XALQ
YARADICILIĞININ CƏFAKEŞ TƏDQİQATÇISI
Məhəmmədəli Əkbər oğlu Fərzanə
(fərzanə çox bilikli, məlumatlı, savadlı deməkdir-E.F.) belə ağır
bir zamanda – 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində, çoxuşaqlı
əməkçi ailəsində dünyaya gəlib... O, ilk təhsilini fars dilində alıb.
Mədrəsədə oxuduğu illərdə ana dilində oxumağa və yazmağa da həvəs göstərib.
Xüsusən, XVII yüzillikdə yaşamış Əlican Qövsi Təbrizinin yaradıcılığına böyük
maraq göstərib. Gənclik illərində hətta “Qövsi” təxəllüsü ilə şeirlər də
yazmağa başlayıb. Daha sonra Təbriz Universitetindəki pedaqoji kurslarda
təhsilini fars dilində davam etdirib.
Lap gənc yaşlarından həyatda və sənətdə tutduğu çox önəmli mövqeyilə təsdiqləyib ki, onun simasında öz səsi, nəfəsi, sözü ilə sənət dünyasındakı qələmdaşları arasında seçilən, dönməz əqidəyə malik daha bir Azərbaycan türkü dünyaya göz açıb. Və ulu yaradan tərəfindən seçilən bu gənc elə gəncəcik yaşlarından həmvətənlərinin dözülməz təqib və zindanlarla müşayiət olunan məhbəs həyatı yaşamasının şahidi olub. Ana dilində çap olunmuş kitab, jurnal və qəzetlərin tonqallarda yandırıldığını, məktəblərdə, iş yerlərində, küçələrdə, meydanlarda, məclislərdə və s. ictimai yerlərdə Azərbaycan türkcəsində danışmağın belə yasaqlandığını, dillərə qıfıl vurulduğunu görüb... Bütün bu məhrumiyyətlər, milli aşağılanmalar, basqılar onun həyat, yaşamaq, millətinə, xalqına yararlı olmaq, gərəkli xidmətlər göstərmək eşqilə tutuşub yanan ürəyində doğma torpağına, ana dilinə və bu dildə ulularımızın yaratdığı möhtəşəm bir ədəbiyyata, böyük söz xəzinəsinə dərin sevgi ocağı çatıb. Ancaq doğma dilində məktəb təhsili ala bilməsə də, ata ocağı, Çobanilər nəslindən olan sinədəftər anasının layla və oxşamaları, əfsanə, nağıl və dastanları onun ilk məktəbi, yaradıcılığının ilham qaynağı olub. Özünün söylədiyinə görə, anası elm və təhsildən, məktəb və kitablardan uzaq bir kənd qızı olduğu halda, sinəsi sanki zəngin xəzinə idi. Xalq dastanlarını, əfsanə və nağılları, xalq mahnılarını, lətifə və tapmacaları ürəyəyatan, tutumlu səslə, avazla övladlarına söyləyən bu cəfakeş insan heç özü də bilmədən onların dünyagörüşünü formalaşdırır, ana dili, folklor və şifahi xalq inciləri ruhunda kökləyirdi... Mənəvi dünyasının zənginliyinə və bu zənginliyin açdığı cığırla gedərək həyatda, ədəbi aləmdə önəmli mövqe tutmasına görə anasına son nəfəsinədək minnətdar olan Məhəmmədəli Fərzanə bu fədakar insanı şükranlıq duyğusu ilə xatırlayaraq yazırdı: –Anam ağır yaşayışımızdan, çətin gün-güzərandan bəzən bezikərdi. Bu üzüntüləri oxuduğu bayatı, ağı, xalq mahnılarına da çökərdi... Biz onun kədərli səslə oxuduğu belə nəğmə və bayatıları kənddə yaşayan qohum-əqrəbasından, ailə üzvlərindən gözlənilməz, qəfil xəbərlər alanda da eşidərdik. Bəzən ondan soruşardım ki, bu qədər sözü-söhbəti sən haradan, kimdən öyrənmisən? Mənalı-mənalı baxar və deyərdi:
Lap gənc yaşlarından həyatda və sənətdə tutduğu çox önəmli mövqeyilə təsdiqləyib ki, onun simasında öz səsi, nəfəsi, sözü ilə sənət dünyasındakı qələmdaşları arasında seçilən, dönməz əqidəyə malik daha bir Azərbaycan türkü dünyaya göz açıb. Və ulu yaradan tərəfindən seçilən bu gənc elə gəncəcik yaşlarından həmvətənlərinin dözülməz təqib və zindanlarla müşayiət olunan məhbəs həyatı yaşamasının şahidi olub. Ana dilində çap olunmuş kitab, jurnal və qəzetlərin tonqallarda yandırıldığını, məktəblərdə, iş yerlərində, küçələrdə, meydanlarda, məclislərdə və s. ictimai yerlərdə Azərbaycan türkcəsində danışmağın belə yasaqlandığını, dillərə qıfıl vurulduğunu görüb... Bütün bu məhrumiyyətlər, milli aşağılanmalar, basqılar onun həyat, yaşamaq, millətinə, xalqına yararlı olmaq, gərəkli xidmətlər göstərmək eşqilə tutuşub yanan ürəyində doğma torpağına, ana dilinə və bu dildə ulularımızın yaratdığı möhtəşəm bir ədəbiyyata, böyük söz xəzinəsinə dərin sevgi ocağı çatıb. Ancaq doğma dilində məktəb təhsili ala bilməsə də, ata ocağı, Çobanilər nəslindən olan sinədəftər anasının layla və oxşamaları, əfsanə, nağıl və dastanları onun ilk məktəbi, yaradıcılığının ilham qaynağı olub. Özünün söylədiyinə görə, anası elm və təhsildən, məktəb və kitablardan uzaq bir kənd qızı olduğu halda, sinəsi sanki zəngin xəzinə idi. Xalq dastanlarını, əfsanə və nağılları, xalq mahnılarını, lətifə və tapmacaları ürəyəyatan, tutumlu səslə, avazla övladlarına söyləyən bu cəfakeş insan heç özü də bilmədən onların dünyagörüşünü formalaşdırır, ana dili, folklor və şifahi xalq inciləri ruhunda kökləyirdi... Mənəvi dünyasının zənginliyinə və bu zənginliyin açdığı cığırla gedərək həyatda, ədəbi aləmdə önəmli mövqe tutmasına görə anasına son nəfəsinədək minnətdar olan Məhəmmədəli Fərzanə bu fədakar insanı şükranlıq duyğusu ilə xatırlayaraq yazırdı: –Anam ağır yaşayışımızdan, çətin gün-güzərandan bəzən bezikərdi. Bu üzüntüləri oxuduğu bayatı, ağı, xalq mahnılarına da çökərdi... Biz onun kədərli səslə oxuduğu belə nəğmə və bayatıları kənddə yaşayan qohum-əqrəbasından, ailə üzvlərindən gözlənilməz, qəfil xəbərlər alanda da eşidərdik. Bəzən ondan soruşardım ki, bu qədər sözü-söhbəti sən haradan, kimdən öyrənmisən? Mənalı-mənalı baxar və deyərdi:
Açdım, açdım gül oldum,
Boy atdım sünbül oldum.
