14.03.2014

ŞİRİN NƏRİLTİSİ

Rafiq Cəlilov

Özümçün qət etmişdim ki, bundan sonra ancaq talışca yazacam, bunu özümə bir mənəvi borc bilirəm, ancaq nəzərə  alsaq ki, yazılarımı talış dilini yaxşı bilməyən talış qardaş-bacılarımızdan başqa da “sevə-sevə” oxuyanlar olur, qət etdim ki, bu yazını talışca yazmayım. Buna bir neçə səbəb var, ən birinci səbəb isə Avropa Parlamentində Talışın problemlərinin həlli yolları barədə müzakirələr barədə ətraflı məlumat vermək istəyimdir..
D-r Hilal Məmmədovun durumu. Qəzetin hər nömrəsində d-r Hilal Məmmədovun durumu baradə məlumat verməyi özümə borc bilirəm, ona görə yox ki, mən onun müdafiə komitəsinin həmsədriyəm, ona görə ki, mən d-r Hilal Məmmədovun həbsinin, Talışlara növbəti qulaqburması verilməsi istiqamətində verilmiş bir sifariş olduğuna əminəm.
Bu gün, əqidəsindən, dinindən, harada yaşamasından asılı olmayaraq hər bir Talışın, istər fəhlə olsun, istər Milli Məclisin deputatı, borcudur ki, bu sifarişli həbsə öz etirazını bildirsin. Biz, hər birimiz bir fərd olaraq d-r Hilal Məmmədovun həbsinin motivlərini qabartmasaq, onu da USTAD Novruzəli Məmmədov kimi itirə bilərik, bu isə bir millət olaraq nə talışlara, nə də bir dövlət olaraq Azərbaycanımıza başucalığı gətirməz. 
D-r Hilal Məmmədovun həbsini pisləyən təşkilatların isə ranqı get-gedə böyüməkdədir. Artıq ABŞ Konqresi də öz illik hesabatında birbaşa bu məsələyə toxunmuş, hökumətimizi Azərbaycanda Talışların problemlərinin həlli istiqamətində addımlar atmağa çağırmışdır. Artıq Avropa Parlamenti də d-r Hilal Məmmədovun həbsinin motivlərini araşdıraraq, bu qənaətə gəlmişdir ki, d-r Hilal Məmmədovun heç bir günahı sübuta yetirilməyə-yetirilməyə, ona 5 il azadlıqdan məhrumetmə cəzasının verilməsi böyük bir yanlışlıqdır. Azərbaycan hökuməti isə, d-r Hilal Məmmədovu dərhal həbsdən azad etmək əvəzinə, hələ də nəyi isə gözləyir, yəqin ki, bu məsələnin BMT-nin tribunasından səslənməsini gözləmirlər...
Avropa Parlamenti. Fevralın 19-da Avropa Parlamentində “Qarabağ sülh danışıqlarında Azərbaycanda yaşayan xalqların iştirakının mümkünlüyü” adlı dinləmələr nəzərdə tutulmuşdu. Dinləmələrin təşkilatçılarından biri də Niderlandda qeydiyyatdan keçən Talış Milli Hərakatı idi.  Çox təəsüf ki, bəzi “vətənşüvən” təşkilatlar, hansılar ki, Talış adını eşidən kimi qeyri-ixtiyari diksinirlər, “Qarabağ azərbaycanlılar (?) ilə ermənilərin münaqişəsidir, milli azlıqların bu münaqişəyə nə aidiyyatı?” kimi sərsəm fikirlərlə çıxış edərək, dinləmələrin gündəliyindən Qarabağ müzakirələrini çıxartmağa nail oldular. (Belələrinə deyəsən ki, ay tünbətün, ayrı vaxt deyirsiz “hamımız azərbaycanlıyıq, özünüzə talış deməklə bölücülük etməyin”, ancaq özünüzə sərf edəndə bizi “azərbaycanlı” saymırsız?) Bu “vətənşüvənlər”in absurd fikirlərini analiz etsək bu qənaətə gələ bilərik ki, talışlar Azərbaycan vətandaşı deyillər və buna görə də Qarabağ münaqişəsinin həllinə nəinki təklif vermək, heç həmən müzakirələrdə iştirak etmək hüququna mallik deyilmişlər. Nə isə, məntiqdən uzaq insanlara heç vaxt baş qoşmadığım üçün, bu məntiqsizlərlə də işim yox. Ancaq “vətənşüvənlər”in bu “hay-küyü” prinsipcə heç nəyi dəyişmədi, dinləmələr “Qafqazda xalqların birgəyaşayışı” adı ilə baş tutdu. Mən də həmən dinləmələrə dəvətli idim, lakin İstanbul—Brüssel reysi