02.07.2011

Mediamızın Qladiatoru




"Bu xalqı ancaq mənim qanım ayağa qaldıra bilər"


Ölümündən az  əvvəl Elmarla yaxın dostu Eynulla arasında telefonda maraqlı dialoq baş tutur.
Eynullanın harada olması ilə maraqlanan Elmar Eynullanın cavabında bilir ki, Eynik məzarlıqdadır. Elmarın cavabı isə həmişəki kimi özünəxas və koloritli olur: “Olmaya ölməyə hazırlaşırsan?”
Amma ölümə hazırlaşan o məhz özü idi... Ömür-gün yoldaşı Ruşaniyəyə söylədiyi cümlədə dediyi kimi sanki ölümə səslənirdi: “Bu xalqı ancaq mənim qanım ayağa qaldıra bilər”.
Öz övladı kimi baxdığı “Monitor”u hansı məşəqqətlərlə nəşrə hazırladığı əksəriyyətimizə məlumdur.
“Əsrimizin Siyavuşu” Novruzov Siyavuş, saray şairi Zəlimxan Yaqub, Bakının unikal meri Hacıbala Abutalıbov, nə bilim daha kimlər onu məhkəməyə verməmişdi.
5000 tirajla buraxdığı jurnalın iri oliqarxlardan tutmuş aşağı çaplı məmurlara qədər olan kəsimdə oxuna bilməməsini Elmar xüsusi qeyd edirdi: "Çünki səviyyələri çatmır".
Elə bundan olsa, gərək o zamanlar parlamentin spikeri olmuş, İsgəndər Həmidovun “sevgisindən” kənarda qalmayan Murtuz Ələsgərov özünə layiq olmayan kürsüdən “Monitor” jurnalını “Monitorinq” adlandırmışdı.
Elmarın əsas qəhrəmanı isə mərhum dövlət başçısı Heydər Əliyev idi. Bu münasibətdən Patriarx da xəbərdar idi və hər nömrəsində ondan yazılan jurnalın bir sayını belə buraxmırdı.
Hətta nazirlərlə müşavirələrin birində H.Əliyev ətrafındakılara barmaq silkələmiş və əlini masanın üzərinə vuraraq deyib:
"Kabinetlərinizi axtarsaq, “Monitor” çıxar, hamınız Elmarın yazdıqlarını oxuyursunuz. Məndə oxuyuram. Amma mən sizdən fərqli olaraq həm özümə, həm də sizə aid olanları oxuyuram".

Sovetlər dönəmində Elmarın atası Sabir Hüseynovun onun kurasiyasında mühəndis kimi fəaliyyət göstərməsi H.Əliyevi qəzəbləndirirdi.
O düşünürdü: “Necə ola bilər axı, vaxtilə mənim tapşırığım altında çalışan birinin oğlu məni tənqid edir?”.
Bu Patriarx üçün əlavə əsəb və qıcıq mənbəyi idi sadəcə. Bu haqda Elmar müsahibələrinin birində söyləmişdi:
“Heydər Əliyevin vaxtında yüksək çinli məmurlardan birilə söhbət etmişdim. Mənə deyirdi ki, H.Əliyev deyibmiş ki, E.Hüseynov problemdirsə, öldürün”.
Atasından hakimiyyəti devr alan İlham Əliyev isə ümumiyyətlə ölkədə çıxan qəzetləri vərəqləmirdi. Varis əlinə qəzet almamasını isə çox şəstlə və vüqarla bildirirdi.
Elmarın təbirincə desək, rusdilli İlham Heydəroviç “Monitoru” oxuyurdu və o buna məcbur idi. İtirdiyi qəhrəmanı Varislə kompensasiya edən Elmarı susdurmaq artıq problemə çevrilməkdə idi.
Keçmiş iqtisasi inkişaf naziri Fərhad Əliyevin qardaşı, “Azpetrol” şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyev haqqında yazılanlardan təngə gələrək Elmarı görüşə dəvət edir və Elmar imtina edir.
Sonda Eynullanın təkidiylə görüşə razı olur. Görüş zamanı R.Əliyev israrla bildirir ki, onun haqqında daha yazılmasın.
Əvvəldə də qeyd etdiyim kimi məzəli və şən Elmar zarafatla deyir ki, yanacaqdoldurma məntəqələrindən birini mənə ver yazmayım. Hətta inanılmaz olsa belə, Rafiq Əliyev buna razılaşır, amma Elmar satılıq olmadığını onun simasında hamıya elan etmişdi.
Elmarın ölümünün sifarişi və icrası haqqında isə nəsə yazmağa ehtiyac görmürəm. Ağa durur, Ağacan durur. Bu məmləkətdə məmə yeyəndən pəpə yeyənə qədər hamı qətlin əsas memarlarını tanıyır.
Uzaq Amerika Birləşmiş Ştatlarından və yaxudda yaxın Türkiyədən istintaqçılar çağırmağa nə lüzum var idi?
Elmarın qatillərini onsuz da bizlər tanıyırıq və onları hər gün görürük. “Sərhədsiz Reportyorlar” təşkilatının rəhbəri Robert Menar Bakıya gəlmiş və Elmarın ölümü haqqında 8 səhifəlik bir hesabat hazırlanmışdı.
Hesabatın ən diqqət çəkən məqamına baxaq: “Dəfələrlə xüsusi xidmət orqanları ona xəbərdarlıq etmiş, prezident və onun ailəsi haqqında yazılara son qoymağı tələb etmişdilər”.



