…Metro stansiyasının qarşısında 13-14 yaşlı bir yeniyetmə oğlan dondurma yeyirdi. O dondurmanı yeyib qurtaran kimi kağızı döşəməyə atdı. Həmin yeniyetmədən 2-3 metr aralıda dayanan polis ona xəbərdarlıq etdi ki, dondurmanın kağızını yerdən götürsün. Lakin yeniyetmə ona heç əhəmiyyət də vermədi. Polis tələbini daha 2 dəfə və daha sərt şəkildə təkrarladı. Yenə də yeniyetmə heç əhəmiyyət vermədi. Əsəbiləşən polis işçisi ona yaxınlaşıb qəzəblə bir-iki söyüş işlədib həmin yeniyetməyə bir şillə vurdu. Yeniyetmə yuxudan diksinmiş kimi polis nəfərini nifrətlə süzüb sürətlə qaçmağa başladı. Heç 15 dəqiqə keçməmiş 50-yə yaxın yeniyetmə metronun qarşısındakı polisin üstünə tökülüşüb onu əzişdirməyə başladı. Köməyə xeyli polis gəlməli oldu.
Sonradan məlum oldu ki, dondurma yeyən oğlan kar-lal imiş. O, polisin dediyini eşitməyb. Polisin ona şillə vurmasından sonra isə həmin yeniyetmə özünün də qaldığı lal-karların yataqxanasına qaçıb, oradakı lal-kar yaşıdlarını köməyə çağırıb.
Ən maraqlısı isə o idi ki, polisə ifadə verən lal-karların əksəriyyəti bildirib ki, nə hadisə baş verdiyinin təfərrüatını bilməyiblər. Sadəcə bəlli olub ki, «həmkarlarını»- lal-kar olan yeniyetmə yaşıdını incidiblər. Kim incidib, niyə incidib, günah kimdə olub? Onu da bilmirlər. Təkcə onu dərk ediblər ki, həmkarları dardadır, günahın kimdə olmasından asılı olmayaraq, öz həmkarlarına kömək etmək lazımdır.
Lal-karların bu birliyi çoxlarını, hətta polisləri heyrətləndirdi. Onlar doğrudan da bir-birlərinin toy-yas mərasimlərində iştirak edir, köməklərini bir-birindən əsirgəmirlər.
Biz də elə lal-karlardan birinin atasının yas mərasimində onlarla «söhbətləşdik». «Söhbətləşdik» sözünü ona görə dırnaqda yazırıq ki, onların işarələrini başa düşmədiyimiz üçün «tərcüməçimiz», ata və anası lal-kar olan bir ailənin danışan və lal-karların işarələrini bilən övdladının köməyi ilə onlarla söhbətləşmək mümkün oldu.
Düzü, onların qayğıları ilə maraqlandığımız üçün çox sevinir, bir-birinə aman vermədən «tərcüməçi» Şamilin köməyi ilə fikirlərini bizə çatdırmaq istəyirdilər.
Lal-kar dünyasından cizgilər:
Müşfiq: -Biz lal-karların əksəriyyəti, 99 faizi dilli, yəni lal-kar olmayan qızla evlənmirik. Dəfələrlə belə imkan olsa da, lal-kar gənclər bundan imtina edib. Bizimlə eyni xəstəliyə düçar olan lal-karlarla ailə qurmaq bizə daha rahatdır. Çünki danışa bilən qadınn sözlərini başa düşmür, o danışanda sıxılır, bəzən də dediyini başa düşmədiyimizdən yerli-yersiz şübhələnirik. Bir də hesab edirik ki, lal-kar oğlanlar hər hansı qızla evlənə bilər, lakin lal-kar qızı dilli oğlan çətin ki ala. Buna görə də əksəriyyətimiz elə lal-kar qızla ailə qururuq.
Bir qədər qəribə sevinc doğursa da, ata-anası lal-kar olanların əksəriyyətinin, təxminən 90 faizinin övladları lal-kar olmur.
Lal-karların ürəkləri dolu olduğu üçün təkcə tərcüməçi ilə kifayətlənmir, daha doğrusu təkcə işarələrlə fikirlərini dolğun çatdıra bilmədikləri üçün kağız-qələmə əl atdılar. Əksəriyyəti latın qrafikasını bilmədiyi üçün fikirlərini kiril əlifbası ilə yazırdı.
Həmin kağız parçalarından nümunələr:
Elçin: -Mən 19 yaşınadək mandarin, paxlava… yesəm də, onların adını bilmirdim. Oxuduğum kitablar bəzən mənə dəhşətli təsir edirdi. Hər gün gördüklərimi başa düşə bilmədiyim üçün onları sanki kitablarda görürdüm.
Seyfəddin: -Bizim özümüzdən başqa dostumuz çox azdır. Bizim birliyimizə çoxlları qısqanclıqla yanaşır. Hətta toyda kollektiv şəkildə oynayanda bəziləri təəccüblə, işarələrlə soruşurlar ki, musiqini eşitmirsiniz, o musiqini necə oynayırsınız?
Bu sual bizim üçün də maraqlı göründüyündən biz də həmin rəqsləri onların necə oynadığını bilmək istədik.
-Mən ürəyimdəki havaya oynayıram; çalan nə çalır, çalsın.
-Mən ətrafdakılara baxıb, ona uyğun oynayıram.
-Çalanların hərəkətindən başa düşürəm ki, tez-tez, yaxud yavaş-yavaş oynamaq lazımdır.
Lal-karların əksəriyyəti taleyindən, yaşayışından narazı idi.
Afət: -Bizə cəmi 20-30 manat pensiya verirlər. Bununla nə etmək olar? Heç sap-sağlam adamlar indi iş tapa bilmir. Biz hansı işlərdə çalışaq? Çox az adam bizim kimi şikəstlərlə işləmək istəyir.
Nizami: -Biz çoxumuz «lallar çayxanası»nda işləyirik, bəzimiz yaxın qohumların sexində. Maşın usatlığı edən də var.
Ən maraqlısı isə lal-karlardan birinin sürücü işləməsi idi.
Əhəd: -Əsasən güzgü və yol işarələri ilə hərəkət edirəm. Təbii ki, siqnalları eşitmirəm. Yol işarəsi vurulmayan yerdə mənə çox çətin olur. Amma hər iki güzgünün- içəri və çöl güzgünün bütün imkanlarından faydalanıram.
Onların bildirdiyinə görə, təkcə Masallıda 100-dən artıq lal-kar var.
Qismət: -Əvvəl cəmiyyətimiz var idi- dərd sərimizlə maraqlanırdı, indi o da dağılıb. Biz hələ cavanıq, hzərəkət edə bilirik, yaşlı lal-karların vəziyyəti çox çətindir. Belələrinə xüsusi qayğı lazımdır. Həmin qayğını isə göstərən yoxdur. Biz dərdimizi məmura başa salana kimi iş-işdən keçir.
Sonda yarızarafat bizə məsləhət bildilər ki, imkan olsa, «lal dili»ni də öyrənin, çətin vaxtda, millətindən asılı olmayaraq hamı ilə danışa bilər, onda bizim dərdlərimizi də daha dərindən başa düşərsiniz.
Zaur Ağalaroğlu Professional Oxucu Liqası
ha ha ha zavalli cocuk
ОтветитьУдалить