06.07.2011

“Xutor”u köçürürlər

İlham Əliyevin iqamətgahı yüzlərlə ailəni evindən didərgin salacaq
Ilham Əliyev üçün tikilən yeni iqamətgah Rəsulzadə qəsəbəsini (köhnə Xutor) xarabalığa çevirir. Ərazidə yaşayan sakinlərə rəsmi məktub göndərilməsə də, tikinti şirkətlərinin nümayəndələri, Nəqliyyat Nazirliyinin təmsilçiləri, bir sözlə, söküntü-tikinti işlərinə məsul olan şəxslər qapı-qapı gəzərək evləri və obyektləri siyahıya alırlar.
Ilk növbədə keçmiş Karl Marksın heykəli yerləşən ərazidəki evlərin sökülməsi planlaşdırılır. Sakinlər deyir ki, onlara yalnız ilin axırına qədər hazırkı mənzillərində yaşaya biləcəkləri bildirilib. Ancaq bəzilərinə də xəbərdarlıq edilib ki, iki aydan sonra söküntü işlərinə başlayacaqlar. Deməli, bütün hallarda ərazidə söküntü-tikinti işləri olacaq.
Evlərindən didərgin salınanlar isə ya Masazır, Hövsan, Keşlə qəsəbələrinə köçürüləcəklər, ya da hər kvadrat metrə görə 1500 manat kompensasiya alacaqlar. Amma bu şərtlər sakinləri qane etmir. Əvvəla, paytaxtın bu hissəsində yaşamağa alışmış şəxslər belə kənarda yerləşən qəsəbələrə getmək istəmirlər. Üstəlik, pis təcrübə də var. Məsələn, “qış bulvarı” layihəsilə əlaqədar paytaxtın Füzuli, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev küçələrində (Respublika Sarayının arxası) aparılan söküntü zamanı mənzil sahiblərinin mülkiyyətinin sahəsi əllərindəki rəsmi sənədlərdə göstərilənlərdən xeyli azaldıldı. Yəni, daha kiçik sahələrə görə onlara kompensasiya verildi.
Keçmiş Karl Marks heykəlindən 3-cü mikrorayon dairəsinə qədər uzanan yolu genişləndirmək adıyla həmin yolun ətrafında yerləşən evlərin sökülməsi də planın tərkib hissəsidir. Yaxın zaman kəsiyində yolun 10-15 metrliyində olan evlər söküləcək. Hazırda həmin ərazidəki körpünün yanından yolu daha görünüşlü etmək üçün hasar çəkilir. Həmin xətt üzrə hasar çəkilsə, qəsəbədə heç bir evi sökməyə ehtiyac qalmayacaq. Sadəcə, yolun kənarında olan ağaclar çıxarıla bilər. Amma məsələ burasındadır ki, hasarın sökülüb yenidən 10 metr daha kənarda tikiləcəyi bildirilir. Belə çıxır ki, hasar çəkilişilə bağlı iş düzgün planlaşdırılmayıb.
Əgər yolun 10-15 metrliyindəki evlərin söküləcəyi barədə deyilənlər doğrudursa, deməli, o ərazidəki vətəndaşların Ilham Əliyevin iqamətgahına görə köçürüldüyünə dair səslənən fikirlər həqiqətdir.
Əldə etdiyimiz məlumatlara görə, söküntünü son vaxtların ən səs-küylü dağıntı işlərini icra edən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsus olduğu bildirilən “Azinko” şirkəti həyata keçirir. Məlumatda o da qeyd olunur ki, komitə sədri sakinləri Keşlədə, yükboşaltma stansiyasının həyətində “Azinko”nun inşa etdiyi binalarda mənzillərlə təmin etmək istəyir. Ancaq Bakının başqa ərazilərində mülkiyyəti zorla əllərindən alınaraq məcburən həmin binalara köçürülmüş vətəndaşlar deyirlər ki, sözügedən mənzilin kimə məxsus olması barədə notarial qaydada arayış, yaxud həmin evlərin dövlət reyestrindən keçib-keçmədiyi barədə sənəd verilmir. Bu amil də insanları şirkətin təklif etdiyi binalardan çəkindirən səbəblərdəndir.
Sakinlər deyir ki, yalnız bazar qiymətlərinə uyğun kompensasiya alandan sonra evlərindən çıxacaqlar. Hazırda hər kvadrat metrə görə təklif olunan 1500 manat isə qətiyyən real qiymətlərə uyğun deyil.
Sakinlər hüquqlarının müdafiəsi uğrunda sonadək mübarizə aparmaq niyyətindədir. Deyirlər ki, qanuna görə, vətəndaşın mülkiyyəti yalnız dövlət ehtiyaclarının ödənilməsi üçün məcburi şəkildə ondan alına bilər. O halda da mütləq vətəndaşa real bazar qiymətlərinə uyğun kompensasiya ödənilməlidir: “Bu, ancaq dövlət tərəfindən və mütləq qarşılıqlı razılaşma yolu ilə olmalıdır. Vətəndaş şərtlərlə razı deyilsə, onun mənzili sökülə bilməz. Onu mütləq razı salmaq lazımdır”.
“Onlara deyin ki, mən evdən çıxmayacam. Verdikləri pulu da istəmirəm. Elə etməsinlər hər yerə şikayət edib, onları işdən çıxarım” - bunu da hansısa dövlət strukturundan gəldiyimizi zənn edən yaşlı bir “Xutor” sakini deyir.
Deyəsən, bu ağbirçək hələ də Azərbaycan reallığını bilmir...
http://azadliq.info/            Ramin DEKO

Комментариев нет:

Отправить комментарий