16.07.2011

“Hicablı qadınların hüququnu hakimiyyət məhdudlaşdırır”

          Politoloq Mayis Güləliyev ilə müsahibə

     “İslamda kişilərə də geyim məhdudiyyəti qoyulub”

-Təhsil nazirliyinin qarşısında keçrilən hicab aksiyası bir neçə dəfə baş tutsa da əslində aksiyaçıların tələbləri yerinə yetmədi.
Əslində nə baş verir? Hicabın yuxarı dairələrdə bu qədər qıcıqla qarşılanmasının arxasında nə dayanır?  

-Avropanın bir çox ölkələrindən və Türkiyədən sonra islam simvollarına qarşı Azərbaycan cəmiyyətində də açıq mübarizə başladı. Bəli, Azərbaycan cəmiyyətində, yəni o cəmiyyətdə ki, əhalisinin doxsan faizindən çoxunun müsəlman olduğu etiraf edilir. Məhz o cəmiyyətdə ki, olkə prezidenti öz prezidentlik fəaliyyətinə başlayanda Konstitusiya ilə yanaşı İslam dinin müqəddəs kitabına, yəni Qurana da and içir. Maraqlıdır ki, islam dininin əsas atributlarından biri olan hicaba qarşı açıq-aşkar mübarizə “dünyavilik” pərdəsi altında aparılır.
 Hicaba qoyulan qadağaların arxasında hansı məkrli siyasətin dayandığını başa düşmək üçün  hər şeydən öncə, hicabın hansı mahiyyət daşıdığını, hicaba qoyulan qadağaların vicdan azadlığına nə dərəcədə təhdid olduğunu, kimlərin və nə üçün hicabdan qorxduqlarını, hicabın  dünyaviliyə təhlükə olub-olmadığını, milli özünəməxsusluqla hicabın bağlılığını, hicaba qadağaların qoyulması ilə qloballaşma prosesinin əlaqəsini və sair araşdırmağa çalışaq.
Azərbaycanda hicaba qarşı mübarizə öz formasına və mahiyyətinə görə digər ölkələrindəkindən xeyli fərqlənir. Belə ki, Fransada hicaba qadağanın qoyulması “ibtidai və orta məktəblərdə bütün dini  atributların qadağan edilməsi” adı altında aparılırdı. Lakin hamıya bəlli idi ki, bu qadağanın əsas məqsədi İslam dininin əsas atributlarından biri olan hicaba qarşıdır. İnsan hüquqlarına açıq-aşkar zidd olan bu qadağa Fransanın müsəlman əhalisini cəmiyyətdən təcrid etməklə bərabər, təhsil almaq imkanlarını da xeyli məhdudlaşdırırdı. Lakin Fransa hökuməti, heç olmazsa, vəziyyətdən müəyyən qədər çıxış yolu da qoyurdu. Belə ki, müsəlman məktəblərinin açılması və ya “məsafədən təhsil” imkanları müəyyən qədər saxlanılırdı.
Əhalisinin əksər hissəsinin müsəlman olduğu iddia edildiyi Azərbaycanda hicaba qadağanın qoyulması  qəribə şəraitdə baş verdi. Birincisi, bu qadağa heç bir qanunla və ya yazılı sərəncamla müşaiyət olunmadı. Təhsil naziri tərəfindən şifahi tərzdə verilən bir göstəriş yerlərdə bütün məktəb rəhbərlərini, parlamentdə isə xeyli sayda deputatları hərəkətə gətirdi. Birincilər hicablı qızları məktəbə buraxmadılar, ikincilər isə “dünyavilik” prizmasından belə hüquq pozuntusuna haqq qazandırmağa çalışdılar. Azərbaycan cəmiyyətində hicaba qoyulan qadağaya  Milli Məclis üzvləri, siyasilər və ictimai təşkilatlar tərəfindən verilən qiymətlər Azərbaycan cəmiyyətində vahid bir  ideoloji xəttin olmadığını bir daha nümayiş etdirdi.

-Fransa və Azərbaycan fərqli ölkələrdir axı.


