Anam mətbəxdə yemək hazırlayır. Pəncərənin ağzında dayanıb həyətə baxıram. Binamızla üzbəüz beş-altı şam ağacı, şam ağaclarının arxasında balaca bir futbol meydançası var. Məktəbdən qayıdan uşaqlar hər dəfə çantalarını evə atıb qaçırlar həmin meydançaya. Bir oyun gedir ki gəl görəsən. Düzdür arada yeniyetmələrimiz söyüşə əl atır, davaya keçirlər. Amma bunun da öz ləzzəti var.
Blokun ağzında dayanıb pıçıldaşan qızlar mobil telefonları ilə bir-birlərinə türk mahnıları göndərirlər. Anama səslənirəm:
– Bir dəqiqə gəl bura.
– Haycan.
– Bu kimin qızıdır?
– Hansı?
– Cins yubkalı.
– Asifin qızıdır dana.
– Tanımadım. Böyüyüb əməlli-başlı.
– Həəə, yekələnif.
Asif məhlənin “staj”lı vuranlarından idi. Hər gün evə sərxoş gəlib arvad-uşağı döyürdü. (Bu cins yubkalı qızı o qədər almışam ki, atasının əlindən). Hər dəfə qonum-qonşu yığılıb gedir, Asifə ağıl verib bu yoldan çəkindirmək istəyirdilər. Amma çifayda. Bir həftə sonra Asif həmən-həməndir. Yenə evə sərxoş gəlmək, söyə-söyə arvad-uşağı təpiyin altına salmaq, stolu aşırıb qabı-qacağı qırmaq. Amma bir gün halı pisləşəndə həkim onu yaman qorxutdu:
– İçsən, öləcəksən!
O, bu – Asif dilinə də vurmur. “28 May” metrosunun yaxınlığında siqaret satıb ailəsini dolandırır.
Hələ uşaq vaxtından bu qızın üzündə qəribə və qorxulu ifadə olurdu. Bir dəfə saçına sığal çəkmək istədim, qapazdan qorunan uşaq kimi əllərini başının üstündə qalxan elədi. Maşallah, böyüyüb. Allahın buna yazığı gəlsin. Biri alsın aparsın onu buralardan. Anası bir gün görmədi, heç olmasa bu bir yana çıxsın.
– Uşağın adını özüm qoyacam! Turan olacaq oğlumun adı, Turan!
Üzüqara eks-ər udqunub mövzunu dəyişməyə məcbur oldu:
– Hə, nə olar. Olsun. Turan yaxşı addır. Allah balamızı sağlam eləsin.
Tez-tez Röyaləgili evimizə qonaq çağırırıq. Atam kabab çəkib, çaxır açır. Deyir savabdır, başsız ailəyə həyan olmaq lazımdır. Yeməyi yeyib bitirəndən sonra Röyalə uşaqları evə göndərir. Çay süfrəsində başlayır Ramazan və onun yeni ailəsinin qeybəti. Anam dil-boğaza qoymur. Elə hey Ramazanın arxasınca deyinir:
– Kül onun ata başına. Gül kimi balalarını qoyub damın altında, gedib qoşulub küçənin qancığına. Tüpürüm onun qeyrətinə! Nakişi!...
Bir dəfə yenə anam belə deyinəndə atam başını bulayıb üzünü mənə tutdu:
– Bala, Röyalə Ramazandan əl çəkəcək, anan əl çəkməyəcək.
– Sənə min dəfə demişəm, özündən danış. Öz söhbətini elə...
Bununla da anam bu söhbəti də bağladı. Ən azından atamı yanında bu mövzuya qayıtmadı.
Budur, gəldi Abbas müəllim. Müəllim deməyimə aldırmayın. 8-ci sinfin böyük tənəffüsündən qaçdığıdır məktəbdən. Keçən həftə maşınını cərimə meydançasına salıblar. Kefi yoxdur kəlin. Ay səni, bəs sən bilmirdin ki, qüdrətli yazıçımız Mövlud Mövlud evdə dahiyanə əsərləri üzərində işləyərkən, maşındakı maqnitafonun səsini kəllə-çarxa qaldırıb ona mane olanda axırı belə olacaq? Neçə dəfə istəmişəm, belə hərəkətlərinin üstündə çənəsinə birini ilişdirim. Yadıma düşüb ki, biz valideynlərdən gizlin məhlədəki şam ağaclarının arxasına çəkilib tez-tələsik siqaret çəkəndə o çiyninə çanta atıb güləş zalına gedirdi. Ol səbəbdən oturmuşam yerimdə.
– İdris kişi, nə var nə yox?
– Sağ ol, qərdeşim.
– Nə oldu?
– Nə nə oldu?
– Sevgi-məhəbbət məsələsi.
– Ayrıldıq.
– Niyə?
– Bekarçılıqdan.
– Nə?
– Deyirəm, bekarçılıqdan.
– Həə.
***
– Yemək hazırdı. Çəkimmi?
..Anamım səsidir...
Комментариев нет:
Отправить комментарий