Bir dilbilməz quş idim,
Oxudum bülbül oldum.
Bəli, bütün təhsilimi fars dilində
aldığım halda, anamdan öyrəndiyim folklor inciləri məndə lap kiçik yaşlarımdan
ana dilimizə dərin sevgi və maraq oyatdı (1.3).
Bu sevgi sonrakı illərdə Fərzanənin
təhsil aldığı pedaqoji mədrəsədə, camaat arasında, əmək müəssisələrində,
karxanalarda öyrəndiyi yeni-yeni atmaca, tampaca, lətifə və xalq
mahnıları ilə daha da dərinləşib, bütün ruhunu çulğayıb. Özünü dərk edəndən
məhz İranda Azərbaycan milli mənliyini yaşadan, var qüvvəsini qədim ədəbiyyat
və mədəniyyətimizin, milli-mənəvi köklərimizin öyrənilməsi və təbliği işinə
sərf edən söz sənəti və əqidə mücahidlərindən biri kimi özünü təsdiqləyən müdrik
ziyalı bu yolda atası Əkbər kişinin də böyük rolunu unutmurdu: «Ana Vətənimə,
doğma dilimə olan məhəbbətimin, dünyagörüşümün formalaşmasında
həyatın ağır sınaqlarından çıxmış, Məşrutə inqilabında bir mücahid
kimi iştirak etmiş atamın da rolu az olmayıb. Hərtərəfli dünyagörüşünə,
zəngin təcrübəyə malik olan atam «Hophopnamə»nin bir çox şeirlərini əzbərdən oxuyar, bununla
da həyata, hadisələrə və insanlara münasibətini bildirərdi». Qeyd
edək ki, Əkbər kişi Güney Azərbaycanda 1905-1911-ci illərdə baş vermiş məşhur
Məşrutə hərəkatının iştirakçısı olub. O, oğlunun milli ruhda böyüməsi,
vətənsevər bir şəxsiyyət kimi yetişməsi üçün çox çalışıb. Təsadüfi deyil ki,
məhz milli ruha, soykökünə, xalqın keşməkeşli taleyinə ürəkdən bağlanması
Fərzanəni 1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaranmış
Milli Hökumətin ideoloqlarından biri olmasına gətirib çıxarıb və bir ideoloq
kimi o, xalq hərəkatı nəticəsində qazanılmış qələbənin, müstəqilliyin əbədi
yaşaması üçün gecə-gündüz çalışıb. Güney Azərbaycanda yasaq və qadağaların hökm
sürdüyü bir mühitdə yetişən, bu üzdən də orta təhsilini və qiyabi pedaqoji
mədrəsəni fars dilində bitirən Məhəmmədəli Fərzanə ilk əmək fəaliyyətinə
1942-ci ildə, 19 yaşında ikən «Təbriz milli kitabxanası”nda başlayıb. Eyni
zamanda, oxuduğu mədrəsədə müəllim kimi qalıb işləmək təklifi alıb.
Kitabxanada gələcəyin qeyrətli folklorşünas alimi bir sıra anadilli kitabları
oxumaq, bədii ədəbiyyatla daha yaxın təmasda olmaq imkanı qazanıb
və şəxsi mütaliəsi sayəsində bilik səviyyəsini, dünyagörüşünü,
elmi səviyyəsini inkişaf etdirib. «Təbriz milli kitabxanası”nda sonsuz
maraq və həvəslə Azərbaycan türkcəsində yaradılmış söz xəzinəsi
incilərini-türkdilli abidə kitabları, divan, təzkirə və əlyazmaları öyrənməyə
başlayıb. Təsadüfən əlinə keçən və üstündə «Batil (məhv olacaq) kitablar»
yazılmış bağlama isə ona sanki dünyanı bağışlayıb. İndiyədək açılmamış sirli
bir aləmlə tanış olan Fərzanənin bağlamada XX əsrin 15-20-ci illərində nəşr
olunmuş, millətsevər alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı və
bəlkə də bütün İranda yeganə nüsxə olan «Kitabi Dədə Qorqud» dastanı və Mahmud
Kaşğarlının “Divani-lüğət it-türk” kitabı daha çox diqqətini çəkir. İlk yazılı
türk abidəsi, türkdilli ədəbiyyatın, türk təfəkkürü-nün ana kitabı olan «Dədə
Qorqud» dastanını dərindən oxuyub mənimsə-dikdən sonra, o, yaşamının
istiqamətini müəyyənləşdirir, artıq özünü, mənalı ömrünü büsbütün qədim
Azərbaycan mədəniyyətinin öyrənilməsinə və xalqa çatdırılmasına, bətnindən
qopduğu xalqına onun necə böyük, möhtəşəm bir ədəbiyyata sahib olduğunu göstərməyə
həsr edir. Bu, müqəddəs iş həyatının mənasına, omrünün məzmununa çevrilir.
Fədakar gənc tədqiqatçı dastanla bağlı ciddi araşdırmalara başlayır. O,
dastanın tarixi köklərini araşdırıb və mənbə olaraq Azərbaycan, Türkiyə və
Avropada, həmçinin Orta Asiyada «Dədə Qorqud» dastanı haq-qında yazılmış məqalə
və kitabları götürür.
1945-46-ci illərdə Güney Azərbaycanda
yeni inqilab dalğası kükrəyir və 21 Azər-12 dekabr hərəkatı baş verir. İnqilab
qalibiyyətlə nəticələnir. Güney Azərbaycanda Milli hökumət qurulur. Milli
hökumətin qurulması, demokratik mətbuatın güclənməsi Əli Kəmali,
Məhəmmədəli Fərzanə, M.Ə.Qövsi, M.B.Niknam kimi dil, yurd, vətən təəssübkeşlərini
də ana dilində sürətlə, vaxt itirmədən yazıb-yaratmağa, zəngin klassik irsimizi
araşdırmağa, folklor nümunələrini toplamağa və xalqa çatdırmağa ruhlandırır.
