03.07.2011

Şəkinin görkəmli elm və incəsənət xadimləri

Hacı Çələbixan Qurban oğlu
Şəki xanlığının banisidir. Dərviş Məhəmməd xanın nəslindəndir. İran hakimiyyətinə qarşı 1743- cü idə Şəki üsyanına  başçılıq etmiş  və hakimiyyəti ələ keçirmişdir. Hacı Çələbi xan Azərbaycan torpaqlarını  Şəki  xanlığının ətrafında birləşdirmək  siyasəti aparırdı. O, Qəbələ, Ərəş, İlisu sultanlıqlarını  və Car- Balakən camaatlığını  Şəki xanlığına tabe  etmiş, Gəncə, Qazax, Şəmkir və Borçalı uğrunda  mübarizədə Kartli çarı Teymurazı və Kaxetiya çarı II İraklini bir neçə dəfə məğlubiyyətə uğratmışdır.1752- ci ildə Şəki xanlığına qarşı  birlikdə mübarizə aparmaq məqsədilə  Teymuraz və II İrakli bəzi Azərbaycan  xanlarını Gəncə yaxınlığında  görüşə dəvət etmiş və burada  Qarabağ xanı Pənahəli xan, İrəvan xanı Hüseynəli xan , Naxçıvan xanı Heydərqulu xan, Gəncə xanı Şahverdi xan  onlar tərəfindən xaincəsinə əsir alınmışdır. Bunu eşidən Hacı Çələbi xan Teymurazı və II İraklini məğlubiyyətə uğradaraq keçmış rəqiblərini azad etmişdir. Hacı Çələbi xan Şəki xanlığının iqtisadi qüdrətini möhkəmləndirmək məqsədilə  vergi sistemini nizama salmış, çoxlu ictimai binalar tikdirmiş, bir sıra abadlıq işləri aparmışdır.

Məhəmməd Hüseyn Xan Müştaq
Şəkinin görkəmli dövlət adamlarından biri də Şəki xanları nəslindən olan Məhəmməd Hüseyn xandır. 20 ilə yaxın Şəki xanlığını idarə edən və ağıllı, tədbirli şəxs kimi tanınan Məhəmməd Hüseyn xan XVIII əsrdə Şəkidə məscid, mədrəsə, ictimai binalar tikdirmiş, vergi sistemini qaydaya salmış, xanlığın möhkəmləndirilməsi istiqamətində mühüm işlər görmüşdür. Azərbaycanın, eləcə də Şərq memarlığının nadir abidələrindən sayılan Xan sarayını məhz Məhəmməd Hüseyn xan tikdirmişdir. Elmə, sənətə yüksək qiymət verən Şəki xanı həm də “Müştaq” təxəllüsü ilə şerlər yazırdı.





Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə
1817- ci ildə Şəkidə anadan olmuşdur.XIX əsrin görkəmli  ədəbiyyatşünası, pedaqoqu və kitabşünası idi. O. Azərbaycan ədəbiyyatşünaslıq elminin, peqaqoji fikrin və əlyazma kitab mədəniyyətinin  inkişaf etdirilməsində məhsuldar rol oynamışdır. Onun yaradıcılığı çoxtərəfli və rəngarənc idi. O. türkdilli , ərəbdilli və farsdilli  Şərq ədəbiyyatının tədqiqatçısı, tanmınmış dilçi, xalq kütlələrinin maariflənməsində  böyük əmək sərf etmiş, fədakar pedaqoq olmuşdur. Əlyazma kitab mədəniyyətinin qorunmasında, inkişafında və təbliğində rol oynamışdı.Uzun illər boyu ümumi kitabxana kimi fəaliyyət göstərmiş minlərlə əlyazma və qədim çap kitablarını əhatə edən   zəngin katabxanası olmuşdur.




