17.07.2011

AZƏRBAYCANIN MÜXTƏLİF SEKTORLARINDA HƏYATA KEÇİRİLMƏSİ MÜMKÜN OLAN BİR SIRA İSLAHATLAR BARƏDƏ

Cabbar Məmmədov 

I.... Siyasi-administrativ sektorda həyata keçirilməsi mümkün olan bir sıra islahatlar barədə
1) Bütün nazirliklər öz sahəsinə dair problemlərlə əlaqədar mütəmadi layihə müsabiqələri keçirməlidirlər;
2) Regionların inkişafını daxildən stimullaşdırmaq, eləcə də mərkəzə konsentrasiya olunmuş və gələcəkdə də münbit şərait yaranarkən mütəmadi aktivləşəcək aqressiv sosial enerjini differensiallaşdırmaq və onun vektorunu dəyişmək üçün rayon İcra Başçılarının seçkili prinsiplə vəzifəyə gəlməsi məsələsinə baxılmalıdır.
II... Təhsil sektorunda həyata keçirilməsi mümkün olan bir sıra islahatlar barədə
Dövlət, büdcədən maliyyələşən təhsil müəssisələrinin demonopolizasiyasını həyata keçirməli, təhsilə ayırdığı vəsaiti hər bir tələbə və şagirdin öz “təhsil hesabı”na köçürməli, kimin hansı məktəbdə və hansı müəllimdən dərs alması problemi onların öz ixtiyarına buraxılmalıdır. Əvəzində TQDK-nın fəaliyyətini maksimum gücləndirərək, dövlət imtahanlarını hər bir sinifdən-sinfə və kursdan-kursa keçməyin yeganə filtri kimi müəyyən etməli, özünün təhsil siyasətini və sosial sifarişlərini də, məhz onun vasitəsilə həyata keçirməlidir.
III. Elm sektorunda həyata keçirilməsi mümkün olan bir sıra islahatlar barədə
Dövlət ölkənin intellektual əmtəəsinin dünya bazarına ixracı üçün xüsusi proqramlar işləyib-hazırlamalıdır
IV. Səhiyyə sistemində həyata keçirilməsi mümkün olan bir sıra islahatlar barədə
İcbari Tibbi Sığorta sistemi reallaşdırılmalı, dövlətin səhiyyə sisteminə ayırdığı vəsaiti hər bir vətəndaşın özünün tibbi sığorta hesabına keçirilməlidir.
V... Kənd təsərrüfatı sahəsində həyata keçirilməsi mümkün olan bir sıra islahatlar barədə
Aqrar sektorda dövlət neoliberal siyasətdən əl çəkib, fiskal siyasətə başlamalı (hansını ki, sənaye və energetika sektorunda uğurla həyata keçirir), o cümlədən ehtiyac duyulan kəndlərdə kolxoz və sovxozların bərpasına çalışmalı, bərpa etdikdən sonra isə onları səhmdar cəmiyyətə çevirib, səhmlərinin hamısını və ya bir qismini satmalıdır
VI.Vergi sektorunda həyata keçirilməsi mümkün olan bir sıra islahatlar barədə
Dövlət əhalinin ay uzunu kassa apparatı vasitəsilə ödədiyi xərclərin müəyyən faizini ayın axırında ona qaytarmaqla, vergi ödəyiciləri üzərində ictimayi nəzarət formalaşdıra bilər
VII.Hərbi sektorda həyata keçirilməsi mümkün olan bir sıra islahatlar barədə
1) Dövlət alternativ və məcburi ordu sistemi ilə yanaşı peşəkar (muzdlu) ordu sisteminin yaradılmasına sürətləndirməlidir;
2) Təhlükəli sərhədlərinin əsasən dağlıq ərazilərdən ibarət olduğunu nəzərə alaraq, öz qoşunlarını yüngül silahlarla (məs., qranatomyot, pulemyot, qumbara, snayper, gecəgöstərən binokl, AQS, zirehli paltar [bronojilet] və s.-lə) tam təchiz edilmiş çevik quru qoşunları şəklində komplektləşdirməyə üstünlük verməlidir;
3) Dövlət orqanlarında “informasiya müharibələri” sferasına aidiyyətli ştatların sayı sürətlə genişləndirilməlidir.

