05.07.2011

Novosibirskin ən böyük balacası azərbaycanlıdır!

Azərbaycanın gələcək dahisinin hazırda 10 yaşı var


Azərbaycan ailəsində doğulan Əli Muradovun hazırda 10 yaşı var. 10 yaşlı Əli böyük adamların on ilə nail ola biləcəkləri nailiyyətləri artıq əldə edib. Rusiyanın Novosibirsk şəhərinə mühacirət etmiş azərbaycanlı ailəsində doğulan və təkcə bu il 2 “Qran-Pri” alan, 5 beynəlxalq müsabiqədə I dərəcəli laureat diplomuna layiq görülən Əlinin musiqi istedadı tez üzə çıxıb. Onu şəhər musiqi məktəbinin skripka şöbəsinə yazırlar. Çox keçmir, məlum olur ki, uşağın əla vokal səsi də var. Tam tərəddüdsüz Əlini paralel olaraq estrada-vokal sinfinə qəbul edirlər. 6 yaşından mürəkkəb klassik əsərləri ifa edən Əli Muradovun şəhər musiqi müsabiqələrində iştirakı dərhal təmin edilir. Beləliklə də, ilk çıxışı Novosibirsk Opera və Balet Teatrında olan Əli birinci dərəcəli Laureat diplomuna layiq görülür. Elə həmin gün, 6 yaşında ilk avtoqrafını da verir, özü də millət vəkilinə.

“Konsertdə oxuyandan sonra mənə 1 xanım yaxınlaşdı. O xanımın adı İrina Nikolayevna idi, özü də deputat idi. Mənə dedi ki, “olar sizdən atoqraf almaq?”. Mən ondan adını soruşdum və yazdım. Onun gözləri yaşardı və dedi ki, “nə vaxtsa qocalanda yadına salacağam ki, sənin konsertində olmuşam və səndən avtoqraf götürmüşəm”, - deyə Əli Muradov vurğulayıb.

Beləliklə də, bir-birinin ardınca yerli və beynəlxalq səviyyəli müsabiqələr başlayır. Onun balaca əlləri skripkadan başqa mütləq I yer olmaq şərtilə saysız-hesabsız diplom və mükafatlar almağa alışıb. Krasnoyarskda Rusiya prezidenti Dmitri Medvedevin şəxsən dəstəklədiyi beynəlxalq müsabiqənin seçim turuna Əli yaşca özündən böyüklərlə bərabər qatılır. Səhnəyə çıxanda arxa cərgədən kimsə rusca “bu oğlandan sonra heç kimin şansı yoxdur” deyir. Elə də olur, 1 müsabəqə 2 mükafat, üstəlik Moskva, sonra da Paris səhnəsində ifa etməyə rəsmi dəvət alır. Soyuq sibirlilərin ürəyini fəth eləyən bu azərbaycanlı balası italyan dilini də öyrənməyə başlayır.

“Mənim repertuarımda çoxlu neopolitan mahnıları var. İtalyan dilini öyrənməmişdən qabaq oxuduğum mahnıları başa düşmürdüm. İtalyan dilini öyrənməyə başladım ki, oxuduğum mahnıların sözlərini anlayım”, - deyə Əli Muradov qeyd edib.

Bu balaca musiqiçi həm də Novosibirskdəki Azərbaycan diasporunun sağ əlidir. Heç bir mərasim onsuz ötüşmür. Gözünü açandan rus mühiti görüb, rus məktəbində oxuyan Əlinin ana dili haqqında dedikləri: “Mən evdə ailəmlə Azərbaycan dilində danışıram. Atamla anam mənə başa salıblar ki, sən onsuz da Rusiyada yaşayırsan və rus dilini biləcəksən. Amma ana dilini mütləq bilməlisən. Mən də başladım kitablar oxumağa, kinolara Azərbaycan dilində baxmağa və beləliklə mən ana dilini mükəmməl öyrəndim”.

Fitri istedadından başqa da davamlı zəhmət və çalışqanlığı ilə Əli məktəbdəki dərslərinin də öhdəsindən gəlir. Novosibirsk merindən ənənəvi təşəkkür məktbubunu alan kimi Bakıya tətilə gəlib. O, həmişə Bakı üçün darıxır, Bakının qoxusunu unuda bilmir. “Çox sevinirəm ki, bura mənim vətənimdir. Burada yaşamaq, təhsil almaq istəyirəm. Hər dəfə təyyarədən düşəndə Bakının neft qoxusu məni çox kövrəldir”.



http://www.anspress.com/

Комментариев нет:

Отправить комментарий