Bu dövrdə M.Fərza-nə «Kitabi-Dədə Qorqud» dastanının boylarını, topladığı el
bayatılarını «Azərbaycan» qəzetində dərc etdirir, eyni zamanda, qəzetin səhifələrindən
oxuculara müraciət edərək onları, həm də qəzetin əməkdaşlarını folklor
incilərini, şifahi xalq ədəbiyyatı nümunələrini toplamağa çağırır. Təəssübkeş
tədqiqatçı çap etdirdiyi folklor nümunələrinin dil xüsusiyyətlərini, özəlliklərini
olduğu kimi saxlayırdı. Bu isə xalqın marağına səbəb olur, Azərbaycan milli
varlığına-özünə qayıdışı, milli özünüdərki sürətləndirirdi. Kəskin qadağalar
şəraitində farsca yazmaq məcburiyyətində qalan M.Fərzanə 21 Azər
hərəkatı – 1945-46-cı illər inqilabının qələbə çalmasından və İranda Rza Şah
diktaturası devril-dikdən sonra, böyük coşğunluqla Azərbaycan türkcəsində
yazıb-yaratmağa başlayır. Doğma dildə ilk yazıları – «Füzuliyə yeni
bir baxış», və «Divani-lüğət-it-türk»də olan atalar sözləri və məsəllər»
«Vətən yolunda» qəzetində dərc olunur.
Azərbaycan şifahi xalq ədəbiyyatı,
folklor məsələləri üzərində yorulmadan, ardıcıl tədqiqatlar aparan
ədib «Azərbaycan milli dastanları» adı ilə silsilə məqalələr yazaraq
“Vətən yolunda” qəzetinin 1945-ci il saylarında nəşr etdirir. Xalq
yaradıcılığının cəfakeş tədqiqatçısı bu məqalələrində təbii ki, əsasən
“Kitabi-Dədə Qorqud”, sonra isə “Koroğlu”, “Qaçaq Nəbi”, “Aşıq Qərib”
dastanları haqqında məlumat verir, onların süjet xəttini, mövzu dairəsini, baş
qəhrəmanlarının xarakterik xüsusiyyətlərini geniş təhlil edir. Bu istiqamət
artıq onun həyatının mənasına, məqsədinə çevrilir. Ədibin milli məfkurəyə,
milli düşüncəyə, xalq ruhuna sıx tellərlə bağlılığı, xalq yaradıcı-lığına
dərindən bələdliyi aydın görünən bu sanballı məqalələr yüksək elmi məziyyətlərinə
görə onu səriştəli folklorşünas alim kimi tanıdır. Azərbaycan türkcəsində
təhsilin qadağan olunduğu bir məmləkətdə dilimizə qarşı bu səviyyədə qərəzli
münasibətə dözməyən Fərzanə doğma türkcənin ən fəal müdafiəçisinə çevrilir.
Həm 40-cı illərdə, həm də inqilabın yatırılması, milli hökumətin süquta
uğradılmasından sonra başlanan irtica illərində, eləcə də 1978-79-cu illər İran
İslam İnqilabı dövründə Güney Azərbaycanda ana dilinə, milli ədəbiyyata olan
münasibət Məhəmmədəli Fərzanənin bütün yaradıcılığı boyu izlədiyi və ardıcıl
olaraq problemlərinə toxunduğu əsas məsələlərdən olmuşdur. Ancaq 40-cı illərdə,
1978-79-cu illər İran İslam İnqilabından sonrakı dövrdə alimin Azərbaycan milli varlığının və ana dilinin
təsdiqi istiqamətindəki çabaları elmi-ədəbi, naşirlik və mətnşünaslıq
fəaliyyətində daha intensiv və ardıcıl şəkildə olmuşdur. “Ana dilimiz və milli
varlığımız uğrunda” adı altında silsilə məqalələr yazır və “Vətən yolunda”
qəzetində çapına nail olur. Alim məhz 1945-46-cı illərdə Cüney Azərbaycanda
ana dilində müxtəlif elm sahələrini əhatə edən dərsliklərin yazılıb çapa
hazırlanmasında fəal iştirak edir. Qeyd etdiyimiz kimi, o, öz yazılarında
intibah abidəmiz “Kitabi-Dədə Qorqud”dan geniş bəhs edir və dastan boylarından
ardıcıl olaraq seçmə nümunələr verirdi. Fədakar alim müsahibələrinin
birində deyirdi: “Heç şübhəsiz, bu nümunələri oxuyanlar arasında sevinənlər
də vardı, rahatlığı pozulanlar da. Artıq ədəbiyyatşünaslıqda Dədə
Qorqud mübahisəli məsələyə çevrilmişdi. Dədə Qorqud boyları üzərində
ədəbiyyatşünaslıqda mübahisələrin davam etdiyi günlərin birində
sinəsi sözlü-söhbətli anama “Buğac boyu”nu oxudum və dedim ki, sözlərə
diqqətlə qulaq ver, anlaşılmaz sözlər varsa, söylə. Anam axıradək
dinləyərək cavab verdi: Oğlum, burda anlaşılmaz nə var ki, boy da bizimdir,
soy da bizimdir, söz də bizimdir, qan da bizim...”(1.3).
Məhəmmədəli Fərzanə əsl
tədqiqatçı, həqiqi alim kimi fars dilində çıxan ədəbiyyatı, həm də dünya
ədəbiyyatını paralel olaraq oxuyub öyrənir, araşdırmalarında farsdilli İran
mənbələrindən və dünya ədəbiyyatı nümunələ-rindən ustalıqla istifadə edirdi. O,
Quzey Azərbaycanda kiril əlifbasında yayımlanan ədəbiyyatı da unutmur,
özəlliklə buradakı elmi-ədəbi və bədii ədəbiyyatı diqqətlə oxuyub mənimsəyir və
fars dilinə çevirirdi. Bu yöndə Məhəmmədəli Fərzanə hələ ki, ilk
addımlarını atır, güney ədəbiyyatında yeni bir cığır açırdı. Beləliklə də
fədakar tədqiqatçı V.Q.Belinskinin Güneyin ümid qapısı olan Bakıda kiril
əlifbasında çıxmış “Seçilmiş əsərləri” əsasında altı məqalə yazaraq bir-birinin
ardınca “Ümidi-İran” adlı fars dillində yayımlanan dərgidə dərc etdirir. Daha
sonra A.P.Çexovun və M.Qorkinin bəzi hekayələrini, həmçinin F.Kafka və R.Rollan
kimi Avropa klassiklərinin yaradıcılığından seçmə nümunələri yenə də Bakı
nəşrləri əsasında fars dilinə çevirir və nəşrinə nail olur (60-cı illər). Ədib
qardaş Türkiyə ədəbiyyatını da diqqətdən kənarda qoymur. Eyni məqsəd və amalla
görkəmli türk satirik yazıçısı Əziz Nesinin “Belə gəlib, belə getməz” adlı
hekayələr kitabından yeddi hekayəni fars dilinə mükəmməl şəkildə tərcümə edərək
İran oxucularına çatdırır. “Türkiyə mühitindəki bürokratizmin, yaltaqlığın,
saxta ziyalıcığazlığın tənqidi və bədii ifşasından ibarət olan Əziz Nesin
nəsri tipik Şərq monarxiya ölkəsi olan İran üçün də mənalı və aktual idi.