Gİrİş

Hələ 50 il bundan əvvəl Amerikan sosioloqu və filosofu Samuel Hantinqton özünün məşhur «Sivilizasiyalar çarpışması» əsərində dünyada gedən prosesləri analiz edərək belə bir qənaətə gəlmişdi ki, XXI əsr yer üzündə mövcud olan bütün sivilizasiyaların (ələlxüsus, Konfusiyaçılıq, İslam və müasir Qərb sivilizasiyası triadasının) ölüm-dirim savaşına başlayacağı və bu mübarizədə Qərbin qalib gələcəyi əsr olacaqdır. Bu gün dünyada gedən proseslər bu müharibəyə artıq start verildiyi qənaətini yaradır.
Azərbaycan son 500 ildə heç vaxt bugünkü qədər müstəqil olmayıb. Bu gün ölkə ziyalıları qələmə sarılaraq bu müstəqilliyi qoruya bilməsələr, sabah gənclər onu silaha sarılaraq qorumaq məcburiyyətində qalacaqlar, necə ki, bizim kimi nefti olan digər ölkələr – İrak, Liviya və b. öz ziyalılarının acizliyinin güdazına getdi. İnkişafın həddən artıq çox marşrutu mövcuddur ki, bunlar içərisində ən pisi inqilabdır. Üstəlik də 20-ci əsrdən başlayaraq heç bir inqilab xarici dəstək olmadan baş vermədiyi üçün, son 100 ildə baş verən inqilabların hamısı öz dövlətinin fəciəsi ilə nəticələnib – o cümlədən  Almaniyanın ciddi siyasi və iqtisadi dəstəyi ilə baş tutduğu artıq ciddi sənədlərlə təsdiqlənən məşhur Lenin inqilabı da daxil olmaqla. Tovuzquşu gözəl lələkləri ucbatından həmişə quyruğuyoluq, bülbülsə gözəl səsi ucbatından daim qəfəsdə olur. Onlarla eyni böyüklükdə olan qarğa və sərçəsə heç nələri olmadığından daim azad və firavandırlar. Azərbaycan bu baxımdan çox yağlı şikarlar siyahısındadır və bəlkə də, mən bu sətirləri yazdığım və ya sizin bunları oxuduğunuz anlarda kimlərsə artıq bizi necə məhv etməyin ssenarisini yazırlar.
Mənim özümün şəxsi qənaətim bundan ibarətdir ki, Azərbaycanın inkişafının ən optimal yolu – bu gün mövcud olan modeli dövlətçiliyimizin karkası, balvankası kimi qəbul edib, hər kəs qolunu çırmayıb gücü çatan tərəfdən onun bir kərpicini hörməklə, bir defektini aradan qaldırmaqla məşğul olmalıdır.  Yalnız o halda ölkəmiz yaxın vaxtda təkamül yolu ilə fantastik səviyyəyə gedib çata bilər. Təbii ki, bu yolda hər kəsə maneçilik törədən, müqavimət göstərən ünsürlər kifayət qədər olacaq. Lakin elə hər şey belə asan olsaydı, onu çoxdan başqaları həll etmiş olardı. Çətinliklər – kimlərisə dezertir, kimlərisə qəhrəman edir. Qəhrəmanlıq ondan ibarətdir ki, kimsə hamının istəyib, lakin həll edə bilmədiyi bir məsələnin orijinal həlli yolunu tapır. Bu gün Azərbaycanın inqilab qəhrəmanlarından daha çox, problemlərinin orijinal həll üsullarını tapan qəhrəmanlara ehtiyacı var.
Mən aşağıda belə həll üsullarından bəzilərinə bir-neçə nümunələr sadalayıram. Bunlar kimlərisə daha ağıllı konsepsiyalar işləyib hazırlamağa stimullaşdırarsa, özümü məmnun hesab edərəm.
* * *

                       I.     Sİyasİ-admİnİstratİv sektorda həyata keçİrİlməsİ mümkün olan bİr sıra İslahatlar barədə

TƏKLİF 1) Hər bir nazirlik ildə bir neçə dəfə öz sahəsinə dair layihə müsabiqələri keçirməlidirlər (lazımi halda prioritet mövzular da müəyyən oluna bilər). Bütöv bir nazirliyin aylarla həll edə bilmədiyi bir problemi Akademiyanın hansısa bir elmi işçisi həll edə bilər, və ya bütün Akademiyanın həll edə bilmədiyi hansısa bir problemi ucqar bir kəndin müəllimi həll edə bilər. Dövlət dəqiq elmi konsepsiyalar, nəzəri analiz və proqnozlarla idarə olunmalıdır, hansısa iclaslarda, müşavirələrdə, «büro yığıncaqlarında» ortaya çıxan təkliflərlə yox. Azərbaycan dövlətçiliyi o zaman özünün ən optimal inkişaf mərhələsinə qədəm qoyacaq, nə zaman ki, dövlətimizin bütün sferaları  əhalidən qəbul olunan layihələrlə idarə olunacaq. Bu həm də ölkənin bütün intellekt potensialının dövlət maraqları ətrafında səfərbər olunması, və dövlətin, düşünən insanların intellektinə birbaşa sərmayə qoyması baxımından da əhəmiyyət kəsb edəsidir. Nazirliklərin bu mexanizmi reallaşdırması üçün onların mənim Nazirlər Kabinetinə (20.02.2007, №M-45; 27.02.07) və İqtisadi İnkişaf Nazirliyinə təqdim etdiyim (№2-01.503/NK) layihəm əsasında 2010-cu ildən fəaliyyətə başlamış “Dövlət Elm Fondu”nun (http://elmfondu.az) təcrübəsini öyrənmələri kifayətdir.

