17.07.2011

Qəddafi

Mayis Güləliyev             


 Birinci məqalə

Liviya müharibəsində uduzan Azərbaycan xalqıdır

Liviyada və Bəhreyndə qırğındır. Liviyada ABŞ-ın rəhbərliyi ilə “demokratiya carçıları”, Bəhreyndə isə yenə də ABŞ-ın rəhbərliyi ilə “monarxiya sevənlər” xalqa qarşı qətliam törədirlər. Hər iki ölkədə müxalifət hakimiyyətin devrilməsini tələb edir.
Birincidə müxalifət ABŞ və Qərb tərəfindən dəstəklənir, ikincidə isə monarxiya hökuməti. Birincidə Liviya xalqına qənim kəsilmiş Qəddafinin devrilməsi bəhanəsilə yenidən xalqa qan uddurulur, ikincidə isə Bəhreyn xalqına qənim kəsilmiş Hamad ibn Əl-Xalifəni qorumaq üçün qan axıdılır. Birinci diktator imperializmin düşməni, ikinici diktator imperializmin yaxın dostudur. İlk baxışda hökumət və müxalif xalq qarşıdurması kimi görünən bu qətliamların fərqli cəhətləri ilə yanaşı bir oxşarlığı da var. Hər ikisi ABŞ tərəfindən idarə edilir və ABŞ-ın Yaxın Şərq siyasətinə xidmət edir. Uduzan isə təkcə günahsız liviyalılar və bəhreynlilər deyil, həm də Yaxın Şərqin bütün günahsız insanlarıdır, o cümlədən Azərbaycan xalqıdır. Çünki Liviyaya təcavüz Yuqoslavlyaya, Əfqanıstana və İraqa olan təcavüzün məntiqi, siyasi və hərbi davamıdır və bu təcavüz çox güman ki, Liviya ilə məhdudlaşmayacaq.
Hər şeydən əvvəl qeyd edim ki, mən siyasi tədqiqatçı kimi diktatorluğun qəti əleyhinəyəm və demokratik idarəetmənin tərəfdarıyam. Odur ki, Liviyada Qəddafinin 42 il hakimiyyətdə olmasını pisləyirəm. Yaxın Şərq problemləri ilə məşğul olan hər hansı tədqiqatçı belə bir arqument irəli sürə bilər ki, Qəddafi hakimiyyətə gələndən sonra Liviyada həyat şəraiti yaxşılaşıb və Liviya iqtisadiyyatı möhkəmlənib və sair. Lakin Qəddafinin və ya hər hansı siyasi liderin əsas xidməti ondan ibarət ola bilər ki, o, öz ölkəsində hər şeydən əvvəl “yaxşı idarəetmə” qura bilsin. Başqa sözlə, neft gəlirlərinin qısa bir müddətdə dövlət xərclərinə sərf edilməsi ilə sosial problemləri həll etmək “yaxşı idarəçilik” deyil və belə iqtisadiyyat dayanıqlı ola bilməz. Çünki neft gəlirləri tükənən kimi belə ölkələrdə ciddi problemlər ortaya çıxa bilər. Odur ki, hakimiyyətin nə dərəcədə “keyfiyyətli” olmasının əsas indikatoru “yaxşı idarəçiliyin” formalaşmasıdır. “Yaxşı idarəçiliyin” əsas göstəricilərindən biri isə ondan ibarətdir ki, hakimiyyətin