16.07.2011

NƏRİMAN NƏRİMANOV VƏ AĞA MUSA NAĞIYEV

KƏNAN HACI

        “Yaddaş üçün qeydlər” silsiləsindən

  Bir dəfə hansısa sirli qüvvə məni Nəriman Nərimanovun ev muzeyinə çəkib gətirdi. Bu ziddiyyətli şəxsiyyətin həyatı, ziddiyyətli zaman sınağına düşmüş ömür möhləti məni həmişə düşündürüb.  Daş pilləkanları qalxdıqca ürəyimin döyüntüsü də qalxırdı. Ürəyimin döyüntüsü qalxdıqca da mənzil başına daha tez çatmağa can atırdım.
  Budur, sadə, mütəvazi görkəmli qapı ilə üz-üzə dayanmışam. Ehmalca qapını aralayıb içəri boylandım. İlahi, o idi! Nərimanovun özüydü ki, vardı!..
  -Buyurun, gəlin!
 Bu həmin ev idi ki, burada ona pənah gətirən xəstələri qəbul edirdi, ürəkdən bağlandığı inqilabi fəaliyyətini davam etdirirdi, əqidə-məslək dostlarıyla birgə (hərçənd, onlardan bəziləri sonralar Nərimanova dönük çıxdılar) xalqını xoş gələcəyə, səadətə aparan yolları arayırdı.
  Zamanın sərt dönümlərində N. Nərimanovun adı, şəxsiyyəti  “millətçi” donuna bürünəndə onun əsərləri də, Bakıda yaşadığı evi də bilərəkdən yaddaşlardan silinməyə başladı. Heç elə bil bu boyda nəhəng bir şəxsiyyət yerli-dibli olmayıbmış...
  Ev muzeyində məni qarşılayan isə antropoloji cizgiləri ilə eynən Nərimanova bənzəyən Loğman Hacıyev idi. Məni çaşdıran da elə bu zahiri oxşarlıq oldu. Muzey yarandığı gündən ona rəhbərlik edən bu cəfakeş insan buradakı qiymətli eksponatları dişiylə-dırnağıyla qoruyub saxlamışdı. Nərimanovun cərrahiyyə alətlərindən tutmuş çarpayısına qədər istifadə etdiyi nadir əşyaları it-bat olmaq təhlükəsindən xilas edib, axtarıb tapıb, muzeyə gətirmişdi. Dörd otaqlı muzeyin uçub-dağılmış hissələrini tam bərpa etmək üçün onun necə çarpışdığını da xatırlayıram.
  Loğman müəllim danışırdı ki, cəbhəçilərin hakimiyyəti dövründə o vaxt Bakı şəhərinin meri olmuş Rauf Gülməmmədov Bakıda yerləşmiş daimi nümayəndəliklərin işçilərinin yaşayış sahəsi ilə təmin olunması məqsədilə muzeyin 10 gün ərzində boşaldılması haqqında sərəncam imzalamışdı.
   Loğman müəllim naəlac qalıb rəhmətlik Əbülfəz Elçibəyə məktub yazmışdı ki, “xahiş edirəm muzeylərimizi xaricilərə satanlara qarşı təcili ölçü götürəsiniz!” Elçibəyin müdaxiləsindən sonra muzeyin başı üzərində dolaşan qara buludlar çəkilib getdi, təhlükə sovuşdu.
  Uzun illər Nərimanovun Tbilisidəki evində erməni yaşayıb. Sonradan deyəsən o ermənini Nərimanovun evindən çıxardılar, çox güman ki, indi həmin ev muzey statusundadır. Bakıdakı ev muzeyinin tarixçəsi haqqında geniş bir yazı yazdım, redaksiyaya xeyli sayda təşəkkür məktubları gəldi. O vaxtdan on beş il keçir. Görəsən, Nərimanovun ev muzeyi indi nə vəziyyətdədir?
   İnsan tarixə qarşı nə qədər amansız, qeyri-səmimi olursa, tarix gec-tez bunun əvəzini ondan çıxır. Bu, şübhəsizdir. Tarix sirr sevmir, çünki insanların əməlləri bir gün aşkar olur. Bu, əsasən dahilərə aiddir. Lakin onların günah və istedadını kim təyin edə bilər?!
   Uzun illərin boz-bulanıq, dumanlı-çiskinli mənəvi iqlimində bütöv bir nəslin yaddaşının aşınması tədrici olaraq keçmişimizin və o keçmişin canlı və şanlı şəxsiyyətlərinin tarixin qaranlıqlarında əriyib itməsilə nəticələndi. Sistemin bizlərə qarşı tətbiq etdiyi ən dəhşətli cəza üsullarından biri də yaddaşın repressiyası idi.
