14.03.2014

İsrail Məmmədov -55

Allahverdi Bayrami

Tək Azərbaycanda yox, bütün dünyada hər bir azərbaycanlının tanıdığı, sevdiyi, hörmət etdiyi bir müğənni, talış balası varsa, o da İsrail Məmmədovdur. Ulu Tanrıdan müğənnilik payını, musiqi istedadını alan İsrail Masallı rayonunun Kolatan kəndində təmiz niyyətli, halal güzəranlı Fəzlan kişinin və Rubayyə xanımın ailəsində dünyaya göz açıb. On yaşlı İsrailin həzin, şirin uşaq səsi ilə bir çox el mahnılarından etdiyi zümzümələr, oxuduğu mahnılar əvvəl evdəkilərin, sonra qonşuların, daha sonra kənd sakinlərinin diqqətini, el-obanın nəzərini cəlb edə bilmişdi.
İsrailin atası Fəzlan kişi bənna idi, anası Rubayyə kənddə sovxozun çay plantasiyasında çayyığan idi. Anasına kömək üçün çay sahəsinə gedən İsraildən qadınlar, qızlar xahiş edərdilər ki, onlar çay yarpaqları yığdıqca, İsrail mahnılar oxusun. Çünki İsrailin məlahətli uşaq səsi onları musiqinin sirli aləminə aparırdı, dünyanın dərd-sərindən uzaqlaşdırırdı, onları işə həvəsləndirirdi, qollarına güc-qüvvət verirdi.
Bahar fəslində, 1959-cu ilin 8 martında anadan olan İsrail qardaşımızın üzünə ana təbiət həyadan, izzətdən bir nur çiləyib, ona səbirdən, dözümdən bol-bol pay verib, ondan düz qədd-qamət də əsirgəməyib, musiqi qabiliyyəti, mahnı səsi də öz yerində.
Musiqi Tanrı vergisindən, istedaddan ərsəyə gələndə əsrarəngiz olur, insanın mənəviyyatına hopur. İllah ki İsrail oxusun, adamın ruhu dincəlir. İsrailin səsi insanı düşündürür, qəlbi titrədir, dərdlini ağladır, insanı mənəviyyatın paklıq zirvəsinə qovuşdurur. Daş xislətli qəlbləri də dilləndirir, ovundurur, adamların iç aləminə yol tapa bilir…
İsrail oxuduğu mahnıların sözlərini aydın səsləndirir, onu dinləyən şəxs sözü kəlmə-kəlmə eşidir. Bu, müğənniyə xas olan nadir məziyyətdir. 
Ruvayyə xanımın 10 övladı - 7 oğulu, 3 qızı var. İsrail ailədə 4-cü oğuldur. Dünyanı dərk edib tanıyandən bəri anasını - Rubayyə adını əzizlənmiş forması olan “Bayə” kimi deyib, çağıran İsrail 84 yaşlı  anasını həddən artıq sevir, ana məhəbbətindən, ananın ona şəfqətindən ilhamlanır. İsrail dünyalar qədər sevdiyi və 78 yaşında vəfat edən atasının da ətrini anasından alır. 
Harada, hansı ölkədə, hansı bölgədə olmasından asılı olmayaraq, evə telefon edər, anasının səsini eşitməyə ehtiyac duyar, təskinlik tapar, bu halda onda yaratmaq, yaşamaq həvəsi intəhasız olaraq çağlayar. Evdə olanda atasının yatdığı otağı, çarpayını gözdən keçirər, anasının yatacağına yaxın yerdə yatar, ana-bala şirin söhbətlər edər, xatirələrə dalarlar. İsrail daim anasını mehribanlıq, təvazökarlıq qanadının altına alır. Valideynlərin bütün xərcini həmişə İsrail özü ödəyib, həm də sevinə-sevinə, öyünə-öyünə.
İsrail varlığı ilə sevdiyi ana dilinin incəliklərini bilir, bu dildə danışmaqdan həzz alır, bəzilərindən fərqli olaraq, öz ana dilində danışmaqdan çəkinmir. 2 gül balası ilə doğma ana dilində danışır. Qızı Astara kollecində oxuyur, oğlu orta məktəbi bu il bitirir, hər ikisi ali məktəbə qəbula hazırlaşır. İsrailin təbirincə, ana dilini anası qədər sevməyən insanın Tanrı yanında da hörməti, izzəti olmaz.
İsrail Azərbaycan xalqının qəlbində özünə heykəl qurub. Azərbaycanın elə bir rayonu yoxdur ki, İsrail oranın el toylarında müğənnilik etməsin, Bakı, Gəncə, Qazax, Şəki, Quba, Lənkəran, Astara…hər yerdən onun səsi-ünü gəlir.
Qeyd edilməli haldır ki, İsrail oxuduğu bir çox mahnıların sözlərini özü yazır, musiqisini özü bəstələyir: belə mahnıların sayı yüzlərlədir.
