payız öncəsi
oğlumun toyunda
profildən çəkdirdim şəklimi
üzüm tam görünməsin deyə
profildən çəkilən bu cür fotolar
“tədricən yoxaçıxmanın” şəklidi əslində
gələn payız...yox
gələn payızdan sonra qışda
doğum günümdə gələrsən – yaxşı?
gələrsən ilk görüşə gəldiyin tək –
üzündə təbəssüm
gələrsən – yaxşı? mütləq gələrsən
işdi mən olmasam da
şəklim mütləq gülümsəyəcək üzünə
ilk görüş yadına düşər –
heykəl kimi dayanmışdım
sənsə üzundə-gözündə sevinc
lap sevgiyə bənzəyirdin. heç söyləmədim:
o vaxt mən sevgiyə tutulmuşdum
indi sənə əzab mənə ağrı verən
xəstəliyə tutularkən xatırladım bunu bir də
gələn payız...
gələn payızdan sonra qışda
doğum günümdə gələrsən – yaxşı?
mütləq gələrsən vədimə xilaf çıxmaram
gözləyəcəm ən azı heykəl şəklində -
üzündə qərib təbəssüm
Комментариев нет:
Отправить комментарий