04.01.2016

Ramazanlı uruğu ilə bağlı olan gülməli hadisələr

Araz Gündüz

İndiyədək sizlərə sıxıntılı, qanqaraldıcı olaylardan danışdım, indi də istəyirəm könül açan, dodaq qaçırdan bir iki söz danışam. Danışdıqlarım, mənim özümün də içində olduğum Ramazanlı uruğunda baş vermiş olan gülməli olaylardır.
Ramazanlı uruğu Moran oymağının bir qoludur. İndi istəyirəm, öncə sizə bir az bu Moran oymağından danışam, sonra sözümün ardına keçəm. Moran otaylı-butaylı Azərbaycanda ən böyük oymaqlardan biri sayılır, deyilənə görə otay Azərbaycanın Ərdəbil bölgəsində otuz iki para kənddə Moranlılar yaşayırlar. Bu tay Azərbaycanda isə Moranlılar ən çox Cəlilabadla, Yardımlıda yaşayırlar, deyilənə görə onların sayı Yardımlıda daha çoxdur, Yardımlının Moran kəndlərindən: Eçara, Ləzran, Şələ, Əliabad, Limar, Ərsiləni göstərə bilərəm, ancaq bu sadaladıqlarım Moran kəndlərinin hamısı deyil. Bunu da deyirlər, butaydakı moranlılar otaydan gəlmə olublar, köçərilik elədiklərindən öncə Yardımlının Moran obalarını salmış, sonradan Muğana qışlamağa gəlmiş, buralarda yurd-yuva salıb qalmışlar. Şirvan bölgəsində qışlaqları olan moranlılara Şura hökuməti köçəriliyi yasaq elədiyindən onlar Əlibayramlının Moranlı kəndində (hal-hazırda Sabirabad rayonuna bağlıdır) yurd salıb yaşamalı olmuşlar. Cəlilabaddan 12 kilometr aralıdakı Moranlı kəndi də, köçəri moranlıların buranı bəyənib yurd saldıqlarına görə olmuşdur, moranlılar buraya gələnə kimi buralar boşluq bir yer olmuş, Ceyrankeçməz deyə adlanmışdır, bu yerlərin geniş örüşü maldarlıq və qoyunçuluqla dolanan moranlıların işinə yaradığından burada indiki Moranlı kəndini salmışlar.
İndi gələk ramazanlıların üstünə. Ramazan adında bir kişidən törəyən bu uruğun adamları otay Azərbaycanın Həsənli və Pirəxəlli kəndlərini salmışlar, bundan başqa da otayın Vənistənə kəndində də ramazanlılar çoxdur. Yardımlının Ləzranla Şələ kəndinin yarısından çoxu ramazanlıdır. Masallının Seyidlər kəndinin az qala hamısı ramazanlıdır, bundan başqa da oranın İsgəndərli ilə Ərkivan kəndlərində də ramazanlılar yaşayırlar. 1937-ci ildə Qazaxıstana köçürülən ramazanlıların da bir çoxu orada yaşayır, sonradan bir bölümü geri qayıdıb Salyanda və Füzuli rayonlarında yurd salmışlar. Sözümüz heç də ramazanlıların çoxluğunda deyil, iş burasındadır ramazanlılarla bağlı el içində yayılan çoxlu gülüş doğuran olaylar vardır, istəyirəm onlardan bir neçəsini sizlərə danışam, siz də biləsiniz. Bəri başdan deyim, sizə danışdıqlarımı mən özümdən uydurmamışam, bunlardan eşitdiklərim də var, öz gözlərimlə gördüklərim də.