Fərzanənin müasir Türkiyə ədəbiyyatına müraciəti təsadüfi xarakter daşımırdı və
onun ədəbi fəaliyyətinin ümumi fikri və estetik istiqamətini tamamlayırdı”4
Lakin Cüney Azərbaycanda 1945-46-cı illərdə baş vermiş və Fərzanə kimi
ziyalıların böyük ruh yüksəkliyilə çalışıb ana Vətənə xidmət etmələri üçün
münbit şərait yaratmış milli istiqlal uğrunda hərəkat məğlubiyyətə uğradılır.
S.C.Pişəvərinin rəhbərliyilə geniş vüsət
almış və xalqın qələbəsi ilə nəticələnmiş böyük inqilab qan dənizində
boğulduqdan sonra başlanan kütləvi qırğın, həbs və təzyiqlərdən canını qurtaran
bir çox aydın ölkədən mühacirət edir. Şahın səlahiyyətli məmurları Milli
hökumətin bütün yaradıcılıq sahələrində izini silmək üçün onunla bağlı hər şeyi
məhv edirdilər. Azərbaycan türkcəsində yazılmış kitablar, qəzet və jurnallar,
sənədlər, qiymətli əlyazmalar tonqallarda yandırılır, ziyalılar ciddi təqib
olunur, kütləvi şəkildə işdən çıxarılır, sorğu-sualsız zindanlara atılırçox
vaxtlarda isə öldürülürdü. Məhəmmədəli Fərzanə də kitabxanadakı işindən
çıxarılır. Fərzanənin əqidə və məslək dostlarının bir çoxu öldürülmüş,
zindanlara atılmış, ən yaxşı halda isə Sovet Azərbaycanına mühacirət etmək
məcburiyyətində qalmışdılar. O isə həyatının təhlükədə olduğunu bildiyi halda,
ölümü gözə alır və Vətəni tərk etmir. Gizli fəaliyyətə keçir və elmi-ədəbi
istiqamətdə həyata keçirdiyi işlərini davam etdirir. Öncə “Təbriz” qəzetində
ədəbi-tənqidi yazılarla çıxış edir. Bu yazılarında o, (məsələn, Təbriz
Universitetinin əsərləri haqqında yazdğı məqalədə) klassik ədəbiyyatın özəlliklərini,
xüsusilə bədii xüsusiyyətlərini diqqət mərkəzinə gətirir. Quzey Azərbaycanda
yayımlanmış və elmi prinsiplər əsasında sovet dövrü Azərbaycan ədəbiyyatı
tarixini sistemləşdirmək istiqamətində ilk təşəbbüslərdən olan “Müxtəsər
Azərbaycan ədəbiyyatı tarixi” kitabı ilə də həmin illərdə tanış olan tədqiqatçı
nəşr haqqında müxtəsər məlumat xarakterli rəy yazır. Həmin rəyi 1947-ci ildə
“Şəfəq” dərgisində dərc etdirən Fərzanə Cüney Azərbaycanda yetişmiş bir
ziyalı-tədqiqatçı mövqeyindən yanaşaraq qədim və zəngin ədəbiyyatımızın
müqtədir nümayəndələrindən bəhs edilmiş bu nəşrin tanıtım xarakterinə görə də
əhəmiyyətini xüsusi vurğulayır, klassik ədəbiyyatımızın korifey sənətkarlarından
– Xaqani Şirvani, Nizami Gəncəvi, Fələki Şirvani, Məhsəti Gəncəvi, Məhəmməd
Füzuli və başqalarından fərəhlə, böyük sevgilə söz açır. “Müxtəsər Azərbaycan
ədəbiyyatı tarixi” kitabından sonrakı ədəbi yazılarında da bəhrələnir.
“Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” kitabında Nizami və Füzuli haqda
verilmiş oçerklər ilkin mənbə kimi çox köməyinə gəlir və ədib dahi Azərbaycan
şairləri Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılı-ğına dair sanballı
elmi məqalələr yazır. Nizami Gəncəvinin yaradıcılığından fars dilinə çevirdiyi
qəzəllərdən ibarət «Nizamidən 30 qəzəl» adlı kitab da hazırlayır və “Nizami
yaradıcılığına bir baxış” müqəddiməsini yazaraq nəşr etdirir. O, bu
istiqamətdəki bütün yazıları, əvəzsiz çabaları ilə Cüney Azərbaycanda yaşayan
soydaşlarına klassik və çağdaş Azərbaycan ədəbiyyatını tanıdır, onları bu qutsal
yolla tarixi yaddaşına, milli kimliyinə qovuşdururdu. Məhəmməd Füzulinin zəngin
bədii irsinə dərin məhəbbətlə qələmə aldığı «Füzuliyə yeni bir nəzər» adlı
elmi məqaləsində Məhəmmədəli Fərzanə Güney oxucularını ölməz şairin həyat və
yaradıcılığının bəzi məqamları ilə tanış edir. Azərbaycan xalqının hiss və
həyəcanlarını, duyğu və düşüncələrini tərənnüm edən Füzulini dünyaya səs
salan cahanşümul bir şair kimi qiymətləndirir və «Şikayətnamə»yə xüsusi
həssaslıqla yanaşır: «Bu əsər şairin müsaib zamanlarda söylədiyi şikayətlərin
bədii, şairanə nümayişidir. Füzuli bəzi açıq danışan adamlar kimi, sözün
ixtiyarını əldən verməmiş, bəlkə də həyatının bütün acılarına, həqarətlərə
qarşı bir ədib gülüşü ilə amadə etmişdir». Fərzanə «Vətən yolunda» qəzeti
oxucularının, eləcə də xalqının nəzərinə çatdırır ki, dahi Füzuli Azərbaycan
ədəbiyyatı tarixində ilk qüvvətli mərsiyələr yazan şairdir, onun təkrarsız
nəsri isə səlis və rəvandır». Lakin
Füzulinin dövründə yazılan əsərlərin çoxu «sərfəlbiyat və təəssüf doğurduğundan
indiyədək məşhur olmamışdır. Ancaq dahi Füzulinin əsərləri, əşarı qədimdən
bəri böyük bir iştəva (məhəbbət) və rəğbətə qabil olduğundan dəfələrlə tabe və
təmsil (nəşr) edilmiş, dilimizə aşina olan xalqlar tərəfindən də oxunmuş və
sevilmişdir». Ölməz şairin ədəbi dairəsinə, ədəbiyyat tarixində tutduğu
mövqeyinə, əsərlərinin sevilə-sevilə oxunaraq göz üstündə saxlandığına,
yaşadığı dövrün, mənsub olduğu «qövmün gördüyü və eşitdiyi vəqain ayinəsi» olduğuna
diqqəti yönəldən Fərzanə Füzulini ədəbi məktəb yaradan sənətkarlardan sayır.
