. Bu gün futbola ayrılan maliyyənin çoxu uşaq futboluna yönəlməlidir. Dünyanın məşhur futbolçuları gənclərimizə treninqlər keçməlidir. Bir də futbolçulara istedadina görə maaş təyin edilsin. Ümumiyyətlə, Azərbaycan futbolunun inkişafı üçün ciddi, amansız və güzəştsiz nizam-intizam yaratmaq lazımdir. Bir də futbol ictimaiyyətinin ciddi qınağı olmalıdır.
- Belə başa düşdüm ki, sənin Azərbaycanda azarkeşlik etdiyin komanda da yoxdu.
- «Neftçi»yə simpatiyam var. Amma azarkeşi oldugum komanda yoxdu.
- Sənə ən çox yazan hansı komandanın azarkeşləridir?
- «Xəzər-Lənkəran»ın. Bu yazıların sayəsində
əlaqəni itirdiyim qohumlarımı da tapmışam.
- Sənə yəqin irad bildirənlər də var.
- Əlbəttə. Amma şəxsi təkliflər daha çox olur.
- Məsələn…
- Tanış olmag istəyirlər. Hətta bir oğlan fotosunu da göndərmişdi. Belə təklifləri cavabsız qoyuram. Ona görə də daha bu tip məktublar almıram. Futbolu analiz edən məktublar alanda cox sevinirəm.
- Futbolçlar sənə məktub yazıb?
- Yox.
- Dunyada sevdiyin komanda hansıdı?
- İtaliya, Çexiya - amma əslində əla futbol göstərən bütün komandalari sevirəm. Düzdür, İtaliya son illər cox da keyfiyyətli futbol nümayiş etdirmir. Hətta baxmayaraq ki, sonuncu dünya çempionudur. Əvvəllər İtaliyanın məğlubiyyətini  cox ağir qəbul edirdim. Amma indi mənim üçün əsl futboldan zövq almaq vacibdir.  Ümumiyyətlə, mən əsl futbolu sevirəm. Amma «Yuventus»un fanatıyam.
- Bir dəfə demişdin ki, oğlum olsa, adını «Yuventus» qoyacam. Açıq fikirli insan olduğuna görə, bunu ciddi qəbul edənlər də tapıldı.
- Mən zarafat etmirəm və həmin fikrimin üzərində dayınıram.
- Səncə, Azərbaycan futboluna ən boyuk zərbəni kim vurur?
- Futbola maliyyə ayıranlar. O adamlar ki, futboldan anlayışları yoxdur. Bir də bizim mentalitetimiz…
- Mentalitetin bura nə dəxli?
- Mentalitet o mənada mane olur ki, rasional deyilik. Pragmatik ola bilmirik. Eqoistik ve keyfiyyətə meylli deyilik.
- Sonda. Səncə, Azərbaycan futbolunu nə vaxt zirvələrdə görə bilərik?- Çox çətin sualdır. Məncə, bu sualın cavabını Zirəddin Rzayev bilər.

Aydın BAĞIROV                                 qol.az

Комментариев нет:

Отправить комментарий