Səbuhi Məmmədli
Pakistan, İslamabad
Azərbaycan deyəndə gülümsəyən pakistanlılar və mehriban Pakistan haqda
Dubay-İslamabad reysi Benazir Bhuttonun adını daşıyan aeroporta enəndə gecə saat üçün yarısı idi. Trapdan enib yarıqaranlıq bir binaya üz tuturuq, sanki beynəlxalq aeroporta yox, hansısa təyinatı bəlli olmayan tikiliyə. Eynən bizdəki kimi, hərə əlindəki çanta və çemodanlarla pasport yoxlamasına tərəf elə hücum çəkir ki, elə bil kimsə yenidən bu adamları həmin təyyarəyə doldurub geri göndərəcəkdi. Pasportumuzu çıxarıb növbə tuturuq...
Aeroport çirklidir, köhnədir, kiçikdir, buna söz yox. Və həm də yarıqaranlıqdır. İçəridə əli silahlı onlarla adamın gəzişməsi isə bu yarıqaranlığın fonunda artıq ölkəylə bağlı səndə ilk təəssürat yaradır: hə, qeyri-stabil, fövqəladə vəziyyətin hökm sürdüyü bir ölkəyə gəlib çıxmısan. Amma yoxlama yerində əyləşən gəncin gülərüzlə pasportun üz qabığına baxıb “Azərbaycan” deyə gülümsəməsi isə ən azı xoş məqamdır; demək, buralarda bizləri sevirlər, Azərbaycan və azərbaycanlılar bunlara özgə deyil, əksinə dostdurlar. Şairin sözü olmasın, hələ yaşamağa dəyər bir az da.
Aeroportun çıxışında isə səni böyük bir insan ordusu gözləyir. Düzdür, aralarında kimisə qarşılayanlar da var. Amma əksəriyyəti yerli istehsal olan kiçik “Suzuki-Mehran” markalı taksi maşınlarının sürücüləridir-gülərüz, mehriban. Bizdəki kimi qır-saqqız olub adamdan hara gedəcəyini öyrənməyənə kimi əl çəkməyənlərdən deyillər. Sadəcə baxıb və gülümsəyirlər. Təki onun müştərisi olmağına bir “hə” deyəsən. Anındaca çantalarını və az qala özünü də belinə mindirib maşınına aparacaq. Yolboyu isə elə söhbətlər edəcək ki…
***
Yolda çantadakı bloknotumu tapıb bir təhər otelin yerini ona başa sala bilirəm. Yeri gəlmişkən, əcnəbi, özü də müsəlman birisini daşıdığına görə, sürücü bir az sevinclidir. Hələ haradan gəldiyimi bilib ünvanımıza tərif də yağdırır. Düzdür, nə dediyini başa düşə bilmirəm, amma emosiyasından və gülərüzlüyündən hiss edirəm ki, xoş sözlər deyir.
***
Necə deyərlər, hər tərəfi işıqlandırılan aeroport yolu qurtarır, sürücü maşını ara küçələrə soxur. Yox, qardaş, deyəsən burda vəziyyət biz fikirləşdiyimizdən də qəlizdir. Düzdür, oteli tez tapırıq, amma oteləcən azı 3-4 blok-post keçirik. Hamısı da beton plitəli, ali avtomatlıların durduğu postlar. Maraqlıdır ki, hər postun yanında da çadır qurublar. Yəqin postdakılar gecə növbəni dəyişirlər və elə həmin çadırdaca dincəlirlər. Ümumiyyətlə, küçələr boyu hər evin qarşısında əli avtomatlıların durduğu kiçik postlar var. Sonradan öyrənəcəyik ki, burda nəinki varlı, hətta orta təbəqənin nümayəndələri belə, qazanclarının bir hissəsindən imtina qapısının ağzında belə postlar qoydurur. Çünki burda təhlükəsizliyini ancaq belə sığortalaya bilərsən. Və bu qonşudan qalma dala prinsipi isə hansısa dəb də deyil. Bu, Pakistanda, paytaxt İslamabadda bir həyat tərzidir, reallıqdır.
(Yeri gəlmişkən İslamabada bir qədər təhlükəsiz rayon “Diplomatik anklav” deyilən ərazidir. Ölkədə akkreditə olunmuş bütün xarici nümayəndəliklər bu anklavda fəaliyyət göstərir. Eləcə də Azərbaycanın Pakistandakı səfirliyi - S.M.)
Bəlkə də elə bu səbəbdən səfir Daşqın Şikarov az qala hər reportaja, hər müsahibəyə bəndənizi zirehli maşını və mühafizəçi ilə göndərirdi. Və həmin maşın harada dayanırdısa, mütləq yanında kimsə qalmalıydı. Geri qayıdanda isə səfirliyin qapısındaca mina axtaranla diqqətlə yoxlanılırdı. Vur-tut bircə dəfə şəhərin “Kövsər” deyilən yerinə-təxminən bizim “Torqovıya” - mühafizəçisiz və adi maşında getdik, onda da geri qayıdanda səfirin narahatlığı əməlli-başlı sezilirdi.
