08.07.2011

«Şamo Arif alnı ilə divarı dağıtmaq istəyir»

«Yazıçılar Birliyinin sədrliyinə namizədliyimi irəli sürəcəyəm»
Yazıçı-publisist Hafiz Mirzə imzasıyla çoxdan tanışam. Bəzi yazılarını öz saytından, bəzilərini ədəbi saytlardan oxumuşdum. Amma ilk dəfə diqqətimi ATV-nin aparıcısı Elçin Əlibəyli ilə qalmaqalı çəkdi. Bəziləri kimi studiyada ələ salınmağına imkan verməyən Hafiz Mirzənin mövqeyi bəzilərini qane etməsə də, zaman onun haqlı olduğunu sübut elədi. Daha sonra yazıçı həmkarımın “Son və başlanğıc” adlı romanının çap olunması diqqətimi çəkdi. Romanın maraqlı xüsusiyyətləri, ədəbiyyatımızda bir ilk olması əsl hadisə idi. Üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti haqqında obyektiv tənqidi məqalələr yazmaqla bəzilərinin “keyfinə soğan doğrayan”, hazırda Lənkəranda yaşayan həmkarım müsahibə təklifimi razılıqla qarşıladı. Xülasə, dəyərli oxucularımızı daha bir maraqlı müsahibə ilə baş-başa buraxıram. Buyurun, tanış olun: yazıçı-publisist Hafiz Mirzə!
- Hafiz Mirzə imzası ədəbiyyatda nə vaxtdan görünməyə başlayıb? Bu imzanın sahibi kimi şöhrətindən razısınızmı? 
- İlk məqalələrim 1982-ci ildən Lənkəranın “Leninçi”, sonra “Lənkəran”, daha sonra isə “Mədəniyyət” qəzetindən başlayaraq, indiyə kimi 38 adda qəzet və jurnalda dərc olunub. Dərc olunmuş iri həcmli publisistik yazılarımın (ən kiçiyi 10 min işarəlik) sayı 400-ə yaxınlaşır. 300-dən çoxu www.hafizmirza.com adlı saytımda yer alıb. Ən çox “Olaylar” qəzetində dərc olunmuşam. Axı həm də “Olaylar”ın cənub bürosunun rəhbəriyəm. İnformasiyaları saymıram, həftəyə ən azı 2 böyük məqalə verirəm. Yəni boğaza kimi publisistikanın içindəyəm. Povestlərdən ibarət “Əbədi məhəbbət nağılı” adlı ilk kitabım çox gec – 1997-də nəşr olunub. Halbuki, 10-11 yaşından şeir yazırdım. Bəlkə də məşhurluğa can atsaydım, indi tamam başqa bir vəziyyət yaranardı. Bunsuz da heç vaxt öz imzamı şöhrətli hesab etməmişəm. Mənim dini inancım şöhrətbazlığı təkəbbür və lovğalıq əlaməti olaraq günah hesab edirəm. Lovğalığın yeri yoxdur; verən Allahdır, Ona naxoş gedər. Məni düşüncələrimin ictimai şüura daxil olması daha çox maraqlandırır. Buna nail ola bilirəmsə, bəsimdir.
- Yazıçılıq sizə nə qazandırıb, nə itirmisiniz? 
- Mən yazıçılığın adama nəsə qazandıracağı barəsində heç düşünməmişəm. Əgər söhbət şöhrətdən gedirsə, onu yuxarıdakı cavabla ortadan götürdük. Qalır maddi rifah. Bu isə olmayıb və olacağını da düşünmürəm. Əksinə, bəlkə də məndən çox şey alıb. Enerjimi, ağlımı, bacarığımı biznesə həsr etsəydim, əminəm ki, indiyə orta səviyyəli biznesden yuxarıda mövqe tuta bilərdim. Pulumu verib 7 kitab nəşr etdirmişəm. 95%-ni sata bilmişəm. İndi düşünəndə görürəm ki, yazıçılıq mənim vaxtımı, enerjimi, sağlamlığımı alıb. Yeni çıxan hər kitabım, aldığım mükafatlar, dərc olunan məqalələr mənə çoxlu bədxah qazandırıb. 2 dəfə rəsmən təqdim olunsam da, sevinirəm ki, fəxri ada layiq görülməmişəm. Yoxsa paxıllığından həyatını itirənlər olardı. Bütün bunlara rəğmən, mən yazıçı olmağımdan, yaradıcılıqla məşğulluqdan çox məmnunam. Mən bu işdən həzz alıram! Yaradıcılıq İlahi keyfiyyətlərdəndir. Deməli, Allahın daha çox nəzərləri altındayam! Bundan böyük qazanc?!
- Paytaxt ədəbi mühitindən uzaq olmaq yaradıcılığınıza təsir edirmi? 