TƏKLİF 2) Rayon rəhbərləri vəzifəyə təyinat üsulu ilə deyil, seçki üsulu ilə gəlməlidir və ya bələdiyyə sistemində ciddi islahatlar apararaq İcra Hakimiyyətlərinin əksər və ya bütün səlahiyyətləri onlara verilməlidir. Taleləri həmin rayonun əhalisindən asılı olduğu üçün, ondan sonra rayon rəhbərliyinin rayona xidmət etməkdən, rayonu inkişaf etdirməkdən savayı özgə yolu olmur.
Eyni zamanda, bu halda son günlər xaricilərin iddia etdiyi «Azərbaycanda toplanan enerji» məsələsi, bu islahatın sayəsində öz vektorunu dəyişərək, rayonlar üzrə differensiallaşasıdır. İndi hər bir kəs hətta hansısa bir kəndin icra nümayəndəsinin özbaşınalığından canını qurtarmağın yeganə yolunu «bütün sistemin dəyişilməsində» gördüyü halda, rayon rəhbərliyinin seçkili prinsiplə vəzifəyə gəldiyi halda hər kəs öz probleminin alternativ həllini və günahkarını görməyə başlayır. Artıq Bakıda kimin rəhbər olması onun üçün əhəmiyyətini itirir. İndi ona vacib olanı – öz rayonunda kimin rəhbər olmasıdır ki, bu işin də açarı artıq hər bir vətəndaşın öz ixtiyarında olmuş olur.
Haşiyə kimi qeyd olunmalıdır ki, dünyanın inkişaf etmiş ölkələrinin hamısında yerli hökumətlər (qubernatorlar, merlər və b.) seçki prinsipi ilə vəzifəyə gəlir, ərazi vahidlərinin hüquq-mühafizə və xəfiyyə orqanları paytaxtdan təyin olunduğu üçünsə, həmin regionun özünüidarəetmə sərbəstliyi muxtariyyət və ya müstəqillik meylinə transformasiya oluna bilmir və sərt hakimiyyət ierarxiyası yenə də öz yerində qalır.
Deyilən modelin praktik mahiyyətini ətraflı öyrənmək üçün ABŞ, İngiltərə, Avstraliya, Hindistan (anqlosakson modeli və ya klassik model); Kanada, Yeni Zelandiya (kontinental model); İspaniya, Fransa, İtaliya, Belçika (qarışıq model); və b. inkişaf etmiş dövlətlərin «yerli özünüidarəetmə» местное самоуправление», «Local self-government») təcrübəsini ətraflı nəzərdən keçirmək kifayətdir.
* * *

                                    II.     Təhsİl sektorunda həyata keçİrİlməsİ mümkün olan bİr sıra İslahatlar barədə

Bütün ali və orta-ixtisas təhsil müəssisələri özəlləşdirilməli, dövlətin təhsilə ayırdığı vəsait hər bir vətəndaşın öz şəxsi təhsil hesabına keçirilməli və müəllim seçmək işi hər kəsin öz ixtiyarına buraxılmalıdır. Ondan sonra ölkənin bütün müəllimləri indiki repititor prinsipi ilə fəaliyyət göstərəcək, daha çox şagird tərəfindən seçilən müəllimlər varlanacaq, heç kim tərəfindən seçilməyənlər işsiz qalacaq – yəni müəllimlərin təbii attestasiya gedəcək. Həmçinin, dövlət – məktəblərin özəlləşdirilməsindən, onların hüquqi şəxs kimi fəaliyyətindən və repititorların vergiyə cəlb olunmasından əlavə vəsait qazanacaq.
Bu addıma paralel olaraq TQDK-nın fəaliyyəti maksimum gücləndirilməli, hər tədris ilinin sonunda hər bir məktəbli və tələbə üçün dövlət imtahanları keçirilməli və kimin sinifdən sinfə və ya kursdan kursa keçməsi həmin bu «test filtri»nin nəticəsi ilə müəyyən olunmalıdır. Və təbii ki, 11-ci sinfin sonunda imtahanlar keçirildiyi üçün artıq ali məktəblərə qəbul imtahanları ləğv olunmalıdır. Qeyd edək ki, Azərbaycanın neçə ildir həqata keçmək istədiyi “Baloniya prinsipi”nin elementlərindən biri də məhz ondan ibarətdir ki, təhsildə elə mexanizm yaradılmalıdır ki, hər kəs özünə müəllim və peşə seçməkdə azad olsun.
Yekunda xüsusi qeyd edim ki, indiyə qədər məktəb binalarının həm də seçki məntəqəsi, məktəb direktorlarınınsa komissiya sədri kimi fəaliyyət göstərdiyi səbəbindən, MSK bundan sonra özünü şəraitə uyğunlaşdırmaq üçün əlavə strategiyalar işləyib hazırlamalıdır – fəqət, həlli olmayan problem yoxdur, yalnız o həlli görə bilməyən kadrlar var!
* * *