və xalqın gələcəyi bir nəfərin iradəsindən asılı olmasın. Tarixdə “xalqa can yandıran”, “xalq sevimliləri”, “bir kiteldə gəlib bir kiteldə gedən”,- çox liderlər olub. Məsələn, Hitlerin hakimiyyətə gəlişi geniş xalq kütlələri tərəfindən dəstəklənmişdi. Hitler hakimiyyəti qısa zamanda Almaniyanı məğlub ölkədən ciddi iqtisadiyyatı olan səviyyəyə qaldıra bilmişdi. Yaxud başqa bir misal: Stalin aqrar Rusiyanı dünyanın ən nəhəng hərbi qüdrəti olan ölkəyə çevirə bilmişdi. Lakin bu ölkələrdə idarəetmə yalnız “lider”ə söykənən idarəetmə olduğundan asanlıqla dağıla bilir.
Liviyada da son 40 ildə həyat şəraitinin yaxşılığa doğru inkişaf etməsinə baxmayaraq, Qəddafi hökuməti bir şəxsin iradəsi ilə idarə olunan hökumətdir. Problem belə idarəetmənin “ədalətli” və ya “ədalətsiz” olmasında deyil, onun “dayanıqlı”, yoxsa “dayanıqsız” olmasındadır. Demokratik idarəetmənin üstün cəhəti onun digər idarəetmələrə nisbətən daha “dayanıqlı” olmasındadır. Beləliklə, deyə bilərik ki, Qəddafi hökuməti nə qədər “ədalətli”, nə qədər “xalqı düşünən” olsa belə, demokratik deyil və belə idarəetmə dayanıqlı ola bilməz. Odur ki, bir liderə söykənən hakimiyyət dağılanda cəmiyyətdə ciddi problemlər yaşanır. Qəddafinin də hər hansı səbəbdən hakimiyyətdən getməsi Liviya cəmiyyətinə ciddi problemlər yaradacaq. Qəddafinin “əsas günahı” neft pullarını mənimsəməsində və ya total korrupsiya yaratmasında deyil. Belə ki, Qəddafi dövründə ona qədərki monarxiya hakimiyyətindən fərqli olaraq daha “ədalətli” cəmiyyət formalaşmışdı. Qəddafinin “əsas günahı” ondan ibarətdir ki, o, 42 il ərzində demokratik idarəetmə yarada bilmədi və diktator olmaq yolunu tutdu. Daha doğrusu, o, “öz sağlığında” elə idarəetmə formalaşdırmalı idi ki, onun olmadığı dövrlərdə də Liviya xalqının 42 il əvvəl formalaşdırdığı “ədalətli cəmiyyət” davam etmiş olsun. Lakin Liviyada “demokratik idarəetmənin” olmaması və ya hakimiyyətlə müxalifət arasında qarşıdurmalar heç bir halda Liviyaya hərbi təcavüzə haqq qazandırmır. Belə müdaxilənin məntiqi nəyə əsaslanır? Guya ki, koalisiya qüvvələri Liviya hökumətinin müxalifətə qarşı qətliamının qarşısını almaq istəyir. Liviyada hadisələrin inkişafı onu deməyə əsas verir ki, belə qarşıdurmalar ABŞ-ın özü tərəfindən hərbi müdaxilə üsün “bəhanədir” və qəsdən “təşkil edilir”.