ilə uçan təyyarə İstanbuldan 4 saata yaxın gecikmə ilə uçduğuna görə mən Brüsselə yalnız dinləmələr başlayandan 30 dəqiqə sonra çata bildim. Buna baxmayaraq dinləmələr haqqında tam məlumatlıyam, dinləmələr əsasən talışların problemlərinə həsr edilib. Bu problemləri öz çıxışlarında, hal-hazırda Londonda yaşayan hüquqşünas Fərqiyyə Kərimova və Talış Milli Hərakatının rəhbəri Ələkram Hümmətov göstərmişlər. Bu çıxışlara etiraz olaraq Prezident Aparatının məsul işçisi Heydər Mirzə Azərbaycandakı “analoqsuz” tolerantlıqdan danışaraq, həmin “tolerantlığın” qurbanı  olan şəhid alimimiz, USTAD Novruzəli Məmmədovun ibtidai siniflər üçün nəzərdə tutulmuş “Tolışə Zıvon” (Talış Dili) kitabını az qala sədarətin gözünə soxmaq istəyib. Heydər Mirzənin (oxu: Azərbaycan iqtidarının) bəxti orda gətirib ki, mən dinləmələrə çata bilmədim, yoxsa mən də öz şəxsi hesabıma dərc etdiyim qəzeti göstərərək, “tolerant” hökumətimizin pantürkizmi təbliğ  edən 31 adda qəzetə hər il 4 milyon manat yardım etdiyini, bu siyahıya bizim qəzetin adının salınmadığını, qəzetimizə indiyəcən bir manat da olsun yardım edilmədiyini (bu cümləni “Rafiq hökumətin adamıdır və qəzeti də hökumətin pulu ilə çıxardır” deyən talışlar da öz “menyularına” sala bilərlər) vurğulayıb, “Azərbaycan” nəşriyyatında “adı olub, özü olmayan”, fəaliyyətləri əsasən reketçilik olan qəzetlərə 2,3, hətta 4 otaqlı ofislər verildiyi halda, bizim qəzet üçün heç bir otaqlı ofisin “tapılmadığını” deyib, sizin “tolerantlıq” nağılınıza dibindən bir balta vuracaqdım. Bəlkə də elə yaxşısı bu olub, çünki sağlamlığımı əta etdiyim bir dövlətin əleyhinə, daxili tribunada dediklərim xaric, xarici tribunadan danışmaq mənim üçün çox ağrılıdır. Axı niyə biz Avropadakı kimi sivil, biri-birilərinin ana dillərinə hörmətlə, qayğı ilə birgəyaşayış qaydaları ilə yaşamayaq? Axı niyə biz Niderlandda çox az sayda olan fliz (və ya friz) və digər azsaylı, köklü xalqlar üçün yaradılmış şəraiti Azərbaycanda yaşayan köklü xalqlara tətbiq etməyək? Buna nə maneçilik törədir? Bu və bunlara bənzər çoxlu suallarıma isə cavab tapa bilmirəm ki, bilmirəm.....
Brüsseldən sonra biz, fevralın 20-də Haaqa şəhərində Niderland krallığının parlamentində deputat Coel Voordevinq ilə görüş keçirtdik. Azərbaycandakı mövcud durum ilə tanış olduğunu bildirən deputat Talışların probleminin həllində yaxından iştirak edəcəyinə söz verdi. Günortadan sonra isə bizi Niderland krallığının Xarici İşlər Nazirliyinə, nazirin köməkçisi ilə görüşə dəvət etmişdilər, lakin biz nazir köməkçisi ilə görüşməkdənsə şəhid alimimiz, USTAD Novruzəli Məmmədovun həyat yoldaşı, Avar xalqının Talış qızı Məryəm xanım Məmmədova ilə görüşməyi üstün tutduq və Limburq əyalətinə, Məryəm xanımın yaşadığı kiçik, lakin çox səliqəli və gözəl Sxinfeld şəhərciyinə, Talışın mərd ANAsının ziyarətinə yollandıq. Məryəm xanım bizi görüb çox sevindi, biz də Talışın mərd ANAsını görməyə xoşhal olduq. Bir xeyli ordan-burdan danışdıq, bütün bu danışıqlarda mənə bir məqam xüsusi stimul verdi: Məryəm xanım özünün mübarizliyini qoruyub saxlaya bilmişdi, başqa cür də ola bilməzdi, Talışın mənəvi ANAsının ruhdan düşməyə, sınıxmağa heç hüququ da çatmır. Talış xalqı Sizinlə fəxr edir Məryəm xanım, qoy Xıdo özü Sizə kömək olsun və bizim ziyarətimizi qəbul etsin, Amin!....
