03.07.2011

“Məni ona görə bəyənmirlər ki, Anar müəllim ən yaxın qələm dostumdur”


"Gərək hansısa şeiri başa düşmək üçün oxucunun da səviyyəsi olsun. Mən oxucunu öz səviyyəmə qaldırmaq istəyirəm, oxucunun səviyyəsinə enmək yox."
Onu hamı fərqli tanıyır. Kimisi onu bəyənir, kimisə isə ümumiyyətlə qəbul etmir. Bütün bu olanlar onu heç narahat etmir. Elə bizdə onunla söhbətləşməyə qərar verdik. Onu daha da yaxından tanımaq üçün. O, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadədir.

Hazırda nə ilə məşğulsuz?
Elə indicə şəxsi www.qeshemnecefzade.net saytımı təkmilləşdirməklə məşğulam və yeni şeirlər yazmışam. Tehranda fars dilində “Sabah şənbə” adlı şeirlər kitabı iki-üç günə işıq üzü görəcək.
Özünüzü ədəbiyyatın hansı pilləsində görürsüz?
Ədəbiyyatda pillə yoxdur. Ədəbiyyat bir, iki, üçüncü mərtəbələrdən ibarət deyil. Ədəbiyyat bir düzənlikdir. Burda hərəkət var, ədəbi prosesin hazırkı vəziyyəti nə dərəcədədirsə onun başında dayanan bir beynim, düşüncəm var. Hazırkı beynim, düşüncəm Azərbaycanın müasir ədəbi prosesini təyin edir. Çünki mən bilirəm ki, bu şeir yaxşıdı, ya pisdir. Hazırkı başımı 50 ildir formalaşdırıram. Bu mənim qazancımdır, evim də başımdır, maşınım da başımdır, kitablarım da başımdır. Buna görə də Azərbaycanda kimin yaradıcılığına baxsam onun zəif cəhətlərini asanlıqla görə bilirəm. Mən ədəbiyyatda bu mərhələdəyəm.
Sizə ədəbiyyatda münasibət birmənalı deyil. Siz isə bunu çox vaxt tək və güclü olmağınızla bağlayırsız? Niyə sizə bu cür münasibət var və niyə sizi qəbul etmək istəmirlər?
Əgər məni tam qəbul eləsələr mən özümü narahat hiss edərəm. Siz mənim saytlarda gedən şeirlərimə yazılmış şərhlərə baxsanız görəcəksiz ki, hamı mənə nifrət edir.
Niyə sizə hamı nifrət edir?
Çünki mənə nifrət edənlər bilmirlər şeir nədi? Mən elə insanlara yalnız belə münasibət bildirirəm:”dəyərli fikirlərinizə görə sizə minnətdarlığımı bildirirəm”. Onlar şeirlərimi başa düşsəydilər özümü çox narahat hiss edərdim.
Deməli, sizi başa düşmək üçün yazmırsız. Bəs niyə yazırsız?
Gərək hansısa şeiri başa düşmək üçün oxucunun da səviyyəsi olsun. Mən oxucunu öz səviyyəmə qaldırmaq istəyirəm, oxucunun səviyyəsinə enmək yox. Ədəbiyyat fərdi bir şeydir. Fərdi ədəbiyyat həmişə tənqidlərə məruz qalıb. İctimai ədəbiyyat hamı tərəfindən qəbul olunur, oxunur. Məndə fərdi hislər güclüdür. Məni tənqid edənlər bir şeyi unudublar. Tərifdən çox tənqid adamı reklam edir. Bəzən təriflər antireklama xidmət edir. O adamlar ki, üstümə düşür onlar bilmirlər ki, özləri mənə kömək edirlər. Məni tənqid edərək, özlərindən asılı olmayaraq mənə xidmət edirlər. 10 il bundan qabaq mənim əleyhimə olanlar mənimlə dost oldular, 5 il bundan qabaq əleyhimə olanların yarısı dostdur, yarısı düşmən. Yaxın gələcəkdə də mənim şeirim onların ədəbi zövqünü formalaşdıracaq. Məşhur bir şairimiz var ki, mənə dedi ki, ilk dəfə sənin şeirlərivi “Azərbaycan” jurnalında oxuyanda sənə nifrət elədim. Sonra işdə birdə oxudum düşünməyə başladım. Beşinci dəfə həmin şeirin gücünü anladım. Mənə olan fikirlər təkcə yaradıcılığımla bağlı deyil. Bir müddət “Ədalət” qəzetində başqa imzayla şeirlərimi dərc etdirirdim. Gördüm ki, imzanı dəyişəndə Qəşəm Nəcəfzadə imzasını pisləyən adamlar həmin şeirləri tərifləyirlər. Bildim ki, problem mənim şeirlərimdə deyil, onlar mənim imzama qarşıdılar. Hətta mən belə bir yazı da yazdım ki, bəlkə mən Qəşəm Nəcəfzadəni öldürüm, təzə bir imza ilə çıxım. Tənqidlər ondan irəli gəlir ki, saqqal saxlamıram, arağ içmirəm, siqaret çəkmirəm, çayxanada hirslənib çaynik sındırmıram.