  Amma nə yaxşı ki, tarixin də öz yaddaşı var. Zamanın qara yelləri bu yaddaşdan heç nəyi qopara bilmir. Bu yaddaş sabit və gələcəyin üz tuta biləcəyi ən etibarlı mənbədir.
  Şəxsiyyəti kapitalizm, burjuaziya damğasına tuş olan, adı qadağalar sırasına düşən, müvəqqəti zaman kəsiyində nəsillərin yaddaşından silinsə də tarixin yaddaş səhifəsində əbədi həkk olunan xeyriyyəçi-mesenat, neft maqnatı Ağa Musa Nağıyev mürəkkəb və faciəli tale yaşamış, ölümündən sonra belə bu tale onun ruhunu təqib etmiş, əbədiyyət evində də öz kədərli nişanəsini qoyub getmişdi.
 1919-cu ildə 77 yaşında vəfat etmiş Ağa Musa vəsiyyət etmişdi ki, onu Kərbəlada dəfn etsinlər. Lakin ölümündən bir il əvvəl Ağa Musanın bütün var-dövləti əlindən çıxır və qohumları onun vəsiyyətini yerinə yetirə bilmirlər. Ağanı köhnə şəhər qəbristanlığında, Çəmbərəkənddə dəfn edirlər. Məzarının üstündəki baş daşı da lazımi qaydada yox, çəpəki qoyulur. Bu o deməkdi ki, cənazə əmanət kimi dəfn edilib.
   Mən o vaxt bu haqda yazı hazırlayanda o məzar demək olar ki, itib-batmaq üzrəydi, məzarın başdaşısı yarıya qədər yerə batmış, az qala görünməz olmuşdu. Məzarın müztərib görkəmi ürəyimi göyüm-göyüm göynətdi. Qayıdıb kəskin bir yazı yazdım, başlığı da bu cür qoydum:  “Ağa Musa Nağıyevin kimsəsiz məzarını soyuq küləklər döyür”
   Doğurdan da acınacaqlı bir vəziyyət idi- xalqı naminə milyonlarından keçən, öz quruluşu ilə paytaxtımızın hüsnünü bəzəyən möhtəşəm, əzəmətli “İsmailiyyə” binasını və onlarca bu kimi malikanəni şəxsi vəsaiti hesabına tikdirib Bakının memarlıq simasını zənginləşdirən bu şəxsiyyətin son dayanacaq yeri ürək parçalayan bir haldaydı. Onun Biləcəridəki məzarı kimsəsizlikdən, biganəlikdən üşüyürdü.
  Ağa Musanın şəxsiyyətinə məndə marağı onun haqqında çəkilmiş  “Yük” filmi oyatdı. Yuxarıda qeyd etdiyim kimi “Azərbaycanfilm” kinostudiyasında filmə ilk baxış keçirilərkən mən də orda iştirak edirdim. Bu filmin də başı çox bəlalar çəkdi,  “Yük” bir neçə beynəlxalq festivallara dəvət alsa da imkansızlıq ucbatından yaradıcı heyət bu dəvətlərdən imtina etmək məcburiyyətində qaldı. Həmin vaxt filmin sponsoru Mirzə Fərəcov vəfat etmişdi və film böyrü üstə qalmışdı. Bir neçə dəfə bu barədə yazılar yazdım, baş rolun ifaçısı, əməkdar artist Mirzə Ağabəylinin müsahibəsini dərc etdik. Uzun müddət film Mirzənin evində, kinolent saxlanması üçün qətiyyən əlverişli olmayan bir yerdə saxlanıldı.
 Nəhayət, ABƏŞ(Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti)-in təşkilatı dəstəyi ilə filmin Respublika Sarayında nümayişinə nail olduq.
  O yazının çapından bir müddət sonra Mirzə Ağabəyli ilə rastlaşdıq, o mənə bir məktub verdi və dedi ki, bunu Ağa Musanın nəvəsi Dilarə xanım yazıb, sənə çatacaq. Məktubu açıb oxudum, Dilarə xanımın məktubu kövrək notlar üzərində köklənmişdi. O, yazırdı ki, son 70 ildə Ağa Musa haqqında heç bir mətbu orqanda bircə yazı belə yazılmayıb. Həmin məktub indi də mənim arxivimdədir. Dilarə xanımla hərdən tədbirlərdə rastlaşırıq. Babasına indiki münasibətdən razıdır. Hər dəfə onun üzündəki məmnun ifadəni görəndə, yaxud televiziyada hər dəfə “Yük” filmi nümayiş olunanda düşünürəm ki, tarixi ədalətin bərpasında mənim də azacıq əməyim olub.  

Комментариев нет:

Отправить комментарий