            III.     Elm sektorunda həyata keçİrİlməsİ mümkün olan bİr sıra İslahatlar barədə

Dövlət bütün vasitələrlə elmi maliyyələşdirmənin alternativ mənbələrini axtarıb tapmalıdır. Bunun ən əsas vasitəsi – intellektual məhsulların daxili və xarici bazarlarda realizəsi üsullarını araşdırıb, buna yardım etməkdir.
Daxili bazarda intellektual əmtəənin müştərisi dövlət və özəl sektor ola bilər.
Dövlət - hələlik ölkə ziyalılarının intellektual məhsullarının yeganə alıcısıdır – energetik, kosmik layihələrimiz, hərbi və mülki sənaye, Dövlət Elm Fondu (http://elmfondu.az) və b. xətti ilə. Yuxarıda yazdığım kimi, hər bir nazirlik layihə müsabiqəsinə start versə - ondan sonra dövlətin ölkə ziyalılarının potensialından istifadə əmsalı maksimuma yaxınlaşa bilər.
İntellektual əmtəənin daxili bazarda ikinci müştərisi – özəl sektor ola bilər ki, dövlət hələlik bu sahədə həddən artıq çox işlər görüb, intellektual kapitalın (nou-xauların, ideyaların, yeni texnologiyaların, kəşflərin, ixtiraların, kompüter proqramlarının və ya alqoritmlərinin, ədəbiyyat və incəsənət məhsullarının və b.) valyuta birjasına bənzər hərracını yaratmağa çalışmalıdır.
İntellektual əmtəənin üçüncü alıcısı - xarici bazarlar ola bilər ki, bu da, həddən artıq çox iş görülməsini tələb edir, əvəzində isə bundan əldə olunacaq siyasi və iqtisadi qazanclar sonsuzdur.  Ölkənin intellektual məhsullarının dünya bazarlarına ixracını stimullaşdırmaq məqsədilə, dövlət  bu işi təşkil edə biləcək özəl sektora şirnikləşdirici şərtlər təqdim edə bilər. İnkişaf etmiş ölkələrdə intellektual əmtəə ticarəti dövlət büdcəsinin və milli gəlirin əsas mənbələrindən biridir. İntellektual əmtəə ölkədə tətbiq olunmaqdan savayı, xarici bazarlardan müəllifinə qanorar, qrant, patent, beynəlxalq mükafatlar və s. formasında milyonlarla dollar gəlir gətirir. Nümunə üçün, məsələn, Çingiz Abdullayevin əsərləri indiyə qədər müxtəlif xarici dillərdə 24 milyon tirajla nəşr olunub ki, bunun da hər nüsxəsindən müəllifə cəmisi 10 sent qonorar ödənərsə, bütövlükdə 24 milyon tirajın qanorarı orta səviyyəli bir zavodun ölkəyə gətirdiyi valyutadan daha artıq vəsait deməkdir.  Bu pullar ölkə ərazisində xərclənir, ondan dövlət büdcəsinə vergi ödənilir. Həddən artıq çox ziyalı ölkəyə belə gəlir gətirə bilər, sadəcə dil baryeri intellektual əmtəənin dünya bazarlarına ixracı yolunda ən əsas maneədir. Hansısa bir kitabı yüksək səviyyədə tərcümə etdirib, xaricdə onu nəşr etməyə razı olacaq nəşriyyat tapmaq, və ya onu hansısa qrant müsabiqəsinə təqdim etmək və özünün müəllif hüququnu lazımi qaydada qoruya bilmək üçün təqribən 5-10 min manat vəsait gərəkdir ki, bu məbləğ də sıravi ziyalıda yoxdur. Xaricdə ancaq aqrar və sənaye məhsulları bazarına yaxşı bələd olan biznesmenlərsə, onlar üçün yad olan mürəkkəb intellektual əmtəə bazarının risklərini və spesifikasını təyin edə bilmədiklərindən, bu sahəyə vəsait qoya bilmirlər. Ona görə, intellektual əmtəə bazarı üzrə ixtisaslaşmış ən azı bir-neçə firmanın yaradılmasını dövlət özü təşkil etməlidir ki, ondan sonra bu sahədə rəqabət formalaşmağa başlasın. Bu, bir tərəfdən ölkə dövriyyəsinə əlavə vəsait gətirməklə yanaşı, digər tərəfdən on minlərlə ziyalının həyat tərzinin yaxşılaşmasına və akselerativ sektorda yüzlərlə yeni iş yerlərinin meydana gəlməsinə (tərcüməçi, redaktor, korrektor, makinaçı və s.) gətirib çıxara bilər. Bundan başqa, xüsusi qeyd olunmalıdır ki, öz svilizasiyasını ixrac edə bilmək dövlətin beynəlxalq imicinə müsbət təsir edən çox ciddi amillərdəndir, belə ki, bu halda on minlərlə azərbaycanlı dünyada on milyonlarla insanın birbaşa evinə-ailəsinə daxil olub, onlarla kitab vasitəsilə ünsiyyət qurur ki, bunlar içərisində bəzən hətta hansısa xarici dövlət başçılarının ailə üzvləri, dostları, məşuqələri və b. da ola bilir. Nümunə üçün məsələn, Avstriya psixoloqu Ziqmund Freydin faşizm rejimi tərəfindən həbsi zamanı onu azad etmək üçün, ən yaxın ətrafında Freydin pərəstişkarları olan  5 dövlət başçısı dərhal Hitlerə müraciət etmişdi. Və elə Azərbaycanın özündə də, tikintilərdə fəhlə işləyə-işləyə mənim yazıb nəşr etdirdiyim “Diplomatik psixolgiya” kitabımdan sonra onlarla deputat, alim və nazirliklərin rəhbər işçiləri məni dəvət edib görüşlər keçirdilər, kitabımın hansısa detallarını mənimlə müzakirə etdilər, işlə təmin olunmağıma və Azərbaycan tarixində ilk dəfə olaraq ekstern qaydasında birbaşa elmi iş müdafiəsinə buraxılmağıma var qüvvələri ilə yardım etdilər və nail oldular. Sadəcə - intellektual məhsulumun realizəsi sayəsində. Belə əlaqələri mən xarici ölkələrdə də qura bilərdim – sadəcə o kitabın təkcə tərcüməsi üçün 5 min AZN vəsait gərəkdir ki, o da məndə yoxdur. Eyni problemi yaşayan yüzlərlə ziyalı tanıyıram ki, 5-10 min manat tapıb, dünya bazarına çıxa bilsə, özünə də, ölkəmizə də, milyonlarla dollar vəsait və nüfuz gətirə bilər. Sadəcə, tərcümə baryeri minlərlə dahilərimizin – ayaq altında tapdalanmasına, intiharına və ya hansısa xaricilərin əlində “Professor Douel”ə (A.Belyayev) çevrilməsinə aparıb çıxarır.
Bizdə üzə çıxarılası, Amerika, Avropa, Rusiya alimlərinin qabağında söz deyə biləsi ziyalıların sayının yox səviyyəsində olduğunu düşünən şəxslərəsə onu demək mümkündür ki, tələb – həmişə təklifi stimullaşdıran əsas amildir. «Balıqçıya balıq yox, tilov vermək gərəkdir!» (Niçşe). Alimə yüksək məvacib yox, yuxarı dəyəri olan sifarişlər tapıb verdikdə, o öz beyni ilə möcüzələr yarada bilir. Keçən əsrin 60-cı illərində A.Bonişevski, Ələkbər Məmmədov və b. futbolçuların şöhrət və pul qazandığını görən hər kəs futbola, 80-ci illərdə Kasparovun şöhrət və pul qazandığını görən həddən artıq çox insan şahmata, bugünkü gündə isə fahişələrin daha çox şöhrət və pul sahibi olduğunu görən çox insan onların yoluna meyl etdiyi kimi, sabah da bir-birinin ardınca 5-10 alimin şöhrət və pul qazandığını görənlər – nəhayət ki, başın həm də işlətmək üçün lazım olduğunu, onunla hətta pul və şöhrət də qazanmaq mümkün olduğunu dərk edəcək, və Azərbaycanda güclü beyin bumu (şousu, rinqi, rəqabəti, təlatümü) başlayacaq.
* * * 