QUDURMUŞ XƏLBİR. Bizim Ləzran kəndindən olan ramazanlı Əsədulla kişinin xırmanı kəndin Güneyində əynəmli bir yerdə idi. Əsədulla kişi buğda dərzlərini vəl ilə döyür, samanı sovurub buğdanı təmizləyir, qalır buğdanı xəlbirləyib arıtlamaq. Yerdəki xəlbiri əyilib götürməyə ərindiyindən, Əsədulla kişi xəlbiri yerindən dikəltmək üçün onun sağanağını ayağı ilə tapdalayır, xəlbir qalxıb bərkdən kişinin dizinə çırpılıb ağrıdır. Əsədulla kişi bundan acıqlanır, xəlbiri qaldırıb sağanağa üstündə var gücü ilə yerə çırpır. Yer əynəmli olduğundan xəlbir qayıdıb kişinin üzünə çırpılıb burnunu qanadır. Kişi bir az da özündən çıxıb xəlbiri götürüb bir də yerə çırpanda xəlbir bu dəfə qayıdıb onun başına dəyib yarır, qan axmağa başlayır. Kişi bu dəfə xəlbiri götürüb uzağa tolazlayır, işin tərsliyindən xəlbir sağanağı üstə düşür, diyirlənərək geriyə, kişinin üstünə gəlir. Əsədulla kişiyə elə gəlir, xəlbir yenə onu vurmağa gəlir, baş götürüb kəndə sarı qaçır. Kənd adamı görürlər kişi al qanın içində qaçır, soruşurlar ay kişi, səni kim bu kökə salıb. Əsədulla qayıdıb geriyə baxıb nəsə demək istəyəndə görür xəlbir hələ də üzüaşağı diyirlənir, adamlara bir söz demir, kəndin ortasından axan çayı keçir, üzüyoxuşa qaçıb Zınba dağının başına qalxır. Oradan baxıb xəlbirin arxasınca gəlmədiyini görüncə dayanır. Adamlar baxıb görürlər kişinin xırmanında heç kim yoxdur, ancaq xəlbir yavaşca diyirlənib xırmandan aşağıda dayandı. Gedib kişini dağın başından götürüb gətirirlər, qanını yuyub yarasını sarıyırlar. Əsədulla kişi isə elə hey deyirmiş, kopoyoğlunun xəlbiri necə qudurmuşdusa, qaçıb qurtarmasaydım, özümü vurub öldürəcəkdi.
ƏZİMİN EVLƏNMƏSİ. Otayın Vənistənə kəndindəki ramazanlılardan Ağəddin adında birisi bizm kənddə olan uzaq qohumları Əzimgilə qonaq gələr. Əzimin subay olduğunu biləndən sonra deyər, bizim kənddə Qəmər adında bir gözəl qız var, gedək bizim kəndə, onu bəyənsən, sənin üçün alarıq. Kəndə gələndən sonra qızgördünü bulaq başına salmağı kəsdirirlər. Vənistənə kəndi çox böyük kənddir, ona görə də, bulaq başında qız-gəlin çox olur, bir yandan da otaydan qız bəyənməyə bir oğlanın gəldiyini eşidənlər də bulaq başına yığışırlar. Ağəddin bulaqdan bir az qıraqda dayanar, Qəməri Əzimə göstərər, deyər gedib ondan içməyə su istərsən, su versə demək o da səni bəyənibdir. Əzim bulağa yaxınlaşanda özünü itirdiyindən, ayağı-ayağına dolaşar, yerişini də itirər, onda qızlardan biri deyər, bu oğlan nə yaxşı yorğa yeriyir, hamı gülüşər. Əzim isə bir az da tutulub başını itirər. Əzim çaş-baş qaldığından Qəmərin boy-buxununu, görkəmini unudur, bir yaşlı qadına yanaşıb ondan su istəyir, qadın ondan üzünü döndərir, Əzim bir az da döyüküb başqa bir-iki qadından su istəyirsə yenə ona su verən olmur, onun bu durumunu görən qız-gəlin şaqqanaq çəkib gülürlər. Əzim lap özünü itirir. Sonra çıxış yolu tapmaq üçün bulaqdan bir az aralanır, qıraqdan göz gəzdirir, ona göstərilən qızı aramağa başlayıb. Şal ilə belinə uşaq bağlamış bir qadınının Qəmər olduğunu sanaraq, ona yaxınlaşıb su istəyir. Qadın deyir: “Ay otayın