16.07.2011

4 Simvoldan biri

Hüsamə bin Sərxan                           "Yeni xəbər" qəzeti

Səmimiyyətinə heç vaxt şübhə etmədiyim, sadə və bənzərsiz Kişilik Simvoluna

        “Ömür kitabı” bizdən vətənə fərqli yanaşma tələb edirdi

 Gənclik illərimdə o mənim üçün dünyada ən güclü qəhrəman idi. Mənə elə gəlirdi ki, bütün dünya onu tanıyır, bütün uşaqlar öz valideynlərinin sözlərinə qulaq asdıqları kimi bizim valideynlərimiz, qonum-qonşular, tanıdığımız ziyalılar və siyasətlə maraqlanan bütün insanlar (o vaxt bu kütləvi hal almışdı) onun sözünə qulaq asmalı idilər. İlk insan idi ki, azərbaycanlı olduğu üçün ona nifrətim yox idi, əksinə onun obrazını təsəvvürümdə dünyanın ən güclü azərbaycanlısı kimi qavramışdım. Mən əvvəldən mentalitet düşməni olmuşam, amma içimizdə həmişə saf nəsnələr aramışam. Qəzetlərdən onun mitinqlərdəki çıxışlarını oxuyanda, ya da hər hansı yazısına rast gələndə qeyri-adi özümdə olmur, vətənimə, mənsub olduğum xalqa tam fərqli hisslər keçirirdim. Bu məndə həm qorxu, həm də çox böyük təəssüf hissi yaradırdı. Lakin heç vaxt Milli Azadlıq Hərəkatımızın iflasına görə ona nifrət etməmişəm. Onu günahkar saymamışam. Çinki indi də anlayıram ki, o bu oyunda heç kimdir. Vətəni üçün çox şey istəsə də, az hissəsinə nail olan bir yolçudur. Həmin dövrlərdə mən ondan böyük, ondan güclü, lakin onun qədər bizi məhz türk olduğumuza görə sevən, Qarabağdakı əzilənlərimizə yardım təşkil edən, mətbuata bu qədər azad iş şəraiti yaradan birini görmürdüm. O mənim üçün dünyanın ən ədalətli insanı idi, ən qayğıkeş və ən ürəyitəmiz. Mənə elə gəlirdi ki, o divdir, lakin insanları yeyən yox, dünyanı qoruyan bir div. Mən onu uşaqlığımda məhz belə tanımışam.
 O kitab yazanda da başqalarından fərqli tipdə yazırdı. Bir kitabla da inqilab etmək olarmış. “Ömür kitabı” o dövr ziyalılarının stolüstü kitabına çevrildi. Yüz minlərlə nüsxə çap olunsa da, tapmaq olmurdu, hamı axtarırdı, əldən-ələ gəzirdi. “Ömür kitabı” bizdən vətənə fərqli yanaşma tələb edirdi. O kitab kosmopolitizmi, ateizmi bir kənara tullayıb türk-müsəlman olmağımızla fəxr etməyə çağırırdı. O kitabı oxuyan gənc alver dalıyca Rusiya bazarlarına yollanmaq barədə düşünmürdü, əlinə silah alıb Qarabağın müdafiəsinə yollanırdı. O kitabı oxuyan pensionerlər evinin qızılını satıb Qarabağa Xalq Yardımı Fonduna verirdilər. O kitabı oxuyan ata oğlunu da götürüb Azadlıq Meydanına gəlirdi. Hər halda mən dəfələrlə dediklərimin canlı şahidi olmuşam.
 O türkçü bir ozan idi. Türkçülüyü bütün hüceyrələrimizə yayaraq Sovetlərin bizə sırıdığı kommunizmi, ateizmi elə bil bədəndən çıxaracaq dərəcədə ürəklə oxuyur, üsyana çağırış edir, Böyük Qurtuluş Hərəkatını hər bir hərəkəti ilə ifadə edirdi. Az-az dəvət olunduğu televiziya verilişlərində onu görərkən diqqət kəsilirdim ki, görüm “Ömür kitabı” kimi səlnaməni tək bir adam necə yaza bilər? Mənə elə gəlirdi ki, onu televiziyaya hansısa məsələni müzakirə eləməyə yox, məhz üsyan eləməyə çağırıblar.