                               IV.       Səhİyyə sİstemİndə həyata keçİrİlməsİ mümkün olan bİr sıra İslahatlar barədə

1999-cu ildən bəri müzakirəsi gedən icbari tibbi sığorta sistemi gerçəkləşdirilməli, yəni İngiltərədə olduğu kimi bütün dövlət səhiyyə müəssisələri özəlləşdirilməli, dövlətin səhiyyəyə ayırdığı vəsait hər bir vətəndaşın tibbi sığortalanmasına sərf olunmalı, əhalinin sağlamlığı problemi tam şəkildə sığorta şirkətləri və özəl xəstəxanaların öz öhdəsinə buraxılmalı, dövlət yalnız burada baş verə biləcək maxinasiya və cinayət hadisələri ilə mübarizə aparmalıdır. Dövlətin hər bir vətəndaşın tibbi sığortasına bir ildə cəmisi 50 AZN vəsait köçürməsi kifayətdir ki, hər bir vətəndaş ömrünün sonunacan 10-20 min manatlıq tibbi yardım ala bilsin. Bu qədər vəsait kimin bütün tibbi problemini həll etmək üçün kifayət etməz? Xüsusi ağır və ya xroniki, yoluxucu xəstəliklərlə əlaqədar (məsələn, şəkər, vərəm, QİÇS və s.-lə əlaqədar) əlavə tibbi proqramlar fəaliyyət göstərə bilər.
Üstəlik də, sığorta təşkilatları heç kimin xəstəxanaya düşməsində və ya eyni xəstəliyə görə 2-3 dəfə müalicə almasında maraqlı olmadıqlarından, vətəndaşların səhhətinin qeydinə hələ dünyaya gəlməmişdən qalmağa başlayırlar, özü də hətta ən yaxın qohumlarından daha aktiv formada: xəstəliyin qarşısını vaxtında ala bilmək üçün insan hələ ana bətnindəykən anaya ciddi qulluq təşkil olunur, doğulandan sonra hər kəsin mütəmadi pulsuz müayinəsi keçirilir,  xəstələnəndə məsləhətli həkimlərə yönləndirilir, hüquqları müdafiə olunur, pis müalicəsinə görə həkimlər məhkəməyə verilir və s. Həmçinin, praktik əməkdaşlıq nəticəsində sığorta şirkətlərinin məlumat bazasında ölkənin bütün həkimlərinin reytinq əmsalı formalaşdığından, həkimlərin attestasiyası üçün təbii mexanizmlər formalaşır: öz qabiliyyətsizliyi ilə sığorta şirkətlərinin etibarını itirən həkimlər həmişəlik müştərisiz qalırlar.
* * *

