08.07.2011

“Rəbiyyət Aslanova ilə Rəşad Məcid kimi aldadır?”

Faiq Balabəyli: “Zəlimxan Yaqubu müxalifət qəzetlərində söyən köşə yazarları pulları olmayanda ondan pul alırlar”

Müsahibim şair Faiq Balabəylidir. Həmkarlarının çoxundan fərqli olaraq, o, daha obyektiv danışmağı bacarır.


“Rəşad Məcid namizədliyini versə, mən ona səs verməyəcəm”

-Bu gün ən çox dartışılan mövzu Milli Kitab Müsabiqəsidir?
-Milli Kitab Müsabiqəsi, yaxud başqa bütün müsabiqələri yalnız alqışlamaq lazımdır. Söz yox, müsabiqələrdə çox hallarda münsiflərdə qruplaşma, qərəzli yanaşma, şəxsi münasibətə görə qiymətləndirmə olur.
O ki qaldı MKM-də Pərvizin “Yad dildə”sinin yer tutmasına, bu mənim ürəyimcə oldu. Çünki Pərviz bundan da artıq mükafatlara layiqdir. Çox təəssüf ki, münsiflərin tərkibində olan AYB katibinin müsabiqəni qeyri obyektivlikdə qınaması çox gülünc idi. Hətta katib Çingiz Abdullayev bir fikir işlətdi ki, Pərviz Yazıçılar Birliyini bəyənmir. Yazıçılar Birliyinin yüzlərlə üzvü var ki Pərviz onların əksəriyyətindən yaxşı yazıçıdır. Belə yanaçanda guya onların hamısı yazıçıdır? Yox, yazıçı deyil. Rəşad Məcidin, Rəbiyyət Aslanovanın müsabiqənin münsiflər heyətini tərk etməsinə gəlincə, dəqiq bilirəm ki, onlar yarışmaya verilən bütün əsərləri oxumayıblar.
Elə Rəbiyyət Aslanova münsiflərdən uzaqlaşanda bunu etiraf etdi.
Məndə olan məlumata görə Rəbiyyət Aslanova əsərlərə qiymət verib. Əgər oxumayıbsa, oxumadığı əsərə necə qiymət verir Rəbiyyət? Kimi aldadır bu adamlar?

-Yazıçılar Birliyinin növbəti qurultayı gəlir qarşıdan. Siz bu qurultaydan şəffaf seçim göləyirsiz?
- Ümumiyyətlə, Azərbaycanda indiyə qədər heç bir sahədə şəffaf seçim olmayıb. Yəqin ki, bu dəfəki seçim də şəffaf olmayacaq. Amma müqayisə edəndə daha çox kim layiqdirsə, o da yerini tapacaq. Mən elə başa düşürəm ki, qurultaydakı gözləntilər bütün Bakı ictimaiyyətinin bu gün gözlədiyi olmayacaq.

-Deyirlər Anara mükafat verilibsə, deməli onu kürsüsündən uzaqlaşdıracaqlar.
-Hə də indi də belə deyəcəklər adamı incik salmırlar, mükafat verirlər ki, işdən çıxaranda küsməsin. Görəsən desəydilər ki Anar bu mükafata ən layiqlisi idi, onda hansı sifarişçinin öıtrinə dəyərdi. Amma mən Anarın vəzifəsində qalmasını istəyirəm.

-Artıq Anar 15 ildir sədr postundadır. Siz fikirləşirsiniz ki, bu ölkədə Anar səviyədə yazar yoxdur.
-Əlbəttə, məcburi şəkildə Anar müəllimi tutub sədr kürsüsündə oturtmaq fikrim yoxdur. Sadəcə özü bunu ürəkdən istəyərsə, mütləq Anara səs verəcəm. Bir də ki, AYB sədrliyinə Anardan başqa namizəd yoxdur axı. Hələ heç kəs bu yerə iddialı olduğunu dilə gətirmir. Ürəklərindən keçirə bilərlər, amma dilə gətirib qəzəbə gəlmək istəməzlər.

-Deyilənlərə görə şair Qəşəm Nəcəfzadə də Anarın yerinə namizədlərdən biridir. Siz seçki zamanı Qəşəmə səs verərsiz?
-Hələlik konkret namizəd yoxdur. Kimsə Rəşad Məcidi, kimsə Qəşəm Nəcəfzadəni arzulayır.

-Bəs Rəşad Məcidin namizədliyinə necə baxırsız?
-Yox, Rəşad Məcid namizədliyini yəqin ki verməz. Versə, mən ona səs verməyəcəm. Mən Rəşad Məcidi Yazıçılar Birliyinin sədri postunda görmürəm. Onsuzda onun işi çoxdur, xeyli işləri, vəzifələri var. Özü də gərəkli işlərlə məşğul olur. Onu da deyim ki, AYB sədri olmaq indiki durumda elə də çətin deyil.