1981-ci ildən istedadlı müğənni kimi tanınan İsrail Məmmədovun çoxlu audo, video kaset və diskləri buraxılıb. Bunlardan biri “Azim Tolışə bılbıl”  adlı talışca oxuduğu mahnılardan ibarəl olan diskdir. Kassetin təqdimetmə mərasimi Belorusiyanın Minsk şəhərində keçirilib (2005) Tədbirdə bu ölkədə fəaliyyət göstərən 6 xarici ölkə səfirləri, Belorusiyanın elm, mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər. Yadda saxlanmalı faktdır ki, İsrail talış mahnılarından video kasset buraxan ilkin müğənnilərimizdəndir.
Rusiyanın Moskva, Sankt-Peterburq və digər iri şəhərlərində yaşayan azərbaycanlılar ildə 2 dəfə sevimli müğənnimiz İsraili bir aylığa Rusiyaya dəvət edirlər, hər günkü görüşlər, konsertlər, tədbirlər İsraili yormur, əksinə, onu daha da həvəsləndirir. Eloğlanları, elqızları qarşısında çıxış etmək, onların bədii zövqünü oxşamaq ona rahatlıq , mənəvi qida verir.
İsraili qonşu ölkələrimiz İran və Türkiyədə də yaxşı tanılyırlar. Bu yaxınlarda o, yeni klip çəkdirmək üçün Türkiyədən yaradıcılıq ezamiyyətindən qayıtmışdır..
İsrail Məmmədov Lənkəran Kənd Təsərrüfatı Texnikumunun, Gəncə Kənd Təsərrüfatı Akademiyasının məzunudur.
İsrail, Vətənimizin ağır dönəmlərində daima ön cəbhədə əsgərlərimiz üçün təşkil edilmiş konsertlərin iştirakçısı olmuş, onları öz gözəl nəğmələri ilə ruhlandırmışdır. Bundan əlavə o, “Azkonsert” Birliyinin qaçqınlar üçün təşkil etdiyi bütün konserlərin iştirakçısı olmuş, qaçqın və məcburi köçkünlərin ağrılı, acılı talelərinə öz həzin nəğmələri ilə şərik olmağı bacarmışdır. 
Hal-hazırda da sevilən dinləyicilərinin təkidli təklifləri ilə bir sıra televiziya verilişlərinə (“Zəhmətkeş ulduzlar”, “Ay ev yiyəsi”, “Ənənə boxçası”) mütamadi dəvətlər alır, həmən verilişlərdə iştirakçı olmaqla dinləyicilərinin istəklərini yerinə yetirməyə çalışır. 
İsrailin nəğmələri video çarx şəklində internet səhifələrində yayımlanır, ona hər yerdən:Amerikadan, Avropadan, İrandan, Türkiyədən, MDB ölkələrindən saysız-hesabsız təbriklər, təkliflər gəlir, onu ürəkdən sevdiklərini, onun sirli sənəti ilə fəxr etdiklərini bildirirlər.
İsrail son dərəcə təvazökar insandır, özü haqqında çox xəsisliklə danışır. Ömrünün 55-ci baharını yaşayan İsrail görəsən taleyindən razıdırmı? Cavabında deyir:
-Bəli, razıyam. Allah mənə mehriban ata-ana, nəcib ailə, sevimli balalar, el məhəbbəti, gözəl səs, xoş güzəran ərməğan edib. 
Müğənniyə ilk öncə Tanrı payından səs, el sənətinə, xalq musiqisinə sevgi, əxlaqca düzlük, saflıq, zəhmət çəkmək, öz üzərində çox işləmək, milli mədəniyyətə sadiqlik lazımdır, şükürlər olsun, Allah bunları mənə qismət eləyib. 
İnsanlarda həyanın, düzlüyin, Allaha, ata-anaya, ustada, rəhbərə məhəbbət bəsləməyin, ailədə doğruculluğun, sədaqətin, hər işdə halallığın olmasını çox sevirəm. Həzrəti Əli (ə) demişkən: Qadında həya gözəldir, kişidə olsa, daha gözəldir. 
Zəhmətkeşliyimin nəticəsi odur ki, həm azərbaycanca, həm talışca oxuduğum mahnılara zaman-zaman yeni səpkilərdə müraciət edirəm, unvanıma gələn dinləyici mesajlarına diqqət edir, onların maraq və meyillərini nəzərə alıram.Yeni-yeni albomlar, kassetlər, video çarxlar üzərində işləyirəm. Mahnılarımın mətnlərinin müəllifləri əsasən özüm və Əli Nasir, Əhəd Moxtar, Tofiq İlham, Xanəli Tolış, Tapdıq Məmmədi, Yadulla Sayad, Camal Lələzoə kimi tanınmış şairlərdir. 
Əlbəttə, bunların içində Əli Nasirin şəxsiyyətini, poeziyasını, yaradıcılığını daha çox qiymətləndirirəm. Onun şeirlərində dərin vətənsevərlik, hikmətə söykənən məna, ana təbiətin təkrarolunmaz gözəlliklərinin özünəməxsus qələmlə təsviri məni cəlb edir…
İsrail Məmmədova yeni yaradıcılıq uğurları arzu edirik. Gün o gün olsun ki, İsrail Məmmədovu da, nəhayət, Azərbaycanın fəxri adlar almış sənətçiləri sırasında görək.

“Tolışon Sədo”

Комментариев нет:

Отправить комментарий