Hə...deyəsən mən ölmüşəm axı. Dostlar, tanışlar yığışıb həyətimizdəki xeyir-şər evində yeddimi verirlər. Çox təəssüf ki, mən bu məclisdə iştirak edə bilmirəm. Bəlkə də sağ olsaydım heç zaman məni bu qədər yada salmazdılar. Dirilər diriləri ölümündən sonra axtarırsa daha çox gecdir. İndi camaatın gözündə yaş görsəm də mənim üçün heç bir dəxli yoxdur. Hətta valideynlərimin göz yaşlarına belə etinasızam. Çünki mən əzab dolu bir dünyadan, maddiyyatdan ayrılmış, çəkisizlikdə, rəngsizlikdə yaşayan bir ruham. Bütün bunlar mənim üçün olduqca əlverişlidir. Ona görə əlverişlidir ki, indi mən tam sərbəstəm. Ona görə sərbəstəm ki, daha nə ailə qayğıları, nə iş problemləri düşünürəm. Məni heç nə maraqlandırmır, bir şeydən savayı. Onun da adı hələ o dünyada olarkən hər an məni izləyən, qəlbimi alovlandıran, sönməz bir ehtirasımdı və bu ehtirasın adı yazmaqdı. Hə yazmaq , daxilimi boşaltmaq. Bacara bildiyim qədər içimdəki sarsıntıları, acıları çölə püskürmək.
Nə isə, məqsədim yasım və ölümümü təsvir etmək yox, ruhumun ölümdən sonrakı halı ilə bağlıdır. Yuxarıda yazmaq ehtirasımın gücündən dedim, indi də ölümümün yeddisi günü ruhumun başına gələnlərindən danışmaq istəyirəm.
Əvvəl ruhum xeyir-şər məclisini dolaşıb dirilərin mənsizliyini müşahidə etmək istədi. Təbii ki, heç kəs məni görmürdü, görə də bilməzdi axı mən var ola-ola yoxdum, yoxdum deyəndə də düz çıxmır vardım, amma onlara görə yoxdum desəm daha yerinə düşər. İnsanalrın məclisdə oturub nə danışdıqlarını dinləmək istədim öncə. Haqqımda yaxşı danışanlar da, pis danışanlar da oldu. Qonşumuz Əli dayı digər tanışlara: “ Rəhmətlik cavan getdi, olduqca yaxşı insan idi. Bir kimsəyə pislik etməz, bir kimsədən də qeybət etməzdi. Pisliyə qarşılıq yaxşılıqla cavab verərdi. Qədərindən artıq sadə idi, utancaqlığını demirəm hələ”. Bu sözləri eşidən ruhum Əli dayıya sonsuz minnətdarlığını elədi, təəssüf ki, o bunalrı eşitməyəcəkdi, çünki yaradan bunu öz sirri olduğundan kimsəyə bildirməmişdi, hətta öz sevgili dostu peyğəmbərinə də. Məclis davam edir, yavaş-yavaş söhbətlərin mövzusu da dəyişirdi. Hərə öz dərdindən, işindən-gücündən danışmağa başlamışdı. Başda əyləşən molla da elə hey danışırdı. Çox zaman danışığını dinləmirdilər də. Hərə öz hayında idi. Heç on dəqidə olmazdı ki, buradan çıxıb öz əvvəlki evimə getmək istədim. O evdən ki, yeddi gün öncə cənazəmi götürmüşdülər və məni son mənzilə yola salmışdılar. Əslində məni yox, mənə aid olmayan cismimi götürmüşdülər, ruhum öz yerində idi. Anam-atam ağlayıdrı, ancaq mən bunun günah olduğunu düşünürdüm o zaman. Qışqıra bilsəydim susmaqlarını deyərdim. Evimizə qapının düz yanına çatanda ağlaş səslərindən qulağım demirəm, axı artıq cismim yoxdu, ruhum titrədi. Bir balasını itirən anam yerə-göyə sığmırdı. Düzü ən çox anama acıdım. İki mənada acıdım ona. Birincisi ayrılıqdan yandığı üçün. İkincisi mənim indiki dünyada xoşbəxtliyimdən xəbərsiz olduğu üçün. “Mən indiki dünyada necə də xoşbəxtəm” demək istədim anama, ancaq nə fayda səylərim nəticəsiz qalacaqdı.Axı mən sadəcə ruhdum. Dili, ağızı olmayan, fəqət zamansızlığa, məkansızlığa malik olan bir ruh. O ruh ki, insanı insan edən sirli bir varlıq. Yavaş-yavaş dəhlizdən keçib mətbəxə daxil olarkən ruhum bilgisayarımı gördü. Sevə-sevə işlətdiyim, əzizlədiyim o cismani cihazı. Bilgisayarı açıb ora öz düşüncələrimi yazmaq istədim. Sonra bunun mümkünsüz olacağını düşündüm, amma bütün enerjimi yığıb onu aça biləcəyimi də unutmadım. Elə bu dəmdə evdəkilərin aşağı düşəcəklərini eşitdim. Əlimə fürsət düşmüşdü və bu fürsəti dəyərləndirə bilməsəm o zaman günahkar özüm olacaqdım. Az sonra ev dirilərdən tamamilə boşaldı və mən ruhumla tək qaldım. Bilgisayarı açmaq üçün bütün enerjimi topladım və istəyimə nail olduqdan sonra olduqca sevindim. Axı düşünəcəklərim itməyəcək yenidən yazılacaqdı və sonradan bilgisayarı açan zaman yazdıqlarımı görəcəkdilər, oxuyacaqdılar. Demək mən bir yazar olaraq hələ də yazmaq qabiliyyətimi itirmədiyimi dirilərə sübut edəcəkdim.”Word” proqramını açdıqdan sonra ilk işim düşüncələrimi toparlamaq oldu və az bir zaman ərzində onları yazmağa nail oldum. Bundan sonrakılar “Bir ruhun yazdıqları” adı altında dünyaya yayılacaq, bəlkə də milyonların marağına səbəb olacaq, elmdə yeni bir dönəmin başlanğıcına gətirib çıxaracaqdı.
¯¯¯
Комментариев нет:
Отправить комментарий