                    V.     Kənd təsərrüfatı sektorunda həyata keçİrİlməsİ mümkün olan bİr sıra İslahatlar barədə

Məlum olduğu kimi, dövlət ölkənin makro və mikro iqtisadi proseslərinin tənzimlənməsində bir neçə formada iştirak edir ki, bunlardan qanunvericilik bazasının yaradılması, pul-kredit siyasəti və birbaşa iqtisadi fəaliyyətlə məşğul olmaq (sərmayədar qismində) bunlardan ən əsaslılarındandır. Azərbaycan dövləti özünün sənaye, bank və energetika sektorlarında bunların hər üçündən uğurla istifadə etdiyi halda, aqrar sektorda hələ də,  yumşaq neoliberalist siyasət yürütdüyü hiss olunmaqdadır.
Kolxoz və sovxozların dağıdılması Azərbaycanın ən səhv iqtisadi siyasətlərindən idi və ağrısını həm dövlətimiz və həm də ölkə əhalisi indiyə qədər çəkməkdədir. Kolxoz və sovxozları fiziki olaraq bölüb vətəndaşlara paylamaqdansa, iri sənaye obyektlərini özəlləşdirərkən edildiyi kimi, onları səhmdar cəmiyyətlərə çevirib, kənd əhalisinə (yaxud fermerlərə) onların səhmlərini paylamaq və ya satmaq daha düzgün olardı, necə ki, Türkmənistan (1995-ci ildən), Tacikstan (1995-ci ildən), Özbəkistan (1998 və 2003-cü ildən) və digər bir sıra postsosialist ölkələrində belə edildi. Kolxoz və sovxozların əkin üçün yararlı sahələri – üzərində ev tikmək üçün, digər mülkiyyəti – şəxsi mənafelər üçün istifadə edildiyindən, artıq onları iri təsərrüfatlar şəklində birləşdirmək mümkünsüzdür. Üstəlik də, onların ardınca kənd təsərrüfatına servis xidməti göstərən akselerativ sektor (texnika, mineral kübrə, qarışıq yem, kənd təsərrüfatı məhsullarının hazırlanması və emalı ilə məşğul olan müəssisələr, tədarük məntəqələri, istehsal binaları və qurğuları hazırlayan şirkətlər, texnika və onların təmiri parkları, kənd təsərrüfatına xidmət edən aviasiya və s.) da məhv oldu. Yeni əraziləri meliorasiya edib, nəhəng təsərrüfatlar yaratmaq üçünsə, olduqca böyük sərmayə gərəkdir ki, bir sıra səbəblərə görə özəl sektor bu sahədə ciddi işlər görə bilmir. Əvvəla ona görə ki, investorlar rayon yerlərində Bakıdakı kimi dövlət müdafiəsinə (ələlxüsus məmurların “iştahasından” müdafiəyə) malik deyillər, ikincisi isə – sənaye və ticarət sektoru ilə müqayisədə kənd təsərrüfatı sektoru dövlət tərəfindən lazımi qədər sığortalanmamış çoxsaylı başqa risklərə də malikdir. Bütün bu və digər səbəblərdən “kapital – daha təhlükəli yerdən, daha az təhlükəsi olan yerə miqrasiya edərək”, aqrar sektoru və kənd əhalisinin taleyini Allahın ixtiyarına buraxır. Buna görə dövlət nəyisə gözləmədən, özünün nəhəng imkanları ilə bu işi öz öhdəsinə götürüb, bu müddətdə iri fermer təsərrüfatlarının yarana bilmədiyi kəndlərdə tezliklə  kolxoz və sovxozların bərpasına çalışmalı, bərpa edib qurtardıqdan sonra isə onları səhmdar cəmiyyətlərə çevirib, səhmlərinin hamısını və ya bir qismini yerli əhaliyə və ya hansısa fermerlərə satmalıdır. Lazımi halda dövlət özünün torpaq islahatları siyasətinə yenidən baxa bilər, həmçinin bu işlərin bir hissəsini xarici sərmayədarların hesabına həyata keçirə bilər. Bütün hallarda burada dövlətin mərkəzləşmiş təşkilati fəaliyyətinə ciddi ehtiyac var.
Xüsusi qeyd etmək yerinə düşər ki, İzraildə bu təsərrüfat formaları (onlarda bu, Kibuts adlanır) indiyə qədər də, fəaliyyət göstərir və ölkənin kənd təsərrüfatı məhsullarının 70%-indən çoxunu istehsal edir. Azərbaycanın İsmayıllı rayonunun məşhur İvanovka kəndində də Kolxoz indiyə qədər fəaliyyət göstərir və yüksək rentabelliliklə işləyir. Rusiya, Belarusiya və Moldavanın da ayrı-ayrı regionlarda hələ də fəaliyyət göstərən kolxoz və sovxozlar mövcuddur.
Yekunda bir məsələni xüsusi qeyd edim ki, bütün bunları həyata keçirmək üçün – sadəcə aqrar sektorda Qərbin aldadıcı sabotaj təbliğatının təsiri olan ve dempinqə yol açan “iqtisadi liberalizm” düşüncəsindən əl çəkib (hansından ki, həmin Qərb 80 il bundan əvvəl əl çəkib), ölkəmizin sənaye, energetika və bank sektorunda uğurla tətbiq olunan və onları ayağa qaldırmış fiskal və monetar siyasət təcrübəsini  aqrar sektora proyeksiya etdirmək kifayətdir.
* * *