Axundov Mirzə Fətəli
Görkəmli Azərbaycan yazıçısı, dramaturqu, materialist filosofu, ictimai xadimdir. Realist Azərbaycan ədəbiyyatının banisidir. 1812-ci ildə Şəkidə anadan olmuşdur. 1814- cü ildə atası  Mirzə Məmmədtağı  və anası Nanə xanımla Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köşmüş ,13 yaşınadək İran Azərbaycanının  müxtəlif yerlərində yaşamış, 1825–ci ildə  anası ilə Şəkiyə qayıtmışdır. Anasının əmisi Axund Hacı  Ələsgər  Fətəlini  oğulluğa  götürərək, təlim- tərbiyəsi ilə məşğul olmuş , ona ərəb və fars dillərini öyrətmişdir.  Fətəlinin ruhani olmasını istəyən  Axund Hacı Ələcgər  1832- ci ildə onu Gəncəyə aparmışdır. Fətəli burada  məntiq və fiqh  elmlərini , habelə  məşhur şair Mirzə Şəfi Vazehdən  nəstəliq xəttini  öyrənmişdir.M.Ş. Vazeh M.Fətəlinin  zəka və istedadını  hiss etmiş, onu ruhani olmaq fikrindən daşındırmışdır. Müasir elmlərlə maraqlanan M.Fətəli 1833-cü  ildə  Nuxada açılmış rus-tatar  məktəbinə daxil olmuş, bir il burada oxumuşdur. 1834- cü ildə Tiflisə getmiş, Qafqaz canişininin  baş dəftərxansında  mülki işlər sahəsində  Şərq dilləri mütərcimi  təyin olunmuş  və ömrünün sonunadək  həmin vəzifədə çalışmışdır. 1873-cü ildə  ona polkovnik rütbəsi verilmişdi. O zaman  Qafqazın inzibati- mədəni mərkəzi sayılan  Tiflis M.F.Axundovun  fikri inkişafına mühüm təsir göstərmişdir. rus və Qərbi Avropa ədəbiyyatını, ictimai- fəlsəfi fikrini öyrənmişdir.
M.F.Axundov  bədii yaradıclığa  şerlə başlamışdır. 1850-1855- ci illərdə  yazdığı 6 komediya  ilə azərbaycan və bütün Yaxın Şərq  ədəbiyyatında  realist dramaturciyanın  təməlini qoymuşdur. 

Sədrəddinbəyov İsmayıl bəy Hacı məhəmməd oğlu (Nakam)
İsmayıl bəy Sədrəddinbəyov (Nakam) 1841- ci ildə  Şəkidə anadan olmuşdur. Uşaqlıq  dövründə ərəb, fars dillərində mükəmməl təhsil almış, sonra oxuduğu məktəbdə rus dilini öyrənmişdir.
Şərq dillərini mükəmməl bilməsi sayəsində Nizami, Sədi və Hafizin əsərlərini şəxsi mütaliə vasitəsilə  öyrənib onlardan  təsirlənmişdir.M.Fizuliyə pərəstiş etmiş, S.Ə.Şirvaniyə  xüsusi rəğbət bəsləmiş  və onunla dostluq münasibəti yaratmış, onu  Şəkiyə qonaq dəvət etmişdir. Mütərəqqi türk şairlərinin əsərlərini mütaliə etməkdən də kənarda qalmamış, hətta öz yardıcılığında  türk şairi İ.Həqqinin şerlərindən bəhrələnmişdir.
Yaradıcılığının  məhsulu olan çoxlu qəzəl, “Leyli və Məcnun”, “Fərhad və Şirin” poemaları, məktəbə  dəvət və gənclərin tərbiyəsinə, yalançı ruhanilərin tənqid və ifşasına həsr olunmuş əsərləri Azərbaycan  Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun xüsusi fondunda mühafizə  olunub saxlanılır.

Molla Cümə
Molla Cümə 1854- cü ildə anadan olmuşdur. Savadlı olduğu üçün “molla” təxəllüsü verilmişdir. Şəkinin Baş Göynük mahalının Layısqı kəndində dünyaya göz açan aşığın yaradıcılğında klassik aşıq şerini şöhrətləndirən, ona əbədilik hüququ qazandıran əsas cəhət məzmun və forma zənginliyi ilə yanaşı, onların bir vəhdət, bütövlük təşkil etməsidir. O,əsasən, qoşma, gərayli  və müxəmməslər yazmışdır.
Aşığın şerlərinin çoxu məhəbbət mövzusundadır və “İsmi- pünhan” adlı gözələ  müraciət formasında yazılmışdır. ”İsmi-pünhan“ın real bir surət olması şübhəsizdir.Aşığın “Neylədin dünya”, “Hayıf oldu”, “Axtarın”, ”Alar bəzənir”, “ Ey dost”rədifli qoşmalarında “ İsmi-pünhan”ın dünyasını dəyişməsi və ona bununla bağlı  kədərinin sonsuz olduğunu ifadə etmişdir.
Aşığın “Oldum” rədifli qoşmasında ehtiyacla bağlı daxili hissləri üstünlük təşkil edir.Onun şeirlərinə musiqi yazılmış və bir çox nümunələr yaradılmışdır.


