29.11.2012

Atasından çəkinən qızlar

Oktay Hacımusalı

Bu gün demək olar ki, əksər kütləvi informasiya vasitələrində ailədaxili inçest münasibətlərin kriminal xəbərlər adı altında verilməsi Azərbaycan milli – mənəvi dəyərlərinin əsas özəyini təşkil edən ailə sisteminin dağıdılması yolunda önəmli addımların atıldığından xəbər verir. Bu tip xəbərlərin yayılması heç şübhəsiz ki, bir müddətdən sonra cəmiyyətdə ciddi deformasiyaya gətirib çıxaracaqdır. Bəs nədir inçest münasibətlər? Tarixi proseslər zəminində inçest münasibətlər bir çox millətlərdə tabu kimi qəbul olunub. Bu gün bu termin əksər cəmiyyətlərdə ələxsus da bizim kimi Şərq düşüncəsinə aid olan cəmiyyətlərdə evlənmələri, əxlaqi, hüquqi və dini baxımından qadağan olunan (nikah düşməyən) yaxın qohum sayılan qadın ilə kişinin cinsi münasibətdə olması mənasında istifadə olunur.
Psixatriya kitablarında isə cinsəl sapmalar fəslində yaxın qohumlar arasındakı cinsi münasibətlər ya da qohumlar arasındakı sevgi münasibətləri mənasında qeyd olunur. “American Journal of Pscyhiatry” - nin 1991 – ci il yanvar buraxılışında mövzu ilə bağlı bir yazıda inçest münasibətin tərifi belə verilməkdədir: “ İnçest münasibət uşağın ata-ana ya da öz bacı – qardaşlarla və ailədəki digər fərdlərlə uyğun olmayan cinsi münasibətlər qurmasıdır”. Ayrıca həm vajinal, həm oral ya da genital münasibət, zorlama ile qarşılıqlı mastürbasiya formasında reallaşan cinsi münasibətlərin də inçest münasibətin içinə girdiyi vurğulanır.
İnçest münasibət ənənəvi olaraq bioloji baxımdan qohumluğu olan ailə fərdləri arasındaki əlaqə kimi dəyərləndirilməkdədir. Bu münasibətdə tarixdə həmişə qadağan olunmuş bir tabu kimi görülüb. Klasik inçest münasibətlər sadəcə qan qohumlarına şamil edilməkdədir. Yaxın münasibətlərin qurulduğu, valideynlik bağları və güvən nəticəsində yaranan və ya valideynlərlə olan inçest münasibət anlayışı uzun illər psixoloqlar tərəfindən görməzlikdən gəlinib.
İnçest münasibətlərdə diqqəti çəkən ən önəmli nöqtələrdən biri ata-ataların ya da valideynlərin davranışlarındaki travmaya səbəb ola biləcək fərqli davranışlardan daha çox hadisələrdə cinsi münasibətlərin reallaşıb reallaşmayacağının araşdırılmasıdır.
Inçest münasibətin qısaca da olsa tərifini verdikdən sonra baxmaq lazımdır ki, niyə bizim ailə institutumuzu məhv etməyə çalışırlar və bu bizə zorla yeridilən inçest xəbərlərin axır nöqtəsi hara kimi gedib çıxacaq? Əvvəla ondan başlayaq ki, niyə bizim ailə institutumuzu məhv etməyə çalışırlar? Çünki, Azərbaycanın ailə modeli milli-mənəvi dəyərlər sistemində formalaşıb. Qadına verilən önəm ailənin əsasını təşkil edir. Ailə cəmiyyət üçün ən böyük dəyərdir. Cəmiyyətin, dövlətin inkişafı, ümumiyyətlə insanların münasibətləri, ünsiyyət qurmaları ailə olmadan qeyri-mümkündür. Ailə kiçik bir dövlətdir. Bütün iqtisadi və maddi münasibətlər, hətta siyasi münasibətlər, ideoloji mübarizələr məhz ailədə ilkin rüşeym halında yaranır. Ailə münasibətləri haqqında danışarkən şəxsiyyət məsələsinə xüsusi toxunmaq lazımdır. Böyük şəxsiyyətlər məhz ailə tərbiyəsi əsasında formalaşmışlar. Bu şəxsiyyətlərin bütün əxlaqi keyfiyyətlərə yiyələnməsi, torpağına, el-obasına və milli mentalitetə bağlı olması, qadın-kişi münasibətlərində etik normaların gözlənilməsi məhz ailədən qaynaqlanır. Təsadüfi deyildir ki, biz ailəni milli-mənəvi dəyərlər sisteminə aid edirik. Tarixən ailə dəyərləri bu istiqamətdə inkişaf etmişdir. Mənəvi dəyərlərdən danışarkən, Heydər Əliyevin bu sözlərini xatırlatmaq yerinə düşər: "Milli-mənəvi dəyərlər qorunmalıdır, milli-mənəvi dəyərlər bizim varlığımızın əsasıdır. Milli-mənəvi dəyərlər insanın kamilləşməsi, şəxsiyyətin formalaşması üçün milli mentalitetdən qida alaraq, zaman-zaman bütün əxlaqi keyfiyyətləri özündə toplayaraq cəmiyyətə vəsiqə alır. İnsanın kamilləşməsi məhz