         VI.     Vergİ sektorunda həyata keçİrİlməsİ mümkün olan bİr sıra İslahatlar barədə

Bir sıra xarici ölkələrdə vergiyə nəzarəti şəffaflaşdırmaq və gücləndirmək belə bir mexanizm vasitəsilə həyata keçirilir: vətəndaş xərclədiyi vəsaitlərə görə aldığı qəbzləri ayın sonunda vergilər nazirliyinin xüsusi məntəqələrinə təhvil verməklə xərclədiyi vəsaitin müəyyən faizini vergilər nazirliyindən geri alır. Nəticədə hər bir kəs ödədiyi məbləğin kassa aparatına vurulmasında maraqlı olduğundan, kassa apparatından kənar aparılan istənilən ödəmələr barədə  gec-tez kimsə Vergilər Nazirliyinin qaynar xəttinə məlumat verir. Və ya müştərilərin kassa aparatı olmayan ticarət və ya xidmət obyektlərinə müraciət etməkdə marağı olmadığından, belələri avtomatik olaraq bankrot olur, və bundan xilas olmaq üçün məcburən kassa aparatı quraşdırmalı olur.
Ayın sonunda əhaliyə ödənilən vəsaitsə - bir tərəfdən Vergilər Nazirliyində indiyə qədər bu vəzifəni yerinə yetirən  nəhəng müfəttiş ştatının ixtisarından yaranan aylıq qənaət, digər tərəfdənsə  ictimayi aktivlik sayəsində vergiyə cəlb olunan obyektlərin sayının dinamik artımından formalaşan əlavə vəsait hesabına ödənilir.
Ələlxüsus ölkə Prezidentinin verdiyi göstərişə uyğun olaraq ölkədə elektron ödəmə sisteminin inkişaf etməsindən sonra vətəndaşların pul tədavülünə nəzarət xüsusilə asanlaşacaq və avtomatlaşacaq.
Azərbaycanda Milli Məclisin sabiq deputatı kimi, xarici ölkələrdə isə elektronikanın 10 əsas yaradıcılarından biri tanınan BDU-nun professoru Şahlar müəllim Əskərov da, bu sistemin Azərbaycanda tətbiqi üçün vaxtilə dəfələrlə televiziya və qəzetlərdə məsələ qaldırmışdı.
* * *