-Gəlin açıq etiraf edək ki, Qəşəm Nəcəfzadə çox səmimi şairdir. Məsələn, onun bir şeiri var deyir, “Şuşam getdi, bir balam var, dinmədim. Mənim kimi balan ölsün, ay vətən! Axı Anar ömründə heç vaxt belə səmimi etiraf etməyib.
-Anarın nəyi etiraf edib etməməsi birliyin sədri postunu tutmasına mane olmur. Bir də yəqin ona görə ki, Anarın oğlunun hərbi çağırışı zamanı müharibə getmə yaşi coxdan arxada qalmışdı, oğlunu müharibədə itirmək təhlükəsi yox idi və o rahat idi. Ölkədə generallar və daha böyük səlahiyyət sahibləri var ki övladlarını hırbi xidmətdən yayındırır. O ki qaldıQəşəmə,  əgər sədr olmağı arzulayırsa, niyə də olmasın. Əslində Qəşəm “Pərvanə” Ədəbi Birliyinə rəhbərlik edir, bu məclis də əbəbiyyatda müəyyən qədər hay-küyə səbəb olub.

“Zəlimxan Yaqub bir yazara torpaq sahəsi aldı”

-Azərbaycan ziyalısıının bugünkü siması kimdir? Ümumiyyətlə, Azərbaycanda ziyalı varmı bu gün?
-Ziyalı dedikdə həmişə gözümün qabağına “Bizim Cəbiş müəllim” filmindəki Cəbiş müəllim gəlir. Ziyalı təkcə özünü düşünməməli, xalqına, vətəninə yanmalıdır. İndi də belədir, əgər sıramızda beləsi varsa mütləq lağa qoyulacaq, zəmanə ilə ayaqlaşmadığına görə ittiham olunacaq.
İndi vəzifə başında oturanların  hamsında daha çox qapmaq, daha çox yiyələnmək həvəsi var. Onu da deyim ki, mən həbs olunanda Anar, Çingiz Abdullayev, Sabir Rüstəmxanlı, Aqil Abbas etiraz etmişdilər.. Amma onlar başqa jurnalistlər həbs olunanda münasibət bildirməyiblərsə bunlara onların haqqı kimi baxmaq lazımdır.   Amma bu ölkəyə qat- qat çox zərər vuran mənsəb sahibləri var. Onlara niyə etiraz etmirlər? Anarın üstünə çirkab atanların arasında elələri var ki, hansısa məmurun puluna göz dikib onun qəzetini çıxarır. Və ya kimsə Nazim İbrahimovun əlinin altındadır, onu müdafiə edir qəzetində. Özlərini müxalifət cəbhəsində görsə də iqtidarın bığının altından keçənlər də çoxdur.

-Bu yaxınlarda Pir Sultan Abdal haqqında yazırdım deyə, bu Ozanı daha dərindən araşdırdım və heyran qaldım. Bizdə isə aşıq deyəndə adamın gözünün qabağına yekəqarın, işi-peşəsi sazını dınqıldadıb qadınlara tərif deyən buxarı papaqlı kimsə və ya dilindən şah tərifi düşməyən Zəlimxan Yaqub gəlir. 
-Zəlimxan Yaqub bir şair kimi, aşıq kimi təbi olan adamdır.

-Yox söhbət təbdən getmir e. Niyə bizdə aşıq şairlər daha çox özünü xalqa deyil, saraya sevdirmək istəyirlər?    
-Siz niyə elə başa düşürsüz ki, Zəlimxan Yaqubu ancaq saray sevir, xalqın arasında sevən yoxdur.

-Yox, Zəlimxanı ümumi götürdüm.
-Elə mən də konkretləşdirib deyirəm. Zəlimxan Yaqub Heydər Əliyevə “Allahım sən mənə ağsaqqalal yetir” şeirini yazandan sonra çoxlarının guya ona aqressiyası artıb. Bu Zəlimxan Yaqubun seçimidir.
Onun”böyüklərin” yanında sözü keçir, “kiçiklərin” yanında da isə dayanmağa üzü var – bəzən ondan söz düşəndə belə deyirlər. Amma mən bilirəm ki, Zəlimxanı müxalifət qəzetlərində söyən köşə yazarları pulları olmayanda Zəlimxan Yaqubdan pul alırlar. Sabah da pisləyirlər. Amma o yenə də zəng edib demir ki, verdiyim pulum gözündən gəlsin.
Zəlimxan elə yazıçı  var ki, gedib Səbail rayonun icra başçısından ona torpaq sahəsi alıb, o, adam indi orda ev də tikib, özü də yaşayır, Yazısına görə adamı tutub başını tualetə soxduran məmur haqqında yazmağa qorxanlar niyə ancaq Zəlimxan Yaqubun üstünə düşür. Anarın “bağrını çartdadır” Niyə hamı ağsaqqal söz adamlarını kəsib doğrayır, onlardan danışır?  Bəlkə doğrudan da əmindilər ki bu adamlar onları döydürməz, həbs etdirməz, təhqir etdirməzlər,

