Bayıl təcridxanasının «karantin» kamerasının qarşısından keçəndə gözlərimə inana bilmədim. Adətən dustaqları kameradan çıxırdıqda dəhlizdə nəzarətçilərdən başqa heç kəs olmazdı. Bu günsə gördüyüm mənzərə məni çaşdırmışdı. Normalda adam belə yerdə dostunu görəndə sarsılmalıdır, mənsə Faiqi gördüyümə uşaq kimi sevinirdim. Həbsxananın də öz qanunları var… Əməllicə görüşə bilmədik ki… Sadəcə, bir anlıq da olsa bir-birimizin əlini sıxdıq, vəssalam…
Bir dəfə gəzinti yerində səsimi eşitmişdi Faiq… Nə yaxşı ki, səs üçün divar, sədd, sərhəd yoxdu… Hərəmiz divarın bir tayında doyunca danışdıq.
… Dəqiq bilirdim ki, Faiq həbsxanada dinc oturan deyil, bilirdim ki, nəsə yazacaq… Başına gələn başmaqçı olar deyiblər… Mən yazmıya bilirdimmi? Bircə qorxum ondan idi ki, artıq-əskik şeylər yazar, həbsxanadı da, başını ağrıdarlar. Bir vaxtlar Mahir Əliyev adlı bir mayor mənim başımı yazılarıma görə çox ağrıtmışdı.
Deyirlər ki, pis günün ömrü az olur… Bu məsəlin həbsxanaya qəti aidiyyatı yoxdu. Orada pis günün ömrü az olmur… hara baxırsan divar, tikanlı məftillər, səni səndən çox qoruyan paqonlu əmilər, əliavtomatlı qaqaşlar… Adamın insanlığından, şəxsiyyətindən, savadından daha çox cibindəki tədavül vasitəsi hesab olunan kağız parçalarının dəyərinə hörmət qoyan nəzarətçilər… Orda da yaxşılar olur… Amma allah kəsin oranı da, ordakı yaxşını da, yaxşılığı da. Nə isə… Hərəmiz paytaxtın bir həbsxanasında dustaq ömrümüzü yaşadıq. Mən çıxanda qoltuğumda «Köpək bürcü» var idi. Sağ olsun dostlar, məni unudulmağa qoymamışdılar. Elçin Hüseynbəyli «Ulduz»da, İntiqam Qasımzadə «Azərbaycan»da, Rəşad Məcid «525»də, Əsəd Cahangir «Körpü»də ara-sıra çap eləmişdi yazılarımı. Hələ qonorar da göndərirdilər zindana! Adam yaxşı dostlar üçün yaşamaq istəyirdi. Bilmirəm nədəndi, həbsxanada olanda dostların adama ya yazığı gəlir, ya nəsə eləmək istəyirlər adamçün, izah eləmək çətindi, ancaq mənə elə gəlirdi ki, zindanda olanda dostlarım məni daha çox istəyirlər. Onların sevgilərinin xatirinə adam həmişə zindanda olmaq istəyir bəzən. Amma azadlıqdan gözəli yoxdur, düz demirəmmi Faiq?
«Ulduz» jurnalında Faiq Balabəylinin «Lənətlənmiş həyat» povestini görən kimi, adından başa düşdüm ki, zindanla bağlı yazı olacaq. Əl boyda yazıydı, üç-dörd siqareti qurban verib bir oturuma oxudum. Əvvəla onu deyim ki, hisslər, hadisələr, qəhrəmanlar, problem, süjet xətti, konflikt, düyün… nə bilim e, nəsrin tələbləri adlanan bütün terminləri unudub oxudum Faiqin povestini. Faiqin istedadlı şair olduğuna şübhəm yox idi, daha çox zindan şeirləri gözləyirdim ondan, amma açığını deyim ki, povesti də şeir kimi birnəfəsə oxunurdu. Bir də ki, kim nə deyir desin, Faiqin Mamedi bir az da mənim Məmmədağamsayağı qəhrəman idi. Kasıb, amma mərd, qədeş…
Faiq Mamedi ilə zindan dvarları arasında günhlı-günahsız cəza çəkən dustaq yoldaşlarına olan borcunu verməyə çalışıb. Yüzlərlə insanın acı taleyinin cəmləndiyi bu kiçik həcmli povestdə bir insanın, bir ailənin, bir cəmiyyətin deyil, bütöv bir toplumun lənətlənmiş həyatı öz əksini tapıb. Bu posevti oxuduqdan sonra adam bir qədər ehtiyyatlı olmağa çalışır. Bəzən Faiqin asi fikirləri ilə qarşılaşmalı olan oxucu ilk baxışdan bu fikirləri ani bir hissin, ötəri bir duyğunun göstəricisi kimi qəbul edir, amma povest finala doğru irəlilədikcə bu asiliyin arxasında duran konkretliyi görmək olur.