Tədqiqatçının fikrincə, şairin və
şeirin, sözün ucuz tutulduğu, qiymətlən-dirilmədiyi bir zamanda, onu Rumi
Bağdadiyə Bir dövrdə gəldik bu fani aləmə biz kim, Asari-Kərəm var nə
bəşərdə, nə mələkdə, - beytini yazmağa vadar edən bir dövrdə Füzuli ədəbiyyat,
söz sənəti və Azərbaycan xalqı qarşısında «mühüm vəzifələrini anlaya-anlaya,
sevə-sevə öz prinsiplərinə kəsalət gətirmədi, kimsədən rəğbət və məhəbbət
görmədiyi halda, tutduğu yoldan dönmədi. Tutduğu yolun doğruluğuna əminliklə
yazdı ki:
Dövran istər ki, xar nəzm,
Biizzəti etibar ola nəzm,
Mən möntəzərəm, berəm rəvacin
Bimar isə eyləyəm əlacin. 5
M.Fərzanə vurğulayır ki, dahi söz ustası
öz şeirlərini «rüsxəti-ədəb» olması arzusu ilə qələmə almışdır. Çünki Füzuli şeir
yazmağa başlamazdan əvvəl mükəmməl təhsil almağa çalışıb. Əlində, könlündə olan
ağıllı və nağıllı elmləri öyrənib. “Həm alim olub, həm şair, çünki o, elmsiz şairi
əsası yox divar sanıb, əsassız divar isə bietibar». Alimin qənaətinə görə, Füzulinin 15 yaşından şeirə həvəs göstərməsi onun
təbiətinin cilasını bildirir: “Füzulinin şeiriyyət səbəbi üsulu-bənddən əvvəl şairanə
həzin əfkarıdır. Öz əsərlərini doğma Azərbaycan dilində yazan bu dahi sənətkar tazə
Azərbaycan ədəbi dilinin əsasını qoymuşdur.6
Güney Azərbaycanda baş verən
ictimai-siyasi hadisələr burulğanının düz mərkəzində olan Fərzanənin də qismətinə
məhbəs həyatı yaşamaq düşür. Lakin istedadlı alim məhbəsdə yaşadığı
əzablı 5 ildə də fəaliyyətini dayandırmır və məhkumlar arasında «Ana
dilini öyrənənlər qrupu» yaradaraq dəmir barmaqlıqlar arasında doğma
ana dilini təbliğ və tədris edir. Həbsdən azad olunduqdan sonra da davam
edən təqiblər üzündən o, 1953-cü ildə doğma Təbrızdən Tehrana köçməli
olur.
Çünki
1953-cü ildə İranda yeni hakimiyyət dəyişikliyi nəticəsində irtica
yenidən tüğyan eləməyə başladı. Hər tərəfə yenidən zülmət çökdü, dillərə
qıfıl vuruldu. Belə mürəkkəb, çətin zamanda Təbrizdə sanki bir işıq parladı
və donmuş ürəkləri, buz bağlamış beyinləri
aydınlatdı, bağlı dillərin qıfıllarını açdı. Bu işığı ədəbi aləmdə Azərbaycanın
dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyarın «Heydərbabaya salam» mənzuməsinin
ərsəyə gəlməsi yandırmışdı. Əsərin əlyazması Təbrizdən Tehrana da gətirib
çıxarılır və poema Tehranda da böyük ruh yüksəkliyi və həyəcanla
qarşılanır. 1992-ci ildə “Şəhriyar” qəzetinə verdiyi müsahibəsində xəyalən o
illərə qayıdan Fərzanə əsərin əlyazmasının surətini («Heydərbabaya salam»
mənzuməsi hələ kütləvi tirajla çap olunmamışdan öncə, 1951-ci ildən
əlyazmasının üzü çıxarılaraq yayılmağa başlanmışdı) ona Hüseynqulu Coşğun
Katibinin gizlicə Təbrizə gedərək oradan gətirdiyini və sonsuz sevinclə
cibindən çıxarıb verdiyini söyləyir. O zaman Təbrizə yolu bağlanmış, Tehranda
yaşamaq məcburiy-yətində qalmış Fərzanə əsəri göz yaşları içərisində oxuyur və
sevincini çox sevdiyi, yaradıcılığı haqqında ciddi tədqiqat apardığı Bulud
Qaraçorlu Səhəndlə bölüşür. Əsəri oxuduqdan sonra Səhənd də eyni hissləri
yaşayır və sevinclə kədər qarışıq hissdən doğan göz yaşları içərisində dostunun
boynuna sarılır. Fərzanə o gündən sonra Səhəndin nisbi dincliyinin pozulduğunu,
hətta hakim rejim tərəfindən həbsə atılarkən belə, zindanda da bu barədə
düşündüyünü, “Araz” və “Xatirə”, həbsdən sonra isə “Sazımın sözü” poema-larını
da məhz «Heydərbabaya salam» poemasından ilham alaraq yazdığını vurğulayır:
”Səhənddə bir ruh yüksəkliyi yaranır. Gecələr yatmır, siqaret çəkir və yazır.
“Sazı-mın sözü”nün I cildi yaranmağa başlayır.” 7
Fərzanə bu əsəri möcüzə səviyyəsində
dəyərləndirdiyindən «Heydərbabaya salam» poemasına həsr olunmuş nəzirələri,
şairə ünvanlanmış məktubla-rı bir kitabda toplayır və «Heydərbabaya salam»
mənzuməsinin özünəməx-susluğu, bədii dil xüsusiyyətləri, yüksək şeiriyyəti və
orijinallığından bəhs edən müqəddimə yazaraq 1969-cu ildə «Şəhriyar və Heydərbaba
(farsca)» adı ilə nəşr etdirir.