maymağı, mən qız deyiləm sənə su verəm, kürəyimdəki uşağı görmürsənmi? İstədiyin qız kimdirsə ondan da su istə”. Əzim deyir, mən istədiyim qızı tanımıram, onu mənə göstərə bilərsənmi? Qadın deyir, göstərərəm, ancaq qabaqca gərək mən əl çalam sən oynayasan, ondan sonra göstərrəm. Qadın əl çalır, Əzim düşür ortaya başlayır oynamağa, o biri qadınlar da toplaşıb əl çalırlar, gülürlər, Əzim də yorulub əldən düşənə kimi oynayır. Sonra həmən qadın Qəməri Əzimə göstərir. Əzim qıza yaxınlaşıb su istəyir, qız su vermək istəmir, Əzim başlayır yalvarmağa: “Bacı, mən otaydan gəlmişəm, nə olar mənə su ver”. Qız deyir, yaxşı, keç bir az qıraqda otur, ağzını aç, mən su töküm, sən iç. Əzim qıraqda oturub başını qovzayır, ağzını açır, qız dolçanı su ilə doldurub hamısını birdəfəyə onun ağzına tökür, suyun çoxu Əzimin üstbaşına dağılır. Qış günü olduğundan Əzim soyuqdan yarpaq kimi əsərək, Ağəddin gilə qayıdır. Əzimdən soruşurlar harada belə islanmısan, deyir qız məni o qədər sevir, bir az su istədim, götürdü bir dolça suyu tökdü boğazıma, mən də çatdırıb içə bilmədim, üstbaşım islandı.
Ağəddin deyir, Əzim, bulaq başında qadınlar yığışır, özünü itirirsən, qızla danışmağa utanırsan, gəl sən bu dəfə qızbəyəndiyə Qəmər gilin evlərinə get. Qəmərin ata-anasına deyirlər, onlar da razılaşır, Əzimi onların evinə göndərirlər. Əzim gəlir qız gilə, qapını döyür, Qəmər qapını açır, onu içəri çağırır, deyir bura qonağısansa, keç içəri. Əzim utandığından başını qaldırıb onun üzünə baxmadan deyir: “Çox sağ ol, ay xala, tarı kişi balalarını saxlasın, elə bura da yaxşıdır, durmuşam da”. Qız bir söz demir, ancaq Əzimin ona niyə xala dediyini də başa düşmür, durub gözləyir. Bir azdan Əzim qızdan soruşur: “Xala, sizin evdə səndən başqa adam yoxdur?” Qız deyir: “Niyə yoxdur, atamla anam var, ancaq indi onlar evdə yoxdular, mən evdə təkəm”. Əzim çox boy-buxunlu, yaraşıqlı birisi olduğu üçün qız da baxıb bir könüldən min könülə ona vurulduğundan Əzimi bir də evə çağırır, Əzim yenə deyir: “Çox sağ ol, ay xala, tarı kişi dayağında dursun, mən bura sizin evdə səndən başqa birisi var, onu görməyə gəlmişəm, o da deyəsən evdə yoxdur. Görürəm mənə deyilən Qəmər adında o qız evdə deyil, mən onu elə burada durub gözləsəm yaxşıdır”. Qız deyir: “Bu evin Qəmər adında bir qızı var, o da mənəm, ancaq mən anlamadım sən mənə nə adla xala deyirsən?” Əzim ancaq indi başını qaldırıb qarşısındakının Qəmər olduğunu görür, deyir, bağışla, utandığımdam sənə baxmırdım, elə bildim qarşıma çıxan anandır. Qız Əzimi ha evə çağırırsa, Əzim gəlmir, deyir elə səni görmək istəyirdim, gördüm, daha mən gedim. Əzim qayıdıb gedir qohumları gilə. Qız da oturub öz-özünə düşünür: “Bu oğlan elə əsil mən istəyən adamdır, boyu-buxunu, yarı-yaraşığı, özü də ufutlu, qanacaqlı birsisdir. Özü də deyirlər, otayda insanlar bizdən yaxşı yaşayır, buna ərə getsəm ağgünə çıxaram. Düzdür, elə bil, bu oğlanın başında bir az çaşqınlıq var, ancaq bu da deyəsən utancaq olduğuna görədir, yox doğrudan da çaşqınlığı olsa, molla əmimə ağıl duası yazdırıb ağlını da yerinə gətirərik”.
