Oqtay Qasımov: “4 iyun qiyamı AMİP-in və onun liderinin üzərində tarixi ləkədir”
“Plan belə idi ki, Etibar Məmmədov Əbülfəz Elçibəyi Bakıya gəlməyə, sonra isə istefa ərizəsi yazmağa razı salır. Bunun ardınca prezident iqamətgahına hücum təşkil edilir, prezident qətlə yetirilir...”
Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov “Bizim Yol” qəzetinə müsahibəsində 1993-cü ilin iyun hadisələri haqqında danışıb. AMİP lideri bildirib ki, Heydər Əliyev, Rəsul Quliyev və o, iyunun 17-də axşam saat 10-na qədər prezident Əbülfəz Elçibəyin kabinetində olublar. Həmin görüşdə Əbülfəz Elçibəy Bakını tərk edəcəyi haqqında onlara heç nə deməyibmiş: “Biz prezidentlə görüşdən çıxıb o zaman baş nazirin müavini olan Rəsul Quliyevin otağına gəldik. Sonra Vaqif Axundov zəng edib məlum hadisə haqqında xəbər verdi. Bizə bildirdi ki, Heydər Əliyev bizi gözləyir. Rəsul Quliyevlə Cəlal Əliyevin evinə getdik. Çünki o zaman Heydər Əliyev Cəlal Əliyevin evində yaşayırdı. Heydər Əliyev əsəbi şəkildə bizə bildirdi ki, Elçibəy Bakını tərk edib”.