- Nə paytaxtda, nə də əyalətdə qaynar ədəbi mühit hiss eləmirəm. Sadəcə, qruplaşmalar var. AYB-nin Lənkəran bölməsinə tez-tez gedirəm. Ona görə ki, bölmənin rəhbəri, şair İltifat Salehlə aramızda 25 il yaş fərqi olsa da, dostuq. Digər yazarlara nədəsə faydalı ola biləcəyimi düşünürəm. Kitablarını, yazılarını redaktə edirəm, ruh verirəm… Paytaxtdan çox uzaq olduğumu düşünmürəm. Məsafə cəhətdən 4 saatlıq yolun başındayam. Müəyyən intellekt və həyatın sürət fərqi var. Gərək cümə axşamlarından birində kompyuteri icad edənlərin ölənləri üçün “Yasin” oxutduram – müsəlman olmasalar da. İnternet paytaxt-əyalət fərqini minimuma endirir. Bu da mənim üçün yetərlidir. Bir dəfə düşündüm ki, Bakıda yaşasaydım, bu yazdıqlarımı ərsəyə gətirə bilməzdim. Gənclikdə Bakıya daha çox bağlı idim, indi Bakıdan daha stimul ala bilmirəm. Bakı ögeyləşib, Bakını xırda biznes təfəkkürü israf edib. Lənkərana çox bağlıyam! Lənkəranı dəlicəsinə sevirəm!
- Son dövrlər ədəbiyyatımızdakı mənzərə əyalətdən necə görünür? 
- Mən ədəbiyyatımıza əyalətdən baxdığımı düşünmürəm. Ona onun içindən baxdığımın fərqindəyəm. Deməzdim ki, burada möhtəşəm işlər görülür. Əsas odur ki, son 3 ildə ədəbiyyatımız durğunluqdan qurtula bildi. Artıq üzü inkişafa doğrudur. Təkcə son ildə nə qədər roman yazılıb! Bunların 5-i pis olar, 10-u pis olar, hamısı pis olmaz ki! Arasından çox gözəl əsərlər də çıxacaq!
- Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Qarşıdan gələn qurultayda sədrliyə namizəd olacağı gözlənilən şəxslər arasından kimə dəstək verəcəksiniz? 
- Təkcə AYB-nin yox, həm də jurnalistlər Birliyinin üzvüyəm. Hələ bələdiyyə üzvü olmağım da var. Qurultayda Anar müəllim namizədliyini versə, ona, o verməsə ,Yunus Oğuza, Yunus bəy də verməsə, öz namizədliyimi irəli sürəcəyəm və özümə səs verəcəyəm! Allah xatirinə, bunu qeyri-təvazökarlıq hesab etməyin, sadəcə, AYB və hər bir yazar üçün böyük işlər görə biləcəyimə tam əminəm. Başqa istənilən namizədlə debata çıxmağa indidən hazıram. Bununla bağlı vaxtı ilə “Reytinq” və “Olaylar” qəzetlərində konsepsiyalarım dərc olunub. Yeni sədr kim seçilsə, yeni konsepsiyalarımı ona bağışlayacam.
- Şamo Arif (Süleyman Rəhimovun oğlu) bu yaxınlarda yazıçı Anarı və onun valideynlərini kulis.az saytına verdiyi müsahibədə ciddi tənqid edib. Bundan sonra bəzi yazıçılarımız Anarın müdafiəsinə qalxıb. Bu olaya münasibətiniz necədir? 
- Mən daha çox Şamo Arifin yerinə utanıram. Adam alnı ilə divarı dağıtmaq istəyir. Hər dəfə qurultayqabağı işə düşür, Anara və onun valideynlərinə qarşı hücuma keçir. Hər dəfə də Anarın dostları onun atası Süleyman Rəhimovun yeni-yeni zibillərini ortaya çıxardırlar. Həm də Anara yaltaqlananlar daha çoxdur axı. Əgər AYB-nin sədri Şamo Arif olsaydı, əks mənzərə yaranacaqdı. Mən belə qonşu davalarında uçastkovının şahid kimi məntəqəyə çağıracağı qonşulardan olmaq istəməzdim. Təkcə onu deyə bilərəm ki, bunlar bir-birlərini rüsvay etdikcə tarix bir o qədər saflaşır. Heç nə unudulmur, heç kəs heç vaxt yaddan çıxmır. Hər kəs öz layiq olduğu cavabı gec-tez alır – hətta həyatdan köçmüşsə də. Belə cılız intriqalara, paxıllığa, xəbisliyə görə də Nizamini yetirmiş Azərbaycan Ədəbiyyatı 70 ildə Mixail Şoloxov, Nodar Dumbadze, Çingiz Aytmatov səviyyəsində də dahi yetişdirə bilmədi.
Cəlil CAVANŞİR          merkez.az                                                               Yazının II hissəsi

Комментариев нет:

Отправить комментарий