Bir azdan Qəmərin ata-anası evə gəlirlər, qız anasını qırağa çəkib deyir: “Ana, bir az qabaq bir oğlan gəlmişdi bizə, deyirlər otaylıdır, başıbatmış çox gözəl idi, əyninin geyimi ona, o da əyninin geyiminə yaraşıq verirdi, boy-buxunu da deyirsən lay divardır”. Anası dedi: “Qızım, eşitmişəm o oğlan səni istəyir, görürəm sənin də könlün onadır, elçi gəlsələr, atanla mən bu işə yox demərik”.
Əzim qızın evindən çıxıb Ağəddin gilə gəlib deyir: “Əmioğlu, mən buçağacan belə gözəl qız görməmişdim, o qızı mənə almasan ürəyim partlar. Mən ona evlənə bilsəm, inan mənə, otayın bütün xalqı onun gözəlliyinin tamaşasına dayanacaq”. Ağəddin deyir, əmioğlu qızı sənə verərlər, get elçilərini göndər. Beləliklə də Əzim ağsaqqalları otaya elçi göndərib, Qəmərlə evlənir.
Mən Əzimi də, onun arvadı Qəməri də görmüşdüm, düzdür mən görəndə Qəmər artıq çox qocalmışdı, ancaq bildiyimə görə insan gəncliyində çox gözəl olanda qoca yaşında da onun üz-gözündə bu gözəlliyin nişanələri qalır. Mənim gördüyüm Qəmərin gəncliyində də heç bir gözəlliyi olmadığı açıq-aydın duyulurdu.
ƏBRƏŞ QOYUN. Qəmər butaya gəlin köçəndən sonra, el adətinə görə onun ata-anası, doğmaları bir neçə gündən sonra butaya qonaq gələrlər. Əzimgilin bir Əbrəş qoyunu olar, dadanğıl olduğundan oğurlanıb tayanın üstünə gedib ot yeyərmiş. Qonaqlarla baş qarışdığından mal-qoyunu yerbəyer eləyəndə Əbrəş qoyun gözdən yayınıb bayırda qalar. Gecə yarısı Əzim subaşına çıxmaq istər, ayaqyolu uzaq olduğundan ərinər, özünü verər evin arxasındakı tayanın yanına. Əbrəş qoyun da elə bilər bunu sürüb aparmağa gəliblər, Əzimin üstünə yeriyər. Əzim qaranlıqda yaxşı ayırd eləmədiyindən elə bilər, üstünə gələn qurddur, qışqıra-qışqıra qaçar evə: ay aman, qoymayın qurd məni yedi! Evdəkilər hamı yuxudan oyanıb töküləşərlər həyətə, görərlər Əbrəş qoyun tayanın yanında durub mələyir.