           VII.     Hərbİ sektorda həyata keçİrİlməsİ mümkün olan bİr sıra İslahatlar barədə

TƏKLİF 1) Dövlətimiz mövcud olan məcburi və alternativ hərbi xidmət sistemi ilə yanaşı peşəkar (muzdlu) hərbi xidmət sisteminin də inkişafına çalışmalıdır. Qeyri mütəxəssislərə informasiya üçün əlavə edirəm ki, hazırda inkişaf etmiş dövlətlərin əksəriyyətində bu cür qarışıq hərbi sistem formasından paralel formada istifadə olunur, ABŞ-ın hərbi sistemi isə tam şəkildə peşəkar (muzdlu) ordudan ibarətdir. Yəni heç kim hərbi xidmətə çağırılmır, vətəndaş müqavilə ilə hərbi sistemdə işə qəbul olunur. Mütəxəssislərin rəyinə görə peşəkar (muzdlu) ordu sistemin bir əskəri məcburi ordu sisteminin 25 əskərinə bərabər olur.
TƏKLİF 2) Azərbaycanın əksər sərhədlərinin (əsas təhlükəli olan Şimal və Qərb sərhədlərinin) dağlıq ərazilərdən ibarət olmasını, dağlıq şəraitdə isə (ələlxüsus, sürüşkən qış aylarında) bütün növ ağır texnikanın (məs., 60 tonluq ağır tankların), düztuşlanan bütün artilleriya növlərinin (məs., «Qradların») və b.-nın effektinin minimum olduğunu nəzərə alaraq, Azərbaycan öz qoşunlarını bu baxımdan maksimum effektli olan yüngül silahlarla (məs., qranatomyot, pulemyot, qumbara, snayper, gecəgöstərən binokl, AQS, zirehli paltar [bronojilet] və s.-lə) tam təchiz edilmiş çevik quru qoşunları şəklində komplektləşdirməyə üstünlük versə yaxşı olar.
TƏKLİF 3) Azərbaycanın Fövqəladə Hallar Nazirliyi təkcə fövqəladə halların qarşısını almaq üzərində düşünməyib, həm də Müdafiə Nazirliyi ilə birlikdə fövqəladə halları necə induksiya etdirmək (yaratmaq) layihələri üzərində işlər apara bilər.
TƏKLİF 4) Müharibələrin silah və əskər gücü ilə aparıldığı dövrlər artıq çoxdan arxada qalıb. Bugünkü gündə dünyada informasiya müharibələri gedir ki, bunun nəticəsində rəqib dövlətin özünü qorumaq, əhalisinin rifahına sərf etmək üçün on illərlə toplayıb yığdığı vəsaiti, hərbi texnikaları öz-özünə qarşı yönələrək, dövlətləri virus kimi daxilindən parçalayır, zəiflədir. Mənim hələ 10 il bundan əvvəl yazdığım “Diplomatik psixologiya” kitabım (“Sabah” nəşriyyatı, 2001) bu cümlələrlə başlayırdı: Necə etməli ki, bir anda milyonlarla insan küçələrə çıxıb bir-birinə hücum çəksin, bir-birinin qanına susayıb ata-oğlunu, ana – qızını, övlad – valideyni, qardaş – qardaşı tikə-tikə doğramaqdan ləzzət alsın, dünənə qədər can bir qəlbdə olan şəxslər bu gün bir-birinə qənim kəsilsin, beləcə, milyonlarla insanın beyninə bir andaca iblis hakim olsun və sonra, sizin istədiyiniz bir vaxtda bu iblis onları buraxıb getsin və həmin insanlar yenidən bir araya gəlib, bir-biri ilə deyib-gülməyə başlasınlar?...”. Bugünkü dünyada gedən proseslər bu sahənin necə aktual olmasını göstərir və dövlətimiz hücum üçün deyil, heç olmasa özünümüdafiə məqsədilə bu sahə ilə bağlı intellektual sferaya siyasi sifarişlər verməli, güc nazirliklərində bu sahə ilə aidliyyətli ştatların sayını artırmalı, internetdə (ələlxüsus, zəruri ensklopediyalarda) Azərbaycanın əleyhinə olan informasiyalarla mübarizəyə çox ciddi diqqət verilməli, buna görə hətta müvafiq cavabdeh strukturların (o cümlədən, elmi institutların)  rəhbərləri fəaliyyətsizliyə görə cəzalandırılmalıdır.

YEKUN

Yekunda müxtəlif sahələrə dair layihələr hazırlamaq istəyənlərə bir tövsiyyəmi bildirmək istərdim ki, istənilən sahədə korrupsiya və durğunluğu aradan qaldırmaq məqsədli layihə hazırlayarkən sadə bir qanunauyğunluğu nəzərə almalısınız: istənilən fəaliyyət növünün ən ideal sponsoru – bazarın özüdür. Keçən əsrin 30-cu illərində dünya iqtisadiyyatını böhrandan çıxarmış Keyns modelinin əsas detallarından biri də bundan ibarət idi ki, dövlət hansısa bir sektoru inkişaf etdirmək üçün ona pul ayırmaq istəyirsə bu vəsaiti o sektorun özünə yox, onun xidmət və ya məhsullarının alıcılarına verməlidir ki, müştəridən bu vəsaiti almaq uğrunda o sektorda canlanma yaransın. Yəni, dövlət təklifi, süni tələb yaratmaqla stimullaşdırmalıdır. 2009-cu ildə özünün avtomobil sənayesini bankrot olmaqdan xilas edərkən də, ABŞ və bir sıra Avropa ölkələri məhz bu qanuna riayət edərək, büdcədən ayrılan yardım paketini avtomobil şirkətlərinə yox, “köhnə avtomobillərin utilizasiyası” proqramı çərçivəsində onların potensial alıcılarına verdilər. Azərbaycanda da korrupsiya və durğunluq əsasən o sahələrdə geniş vüsət alıb ki, hansılara ki dövlət daha “zəif təbəqə” kimi baxıb, gün-gündən onlara qayğısını daha da artırır: müəllim, həkim, alim və b. Dövlətin hər dəfə bu sahələrə qayğısının artması isə o sahələrdə daha çox arxayınlığın yaranmasına və orada “müftə qazanc”dan yararlanmaq istəyən parazit-moşenniklərin həqiqi ziyalıları üstələməsinə gətirib çıxarır. Bu sektorlara ayırdığı vəsaiti onların özlərinə yox, onların xidmətindən bəhrələnən şəxslərə verdikdə isə, bazar özü hamını silkələyib “yağı-yağ üstə yığır, ayranı-ayranlıq edir”.

"Diplomatik psixologiya"

Комментариев нет:

Отправить комментарий