Mərhum jurnalist Elmar Hüseynovun tabutunu apararkən. Öndə Şahbaz Xuduoğlu və Eynulla Fətullayev.


Kənd ortadadır, bələdçi lazımdırmı? Markezin “Gözlənilən bir qətlin tarixçəsi” adlı əsərini yeni formatda işləyib hazırlayanların niyyətindən Elmar duyuq düşmüşdü desəm, heç də yanılmaram.
Ölümündən iki ay əvvəl mətbuatımızın qladiatoru müsahibəsində vurğulamışdı: “Döyülmüşəm də, təzyiqlərə də məruz qalmışam, həbs olunmuşam. Mənə qarşı bütün mexanizmlərdən istifadə olunub. Təkcə sui-qəsddən başqa”.
Sui-qəsddən də istifadə olundu. 2005-ci il martın 2-də Elmarın bədəninə 7 güllə sıxıldı.
Binanın işiqları kəsildi, avtomatik olaraq liftin fəaliyyəti dayandırıldı, Elmarın mobil telefonundakı dalğalar itdi və....
Elmarın həyat yoldaşı Ruşanın təbirincə desək, “blokda dum, dum səsləri eşidildi”.
7 güllənin əzablarına baxmayaraq qayğıkeş ata olan Elmar “qoyun ilində doğulduğuna görə adını Aslan qoydum ki, aslan kimi olsun!” dediyi körpə Aslanına aldığı yoğurtu çatdırmalı idi və çatdırdı...
Bu dəfə qapını şedevrlər yaradan barmaqlarıyla yox iri cüssəsiylə döyəcləyirdi. Qapı açıldı və Elmar yerə sərildi.
Haqsızlığa, ədalətsizliyə qarşı savaşan qladiatorumuz Elmar Hüseynov gözlərini sevdiklərinin əhatəsində əbədi olaraq yumdu...
Sabah ölümünün 6-cı il dönümündə Sizin və Bizim azadlığımız uğrunda şəhid olan Elmarın əziz xatirəsini inqilab arzusuyla alışıb-yanan qorxmaz insanlarımız yad edəcəklər.
Elmarın ruhuna hörmət edənlər üçün elə Elmarın fikirlərini oxumağı məsləhət görərdim:
“Bizdə inqilab olacaq yoxsa, olmayacaq? Bu, bizim məişətimizin əsas sualı deyil. Özünüaldatma ilə məşğul olmağa dəyməz.
İlham Əliyev əlbəttə ki, zəif və gücsüzdür, o, prezidentə, ümumiyyətlə, çox az oxşayır. Ancaq ölkə və cəmiyyət ondan da zəifdir...”


Ruhun şad olsun əziz Elmar!

Fərid Mirzəyev                    abzas.net

Комментариев нет:

Отправить комментарий