ƏZİMİN AYI OVU. Bir ilisi, Əzim Quzeydə bostan əkmişdi. Bir gün gedib görər, nə isə gecə gəlib bostandakı tağlardan birazını yeyib, birazını da korlayıb gedibdir. Gecə Əzim tüfəngini götürər, yanı balalı atını da minər, gedər bostan qarovuluna. Gecədən keçmiş atını çəpər payasına bağlar, bostanın ortasında özünə yer düzəldib yatar. Gecənin bir çağı Əzim oyanar, baxıb görər bostanın içində bir qaraltı var, tüfəngi üzünə alıb bunu vurar, sonra gedər baxıb görsün bu nə imiş. Yaxınlaşanda bu qaraltı xırıldayaıb çapalayar, sonra ayağa durub yeriyər, Əzim elə bilər vurduğu ayıdır, yaralanıb, indi də onun üstünə gəlir. Əzim qorxusundan baş götürüb qaçır kəndə, başlayır qışqırmağa: “Ay aman, qoymayın ayı məni yedi!” Kəndçilər hamılıqla yuxudan oayanıb bunun başına yığışarlar, soruşarlar nə olub? Əzim deyər, bostana ayı girmişdi, tüfənglə vurub yaralamışam, ardımca gəlib məni yemək istəyirdi, güclə qaçıb ağzından qurtarmışam. Bir neçə adam tüfənglərini götürüb Əzimlə gedərlər bostana, görərlər Əzimin vurduğu öz atının dayçasıdır, güllədən yaralanıb, yerə yıxılıb can verir.
ƏZİMİN QƏLP BEŞLİYİ. 1918-ci ilin yazında Əzimin post gədiyi deyilən yerdəki zəmisini Ağusəmlilər otarmışdılar. Əzim gecə çomağını da götürüb gedər zəmini qorumağa. Gecədən keçmiş buradan keçən qaçaqlar Əzimi tutub soyarlar, əyninin geyimini soyundurub tək alt-tuman köynəkdə saxlarlar, üstündə yüz manat pulu varmış onu da götürərlər. Əzim düşünər, “gecəynən evə qayıtsam, birdən başqa bir qaçaqla üzləşərəm, tutub alt tuman-köynəyini də soyundurar, biraz gözləyim, hava işıqlananda evə gedərəm”, özünü yolun qırağında bir çökək yerə verib yatar. Yuxu bunu necə tutursa, gün günorta yerinə yaxınlaşana kimi yatır. Evdə Əzimin gəlmədiyini görəndə, kənddən də bir neçə adam götürüb bunu axtarmağa gedərlər, ha gəzərlər Əzim tapılmaz. Deyərlər, yəqin gecə zəmi otaranlarla savaşıb kişini öldürüb atıblar zəminin içinə, zəmini ələk-vələk eləyərlər Əzim tapılmaz. Onlar Əzimi zəmidə axtaranda Əzim yuxudan ayılar, tuman-köynəkdə düzələr kəndə sarı getməyə. Adamlar da Əzimdən əllərini üzüb kəndə qayıdanda görərlər qabaqda bir alt tuman-köynəkdə adam gedir, qaçıb yaxınlaşarlar, görərlər bu Əzimdir. Soruşarlar, a kişi, bu nə işdir düşmüsən? Əzim deyər, gecə qaçaqlar buradan keçirdilər, məni tutub soydular, ancaq çox maymaq adamdılar, onları yaxşıca xamladım. Deyərlər, necə xamladın? Deyər, yüz manat pulumu da əlimdən aldılar, ancaq o pulun içində bir dənə qəlp beşlik pul vardı, başları çıxmadı, onu da sırıdım onlara, götürüb getdilər.
