11.03.2014

Əli Şirin Şükürlü - İnsan mənzərələri

doğulmayan adamın tərcümeyi-halı

mən doğulmasaydım nə olardı görəsən;
ata-anamın oğlu və beş bacının bir qardaşı 
olmazdı ən azından. nənəm sevincindən oynamazdı doğulmadığım o gün 
və məşhəddən gətirdiyi, qardaşının şərəfinə olan bu adı verməzdi mənə.

yaşadığım o ev, o həyət olardı yəqin ki, -mənsizlik böyüyərdi orda.
oxuduğum o məktəbə, o universitetə mənsizlik yollanardı və  
o yoxluğu kimsə başqa biri doldurardı bəlkə də. dostlarım kiminsə 

dostu olar, sevdiyim qızları başqası sevər, məni sevənlər sevərdi 
başqa birini. mən olmadığım hər yerdə kimsə olardı sözsüz, 
məkan tarazlığını itirməsin deyə. kimsə olardı; eynən mən taledə, 
eynən mən yaşda, mən boy-buxunda. 
təkcə zahirən fərqlənə bilərdik bir-birimizdən. bəlkə də 
elə bənzəyərdik bir-birimizə.

mən doğulmasaydım 
bu fikirlər kimin ağlına gələrdi indi.
mən yaşadığım bu şəhərdə, 
bu şəhərdəki bu evdə kim yaşayardı mənim yerimə.

hər ömür bir məkan-zaman kəsiyi;
bir az sevgi, bir az nifrət, 
bir az sevinc, bir az kədər, 
bir az ümid, bir az da ümidsizlik. 
yəni bu müstəvidə adda-budda xoşbəxtlik 
kim azalardı üzü öz yoxluğuna mənim yerimə. 

ya da mən
indi, elə bu an, bu zaman
elə bu şəhərdə, bu küçədə, bu evdə 
kimin yoxluğunu doldururam görəsən.
kimin yerinə azalıram 
nənəmin məşhəddən gətirdiyi,
sevinc içində mənə verdiyi adı. 

auditoriya - insan mənzərələri

mühazirə oxuyur. danışır həvəslə.
bəzən bilərəkdən göz gəzdirir auditoriyaya, 
bəzən qeyri-ixtiyari. 

kimi diqqətlə qulaq asır ona
ayırmadan baxışlarını,
kimi heyranlıqla.

biri üzündə təbəssüm;
nəsə keçir ağlından, deyəsən.

başqa biri qurcalanır yerində, 
sual verməyə hazırlaşır, 
işarə edir əliylə.

kimi etinasız. fikri başqa yerdə - 
baxışlarından bilinir.

biri gözünü dikib aşağı, 
telefonla məşğuldu. ismarıc
yazır, sözsüz.

biri darıxır. dözmür, tərk edir 
auditoriyanı nəhayət. 

o isə - mühazirəçi yəni,  elə hey danışır 
gözü aiditoriyada, seyr edə-edə dinləyiciləri 
və dinləməyənləri. 
danışır gah həvəslə, gah da duruxur hərdən.

bitir mühazirə. hamı azaddır indi;
dinləyən, dinləməyən, mühazirəçi.
tədricən boşalır mühazirə otağı.
kimi elə o an unudur hər şeyi, 
kimi unutmur çox şeyi. 

mühazirəçi isə düşünür 
seyr edərək boşalan otağı indi:
həqiqət axtarırıq – nədir o həqiqət.
hər kəsin öz həqiqəti var axı, deyəsən. 
görünür, hələ çox şey öyrənməliyəm 
cürbəcür insan mənzərələrindən.

səhər mətbuatda bir məlumat dəymişdi
mühazirəçinin gözünə:
ömürlük həbsə məhkum qatil 
cevgi barədə roman yazıb 
müsabiqədə iştirak etmək üçün.

yeddi ilan

dartılan kəndir kimi
yeddi ilan qəfil sıyrılıb qumluqdan, 
yeddisi də dimdik dayandı 
gözünü zilləyərək gözlərimə.

ağlasımaz simmetriya vardı
həm paralel düzülüşündə, həm də ölçüsündə ilanların.
havaya qalxmağa hazır raketə bənzəyirdi hər biri:
“sancaram toxunsan, özümü müdafiəyə hazıram həmişə” – 
insan üzünə xas ifadə əks olunmuşdu hər ilanın üzündə. 
sanki insan baxırdı hər ilandan qəzəbli insan gözləri ilə. 

başdan ayağa kimi 
sıxılmış insan təsviri idi 
göz-gözə dayandığım ilanlar.

qorxu içində 
çıxış yolu axtarırdım ki səhrada, 
yuxu gördüyümü anladım birdən. 
sevinmədim elə də: 
bu qəribə və qorxunc mənzərədə 
şəxsən mən görünməsəm də, 
müşahidəçi qismində 
təfərrüata varmaq keçirdi könlümdən.   

görünür, 
əsl gerçəkliyi yuxular göstərir.

70-ci illərin axırı olardı. 
həmyaşıd qonşu oğlanın evin damından 
gələn çığırtısına yüyürüb, həyətə çatanadak
əmisi yetirmişdi özünü əlində tüfəng. 

həyətə toplaşanlar
dayanıb tamaşa edirdi bir iri qızıl ilanın 
güllədən parça-parça olmuş cəsədinə;
qızıl parçalarına bənzəyirdi uzaqdan.
qan ləkələri də gözə dəyirdi 
“qızıl parçaları”nın səpələndiyi yerdə.
üzümü yan çevirdim. uşaqlıqdan acıyardım
bütün “yoxolanlar”a. sonralarsa 
fərqli düşünməyə başlamışdım doğrusu: 
yoxolma – dəyişmədi sadəcə və yalnız 
ayrılıqlar var “yoxolma” adlı dəyişmələr hesabına.     

indi isə 
baxa bilməsəm də bu kədərli olüm səhnəsinə, 
dayanıb kənarda qulaq kəsilmişdim danışılan sözlərə. 
bir neçə gün öncə 
həyətdə qızıl ilan öldürən qonşu oğlanı
indicə gülləyə tuş gələn bu qızıl ilan qovduğundan, 
çığıra-çığıra qaçıb çıxmışdı evin damına. 
düşmənin amansız qətlindən sonra da 
tir-tir əsirdi qorxusundan.

“deyirlər, yeddi qardaş olur qızıl ilanlar” – 
kimsə dramatik sonluqla bitirdi 
axşamçağı baş verən bu xoşagəlməz hadisəni.
 
illər sonra qərib şəhərdə 
mübahisə zamanı barda
ölümcül yaralamışdılar həmən oğlanı.
gözünü morqda açmışdı; başı üstə tələbə gənc qız.
o tələbə qızın sayəsində qayıtmışdı həyata.

sonra danışırdı ki, 
qəribə bir məkanda idim, səhraya bənzəyirdi.
beş qızıl ilan qəfil peyda oldu – qəzəbli. 
biri sıçrayıb əlimdən sancdı məni 
və elə bu an gözümü açdım dəhşət içində. 
gənc bir qız üzündə heyrət 
əyilmişdi mənə sarı, əlim əlində. 
sonra çevrilib, 
sevincək başladı uca səslə əcnəbi dildə çağırmağa:
“ burda bir ölü var, ölü  – ölməyib, yaşayır hələ”. 

Комментариев нет:

Отправить комментарий