05.07.2011

Düşüncə azadlığı


Dilqəm Əhməd                      

Düşüncə insanın dünyagörüşü və həyat təcrübəsinə əsaslanan bir anlayış olduğu üçün bilavasitə onun yaşamını yönləndirən əsas amillərdəndir. Bu baxımdan azad düşüncənin olması, düşüncələrin fikirdə əks olunması və əməldə həyata keçirilməsi tarixən ziddiyyətli, bir-birinə əks mülahizələrin və mübarizələrin yaranmasına səbəb olub. Ona görə də doğru düşünə bilmək, doğru sözü söyləmək və doğru əməldə olmaq fəaliyyətimizin əsas amalı olmalıdır. İnsanların fərqli düşünə bilməsi, öz düşüncələrini haqlı görməsi, düşüncələrinə uyğun ideologiyaların və bu ideologiyalara əsaslanan praktik fəaliyyətin olması həyatı həm müsbət, həm də mənfi anlamda rəngarəng edən əsas faktordur. Tarixən düşüncə azadlığının qarşısının alınması, ehkamların insan toplumuna zorən daxil edilməsi geniş şəkilli etirazlara və münaqişələrə səbəb olub. Çünki həyata baxış fərqli olduğu üçün kiminə görəsə haqlı olan bir düşüncə sistemi digəri üçün tamamilə yanlış hesab edilə bilər və mübahisələr münaqişələrlə əvəzlənə bilər. Xüsusən də, fərdin düşüncə sistemi ilə toplumun düşüncələri arasında fərqlilik yarandığı təqdirdə, fərd ilə toplum arasında dərin uçurumlar yaranır və ümumən toplumun bütün dəyərlərinə qarşı etiraz yaranır.
Etiraf etmək lazımdır ki, hər bir fərdin daxilində toplumun ümumi dəyərlərinə qarşı bir etiraz vardır. Xüsusən kürəsəlləşən dünyada bir çox mədəniyyətlərin toqquşması sonucunda fərqli düşüncə axınlarının sərhədləri aşaraq az qala hər bir fərdə tək-tək çatması toplum içərisində dərin ziddiyyətlərin yaranmasına səbəb olur. Əslində bu prosesin baş verməsi doğruların aşkarlanması üçün mühüm əhəmiyyətlidir. Fərqlilik və şübhənin olmadığı yerdə gerçəkliklərin anlaşılması mümkünsüzdür. Məşhur bir ifadədə deyildiyi kimi, əgər hamı eyni cür düşünürsə, demək ki, çoxları düşünmür.
Hər bir insan öz düşüncəsinin məhsuludur. Bu düşüncə həm onun, həm də ki digərlərinin xarakterinin formalaşmasına təsir edən başlıca amildir. Bəzən belə bir iddia irəli sürülür ki, təbiətin pozulmaz qanunlarına görə eyni cür düşünən insanların (istər müsbət, istər mənfi) bir-birini tapması, birgə mühitdə yaşaması düşüncənin çözülməz sirlərindəndir.
Düşüncə- ağlın tam olaraq kənar təsirlərdən uzaq, özünəməxsus vəziyyətidir, müqayisə aparmaq, ayırmaq, birləşdirmək kimi anlayışları özündə əks etdirən anlama prosesinin bir qoludur. Ona görə də fərdin düşüncə azadlığının olması, ümumən toplumun sərbəst, doğru düşünə bilməsi üçün və gələcəyini özü istədiyi kimi hazırlaması mütləq şəkildə vacibdir. Düşüncələr hazır şəkildə insanın qarşısına qoyulursa və sadəcə əməl etməsinin vacibliyi söylənilərsə, o zaman basqı göstərilmiş olunur ki, bu da sonuc etibarilə toplumun düşüncə sisteminin pozulmasına səbəb olur. Toplumun düşüncə sistemi çoxluq təşkil edən ümumi olan fikirlərin, dəyərlərin məcmusu sonucunda yaranır. Əgər qul, kölə təfəkküründən xilas olunmaq istənilirsə, o zaman düşüncələrin sərbəst buraxılması vacibdir. Tarixən filosoflar, yazıçılar, rəssamlar və digər aydın təbəqəsi insanlara düşüncə azadlığının verilməsi, ehkamlardan xilas olunması uğrunda mübarizə aparıblar. Bu mübarizə Avropada yüzillərlə davam edib.
Əgər düşüncə azadlığının qarşısını kəsən mühüm bir amil ehkamları təbliğ edən insanlardırsa, digər bir faktor yalnız öz düşüncəsinin məhsulunu haqlı bilən və başqalarına qarşı kin bəsləyən təfəkkürdür. Halbuki düşüncə azadlığını həqiqətən dəstəkləyən insan digərinin hansı düşüncədə (təbii ki, topluma zərərli olmadığı təqdirdə) olmasından asılı olmayaraq ona hörmət göstərən, hüquqları pozulduğu təqdirdə onu dəstək verən bilən biri olmalıdır.
Burada haqlı sual yaranır. Düşüncə azadlığına qarşı çıxan prosesin özü də başqa bir düşüncənin məhsulu deyilmi? Faşizmi də yaradan bir düşüncə deyilmi? Faşizm kimi ideologiyalara, diktaturaları yaradan ideologiyalara səbəb düşüncə deyilmi? Lakin unutmaq lazım deyil ki, ümumən toplumun və dövlətin bağımsızlığı baxımından terrorizmə, seperatizmə, insani dəyərlərə qarşı olan düşüncə məhsulları qanunlar çərçivəsində yasaqlanıb və müvafiq tədbirlər görülüb.
1948-ci il dekabrın 10-da qəbul edilmiş “Ümumdünya insan hüquqları bəyannaməsi”nin 18-ci maddəsində yazılır: “Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir”. Bu maddədən də açıq aydın aşkar olur ki, toplumun sağlam düşünə bilməsi üçün hər bir fərdin düşüncə azadlığı və sərbəst seçimi olmalıdır. Düşüncə azadlığı bilavasitə azad dövlətlə əlaqədardır. Bu azadlığın olduğu yerdə dövlətlər xalqın inandığı və seçdiyi şəxslər və ideologiyalar tərəfindən yönləndiriləcəkdir. Şərq tarixinə nəzər yetirdiyimizdə görürük ki, sərbəst düşüncə olmadığı üçün nə əvvəldə, nə də indi tam azad, demokratik dövlətlər yoxdur. Tarixən şərq xalqlarına saraylarda ölçülüb-biçilmiş və ehkamlarla yoğrulmuş zorən düşüncələr təbliğ edildiyi üçün geriçilik, despotizm hakim olub. Əgər toplum olaraq despotizm altında, pozulan, tapdalanan bir məmləkətdə yaşamaq istəmiriksə, öz azad, sərbəst düşüncəmizə uyğun olaraq hərəkət etməli, hazır təqdim edilənləri deyil, düşüncələrimizin məhsullarını seçməliyik.

Комментариев нет:

Отправить комментарий