ailədən başlayır". Bu, doğrudan da belədir. Mən hamımız üçün örnək olacaq bu misalı ona görə gətirdim ki, həmin əxlaqi dəyər ədəbiyyatımızda, filmlərimizdə, rəssamlığımızda, xüsusilə folklorumuzda özünə yer alaraq insanların inkişafına, formalaşmasına, müstəqil Azərbaycan dövlətinə xidmət edən şəxsiyyət kimi yetişməsinə kömək edib. Bəs bu əxlaqi dəyər çöksə nə olacaq? Bildyimiz kimi bizim ailə sistemimiz qohumlar arasında sıx münasibətlərin olduğu kompakt ailə sistemidir. Bu da özünüdərk düşüncəsinin əsas tərkib hissəsidir. Hətta əksər ailələr ən uzaq qohumlarını bayramlar da belə olsun, görür, ziyarət edir. Və bununla da ailə və qohumluq bağlarının itməməsinə səy göstərirlər. Həm də bizim ailəmiz ataərkil ailə sistemi olmaqla yanaşı, eyni zamanda qadına da böyük dəyər verir. Düzdür, burda kişi əsas kimi qəbul olunur, amma böyüməkdə olan nəslin tərbiyəsində qadının rolu daha böyükdür: Ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür. Fərd ailədə sosiallaşır, bəşəriyyətə uğurla xidmət etmək üçün zəruri olan keyfiyyətləri əldə edir, təbii fərdiyyətçiliyi aradan qaldırır, “başqaları üçün” yaşamağı öyrənir. O, eyni zamanda, nəsillər arasında mehriban münasibətlərin ictimai müvazinətini, daşıyıcıları yaşlılar və gənclər olan ənənələrlə novatorluq arasında tarazlığı qoruyub saxlayır. Bizim mütəşəkkil, bir – birinə sıx qohumluq əlaqələri ilə bağlı olan ailə sistemimizi görən xarici qüvvələr bir şəkildə təbii ki, çökdürməyə çalışacaq. Bunun isə ən uyğun yolu heç şübhəsiz ki, inçest münsibətlərin cəmiyyətdə şişirdilməsidir. Inçest münasibətlərin kütləvi informasiya vasilərində durmadan şişirdilməsi belə halların cəmiyyətdə adiləşməsinə və bir gün artıq bu tip xəbərləri görən insanların – potensial görən tamaşaçının, eşidən dinləyicinin, oxuyan oxucunun əlini yelləyib “Əşşi, olan şeydi də” – deməsinə gətirib çıxarmaqdadır. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, internetin və virtual ünsiyyətin sərhəd tanımadan və sorğu tələb etmədən insanların həyatına daxil olması faktı da ailə institutunun zəifləməsinə gətirib çıxarır. Aparılmış araşdırmaların nəticəsində bəlli olur ki, ənənəvi, mental dəyərlərə söykənən ailə münasibətlərinə sosial şəbəkələrin gəlməsi ailənin daxilində olan münasibətlərə ləkə gətirir. BU sahədə araşdırma aparan insanlar bildirirlər ki, qadın sosial şəbəkədə özünün marağında olan insanları tapır, ər də eyni məkanda öz istəyinə uyğun insanları axtarır. Bu tendensiya, eyni zamanda, ailənin digər üzvlərinə də sirayət edir. Beləliklə də, ailə məkan kimi qalır, amma daxilində olan dəyərlər dağılmağa başlayır. Ailə daxilində kiçikdən böyüyə, böyükdən kiçiyə olan münasibətlər istiqamətini dəyişir. Ailə üzvlərinin hər biri sosial şəbəkələrin subyektinə çevrilir, bununla da, ailənin daxilində olan struktur dağılmağa başlayır. Ailə daha əvvəlki ailə olmur, milli mənəvi dəyərlərin daşıyıcısı olmaq funksiyasını get-gedə itirməyə başlayır. Ailədə olan hər bir insan artıq özünü azad subyekt kimi hiss edir. Sabah ailədə olan artıq yetkinlik yaşına çatan qızlar bu xəbərlərə baxandan, onları oxuyandan sonra atalarına da bir təhər baxmağa başlayacaqlar. Öz atalarından çəkinəcəklər. Hər zaman onların altşüurunda bir qorxu, həyəcan hissi mövcud olacaq. Bu isə nəticə etibarı ilə travmaya gətirib çıxaracaq. Indi siz düşünün: belə bir qız sabah ailə quranda necə övlad tərbiyə edəcək? İstər – istəməz əgər qızı dünyaya gələcəksə, onu hər zaman öz atasından, özünün isə həyat yoldaşından uzaq tutmağa çalışacaq. Nəticədə isə... Nəticədə olacaqları demək istımirəm. Qərbdə, Avropada bu cür olduqca normal və adi haldır. Bizdə isə hələ ki, şükürlər olsun, adi hal sayılmır. Və sayılmaz da inşaallah. Baxmayaraq ki, biriləri bizə bunu zorla da olsa təlqin etməyə çalışır.

Комментариев нет:

Отправить комментарий