SƏMƏDİN BƏHMƏZ ALVERİ. Kəndə bəhməz satan gəlir, səkkiz girvənkə buğdaya üç girvənkə bəhməz satıb gedir. İki-üç gün sonra ramazanlı Səmədin yolu Hasıllı bazaraına düşür, görür burada üç girvənkə bəhməzi altı girvənkə buğdanın puluna satırlar. Düşünür, bu işdən yaxşı pul qazanmaq olar. Bəhməz satana yaxınlaşıb deyir: qardaş, səndən bəhməz almaq istəyirəm, ancaq qabım yoxdur. Bəhməz satan da gözüaçıq adam olur, deyir, odu bax, orada nehrə satırlar, biraz oyanda da ip satılır, get bir nehrə al, bəhməzi tökərsən nehrəyə, iplə sarıyarsan kürəyinə apararsan. Səməd belə də eləyir, nehrə ilə ipi alır, sonra nehrəni yarıyacan bəhməzlə doldurur, kürəyinə sarıyıb kəndə sarı yola düşür. Gəlib kəndgörükəndəki Qarğalıq deyilən təpənin başına çatanda yorulduğundan bir az dincini almaq istəyir, nehrəni kürəyindən açıb qoyur yerə. Bir az dincələndən sonra getmək üçün ayağa qalxanda nehrənin ağzını açıb bəhməzə baxır, öz əksini bəhməzin içində görüb elə bilir nehrənin içində kimsə var, başını tutur nehrənin içinə qışqırır çıx bayıra, içəridən səsi əks səda verir, elə bilir içəridəki çıxmaq istəmir, bir neçə dəfə qışqırandan sonra cin vurur təpəsinə, əl ağacı ilə nehrəni sındırır. Ancaq ha baxır nehrənin içindəki adamı görə bilmir, başlayır oyan-buyana qaçıb qışqırmağa: Ay kopoyoğlu, harda gizlənsən tapacağam, sən mənim bəhməzimi niyə içib qurtarmısan? Yaxınlıqdakı çobanlar Səmədin dəli kimi oyan-buyana qaçıb qışqırdığını görüb yaxınlaşırlar, nə baş verdiyini soruşurlar. Səməd başına gələnləri danışır, çobanlar deyirlər: Ay kişi, sən özün bir başına vur, bu balaca nehrənin içinə adam sığışarmı? Səməd yerə dağılmış bəhməzin qalığını onlara göstərib deyir, onda mənim bəhməzim necoldu belə qurudu? Deyirlər, ay kişi, bəhməz dağılıb yerə, torpağa hopub gedib, sənin nehrədə gördüyün isə öz əksin olub.
USTA KƏRİMİN DİLİ. Ramazanlı Kərim ağac yonan usta idi, ağacdan balta, bel, yaba sapı, xış, kürək, qaşıq, çömçə yonurdu, özü də yaxşı usta sayılırdı, düzəltdiyi şeylər yaxşı satılırdı. Ancaq usta Kərimin bir öyrəncəliyi vardı, iş görəndə dilinin ucunu bayıra çıxarıb işləyərdi. Ustanın bu davranışı çoxlarında gülüş doğurardı. Bir gün adamlar Kərimin başına yığışıb soruşurlar: Usta, dilini bayıra çıxarmasan işləyə bilərsənmi? Kərim deyəsən heç özü də bunu yoxlamayıbmış, ancaq deyir niyə işləyə bilmirəm, işləyərəm. Kərim əlində balta sapı yonurmuş, deyirlər yaxşı gəl yoxlayaq, biz baxırıq, sən dilini çölə çıxarmadan bu balta sapını yona bilsən, demək düz deyirsən. Durub baxırlar, Kərim dilini bayıra çıxarmadan balta sapını yonur, ancaq ağacı korlayır, balta sapı yona bilmir. Bununla da usta Kərimin dilini çıxarmadan işləyə bilmədiyi bəlli olur.
