05.07.2011

BÜTÖVSÜZLÜK SİNDROMU

Rövşən Yerfi              r.yerfi@gmail.com

              Ötən həftələrdə mətbuatda xəbər yayıldı ki, tezliklə Bakının küçələrində London taksiləri şütüyəcək. Fikirləşdim ki, deyəsən bizdə doğrudan da avropolaşmaya doğru addımlar atılır. Sonra məlum oldu ki, taksilərin özü yox, forması Londonun imiş. Avtomobillər Çində istehsal olunurmuş. Daha doğrusu bu maşınlar Londonvari çin taksiləri imiş...Alınan qanunauyğunluğa, oxşarlığa heyrətləndim. Avropa qiyafəli, Asiya istehsalı olan aldığımız mal necə də özümüzə bənzəyirmiş. Elə biz də avropalaşmış asiyalılar deyilikmi?..
              Dərindən düçünəndə heç demə, bizim bütün işlərimiz belədir. Bir az ordan, bir az burdan. Həm elə, həm belə...Yox, bu yarımçıqlıq deyil. Yarımçıqlıqdan çox bütövsüzlük faciəsidir. Axtarsaq bir işimiz, bir cəhətimiz yoxdur ki, orada bütövlük hökm sürsün. Baxın: Həm Avropaya aidik, həm də Asiyaya, xalqımızın bir hissəsi Arazdan o taydadır, bir hissəsi bu tayda, torpağımız da para-para...Bir azımız sünnüdür, bir qədərimiz də şiə. Həm qədimik, həm də cavan.Yarımız deyir türkəm, yarımız da israr edir ki, müsəlmanam, vəssalam... Cavanşirdən, Babəkdən danışanda qəhrəmanıq. Gəl ki, illərdir Qarabağa ayaq basa bilmirik. Savadımızla öyünürük, amma, iranlı həkimlər onlara müraciət edən xəstələrimizin çoxluğundan beziblər. Mədəniyyətimizlə qürrələnirik, küçələrimizin natəmizliyini görüncə hələ tam mədəni olmadığımızı etiraf etməli oluruq. Siyasətimizdə həm NATO ilə əməkdaşlıq edirik, həm də bloklara qoşulmuruq...Hansını deyim? Sanki, bir bütövsüzlük sindromuna mübtəla olmuşuq.
              Heç şübhəsiz, başımıza gələn bütün itkilər, məğlubiyyətlər elə bu bəlanın – bütövsüzlüyümüzün ucbatındandır. Bütövsüzlüyün həyatımıza hərtərəfli təsir göstərməsinə baxmayaraq, nə yaxşı ki, insanlarımız arasında əməli, əqidəsi, sözü, ailəsi bütöv olanlarımız hələ var. Nicatımız belə insanların artmasında, çoxluq təşkil etməsindədir. Əks halda, bir müddət sonra fəxr elədiyimiz “tolerant” (sovet dövründə “beynəlmiləl”) baxışlarımızla kimliyimizi ayırd  edə bilməyəcəyik...

Комментариев нет:

Отправить комментарий