O,
əsl vətəndaş ziyalı kimi müxtəlif dövrlərdə baş vermiş önəmli hadisələri, milli
azadlıq uğrunda mubarizələri, xalq təfəkkür və mədəniyyətinin təkamül
yollarının, inkişaf istiqamətlərinin tədqiqində şifahi xalq ədəbiyyatı
nümunələrinin böyük elmi, bədii və tarixi əhəmiyyətə malik olduğunu dərindən
dərk edirdi. Ardıcıl olaraq apardığı folklor araşdırmalarında məhz Azərbaycan
xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatımız arasında sıx əlaqənin, qarşılıqlı
təsirin tarixən mövcud olduğunu bu əlaqənin mövcudluğunda aşıqların mühüm rol
oynadığını diqqət mərkəzinə çəkirdi. Fərzanə yazırdı: “Azərbaycan xalq
ədəbiyyatı ilə yazılı ədəbiyyatı arasında sıx əlaqə, qarışılıqlı təsir və
biri–birinə nüfuz göstərmə xüsusiyyəti vardır. Yazıçı və şairlərin şifahi ədəbiyyatın
məzmun, fikir, vəzn və ifadə vasitələrindən faydalandıqlari kimi, xalq ədəbiyyatının
ifaçısı olan aşıqlar və habelə xalq kütlələri özləri də bu sənətkarların
əsərlərindən istifadə etmiş və şifahi xalq ədəbiyyatı xəzinəsini
zənginləşdirmişlər.”8
Bütün
həyatı, çoxşaxəli fəaliyyəti boyu Güney Azərbaycanda yaranmış şifahi xalq
yaradıcılığı, folklor nümunələrini, zəngin şifahi söz sənəti incilərini ardıcıl
olaraq toplayıb nəşr etdirən və inadkar alim qətiyyəti ilə araşdıran, bununla
da Güney Azərbaycan folklorşünaslığının təməlini qoyan ədibi Şəhriyarın
anadilli şeir dili ilə xalqın folklor təfəkkürü arasındakı güclü bağlılıq, sıx
əlaqə, üslubundakı orijinallıq heyran edir. Ona görə də fədakar tədqiqatçı
qələmə aldığı «Heydərbabanın bədii xüsusiyyətləri» adlı məqaləsində «Heydərbabaya
salam» mənzuməsinin bədii dil xüsusiyyətlərinin, poetikasının təhlilinə
geniş yer verir. Şəhriyarın anadilli şeir dili ilə folklor təfəkkürünün
əlaqələrini konkret misallar əsasında təhlil edir, dil və üslub məsələlərini
araşdırır. Fərzanənin Şəhriyarın anadilli şeir dili ilə bağlı gəldiyi qənaət
olduqca maraqlıdır. O, Şəhriyar
dilinin qeyri-adiliyinin və bütün türk
elləri ədəbiyyatına böyük ədəbi təsirinin sirrini onun folklor və yazılı
poeziya dili zəminində pərvəriş tapması ilə əlaqələndirməklə kifayətlənmir,
şairin qeyri-adi şeir dilini əfsanəvi bir dil, möcüzə sayır: “Bu dil ana dili
Azərbaycan dili olan fars dilli bir dahi şairin ucalığıdır, istedadının
möcüzəsidir.”9
Ustad
Şəhriyar da Fərzanənin misilsiz xidmətlərini unutmamış, “Dərya elədim”
qəzəlində şəxsiyyətini və böyük əməllərini təqdir edərək onun haqqında
aşağıdakı beyti yazmışdır:
Bax
ki, Tehranda nə Fərzanələr olmuş Valeh,
Bax ki, Təbrizdə nə şairləri Şeyda elədim.
Bax ki, Təbrizdə nə şairləri Şeyda elədim.
“Zəbani
dəstur zəbane Azərbaycan (farsca)”, “Gozidehayi əz Təranehaye (farsca tərcumə)”,
“Çenin bud əmma çenin nəxahəd bud (farsca tərcumə)”, “Guşehayi əz Xaterat və çənd dastan əz-Cəlil
Məmmədquluzadə (farsca)”,
“Şəhriyar və Heydər Baba (farsca)”, “Azərbaycan dilinin qirameri (qrammatikası)”,
“Vajenameye Avazi (Azərbaycan dili barəsində, farsca)”, “Rəsul
Rzanın şerlərinin farsca tərcüməsi (farsca)”, “Torkane
Parsiquy (farsca şeir yazmış türk şairlərinin antologiyası, farsca)”, “Fərhənge
Loğate Azərbaycan (farsca)” kimi əsərləri fars dilinə tərcümə edərək çap
etdirən və bundan böyük qürur hissi yaşayan Məhəmmədəli Fərzanə həmin
nəşrlər vasitəsilə milli varlığımızı, milli mənsub-luğumuzu, kimliyimizi üzə
çıxarmaq, başqa xalqlara möhtəşəm Azərbaycan ədəbiyyatını, böyük mədəniyyət
abidələrimizi tanıtmaq missiyasını həyata keçirir, eyni zamanda, doğma
türkcəmizin yasaqlandığı bir mühitdə onu fars dilində elə farsların özünə qürurla
təbliğ edirdi. Xalqının işıqlı sabahını düşünən və bu işıqlı sabahın qurucuları
olacaq uşaqların milli ruhda, vətənsevər böyümələri üçün uşaq folkloru
nümunələrinin son dərəcə mühüm əhəmiyyət daşıdığını qeyrətli, vicdanlı alim
kimi dərindən dərk edirdi. Buna görə, həm də incə bir sənət kimi dəyərləndirdiyi
uşaq folkloru nümunələrini səylə toplayır və nəşr etdirirdi. “Uşaq folkloru
nümunələrini necə toplamalı” adlı məqaləsində ürək yanğısı ilə uşaq folkloru
nümunələrini toplamağın yollarını həmkarlarına, bu müqəddəs işə maraq
göstərənlərə başa salır, gərəkliliyinə diqqəti yönəldirdi: “Sabah artıq çox gec
olacaq, biz bu gün və elə bu gün körpələrimizin mənəvi tərbiyəsi xatirinə,
mənliyimizi və kimliyimizi uşaqlara aşılamaq xatirinə laylalarımıza,
nazlamalarımıza, nağıllarımıza qayıtmalı və bunları böyük milli-mənəvi bir
miras kimi qorumalıyıq. Uşaq folklorumuz bütün əlvanlıqları, pedaqoji və
psixoloji dəyərləri ilə bərabər ümumi folklor və xalq ədəbiyyatımızın ayrılmaz
bir hissəsi sayılır.”10
«Heydərbabaya salam» mənzuməsi məhz
Azərbaycan dilində Təbriz şivəsinin şirinliyində qələmə alındığından, Azərbaycan
milli koloritini, milli psixologiyasının özəlliklərini, xalqın duyğu və
düşüncələrinin bədii-poetik əksi olduğuna görə qısa müddətdə bütün İranda və
türk xalqları yaşayan ərazilərdə, Türküstan ellərində geniş şəkildə yayılır.
Tehranda tezliklə «Heydərbaba» dərnəyi yaranır. O zaman «Heydərbaba»
dərnəyinin üzvlərindən Səhənd, M.Fərzanə, C.Baxçaban, Doktor Hüseynqulu
Katibi-Coşqun, Məhəmmədəli Azəri, Gəncəli Səbahi, Mirmehdi Etimad,
N.F.Atəşbak, Əli Təbrizi, Doktor Salamullah Cavid və b. keçirdikləri
iclaslarda yeni şeir və nəsr nümunələrini oxumaqla bərabər yeni
kitablar yazmaq barədə də düşünürdülər. N.F.Atəşbakın «Yade əz-Heydər
baba», Doktor Cavad Heyətin “Folklor nümunələri”, Səhəndin «Sazımın
sözü», Fərzanənin «Azərbaycan dilinin qrammatikası», «Bayatılar
məcəlləsi» və s. kitabların təməl daşları bu dərnəkdə qoyulmuşdur.