 İndi bir xeyli dəyişsə də, 90-cı illərin Sabir Rüstəmxanlısını biz məhz belə tanımışdıq. O vaxtlar Meydan Hərəkatının öndərlərində qüsur axtarmaq heç kəsin ağlına belə gəlməzdi. Sonradan üzə çıxdı burada bölgə klanlarının qabağa verdiyi, arxasında duraraq dayaq verdiyi, hara işlədiyi bilinməyən çoxlu sayda girdirmə “qəhrəman”lar varmış. Amma Sabiri Meydan özü yaratmışdı. Meydan Hərəkatında cəmi 4 nəfər təmiz adam tanıyırdıq: Məhəmməd Hatəmi Tantəkin, Sabir Rüstəmxanlı, Xəlil Rza Ulutürk və Tağı Xalisbəyli. Bu dörd nəfər o dövrün Kişilik Simvolları sayılırdı. Ömrümdə heç vaxt, heç kəsdən onların adına tənqid eşitmədiyim mübarizlər idi. Meydandakı xalq onları sevir, hörmət edir, valeh olurdu. Çünki onlar da xalqı sevirdi, ürəkləri bu meydandakılarla bir döyünürdü. Onlar niyə yaxşı olmağa çalışırdı? Çünki qanları, canları bu xalqla yoğrulmuşdu. Meydandakı girdirmə “mübariz”lərdən fərqli olaraq bu 4 nəfər əsl türk mənşəlilər idilər, heç bir qarışıqları yox idi. Öz millətlərini sevir və sidqi-ürəkdən xoşbəxt gələcək arzulayırdılar. Amma çox təəssüf ki bir işğaldan azad olmağa macal tapmamış başqa işğala məruz qaldıq. Əvvəlki əmin-amanlıqdan əsər-əlamət də qalmadı, milli sərvətlərimiz, neftimiz transmilli şirkətlər tərəfindən quldurcasına talan edildi, tez bir zamanda əldə oyuncaq olan marionet bir respublikaya çevrildik. Kim belə olacağını gözləyirdi ki?!
 Biz bu gün onu yenə də xalqın arasında görmək istəyirik. Bu xalqın oğlu olduğu üçün! Bizimlə eyni qana malik olduğu üçün! O insanları hamıdan fərqli tərzdə mübarizəyə çağırırdı. O biri 3 nəfərdən fərqli olaraq bir qədər uğur əldə etsə də, ancaq böyük ürəyə sahib olan bir insan kimi yenə də sadədir. Yenə də ürək ağrısı ilə prosesləri müşahidə edir. Amma təəssüf ki nə zaman o zaman deyil, nə də artıq sağlamlıq buna imkan vermir. Yaş öz sözünü deyir... 
 Bir zamanlar Meydanda o hər kəsə doğma bir insan idi. Hamıdan çox. Necə ki doğma insanlar elə bilirsən ki, həmişə yanında olacaqlar, ona görə də onların qədrini bilmirsən, elə də maraqlanmırsan onlarla, dərk edə bilmirsən ki, nə vaxtsa onlar olmayacaq, onlarsız həyat davam edəcək. Türk oğlu öz yurdunda xürrəm yaşayacaq, türk olmasına utanmayacaq, əksinə fəxr edəcək. Beləcə, ümidlərlə yaşayırsan. Daha çox şeyini verməyə özünü hazır hiss edirsən, təki vətənin azad olsun, millətin hansısa əskik etnosun əlində oyuncağa çevrilməsin, səndən sonra gələn nəslin hüquqları tapdalanmasın.
 Hər bir insan həyata gələndən ölənə qədər arzularla yaşayır, onları reallaşdırmaq üçün çalışır, əlindən gələni edir. Hər kəsin arzusu bir-birindən fərqlənir, amma bəzi anlar var ki arzular bir-birinə oxşayır, bəlkə də təkrarlanır. Bəy, mən əminəm ki, mənim arzularımın bəzisi eynilə həm ulu babalarımızın və ulu nənələriminizin, həm də ata-anamızın arzularını təkrarlayır. Allah ölənlərə rəhmət etsin, qalanlara isə can sağlığı versin. Yəqin ki onlar da mənim kimi öz vətənlərinin abadlığı, əmin-amanlıqları arzusunda olublar. Neyləyək, əlimizdən nə gəlir? Böyük ümidlərlə yaşayırıq. İnanırıq! Çünki inamsız yaşamaq insanı mənən puç edir.
 Səmimiyyətinə heç vaxt şübhə etmədiyim, sadə və bənzərsiz insan Sabir Rüstəmxanlıya ithaf olunur. Made in Türkey!

Комментариев нет:

Отправить комментарий