-Doğrudur. “Dünyavilik” yolunu tutduğunu bəyan edən cəmiyyətlərdə vaxtaşırı mübahisə predmetinə çevrilən hicab nədir? Dini inanclı  insanların baş örtüyü olan hicab nə üçün Fransa və Azərbaycan kimi müxtəlif özünəməxsusluğu olan ölkələrdə hakimiyyətə qorxu yaradır?
İslamda nəinki qadınlar üçün, həm də kişilər üçün geyim məhdudiyyəti nəzərdə tutulub. Qadınlar üz və əlindən başqa bədəninin bütün hissələrini, kişilər isə  ən azı beldən dizinə qədər olan hissələri örtməlidirlər. Bu geyim formaları min dörd yüz ildir ki, insanların bir-biri ilə və ümumilikdə cəmiyyətlə münasibətini nizamlayır. Bu geyim formalarına qoyulan tələblərin əsas mahiyyəti ondan ibarətdir ki,  onlar digərlərin nəzər –diqqətini özünə cəlb etməsin və insanda özünə qarşı ciddi münasibət yaratsın. Başqa sözlə desək, ətrafdakı  insanların hüquqlarına təcavüz etməsin. Qeyd edək ki, bəşəriyyət yaranandan bu günə qədər istənilən ölkədə, istənilən cəmiyyətdə insanların geyiminə rəsmi və ya qeyri-rəsmi məhdudiyyətlər qoyulub. Belə məhdudiyyətlər özünü demokratik adlandıran istənilən ölkədə  bu gün də mövcuddur.
Pedaqoji nöqteyi-nəzərdən şagirdlərin vahid geyim formalarının müəyyənləşməsinin kökündə də məhz tədris prosesində diqqətin yayınmaması və yüksək keyfiyyətli tədrisin təmin edilməsi məqsədi durur. Başqa sözlə desək, Azərbaycan Respublikasının Təhsil Qanununun 14.10.  maddəsi ilə müəyyən edilən geyim forması tədrisin əsas məqsədinə xidmət etməlidir və tədris prosesində maraqlı tərəflərlə müzakirə edilməlidir. Qeyd edək ki, təhsil nazirinin öz müsahibələrində istinad etdiyi bu maddədə baş örtüyünə məhdudiyyət qoyan heç bir ifadə yoxdur. Belə ki, bu qanuna əsasən “...bütün təhsil muəssisələrində təhsil alanların geyim fоrmaları təhsil muəssisəsinin nizamnaməsi ilə muəyyən edilir”.

-Sizcə hicabdan niyə bu qədər qorxurlar?  

-İslamdan az-çox xəbəri olan istənilən şəxs bilir ki, müəyyən yaş həddindən sonra qızların baş örtüyündən istifadə etməsi və ya islam adətinə uyğun geyim forması seçməsi onun hüquqlarının nəinki məhdudlaşdırılması deyil, əksinə təmin edilməsidir.  Dini ainlərə ardıcıl riayət etməyən, lakin özünü müsəlman adlandıran milyonlarla qadın var ki, baş örtüyündən istifadə etmir. Lakin onların böyük əksəriyyəti, xüsusilə Azərbaycan cəmiyyətində təsdiq edə bilərlər ki, belə geyimlərin istifadə edilməsi onların hüquqlarının kişilərlə müqayisədə məhdudlaşdırılması deyil.      
Danılmaz faktdır ki, dünyanın əksər ölkələrində, xüsusilə Qərb ölkələrində, eləcə də Türkiyə və Azərbaycan kimi ölkələrdə hicablı qadınların işlə təminatında ciddi məhdudiyyətlər olduğu üçün inanclı qadınların əksər hissəsi hicabdan istifadə etmək imkanında deyillər. Başqa sözlə desək, hicab qadınların hüququnu məhdudlaşdırmır, hicablı qadınların hüququnu hakimiyyət məhdudlaşdırır.  İşlə təminatda hicablı qadınlara məhdudiyyətlərin yaradılması, təhsil müəssisələrində onların sıxışdırılması artıq adi hüquq pozuntusu çərçivəsindən çıxıb, ciddi siyasi problemə çevrilib. Bir çox ölkələrdə hicablı qadınların işlə təminatı üçün hətta ilkin interviyu mərhələsində hicabın çıxarılması tələb kimi qoyulur.
   Bütün bunlar sübut edir ki, müsəlman qadınların və qızların istifadə etdiyi hicab islam əxlaqının və dini inancın göstəricisidirsə, islam mədəniyyətinə düşmən kəsilən qüvvələr üçün siyasi və iqtisadi təzyiq vasitəsidir. Hicaba qoyulan qadağa fundamental insan hüququnun pozulması kimi cəmiyyətin eyni hüquqlu vətəndaşlarının siyasi və iqtisadi sıxışdırılmasıdır və ciddi siyasi diskriminasiyadır. Təəssüf ki, ona qoyulan qadağanın aradan qaldırılması özünü dünyavi hesab edən vətəndaşların ciddi müqaviməti ilə üzləşir. Belə bir hadisə Türkiyədə hicaba qoyulan qadağanın aradan qaldırılmasında müşayət olunmuşdu. Öz dini inanclarına görə hicab geyinən qadın və qızların vicdan azadlıqlarının simvolu öz hakimiyyətlərini itirməkdən qorxan siyasilər üçün “dini seçim”  statusundan “siyasi seçim” statusuna transformasiya edilir. Bu kimin günahıdır? Öz  dininə sadiq olan və həyatını dini inanclar əsasında quran sadə müsəlman vətəndaşların, yoxsa cəmiyyəti siyasi qarşıdurmalara sürükləməklə öz hakimiyyətini təmin etməyə cəhd göstərən  siyasi qrupların?