Sonradan
Həbib Sahir, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi Sönməz, Doktor
Həmid Nitqi və başqaları da «Heydərbaba» dərnəyinə üzv oldular. Dərnək
ən ağır şəraitdə belə öz varlığını saxlayır, fəaliyyətini davam etdirirdi.
Folklor, şifahi ədəbiyyat qaynaqlarına ruhən və mənən bağlanan M.Fərzanə
bu müddətdə öz dəyərli tədqiqatlarını daha da dərinləşdirirdi. Ədibin
5 illik həbsxana həyatını yaşadığı dövrdə qələmə aldığı dəyərli elmi əsəri Güneydə
Azərbaycan dilinin qrammatikasına aid ilk nəşr olan «Azərbaycan dilinin qrammatikası»
kitabı (2 cilddə) dörd dəfə çap olunmuş, uzun illər Azərbaycan dilini böyük bir
xalqın sərbəst, müstəqil dili deyil, ləhcə, şivə kimi təfəkkürlərə zorla yeridən
fars şovinistlərinin apardıqları ayrı-seçkilik, türk dilini unutdurma siyasətinə
tutarlı elmi cavab oldu. Elə bu cəhətinə görə də kitab mövcud rejim tərəfindən
qadağan olunmuş, yayılmasının qarşısı alınmışdır. Lakin bu qadağalara rəğmən,
«Azərbaycan dilinin qrammatikası» kitabının sorağı Quzey Azərbaycan, Türkiyə və
Avropaya da gedib çatdı. Azərbaycan Milli Elmlər Akademiyasının da müsbət rəy
verdiyi "Azərbaycan türkcəsinin qrammatikasının əsasları" kitabı
Avropanın qabaqcıl təhsil ocaqlarında mühün elmi hadisə kimi qiymətləndirildi.
«Almaniyada Köln Universitetinin professoru, məşhur şərqşünas alim Drofer bu kitabla
tanışlıqdan sonra ona müsbət rəy verərək almancaya çevirdi. Bu gün həmin kitab
Köln Universitetinin şərqşünaslıq fakültəsində dərs vəsaiti kimi işlənir. Həcmcə
çox da böyük olmayan bu iki cildlik kitabın dəyəri onun özündən sonra Azərbaycan
dilçiliyinə aid onlarla elmi kitabların yazılmasına örnək ola bilməsindədir».11
1977-ci ildə M.Fərzanə qardaşı Yusif
bəylə birlikdə «Fərzanə yayım evi»ni yaradaraq bir çox kitabların ana dilində
nəşrini həyata keçirmişdir. Burada təkcə 10 il ərzində 50-dən artıq dərslik,
ədəbiyyat və tarix kitabları çap olunmuşdur. Özünün Milli Hökumət dövründə
yazdığı “Ədəbi qiraət” adlı dərslik kitabı, S.C.Pişəvərinin məqalə və nitqləri,
M.Ə.Sabirin “Hophopnamə”si, III cildlik “Klassik şeirlərdən seçmələr”, “Səməd
Vurğun”, Ə.Babayevanın “Haradasan dost, harada”, N.Axundovun “Azərbayacan
satirik ruznamələri” bu dəyərli kitabların sırasındadır. O, İran İslam
İnqilabını “folklor araşdırma-ları tarixində mərhələ sayır və göstərir ki, yeni
inqilabi İran Konstitusiyası
Bütün xalqların hüquq bərabərliyini və
öz dil və mədəniyyətlərini inkişaf
etdirmək hüququnu təsdiq etmiş
oldu.”12 Lakin bu təsdiqin öz xalqına,
Azərbaycan türklərinə şamil
edilməməsi, türkdilli xalqların yaşadığı geniş ərazilərdə “nə bu dildə dərs
keçmək, nə universitetlərdə bu dilin özü və ədəbiyyatı üçün fakültə yaratmaq,
nə də radio və televiziya kimi ümumi vasitələrdə bu dil və onun zəngin folkloru
barədə sağlam və öyədici proqramlar yerləşdirmək sahəsində məsul orqanlar
tərəfindən heç bir işin görülməməsi” və belə halların get-gedə güclü
assimilyasiya siyasətinə çevrilməsi təəssübkeş ziyalının mənliyinə toxunurdu.
O, çıxış yolunu doğma dilə və bu dildə yaradılmış möhtəşəm mili-mədəni irsə,
folklor xəzinəsinə sahib çıxmaqda, Güney folklorunu bütünlüklə toplayıb nəşr
etməkdə, elmi tədqiqata cəlb olunmasında görürdü...
Azərbaycan söz sənətinin həqiqi aşiqi
olan alimin İranda folklorla bağlı dərc olunmuş əsərlər arasında tirajına
görə 1-ci yeri tutan «Bayatılar məcəlləsi» 1979-cu il İslam
İnqilabından sonra 8 dəfə nəşr olunmuşdur. Daha sonra «Dədə Qorqud boyları»
(müqəddimə və mətn), «Heydərbaba və Şəhriyar (nəzirələr və məktublar)»,
«Molla N əsrəddin
lətifələri» (müqəddimə və mətn), «Azərbaycan folklor antologiyası»,
«Azərbaycan klassik şeirindən müasir şeirinə qədər», «Azərbaycan xalq
mahnıları», «İran xalq mahnıları Azərbaycan dilinə şeir tərcümələri
ilə», «Nizamidən 30 qəzəl», «Azərbaycan folklor dəftərləri, atalar
sözləri və məsəlləri», «Azərbaycan dilinin fonetik lüğəti», «Azərbaycan
dilindən fars dilinə tərcümələr», «Azərbaycan söz inciləri» (3 cilddə)
və b. kitabları tərtib etmiş, ön söz, elmi məqalə və müqəddimələrlə,
şərh və izahlarla çap etdirmişdir.
Azərbaycan
ədəbiyyatının, şifahi söz sənətinin fədakar bilicisi və mübariz keşikçisi olan
M.Fərzanənin görkəmli yazıçı və şairlər, həmçinin Azərbaycan dili və tarixi haqqında
100-dən çox elmi məqaləsi, «Ana dilimiz və milli varlığımız haqqında xatirələr»
silsiləsindən 25 yazısı 1979-cu ildən Tehranda nəşrə başlayan «Varlıq»
məcəlləsində dərc olunmuşdur. Məhəm-mədəli Fərzanə “Varlıq” jurnalında həm naşir, həm də dilçi alim kimi ciddi
fəaliyyət göstərirdi.