Hər liviyalının illik orta gəliri 12000 dollara çatmışdı

ABŞ xarici siyasətinin “anatomiyasına” görə bu ölkə hansı ölkəni nəzarətə almaq və ya nəzarətdə saxlamaq istəyirsə, o ölkədə “qeyri-demokratik” idarəetməni müxtəlif yollarla dəstəkləyir və “əvəzolunmaz liderlər” formalaşdırır. Bu “liderləri” idarə etmək üçün və qorxu altında saxlamaq üçün əks qütb, yəni “idarəedilən müxalifət” formalaşdırılır. Beləliklə, cəmiyyətdə hər ikisi ABŞ-dan asılı olan iki əks qütbün formalaşması istənilən anda “liderin” əvəz olunması üçün ABŞ-a şərait yaradır. Belə ki, ABŞ tərəfindən “yaradılan lider” əvvəl-axır “öz liderliyinə” inanır və nəzarətdən çıxmağa cəhd göstərir. Belə anlarda ona əks qütbdən ustalıqla istifadə edilir və “lider” “rəngli inqilablarla yola salınır”. Belə inqilablar mümkün olmadıqda hərbi təcavüzlərə əl atılır. Belə liderlərdən biri də Səddam Hüseyn idi. Liviya lideri Muəmmar Qəddafinin 42 illik hakimiyyəti də öz xalqına qarşı zor tətbiq edərək, dolayısı ilə ABŞ xarici siyasətinin Şimali Afrikada həyata keçirilməsi üçün “əlverişli mühit” yaratdı.
Heç şübhə yoxdur ki, Misir və Tunisdən fərqli olaraq Liviyada həyat səviyyəsi yüksəkdir. Daha doğrusu, yüksək idi. Belə ki, ABŞ rəhbərliyi altında olan “koalisiya qüvvələri” Liviyada həyat səviyyəsinə ciddi zərər vurdu. Liviyanın geniş neft və qaz ehtiyatları sayəsində onun illik ticarət balansı 27 milyardı ötmüşdü. Hər liviyalının illik orta gəliri 12000 dollara çatmışdı. Bu rəqəm Misir əhalisinin illik orta gəlirindən 6 dəfə çoxdur. Əhalisinin gəlirləri arasında ciddi fərqlərin olmasına baxmayaraq, orta həyat səviyyəsi Liviyada həm Misirdən, həm də digər Şimali Afrika ölkələrindən xeyli üstündür. Əsasən Şimali Afrikadan olan bir milyon yarımdan çox miqrant Liviyada çalışır. Liviyanın enerji ixracının 85%-dən çoxu Avropaya aiddir. Bu ixracın 37% İtaliyanın payına, digər hissəsi isə Almaniyanın, Fransanın, Çinin payına düşür. Liviyanın idxalında da İtaliya əsas yer tutur. Çin, Türkiyə, Almaniya da idxalda mühüm rol oynayır.
Liviyada təhsil və səhiyyə xidmətinin səviyyəsi də digər Afrika ölkələrinə nisbətən xeyli yüksək idi. Bu ölkənin xalqının mədəni səviyyəsini də yüksək qiymətləndirmək olar. Odur ki, Liviyada baş verən hadisələrin arxasında sosial problemlərin durduğunu iddia etmək ən azı sadəlöhvlükdür. Misir və Tunisdən fərqli olaraq Liviyada üsyan əvvəldən təşkil edilmiş və planlaşdırılmışdı. Lakin bu Misir və Tunisdəki kimi yoxsullaşmış əhali kütləsinin üsyanı deyildi. Belə ki, bu ölkədə işsizlik də yüksək səviyyədə deyildi və həyata keçirilən dövlət proqramlarının yerinə yetirilməsi üçün hətta xarici iş qüvvəsinə xeyli ehtiyac olduğundan bu ölkəyə xeyli xarici işçi qüvvəsi cəlb edilirdi.
Son bir neçə həftədə Liviyada baş verən hadisələr haqqında Qərb ölkələri durmadan yalan informasiyaları dünyaya “sırımaqdadırlar”. Təəssüf ki, Liviyada baş verən hadisələr haqqında dünya mətbuatında geniş yayılan yalan məlumatlar dünya əhalisinin bu ölkə haqqında düşüncələrinə ciddi təsir göstərib. Adətən belə informasiyalar hərbi təcavüzə “haqq qazandırmaq” üçün edilir. 11 sentyabr 2001-ci il hadisəsi Əfqanıstana və İraqa qarşı təcavüz üçün “hazırlıq mərhələsi” oldu. Odur ki, yalan məlumatları düzgün məlumatlardan ayırmaq və Liviyada baş verən hadisələrə düzgün qiymət vermək mühüm əhəmiyyət daşıyır.