“Nyu-York Times” qəzeti mənim “Yeni xəbər qəzetimə istinadən yazılar dərc edirdi”

-Hərdən mənə elə gəlir ki, ədəbiyyatımız da monopoliyadadır. Bu ölkədə AYB-ə qəbul edilməyən uşaq yazarı Aygün Bünyadzadə Türkiyədə Astrlinq Lindrlinq adına beynəlxalq mükafata layiq görüldü. Axı Azərbaycanda uşaq yazarına çox böyük ehtiyac var. Üstəlik, AYB-in uşaq bölməsinin rəhbəri ömüründə bir uşaq yazısı yazmayan Qəşəm Nəcəfzadədir.

-Bu ölkədə nəyə qiymət verilir ki? Azərbaycanda irəli getmək, tanınmaq, layiq olduğun qiyməti almaq mümkün deyil. Aygün bu ölkədən gedəndən sonra ailə də qurdu, beynəlxalq mükafat da aldı.
Bizdə ancaq ölkəni, milləti söyənlər irəli gedir. Azərbaycanda bütün sahələrdə quruplaşmalar var, eləcə də ədəbiyyatda. Bu quruplar bir-birinin kitabını oxuyur, tərifləyir, təbliğ edir. Başqasının kitabının üzünü açmasa da elə qərəzlə yanaşır, elə lənətləyir ki. Öldür belə adamı mənim kitabımın bir vərəqini oxumaz. Amma söz düşəndə deyir ki, filankəs nə bilir yazmağı. Axı oxumadığın bir yazarın əsəri haqqında neçə fikir yürütmək olar. Bu sadəcə qərəzdir, tənqid deyil. Ancaq araq, yol yoldaşı olanlar bir-birini şişirdir. Azərbaycanda Tehran Əlişanoğlundan obyektiv tənqidçi görmədim.

-Bəs “obyektiv” tənqidçilərimiz yaxın günlərdə sizin hansı əsərlərnizi oxuyacaq?
-“Lənətlənmiş həyat” povestim “Proloq” qəzetində hissə-hissə getdi. “Ulduz jurnalında bütünlüklə dərc olundu”Yaxınlarda əlavə iki povestim çap olunacaq.

-Siz eyni zamanda məhbus həyatı yaşamısınız. Türmə həyatınızı kitaba köçürmək fikiriniz yoxdur ki?
-Türmədə gündə yazı yazsam da konkret gündəlik yazmırdım. Türmə həyatı ilə bağlı “Burda darıxmaq olmaz” kitabım işıq üzü gördü.

-Bəs fəaliyyəti dayandırılmış qəzetinizin gələcəyi necə olacaq?
-Qəzetin nəşrini maliyyələşdirən olmadığı üçün hələ ki, belə bir fikirim yoxdur. Bizdə qəzetə sponsorluq edənlər özlərini çox yuxarıdan aparırlar, qəzetçilikdən başları çıxmasa da qəzetin bütün fəaliyyətinə müdaxilə edirlər. Sənin adın baş redaktor olsa da əslində sponsorun əlində oyuncağa dönürsən. Bu gün adını müxalifət-müstəqil qoyan qəzetlərin çoxunda vəziyyət belədir. Mən Azərbaycanda heç kimə söykənməyən üç min beş yüz tirajla həftəlik qəzet buraxırdım. Dünyanın müxtəlif telekanallarına qəzetmizlə bağlı müsahibələr verdim. “Nyu-York Times” qəzeti mənim qəzetimə “Yeni xəbər”ə istinadən yazılar dərc edirdi. Söz yox, bu dünyaca ünlü qəzet bizim mətbuata hərdən istinad edir. Bu gün Azərbaycanda minlərlə qəzet çıxır. Amma “Nyu-York Times” qəzeti ilk dəfə mənim qəzetmin yazısını bütünlüklə, olduğu kimi çap elədi. İndi “Millətin səsi” qəzetinin baş redaktoruyam. Nə zaman imkanım olsa bu qəzetin fəaliyyətinə yenidən başlayacam.

-Qəzetiniz ancaq maddi imkansızlıqdan fəaliyyətini dayandırıb?
-Yox. Eyni zamanda qızım ali məktəbə hazırlaşır. Onun hazırlaşmasına kömək edirəm. Bütün vaxtımı qızıma həsr edirəm. Görək, inşallah işlərim yoluna düşəndən sonra qəzetin çapını da bərpa edəcəm.

  Arzu Abdulla 

Комментариев нет:

Отправить комментарий