05.07.2011

AYB susanda AYO-çuların qanı daha çox qaralır


"Elə yazarlarımız var ki ədəbiyyat deyəndə ancaq özlərini və yaxın ətraflarını düşünürlər və  onlar özləri yaxşı təbliğ olunmurlarsa, tanınmırlarsa, bu iddiaya düşürlər ki, ədəbiyyatımız yox dərəcəsindədir"
Son zamanlar AYO-da baş verən qarşıdurmalar və bunların çağdaş ədəbiyyatın inkişafına təsirini öyrənmək üçün AYB-nin üzvü şair Faiq Balabəyli ilə həmsöhbət olduq.
- Bu gün Azərbaycan ədəbiyyatının durumu necədir? Sizi qane edir?
- Bu bir az qəfil sual oldu. Ədəbiyyatımızın durumu deyəndə, Allaha şükür pis- yaxşı  Azərbaycan ədəbiyyatı  var  və kənardada tanınır. Qismən də olsa qane edir.
- Bəs bəzi qələm adamları sizdən fərqli olaraq ədəbiyyatımızın Biləcəridən o yana ötə bilmədiyindən gileylənir.
- Elə yazarlarımız var ki ədəbiyyat deyəndə ancaq özlərini və yaxın ətraflarını düşünürlər və  onlar özləri yaxşı təbliğ olunmurlarsa, tanınmırlarsa bu iddiaya düşürlər ki, ədəbiyyatımız yox dərəcəsindədir, yaxud tanınmır. Mən belə deməzdim.
- Sizcə ölkədən kənarda  ədəbiyyatımızı tanıtmaq üçün nə etmək lazımdır?
- Ancaq və ancaq yaxşı yazmaq. Bütün yazarların əsərləri  dünyaya yol tapa bilməz ki. Bu bir neçə yazıçının qələminin məhsulu ola bilər.
- Siz kimi görürsünüz o sırada?
- Kim daha yaxşı yazarsa onu. Sözsüz ədəbiyyatımız var və çağdaş dünya dünya ədəbiyyatı ilə rəqabətə girə bilər. Son dövrlər nəsrimiz daha çox nəzərə çarpır.
- Kimləri deyə bilərsiz?
- Demək olar ki bu gün gündəmdə olan yazarların əksəriyyəti bu sıradadı.
- Qarşıda AYB-nin qurultayı var. Siz o qurultaydan nə gözləyirsiz?
- Nə gözləməliyəm ki, qurultay baş tutacaq və sona çatacaq. Hər halda ümumən ədəbiyyatımızın xeyrinə nəsə dəyişiklik olacaq.
- Müxtəlif fikirlər, müxtəlif açıqlamalar səngimək bilmir. Sədrlik uğrunda mübarizə, katibliyin paylaşılması və s.
- Sən belə şeylərə fikir vermə. Bədbəxtçilik ondadır ki, dediyin o müxtəlif fikirləri bəzən ayrı-ayrı adamlardan deyil eyni adamdan eşidirsən. Belə adamlardı özlərini gözə soxub kiminsə rəğbətini qazanmaq istəyirlər, yaxud ürək bulandırıb qarşıdurmaya səbəb olacaq söz-söhbətə rəvac verirlər.
- Qarşıdurma demişkən AYB və AYO arasındakı qarşıduma varmı?
- Əlbəttə, heç bir qarşıdurmadan söz gedə bilməz. Hər iki təşkilatda bir-birini sevməyən yazarlar var ki, bu ədəbi rəqabət müstəvisində olanda ədəbiyyatımız qazanır. Qərəzli olanda isə sözsüz ki, heç bir uğura imza atacaq əsərin ortaya çıxacağına inanmaq olmaz. Hər iki təşkilat ədəbiyyata xidmət edir. Hər biri də bacardığını etdiyi iddiasındadır.
- Əslində necədir?
- Əslində deyilənlərlə edilənlər üst-üstə düşmür. AYO hər zaman AYB-ni ittiham edir. AYB ya bu ittihamlara reaksiya göstərir, ya da ümumiyyətlə susur.  Susanda AYO-çuların qanı daha çox qaralır. Yox  olmaz. Gərək kiminsə bağrını çatdadaq,Ədəbiyyat bir tərəfdə qalır,  başlayırlar sandıq eşələməyə. Özləri bilər. Mən belə hallara çox pis baxıram. İndi AYO-da qarşıdurma var. Hələ bunların AYB kimi imkanlar yox, yerləri yox, pulları- paralları yoxdu. Qarşıdurmaya səbəb Aqşinin Kamal Abdullanın kitabını müzakirəyə çıxarmasıdır. Kamal Abdulla AYB-nin üzvü olduğuna  görə ediblərsə səhv ediblər iradlarını bildiriblər. Ona görəki,  K.Abdulla doğrudanda yaxşı yazardı, həm də ümumən ədəbiyyat naminə çox işlər görür.Yox əgər Aqşini  ona görə ittiham edirlərsə, o, Bakı Slavyan Universitetinin nəşriyyatında işləyir, yenə də səhv edirlər. Düşünürəm ki burda ədəbiyyatdan söhbət gedib, hər hansı şəxsiyyəti  pərəstişdən, yaxud tabeçiliyində olduğun adama yarınmaqdan yox.
- Ümumiyyətlə ədəbiyyatımızın sabahını necə görürsüz?
- Mən millətimin sabahını çox yaxşı görmək istəyirəm. Onda ədəbiyyatımız da, digər sahələrimiz də yaxşı olacaq.
- Çox sağ olun. Müsahibə ürəyinizcə oldumu?
- Sən soruşdun, mən cavab verdim. Yetər ki, oxucuların ürəyincə olsun.
Tural                       "Mərkəz" qəzeti

Комментариев нет:

Отправить комментарий