03.07.2011

Kimləri oxuyursunuz?

“Son zamanlarda müasir ədəbiyyatımızda kimləri oxuyursuz?”

Əməkdaşımız Tural Balabəylinin sorğusuna tanınmışlar cavab verir

Səbuhi Abdulayev, yazıçı, redaktor: “Kamal Abdulla, Etimad Başkeçid, Ramiz Abdullayev və s. Kamal Abdullanın personajlara yanaşma metodu çox xoşuma gəlir”.

Sevinc Pərvanə, şairə:  “Kim maraqlı yazsa, onu da oxuyuram. İndi hal-hazırda Həmid Herisçidən maraqlı bir yazı oxuyuram”.

İbrahim Sel, Professional Oxucu Liqası: “Mən Azərbaycan ədəbiyyatına (mədəni formada desək) baxmıram. Amma müasir yazarlar içində elələri peyda olub ki onları oxumamaq olmur. Məsələn Oktay Hacımusalının şeirlərini oxuyanda həzz alıram. Səlim Babullaoğlunu istirahət vaxtlarımda oxuyuram, ruhum dincəlir. Rafiq Tağının bir hekayəsi var, "Fərqanə", ömrümdə o cür ləzzətli nəsr əsəri oxumamışam. Bir İlqar Fəhmi var, tayı-bərabəri yoxdur. Var, çox olmasa da, barmaqla sayılası qədər imzalar var ki sevirəm, ruhumu oxşayır. Amma gəl daha sadalamayım, çünki birinin adını çəkirsən, o biri inciyir, narazılıq yaranır”.

Səxavət Sahil, şair: “Çalışıram hamını oxuyum. Yeni kimlər çap olunaraq yayılır onları əsas oxuyuram”.

Faiq Balabəyli, “Millətin Səsi” qəzetinin baş redaktoru, şair: “Demək olar ki hər gün oxuyuram. Əsasən də gəncləri. Yaşlı nəsildən olan yazarlardan da əlimə düşən yeni əsərlər olsa, vaxtıma heyfslənmirəm. Mənimçün ədəbiyyat normaldı. Hər hansı ədəbi cəbhənin səngərində durub digər tərəfi haqlı-haqsız topa tutmuram. Son oxuduqlarım isə bunlardı: Sevinc Pərvanənin həm “Şəhər ”i, həm də “Qadağan saatı”. Sevinc Çılğının “Alaçarpa” şeir kitabı da məni özündə saxlaya bilən kitablardandı. Kənan Hacının “Yağ kimi” və Kəramətin “Çöl” romanı içimi tərpətdi. İkincidə bəzi xırda iradlarım istisna olmaqla. Pərviz Cəbrayıl “Yad dildə” çox gözəl danışdı oxucuları ilə. Di gəl ki Əli Əkbərin “93, Tanrıların qürubu” kitabını oxudum və “əsərdəki” havasızlığa, səriştəsizliyə, vulqarizmə görə vaxtıma heyfim gəldi. Aqşini həmişə oxumuşam. Elnaz Eyvazlı, Cəlil Cavanşir, Əsəd Qaraqaplan, Cavid Zeynallı gözlədiyim imzalardı. “Köhnə qvardiyadan” Salam Sarvan, Vasif Süleyman, Həyat Şəmini sevə-sevə oxuyuram.
 Müasir Azərbaycan ədəbiyyatının son illərdə inkişaf etməyib deyənlər hələ də varsa onlara deyərdim ki, yanılırsınız. Çünki son illər ədəbiyyat əməli-başlı inkişaf edir. Yeni-yeni əsərlər meydana çıxır, istər nəsr olsun, istər poeziya. Mən son illər çıxan bütün kitabları imkanım ölçüsündə almışam, ya da almamışamsa da kimdənsə götürüb, oxuyub qaytarmışam. Bunların içində Kənan Hacının “Quşlar üçün karusel” hekayələr kitabının, Cəlil Cavanşirin “Underground sevgilər” şeirlər kitabının adlarını çəkə bilərəm”.
Tural Balabeyli
Hazırladı: Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий