Rövşən Yerfi
Bir də görürsən məclisə saz gətirilən toyların birində rəqs etməyə saz havası - “Yanıq Kərəm” çalınır. Budu ha, oynamaq üçün əldən gedənlər himə bənd imiş, bir-birinə aman vermədən, atıla-atıla, sındıra-sındıra Kərəmin fəryadına oynayırlar. Baxdıqca istər-istəməz düşünürsən: başına musiqi qəhətdimi, bu ağrını, “yanğını” oyun havasına çevirən kəs, ay insafsız, gorunda oynayasan!.. Qəm havasına da, qol götürüb oynayarlarmı? İlahi, anlamaq çətindir bu milləti – nə kədəri bilinir, nə sevinci. Elə bil, atılıb düşdükcə Kərəmin korun-korun yanmağından həzz alırdılar, bədbəxtliyindən “əhd” alırdılar...
Bu oynamaq - sevinməkdən çox, nakam eşqə istehzaya bənzəyir. Onları seyr edə-edə o qəribə “istehzanı” mümkün qədər dərk etməyə çalışıram. Ola bilsin, onlar bəlkə də, haqlı idilər: Kərəm elə yanmalıymış - yanıq olub özgə məzhəbin qızından ötrü özünü fəda etdiyi üçün... Əsrlərdən bəri haradasa, başqa məzhəbdən müsəlman qızına görə “qəlbi od tutub yananı,” həlak olanını heç eşitmədik. Nəyə görə,aşiqlər - Əsli və Kərəm, Şeyx Sənan və Xumar, Mahmud və Məryəm, Əli və Nino, Bahadır və Sona, Azər və Aida, daha kimlər və “kimilər” elə bizdən çıxdı?!.. Olmaya millətin mayası “yanıq” yoğrulub?.. Böyük Sabir demişkən:
Çünki biz taifə əhli-kərəmiz,
Mərəzi-eşqdə sabitqədəmiz...
Sazın yanğısı ərşə dirənmişdi, Kərəm yanırdı... Oynayanlar oynamırdılar, sanki, Kərəmdən yanıqlığına görə “qisas” alırdılar, yorulmaq bilmədən...
Nədənsə özgə şamına “qızınmaq” istəyənlərin taleləri təəssüf ki, həmişə “qarsalmış” və acı olur...
Комментариев нет:
Отправить комментарий