-Yerigəlmişkən, mətbuatımızda hicab olayına aqressiv yanaşma sərgiləndi.

-Azərbaycanın təhsil müəssisələrində hicaba qadağanın qoyulması Azərbaycan KİV-lərində də müzakirə edilməkdədir. Müsahibələrdə diqqəti cəlb edən  əsas məqam ondan ibarətdir ki, mövcud problemin nədən ibarət olduğu ciddi şəkildə gizlədilir. Başqa sözlə desək, adi vətəndaşların vicdan azadlığının kobud şəkildə pozulmasının arxasında hansı siyasi məqsədlərin dayandığı pərdələnir.  “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyir ki, orta məktəblərdə qızların hicab taxması Azərbaycanın inkişafını istəməyənlərin niyyətidir, o cümlədən xarici ölkələrin sifarişini yerinə yetirən insanların gündəmə daşıdığı məsələdir. Tənzilə xanım Azərbaycan qadınının hicabdan 100 il əvvəl qurtulduğunu deyir. Başqa sözlə desək, Tənzilə xanım elə hesab edir ki, hicab inkişafı ləngidir. Onun fikrincə, ümumiyyətlə türk qadını hicab və çadra taxmayıb və kələyağıdan baş örtüyü kimi istifadə ediblər. Mən əminəm ki, Azərbaycan məktəblərində nəinki hicaba, ümumiyyətlə hər cür baş örtüyünə, o cümlədən kəlağayıya da qadağa qoyulduğunu Tənzilə xanım bilir.
İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların bu məsələdə seyrçi mövqe tutması, bəzi hallarda isə təhsil nazirinin şifahi verdiyi göstərişi dəstəkləməsi qətiyyən başa düşülən deyil. Belə ki, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu valideynləri tərəfindən azyaşlı qızların məktəbə hicabla göndərilməsini qadın hüquqlarının pozulması kimi qiymətləndirir və deyir ki, 17 yaşına çatan qadın hicabla bağlı mövqeyini müəyyənləşdirə bilər. Çünki artıq müstəqildir. Məktəblərdə isə hicabdan istifadənin əleyhinəyəm. İslamı dərk edəndən sonra qız hicab bağlaya bilər. Həmçinin azyaşlı qıza öz istəyi olmadan hicab taxdırmaq hüquq pozuntusudur. Əgər məsələni milli və dini aspektdən yalniz hüquq aspektinə keçirsək, hüquq müdafiəçisi “hicablılığın”  məcbur edilməsini hüquq pozuntusu kimi qeyd edəndə haqlıdır. Lakin “hicabsızlığı”   tələb edəndə qətiyyən haqlı deyil. Çünki “hicabsızlığın” tələb edilməsi də eyni dərəcədə hüquq pozuntusudur.
Təəssüf edirəm ki, hicaba qarşı media hücumları dünyaviliyin müdafiəsi pərdəsi altında aparılır. Halbuki, dünyaviliyin ən əsas göstəriciləri tolerantlıq, plüralizm və insan hüquqlarına hörmətdir.

Arzu Abdulla

Комментариев нет:

Отправить комментарий