Abdullayev Ələsgər Baba oğlu
Ələsgər Abdullayev 1866- cı  ildə Şəkidə  anadan olmuşdur. Azərbaycanın musiqi tarixində Şəkili Ələsgər adı ilə tanınmışdır. O, uşaqlıqdan xalq musiqisini sevmiş, 20 yaşından xanəndəlik etməyə başlamışdır. 1902- ci ildə Bakıda Şərq konsertlərində müvəffəqiyyətlə çıxış etmişdir. Məlahətli və zil səsi ona Zaqafqaziya və İranda şöhrət qazandırmışdır. 1914-cü ildə “ Ekstrafon” səhmdar şirkəti Kiyevdə onun səsini vala yazmışdır. Şəkili Ələsgər  Azərbaycan  musiqi tarixində “ Rahab” muğamının  gözəl ifaçısı sayılır.  Hal- hazırda Şəkidə fəaliyyət göstərən Musiqi  Texnikumu onun adını daşıyır.




Əsgərov Salman Məmmədemin oğlu (Salman Mümtaz)
Salman Mümtaz 1884 –cü ildə Şəkidə anadan olmuşdur. Görkəmli Azərbaycan ədəbiyyatşünası və şairidir. Klassik ədəbi irsin toplanması , nəşri və tədqiqi sahəsində Azərbaycanın bir sıra  şair və aşıqlarının naməlum əlyazma nümunələrini aşkara çıxarmışdır. Repressiya qurbanı olmuş , 1941- ci ildə vəfat etmişdir.







Sadıqov Əlövsət Şirəli oğlu
Əlövsət Sadıqov 1906- cı  ildə Şəkidə  anadan olmuşdur. Lirik, tenor səsə malik Azərbaycan müğənnisi idi. 1956- cı ildən  Azərbaycan Dövlət Konservatoriyasında  oxumuş,  Azərbaycan Opera  və Balet teatrının  1963- cü ilə qədər solisti olmuşdur. O, güclü zil səsə , gözəl zəngulələrə malik sənətkar idi.
Ə.Sadıqov Qərib (“Aşıq Qərib”, Z, Hacıbəyov), Məcnun (“ Leyli  və Məcnun”),  Kərəm (“Əsli və Kərəm, ), və b. rolların əvəzsiz  ifaçısı kimi tanınmışdır.
Azərbaycan xalq mahnılarının, muğamlarının  ifaçısı kimi də məşhur olmuşdur. Dəfələrlə SSRİ-nin bir çox şəhərlərində, həmçinin  2 dəfə İranda qastrol səfərində olmuşdur. “Şərəf Nişanı” ordeni və medallarla təltif edilmişdir.



Dəmirəizadə Əbdələzəl Məmməd oğlu
XX əsr Azərbaycan dilçiliyinin ən böyük nümayəndələrindən biridir.Azərbaycan  EA-nın  müxbir üzvü, filologiya elmləri doktoru (1944), professor(1945), Azərbaycan SSR Əməkdar elm xadimi (1973), Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur.(1974)
1909- cu ildə Şəkidə anadan olmuşdur. O ibtidai və orta təhsilini 1917-1927 –ci illərdə Şəki məktəblərində almışdır, əvvəlcə “Həqiqətül- maarif” adlanan yeni tipli məktəbdə, sonra isə “Şəki nümunə zəhmət” məktəbində oxumuşdur. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ilin sentyabrında 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.
Professor Ə. Dəmirçizadə zəngin və çoxcəhətli yaradıcılığa malik  alim idi. Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və  elmi–metodik məqaləsi çap olunmuşdur.Bu əsərlərdə yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələrinı araşdırmışdır.
                                                                                               http://www.sheki-mks.az/i

Комментариев нет:

Отправить комментарий