«Varlıq» məcəlləsində dərc edilmiş bu
məqalələrdə vətəndaş yazıçı Azərbaycan xalqının tarixən üzləşdiyi haqsızlıq,
milli zülm və ədalətsizliklər, ana dilinin qadağan olunması ucbatından
çəkdiyi əzabları təhqiramiz həyatı, ziyalı təbəqənin milli dil, elm, təhsil
uğrunda apardığı ölüm-dirim mübarizəsini xatirələrinin işığında qələmə
almışdır. Azərbaycan dili və ədəbiyyatının, zəngin mədəni irsimizin cəfakeş
tədqiqatçısının səylə fars və ərəb qrafikasında tərtib etdiyi “Azərbaycan
dilinin səsli fonetika lüğəti”, “Mahnılar” kimi kitabları, eləcə də digər
əsərləri arxivində çap olunmamış qalır və öz xeyirxah naşirini, Fərzanə kimi
Vətən, millət və mədəniyyətimizin yeni fədaisini gözləyir.
Tədqiqatçı Aqşin Ağkəmərli Fərzanənin
çoxşaxəli fəaliyyətinin, hərtərəfli yaradıcılığının səbəblərini konkret olaraq
belə əsaslandırır və dəqiq dəyərlən-dirmələr aparır: "Güneyli ziyalıların
durumu ilə Quzeyli ziyalıların durumu arasın-da fərq çoxdur. Quzey Azərbaycanda
hər kəs konkret öz işi ilə məşğuldur. Məsələn, tarixçi daha çox öz peşəsi ilə
məşğuldur, nadir hallarda ədəbiyyatçılıqla məşğul ola bilər. Ancaq Güneydə şair
tarixçi, ədəbiyyatçı, tədqiqatçı, folklorçu olmalı, hətta daxili və xarici
siyasəti gözəl bilməlidir. O, prinsipcə buna məcbur-dur. Çünki Güneydə məsələ
başqa cür formalaşıb. Burada nə iş görsən, ilk növbədə siyasi anlama, kimlik
məsələsinə dayanır. Bizim məqsədimiz odur ki, millətimiz öz kimliyinə, tarixi
taleyinə sahib dursun. Millət öz kimliyini tanımadığı dərəcədə başqalarının
köləsi olacaq. Millət özünü tanıdığı dərəcədə böyük, yüksək olur. Millətimizin
kimliyi bu gün onun dilində, folklorunda, Dədə Qorqudluğunda, Babəkliyində,
Koroğluluğundadır. Millətin yetişməsi üçün bu və başqa mənəvi sərvətlərə sahib
durmağımız lazımdır. Millətimizin azadlığı, haqq savaşı uğrunda döyüşmək vicdan
işimizdir, milli borcumuzdur. Millətimizin bizə etibar etdiyi ruh yaddaşını,
adət-ənənəni, folklorunu qoruyub-saxlamalı, sabaha çatdırmalıyıq. Güney
Azərbaycanda millətimizin milli kimliyinin, mənəvi sərvətlərinin tanıdılmasında
Fərzanənin mühüm xidmətləri var".13
Azərbaycançılığın, milli şüurun,
milli məfkurənin, milli ruhun mübariz keşikçisi, tədqiqatçısı və alovlu
təbliğatçısı olan M.Fərzanə səhhətində, daha doğrusu illərlə doğma yurdunun,
dilinin və xalqının əsir taleyinin dərd yükünü daşıyan ürəyində yaranmış
problemlərin aradan qaldırılması və xəstəliyinin müalicəsi ilə əlaqədar olaraq
bir müddət Almaniyada, sonra isə İsveçin Höteburq şəhərində yaşamışdır. İxtiyar
yaşlarında yenidən qürbət həyatı yaşamalı olan nisgilli ədib burada da
ədəbi-elmi fəaliyyətini davam etdirmişdir. Ürək xəstəliyindən əziyyət çəkən
görkəmli ziyalı 2006-ci
il yanvar
ayının 17-də vəfat etmişdir.
Nəşr
olunmuş kitabları:
“Bayatılar”, “Dədəmin kitabı”, “Mirzə
Baqir Hacizadədən çap olunmuş xatirələr”, “Azərbaycan el mahnıları”,
“Azərbaycan uşaq folkloru”, “Molla Nəsrəddin lətifələri”, “Azərbaycan el
sözlərı”, “Təmsillər və məsəllər”, “Azərbaycan aşıqları antologiyası”,
“Məqalələr”, “Ana dilimiz və milli varlığımız haqqında xatirələr”.
Fars
dilinə tərcümələri:
“Zəbani dəstur zəbane Azərbaycan (farsca)”,
“Gozidehayi əz Təranehaye (farsca tərcumə)”, “Çenin bud əmma çenin nəxahəd bud (farsca tərcumə)”,
“Guşehayi əz Xaterat və çənd dastan əz-Cəlil Məmmədquluzadə (farsca)”, “Şəhriyar
və Heydər Baba (farsca)”, “Azərbaycan dilinin qirameri (qram-matikası)”,
“Vajenameye Avazi (Azərbaycan dili barəsində, farsca), Rəsul
Rzanın şerlərinin farsca tərcüməsi”, “Torkane Parsiquy (farsca şeir yazmış türk
şairlərinin antologiyası, farsca), “Fərhənge Loğate Azərbaycan (farsca)”
İstifadə
olunmuş ədəbiyyat:
[1]. «İlk müəllimim anam olub», «Respublika»
qəzeti, 27 noyabr 1999-cu il.
2. R.Əliyev. Taleyin sözü, “MBM”
nəşriyyatı, 2008, s.323.
3. «Vətən yolunda» qəzeti, Təbriz,
№ 1946.
4. «Vətən yolunda» qəzeti, Təbriz,
№ 1946.
5.“Şəhriyar” qəzeti, “Heydərbabanın
izi ilə”, 22 oktyabr 1992-ci il.
6. Fərzanə Məhəmmədəli, Məqalələr,
Riza Həmraz, 1384(2005)-cü il, s.193-194.
7.“Şəhriyar” qəzeti, “Heydərbabanın
izi ilə”, 22 oktyabr 1992-ci il.
8. “Varlıq” jurnalının 1994-cü il 2-ci
sayı, s. 31.
9. Ş.Tağıyeva, Ə.Rəhimli. Güney
Azərbaycan, Bakı, 2000, s.397.
10. R.Əliyev. Taleyin sözü, “MBM”
nəşriyyatı, 2008, s.329.
13.“Ulu Türk yurdu Borçalı”, 4 noyabr
2008-ci il.
Комментариев нет:
Отправить комментарий