Belə çıxır ki, digər yazıçılar bu işlərlə məşğuldur?
Mən kimləsə mənasız mübahisə etmirəm. Məni ona görə bəyənmirlər ki, Azərbaycan Yazıçılar Birliyində (AYB)-də işləyirəm və Anar müəllim mənim ən yaxın qələm dostumdur və Anar müəllimi həmişə müdafiə etmişəm. Anar müəllimin düşmənləri də oldu mənim düşmənim. Mən Anar müəllimin vəzifədə olduğuna sevinirəm, kimə nə dəxli var. Sən sevdiyin yazıçıya mən deyərəm onu sevmə. Mənim işim ayrı yolum ayrı, xoşuna gəlmir oxuma.
Ədəbi tənqidçilərin sizə münasibəti necədir?
Tənqidçilər həmişə şeirlərim haqqında yaxşı fikirdə olublar. Təbii ki, müəyyən iradları olub. Mən tənqidçiləri qəbul etmirəm. Şairin şeiri haqqında şair daha yaxşı yaza bilər, tənqidçi əsasən ədəbiyyatşünaslıq nəzərindən baxır. Mənim bir misram var. “Mən hər gün sevgimi təhqir edirəm”. Bu şeirim də tənqid olundu. Axı mənim yenidən sevmək vaxtım deyil. Mən deyəndə ki, imkan vermirlər sevməyə ailənin içindəki problemlər sevgini yox edir. Hamı dedi ki, bu nə danışır sevgini təhqir edir. Mən də hərdən sevmək istəyirəm qatıq qoymur, soğan qoymur. Saxta sevgi danışıqları isə məni əsəbləşdirir.
Elə şeirlərinizdə söz düşmüşkən bu şeiriniz də yaman müzakirəyə səbəb olub:
Ay kişi, döymə arvadını,
ay əllərin qurusun
Heç bilirsən onu kim sevirdi?
Uzun müddət yoldaşım bu misralara görə mənimlə dalaşdı. Amma bu şeiri yazanda heç evli də deyildim. Hətta burda arvad sözü işlətdiyim üçün mənə irad tuturdular. İndi isə buna qulaq asın:
Arvadım, sən məni kartof satanla,
Qazan dolduranla yanaşı tutma.
Şair ürəyimi, qələmimi sən,
Benzin dolduranla yanaşı tutma.
Məm məişət mövzularına müraciət edib, bunu belə yazırımsa deməli azadam. Amma bunu Zəlimxan Yaqub yazmıyacaq. Çünki Zəlimxan Yaqub azad deyil. Bizdə ona görə böyük ədəbiyyat yaranmır ki, şair cəmiyyət qarşısında öz şəxsiyyətini öldürməyi bacarmır. Şair gərək öz şeirlərinin içərisində şəxsiyyətini tapsın. Ona görə də şeirlərimi anlamırlar və bu məni narahat etmir. Mənim üçün ən böyük şey vətən, torpaq, müstəqillik, ailə, uşaq, maaş.
Hollandiyada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalında Azərbaycan ədəbiyyatını təmsil etmisiz. Sizdən başqa bu müsabiqəyə dəvət alan olub?
Həmin festivalda iştirak etmək üçün Azərbaycandan Hollandiyaya 20 görkəmli şairin şerləri göndərilmişdi. Onların arasında məni seçdilər. Hər ölkədən çoxlu ədəbiyyatçılar var idi, hətta Ermənistandan 10 nəfər, Gürcüstandan 20 nəfər. Amma Azərbaycandan təkcə mən idim. Amma burda da mənə təzyiq edirlər ki,  Avropa şeiri qanmır, ona görə Qəşəm Nəcəfzadəni seçib. Hətta burdan bəziləri yazdılar ki, düzgün seçim edin.  Anar müəllimə deyirdilər ki, niyə biz Bəxtiyar Vahabzadəni göndərmiyək ki, Qəşəm Nəcəfzadə cavandır, sonra da gedə bilər. ədəbiyyatçıların əksəriyyəti çox yalındır. Mənim şeirimin gücü budur “Rast” şeirim var orda maraqlı məqmlara toxunmuşam.