«Əgər Allahın xəbəri olsa idi, heç olmasa bir dəfə, cəmi bircə dəfə özünün yaratdığı ən ali varlığa rəhmi gələrdi. Yox idi Allahın Azərbaycan türmələrində baş verən hadisələrdən xəbəri. Allahın bu bağlı qapılar, hündür, qalın divarlar, tikanlı məftillərlə əhatələnən, adına “zon”, islah-əmək koloniyası, türmə, zindan, qazamat deyilən yerlərdən və buradakı nəzarətçilərdən, DPENK-lardan, operlərdən xəbəri olmayıb. Bura şeytanın və şeytanabənzərlərin nəzarətində olub həmişə».
Bu yerdə Faiqin üzünü tutub ittiham etdiyi bəzi nəzarətçilərin, polis işçilərinin, müstəqtiqlərin və bu sahədə çalışan insanların insanlığa sığışmayan hərəkətlərini xatırlayıram mən də. Onların hər biri yəqin ki, Faiqə müəyyən qədər hörmətlə yanaşıblar, onu ziyalı, qələm əhli kimi qəbul ediblər. Faiqin ünvanladığı sərt ittihamlar təbii ki, birbaşa onun özünün hisslərinin təzahürü deyil, amma bu ittihamların arxasında Faiqin özünün keçirdiyi hisslər, qarşılaşdığı məqamlar, haqsızlıqla barışmayan bir insanın duyğuları dayanır.
Faiqin Məmmədi bir dəfə dustaq yoldaşının «zibilinə» düşərək həbsxanaya qayıtmalı olur. Növbəti dəfə «uçastkovu»nun tikdiyi torbaya düşüb həbsxanaya qayıdır və hələ Mamedin gələcək həyatında belə sürprizlərin nə qədər olalacağı heç kəsə məlum deyil. Amma ürək ağrıdan odur ki, baş verən hadisələrin, yaşanan olayların hər birinin sonunda şər qalib çıxır.
Mən tale yazısına inanan adamam. İnandığım da odur ki, Mamed də talelisiz bir bürcün altında doğulub və onun xoşbəxt olmağa haqqı yoxdur. Bu fikirlə kim barışmırsa özü bilər. Amma mən dəqiq bilirəm ki, Faiq ömrünün müəyyən bir hissəsində zindan həqiqətini yaşamalıydı. Bu ömürdü, taleydi… Mamed qızının adını Xoşbəxt qoymuşdu ki, balası xoşbəxt olsun. Adla xoşbəxt olmaq olsaydı Mamed hər kəsdən çox xoşbəxt olmalıydı, adı peyğəmbər əfəndimizin adıydı.
Sonuncu dəfə «KPZ»də olanda Mamed bir vaxtlar namusunu qoruduğu qadının oğlunun yaxşılıqları ilə qarşılaşır. Son dərəcə dəyərli və yerində olan mənzərədir. Müəllif bununla demək istəyir ki, həyatda yaxşılıq da, pislik də itmir. Onunla çörək kəsən, dustaqlığın əzablarını yaşayan «dostu» Ağamirzənin nakişiliyi də itən deyil, bir vaxtlar onunla bərabər kənddəki fermada işləyən Sənəmin oğlunun diqqəti və hərəkəti də. Yəni lənətlənmiş həyatın içində də bir işıq, bir ümid, xoşbəxtlik var. Sadəcə hamı üçün deyil…
Açığını deyim ki, final hissəsində bir qədər kövrəldim də. Son dərəcə sentimental duyğularla verilən parça inanmıram ki, hanısa oxucunun içini göynətmədən keçsin. Amma Faiqin polis işçisinin Mameddən götürdüyü 100 000 (20 AZN) manatın arvadı Yetərə qaytararaq «Orda ona lazım olmayacaq»- deməsinə inanmadım. Birincisi bu vaxta qədər görməmişəm və eşitməmişəm ki, polis gtürdüyünü geri qaytarsın, ikincisi isə zindanda pul azadlıqdan çox lazım olur adama. Nə isə…
Povestdə bəyəndiyim, razılaşdığım, içimi göynədən duyğuların olduğundan az-çox söz açdım. Amma bu o demək deyil ki, «Lələtlənmiş həyat» povesti ilə bütövlükdə razıyam. Hiss olunur ki, Faiq yazı üzərində az işləyib. Bir tələskənlik duyulur povestdə. Bir də balaca bir povestdə çoxsaylı «varavskoy» terminlərin işlənilməsi ilə razı deyiləm. Nəzərə almaq lazımdır ki, hər bir əsər müxtəlif tələbləri olan oxucu üçün yazılır. Bu əsər məndə daha çox insan taleyinə, onun faciəsinə, keçirdiyi hisslərə, yaşadığı acı həyata münasibət bildirməyə çalışan, üsyan etmək istəyən, barışmaz mövqeli bir şairin nəsrin dili ilə cəmiyyətə göndərdiyi mesaj təsiri bağışladı. Kim nə deyirsə desin, mənə elə gəlir ki, hər bir oxucu bu povestdən öz dərsini ala biləcək. «Lənətlənmiş həyat»ın ən böyük uğuru da elə budur.
Əyyub Qiyas kultaz.com