***
İslamabadın xəritəsinə diqqətlə baxanda, şəhərin inzibati bölgüsünə nəzər salanda, sanki hansısa böyük hərbi şəhərciyə düşdüyünü hiss edirsən. Təsəvvür edin, şəhər sektorlara bölünüb və şərqdən qərbə doğru nömrələnib. Cənubdan şimala doğrusu isə latın hərfləri ilə işarələnib. Burada küçə anlayışı yoxdur. Getdiyini yeri taksi sürücüsünə elə beləcə də deyirsən “H-4”- ə sür. Və ya “F-7”- ə getmək istəyirəm. Şəhərin mərkəzi isə “F-6” və “F-7” sayılır. O qədər də iri olmayan-təxminən bizim rayon mərkəzlərindəki kimi-ticarət mərkəzləri az saylı kafe və restoranlar da elə bu sektorlarda yerləşir.
İslamabada kafe və restoran, yeməkxana anlayışı da bizdən bir qədər fərqlidir. Spirtli içkilərdən söhbət gedə bilməz, bu, birmənalıdır. “Cinnah” deyilən yerdə bir türk dönərxanasına oxşayan yer tapa bildik. Elə satan da türk idi. Daha doğrusu yerli türkmən. Anındaca anlaşa bildik. Ordan-burdan söhbət edəndən sonra, ondan harada yaxşı restoran və ya kafe tapa biləcəyimizi soruşanda cavabı… Hə, elə beləcə də dedi, özü də çox soyuqqanlı: “Burda yaxşı restoran yoxdur. Adi, elə belə küçədə, ya da sıradan yeməkxanalar var. Yaxşı yerlərin hamısını içkiyə görə, partladıblar”. Və güldü...Amma gülməli deyildi...
***
***
Şəhərdən söz düşmüşkən, burda nəqliyyat infrastrukturu anlayışı yoxdur. Şəhərdaxili reyslərdə hətta avtobusların damında belə özlərinə yer eləyirlər. Və maraqlıdır ki, əksəriyyət də məhz dama can atır. Çünki damda biletin qiyməti yarıbayarı ucuzdur. Avtobus dayanacaqlarında isə qadınlar və kişilər ayrı-ayrı yerdə dururlar.
İctimai tualetdən isə danışmağa dəyməz. Düzdür, təbii təlabatlarını ödmək üçün hər yerdə oturmurlar. Amma mərkəzi küçələrdən azca ayrıldın ha, harada istəsən rahat şəkildə tualet kimi istifadə edə bilərsən. Elə şəkildə də bunu əyani görə bilirsiniz.
***
Pakistanlılar mehribandırlar, buna söz yox. Fotoaparatın obyektivini hansına tərəf tuşlasan, qəti narahat olmazlar. Əksinə, gülümsəyərlər. Amma pakistanlı qadınları çəkmək, bax, bu əsil məşəqqətdir. Onlar nəinki poza verərlər, hətta səndən şikayət də edə bilərlər. Bu isə sənin üçün heç də yaxşı qurtarmaz.
Yəqin izləmisiniz, ötən yazılarımızın birində qeyd etmişdik, İslamabad dünyanın yeganə paytaxtıdır ki, bu şəhərdə nə teatr var, nə kino və konsert zalları, nə də hansısa əyləncə yerləri. Burda, şəhərdən azca kənarda “iki dağarası” deyilən, təxminən bizim dağüstü parka oxşayan böyük park yerləşir. Bu park Himalayın ətəyindədir və oradan bütün İslamabad ovuc içi kimi görünür. Amma bu boyda parkda bircə iaşə obyekti yoxdur. Əvəzində hər ağacın başında vəhşi meymunlara rast gəlmək mümkündür. Bizi xəbərdarlıq etdilər ki, parkda gəzərkən əlinizdə heç bir şey, xüsusi ilə də ərzaq olmasın. Çünki dərhal onların hücumuna məruz qala bilərsən. Şəkildə gördüyünüzü bu meymun isə qismən əhilləşib. Ümumiyyətlə, İslamabada yanında meymun çox adama rast gəlmək mümkündür. Burda bizimkilər pişik saxlayan kimi, meymun da çoxlarının sevimli ev heyvanıdır.
***
Paytaxtda çox az sayda alış-veriş məkanları var. Əsasən şəhərin mərkəzində yerləşən bu məkanlar isə səhərlər açıq olmur. Deyəsən pakistanlıların ticarətlə heç arası yoxdur. Mağazaya girirsən, bəzən satıcını özün axtarıb tapmalı olursan. Ya da, ümumiyyətlə tapa bilmirsən. Trikotaj nisbətən ucuzdur. Amma digər mallara gəldikdə Bakı ilə qiymət fərqi heç hiss olunmur.
İslamabadın əsas ticarət məkanları “Cinnah”, “Abpara” və “Cümə bazarı”dır. Sonuncu elə adından da göründüyü kimi, əsasən cümə günləri fəaliyyət göstərir.
Cümə burda istirahət günüdür həm də. O ki qaldı islamabadlıların istirahətinə…bax, bu tamam başqa bir mövzudur. Azərbaycanı və azərbaycanlıları çox sevən insanlardı. Odur ki, ardını qaçırmayın. Maraqlı olacaq.
Комментариев нет:
Отправить комментарий