OVÇU QURBAN. Yardımlının Şələ kəndindən olan ramazanlılardan Qurban ovçuluq eləyərdi. Kişi ertədən tüfəngini götürüb ova gedərdi, axşamüstü qayıdıb gələrdi, ancaq çox az günlər olardı nəsə bir ov vurub gətisin. Özü də öyünüb deyərdi, mənim atdığım güllənin biri də boşa getmir. Adamlar soruşurlar: “Ay Qurban, güllən boşa getmirsə, onda niyə çox vaxt ovdan evə əliboş qayıdırsan?” Qurban deyir: “Bilirsiniz, ovçuluqda təkcə elə yaxşı güllə atmaqla deyil, həm də gərək adamın işi düz gətirə, mənim gülləm boşa çıxmır, ancaq işim düz gətirmir. O gün bir kəkliyi güllə ilə vurdum, andıra qalmış qaçıb girdi daşların arasına, ha axtardımsa tapa bilmədim. Bir tülküyə iki güllə vurdum, mən özümü yetirincə sürünə-sürünə özün saldı yuvasına, indi mən onun yuvasına necə girib onu oradan çıxaraydım? O günü bir çöl göyərçini vurmuşdum, mən özümü yetirənəcən bir alıcı quş haradansa onu çalıb apardı, onu da güllə ilə vurası oldum, ancaq gülləm onu necə tutdusa, alıcı quş da ovumla birlikdə parça-parça olub töküldülər yerə, ovum ələ gələsi olmadı. Düz deyirlər, qaraçuxan yatdısa, gərək özün də gedib yatasan. Bugün bir ovum əldən çıxıbdır heç deyiləsi deyil. Qalaçuğun başına çıxmşdım, onda gördüm bir qurd məndən yüz addım aralıdan keçib gedir, dizimi yerə atıb düz ortasından bir güllə vurdum, qurd sərildi yerə, dedim işi bitdi, ancaq bu andıra qalmış biraz çabalayıb durdu ayağa, başladı qaçmağa, bir güllə də vurdum yıxıldı, mən yaxınlaşanda yenə durub qaçdı. Nə başınızı ağrıdım o qurda beş güllə vurdum, hamısı da dəydi, ancaq mən yaxınlaşanda durub qaçırdı. Beləliklə də qaçıb Ovra meşəsinə girdi, ha axtardımsa tapa bilmədim. Mənim atdığım güllə boşa çıxmır, ancaq işim düz gətirmir, yoxsa vurduğum ovu yığıb yığışdara bilməzdim”.
Bir günüsü Qurban bir tülkü vurub dərisini kəndə gətirər, kimsə deyər tülkü dərisi yaxşı pula gedir, tülkünün dərisini ondan alar. Bir-iki gün sonra bir tülkü də vurar, bunun da dərisini satar. Qurban deyər daha mən başqa ova getməyəcəyəm, tülkü dərisi satmaq qazanclı işdir, bundan sonra ancaq tülkü ovuna gedəcəyəm. İşin tərsliyindən o gündən sonra Qurban tülkü vura bilməz, ancaq adamlar soruşanda deyər, çox tülkü vurduğumdan evə gətirməyə gücüm çatmır, dərilərini soyub meşədə quruduram, sonra gətirib satacağam. Üstündən biraz keçəndən sonra deyərlər, nə oldu, niyə tülkü dərilərini gətirmirsən? Qurban deyər tülkü dərisi İranda bahadır, otaydan gəlib yaxşı qiymətə istədilər, onlara satdım. Bu söz yayılar, bir neçə gün sonra NKVD işçiləri gəlib Qurbanı tutub apararlar.

Cəlilabad rayonunun Ləzran kənd sakini Mirzəqulu kişi, Azərbaycanda Sovet inqilabından əvvəlki illərə təsadüf edən hadisələri qələmə alır. 50 şagird dəftərindən ibarət olan bu əlyazmanın böyük hissəsi it-bata düşür. Yalnız bir hissəsi qorunub saxlanılır və hal-hazırda Rusiyada yaşayan həmyerlimiz, yazıçı Araz Gündüz Vətənə tətilə gəldiyi zamanlarda bu əlyazmaların izinə düşür və onun fədakarlığı sayəsində bu qiymətli əlyazma tarixin qaranlığına düşmür. Araz Gündüzün düzgün imlada yenidən işləyib çapa hazırladığı "Ləzranlı Mirzəqulu - Olanlardan keçənlərdən" kitabı bu tay Azərbaycanın Cəlilabad-Yardımlı, o tay Azərbaycanın Ərşə-Ucarlı bölgəsində yaşayan insanların keşməkeşli həyatını əks etdirən tarixi bir salnamədir.

Комментариев нет:

Отправить комментарий