Çin Liviyadakı hadisələrdən narahatdır

Belə “hazırlıq mərhələlərindən” biri də regionun silahlandırılmasıdır. Belə ki, ABŞ-ın Yaxın Şərq ölkələrini, xüsusilə İsraili və Səudiyyə Ərəbistanını silahlandırması bu bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsində ciddi problemlərin olacağından xəbər verirdi. Liviya da neft gəlirlərinin müəyyən hissəsini böyük həcmli hərbi sursatların alınmasına xərcləyir. Maraqlıdır ki, bu silahlar bu gün Liviyanı bombardman edən ölkələrdən idxal edilib. Məhz bu silahlarla Qəddafi öz xalqının müqavimətini qırmaq üçün istifadə edirdi. “Demokratiyadan”, “insan hüquqlarından” və “humanizmdən” dəm vuran Qərb ölkələri əvvəl “öz şikarlarını” silahlandırır, sonra isə satdıqları silahı məhv etmək üçün və silaha yeni tələb yaratmaq üsün hərbi təcavüzləri genişləndirirlər. Gəlirli və davamlı silah biznesinin mahiyyəti də elə budur.
NATO və ABŞ Ərəb ölkələrində islam oyanışından ciddi harahat olduğunu gizlətmir. Bu region adi region deyil və dünya neft və qaz ehtiyatının əsas mənbəyidir. Odur ki, hər hansı bir yol ilə regionun nəzarətdə saxlanması ABŞ xarici siyasətinin əsas məqsədidir. ABŞ-ın Liviya haqqında yalan məlumatlar yaymasına baxmayaraq, Çinin və Rusiyanın Təhlükəsizlik Şurasında Liviyaya hərbi müdaxiləni dəstəkləmək haqqında qərarına dəstək verməsi inandırıcı deyildi. Lakin bitərəf qalması da inandırıcı görsənmirdi. Belə ki, regionda və dünyada mühüm təsirlər qoya biləcək bu təcavüzün dolayısı ilə Çinin Şimali Afrikadakı maraqlarına zidd olduğu aydın görünür. Odur ki, Çin Liviyadakı hadisələrdən narahatdır və tezliklə stabilliyin təmin edilməsində maraqlıdır. Moskva da hərbi təcavüzün ABŞ xarici siyasəti ilə bağlı olduğunu gizlətmir və hava hücumlarının dərhal dayandırılmasını tələb edir. Region ölkələri, xüsusilə Türkiyə və İran da Liviyaya koalisiya qüvvələrinin yeridilməsini Liviyanın suverenliyinə ciddi təhdid hesab edirlər. Vaşinqtonun isə Liviya hadisələrinə münasibəti fərqlidir. Misir hadisələrində ABŞ nə qədər mümkünsə sabitliyə can atırdısa və onun “çaldığı hava ilə oynayan” Mübarək hakimiyyətini qorumağa cəhd göstərirdisə, Liviya hadisələrində hadisələrin qızışdırılmasında maraqlı olduğunu açıq-aşkar nümayiş etdirir. ABŞ prezidentinin Liviya müxalifətini dəstkləmək istəyi, hətta guya qanlı toqquşmaların qarşısını almaq məqsədilə hərbi təcavüzə haqq qazandırmaq istəyi aşıq-aydın görsənir. Səbəb isə aydındır: Əgər Qaddafi hakimiyyətdən gedərsə, Liviyanın iqtisadi strukturları ABŞ nəzarətində olacaq və ABŞ şirkətləri üçün geniş imkanlar açılacaq. Beləliklə, ABŞ birbaşa Avropanın bir neçə ölkəsinin enerji təminatını, həmçinin ABŞ iqtisadiyyatı üçün ciddi rəqibə çevrilən Çinin enerji təminatının müəyyən hissəsini nəzarətə alacaq.
Reallıq bundan ibarətdir ki, Liviya artıq vətəndaş müharibəsinə sürüklənib. BMT bu vətəndaş müharibəsinin qarşısını almaq üçün lazım olan heç nə etmədi. Əksinə, Liviyanın suverenliyinə məhəl qoymayaraq hərbi təcavüzü dəstəklədi. Qeyd edək ki, Qəddafi rejiminin əleyhdarlarının əksəriyyəti də xarici hərbi qüvvələrin təcavüzünü qəbul etmirlər. Çünki belə təcavüzün arxasında Qəddafi rejimindən xilas olmaq yox, əslində Liviyanın neft və qaz yataqlarına sahiblik uğrunda mübarizə durur. İnqilab Komitəsinin rəhbəri Abdelhafiz Ghoda dəfələrlə bəyan edib ki, Liviya Liviya xalqı vasitəsilə azad olmalıdır. O, qeyd edir ki, Liviya müxalifəti bilir ki, İraqda nə baş verib və onlar İraq yolu ilə getmək istəmirlər. Lakin Liviya müxalifəti regionda baş verən hadisələrin arxasında ABŞ maraqlarının dayandığını dəyərincə qiymətləndirə bilmədilər. Liviya liderinin “şişirdilmiş təkəbbürü” və Liviya müxalifətinin “siyasi dayazlığı” Liviyanı İraq yolu ilə getməyə məhkum etdi. Liviya müxalifəti hələ də BMT-nin ABŞ maraqlarına tabe olduğunun fərqində deyil. Görünür elə buna görə də üsyançı qrupların lideri Abdelhafiz Ghoda BMT Təhlükəsizlik qüvvələrindən Qaddafinin “muzdlu” qoşunlarına qarşı hava zərbələrinin endirilməsini xahiş etmişdi. O, belə düşünürdü ki, strateji hava zərbələri xarici qüvvələrin təcavüzü deyil.
Afrika neft ehtiyatlarının bölüşdürülməsi bu gün gündəmdədir. Regional dominantlıq uğrunda mübarizə getdikcə ciddiləşir. Xüsusilə, Liviyada neft və qaz yataqları uğrunda Çin və ABŞ arasında ciddiləşən rəqabət region xalqlarının, xüsusilə ərəb ölkələrinin təhlükəsizliyinə ciddi təhdid yaradır. Azərbaycan da Şimali Afrikadan bir qədər uzaqda yerləşsə də, neft uğurunda “Böyük oyunun” iştirakçılarındandır. 

Комментариев нет:

Отправить комментарий