O gəldi evinə at, at
Qızı yüyürdü qabağına don-don
Oğlu diyirləndi dərs-dərs
Arvadı suyuldu ot, ot
Televizor-televizor yoruldu kişi.
Bir dostu zəng elədi it,it
Pişik-pişik bir zəng də gəldi.
Arvad qurdalandı yerində bit-bit
Durub lap telefonun yanına gəldi
Nə olub soruşdi ərindən bit, bit
Telefon-telefon yoruldu kişi.
Deməli, avropalılar sizin şeiri anladı, amma burda şeirlərinizi qəbul etmək istəmirlər?
Mənim uğurum Azərbaycan poeziyasının və şeirinin uğurudur. Deməzdim, burda məni qəbul etmirlər, amma Avropda bəyəndilər. Burda konkret şəxslər var ki, onların mənim şeirlərimlə deyil özümlə problemləri var. Bunu isə bütün oxuculara aid etmirəm.
Oğlunuz Kəramət Böyülçöl də yazır. Ata kimi deyil, bir ədəbiyyatçı kimi onu necə qiymətləndirirsiz?
Ədəbi mühütdə yaxşı imzası var, onun dostları mənim dostlarımdan da etbarlıdır.
Yeri gəlmişkən, oğlunuzun da qatıldığı Milli Kitab Mükafatı bir ay əvvəl bitsə də müzakirəsi bu gün də davam edir. Bəs siz baş verən prosesləri hansı mövqedən müşahidə edirdiz?
Qeyd edim ki, Kəramətin əsəri yaxşı əsər idi. Bununla yanaşı 3-4 yaxşı əsər var idi ki, onluğa salmadılar. Mən Aslan Quliyev və Etimad Başkeçidin əsərlərini daha çox bəyəndim. Kəramətin isə 10luğa düşməməsinin əsas günahkarı mənəm.
Bəs Rəşad Məcidin mövqeyinə münasibətiniz necədir. Sizcə doğru addım atdı?
Rəşad Məcid mənim dostumdur, amma onun göstərdiyi arqumentlərlə razı deyildim. O istəyirdi ki, AYB-nin üzvlərindən kimsə qalib olsun. O iddia etdi ki, qruplaşma nəticəsində qalibi seçdilər. Qruplaşmalar həmişə var, ona qalsa Rəşad Məcid də keçən il qruplaşaraq Qaraqanı qalib etdi. Mənim üçün fərqi yoxdur, istəyir AYB-nin üzvü olsun, istəyir düşmənim olsun, əsas odur əsəri yaxşı olsun.
Rəşad Məcidlə dost olduğunuzu deyirsiz, oğlunuz Rəşad Məcidin əleyhinə bir yazı yazmışdı. Dostunuz nə dedi sizə bu barədə?
Mən buı yazının tam əleyhinə idim. O bunu yazmamalıydı, mən hətta onun yayımlanmaması üçün Qan Turala da zəng vurdum, amma o yazı getdi və çaxnaşmaya səbəb oldu. Şəxsən mənim haqqımda elə yazı yazsalar xətrimə dəyməz.
Deməli, Rəşad Məcidin xətrinə dəydi.
Rəşad Məcid incimişdi məndən. Çünki o AYB-nin katibidir və biz bir yerdə işləyirik. Amma bəzi admlar düşünür ki, buna toxunmaq olmaz, ona toxunmaq olmaz. Niyə toxunmaq olmaz? Hətta Anar müəllimi də tənqid etmək olar. Bu məqamda ədəbiyyat dəyişir, fikir dəyişir, söz dəyişir, həyat dəyişir. Kəramət öz yaşıdları arasında sübut etdi ki, Rəşad Məcidi  də tənqid etmək olar... Bir daha da deyirəm ki, mən bu yazının əleyhinə olmuşam.
Elə bir ədəbiyatçı var ki, onları oxumaqdan zövq alırsız?
Əlbəttə var, Ramiz Rövşən, Vaqif Baytalı, Vaqif Səmədoğlu, Anar, Aqşin, Kəramət Böyükçöl.
AYB-nin qurultayı gözlənilir. Bəs siz bu qurultaydan nə gözləyirsiz?
Sözün düzü, gah deyirlər qurultay payızda olaacq, gah da gələn il olacağını deyirlər. Anar müəllim çox ağıllı bir insandır. Şəxsən mən Anar müəllimi dəstəkləyirəm.

Günel Əbilova                         merkez.az

Комментариев нет:

Отправить комментарий