....Təbii ki, oxucu “Avropa Parlamentindəki dinləmələrdəki çıxışların, həmən dinləmələrin Azərbaycana, Talışa nə xeyri oldu?” sualını verə bilər. Mənim fikrimcə bu dinləmələr bizim haqq səsimizin dövlət başçısına çatmasına bir başa vəsilə oldu, artıq Prezident Administrasiyasında “Milli məsələlər üzrə dövlət müşaviri” postu bərpa edilib. Ümüdvaram ki, bu posta gətirilən, Bakı Slavyan Universitetində tələbələrin yanında xüsusi hörmət qazanmış Kamal Abdulla vəzifəsini layiqincə yerinə yetirəcək, Azərbaycanın köklü xalqlarının problemlərini dövlət başçısına təhrif etmədən çatdıracaqdır...
Talışın Amazonkaları. Zaman-zaman Talış qadınının şücaətindən yazılıb, bu şücaətlər vəsf edilib. Talış qadını, bütün çətinliklərə baxmayaraq bu gün də ayaqdadır, öz Talış qardaşlarına QARDAŞ olaraq, bütün çətinliklərin, bütün problemlərin üstünə birgə yeriyir. Belə qadınlarımız çoxdur və hər biri haqqında palaz-palaz məqalələr yazmaq olar. Hansını deyim, hansı  qalsın, bilmirəm. Bəlkə Südabə müəlliməni deyim? Bəlkə Əli Nasirin, Hilal Məmmədovun ömür-gün yoldaşlarını deyim? Bəlkə USTAD Novruzəli müəllim ilə bütün çətinliklərə sinə gələn Məryəm xanımı deyim? Haşiyə: Həmişə Məryəm xanım haqqında yazmaq istəmişəm, ancaq həmişə də özümə sual vermişəm: mənim Məryəm xanım haqqında nə isə yazmağa haqqım varmı? Həmişə hesab eləmişəm ki, Məryəm xanım haqqında USTAD ilə silahdaş olanlar – Fəxrəddin Əboszodə, Əli Nasir, Hilal Məmmədov, Balayar Sadiq, Akif Dənzizadə və s.-lər yazmalıdılar, onların buna haqqı məndən yüz dəfələrlə çoxdur, ancaq nədənsə yazmırlar, yəqin onlar da mənim kimi bu yazını yazmaq üçün özlərində, sözün xoş mənasıında, cəsarət tapa bilmirlər. Çünki Məryəm xanım haqqında yazılmış yazıda kiçik bir yanlışlıq – Talışa xəyanətə bərabər tutula bilər. 
Sözümün canı odur ki, bu gün cəng meydanında olan xanımlarımız – Fərbiyyə Şabanova, İradə Məlikova, Leyla Tolış, Könül Rəsul, Aygül Lankoni və sairə bacılarımız QARDAŞ kimi bizimlə çiyin-çiyinə gedirlərsə-bu millətə zaval yoxdur. Belə merd qadınlarımızdan biri də Fərqiyyə hovamızdır. Talışların bir sözü var: Şiri nırrəku əşəy niə ya moə be zıne bedəni. (Şirin nəriltisindən onun erkək, ya dişi olması bilinməz) Şiri Fərqiyyə bütün çətinliklərə və işinin çoxluğuna baxmayaraq Avropa Parlamentindəki dinləmələrə qatılıb, orada Talışın problemlərini ingilis dilində parlamentarilərə çatdırmağı özünə borc bilərək Londondan Brüsselə gəlmişdi. Şiri Fərqiyyənin tək bircə bu hərəkəti, içi mən qarışıq, onlarla Talış kişi fədaisinin gördüyü işdən üstün idi. Və ümüdvaram ki, Şiri Fərqiyyənin bu fədakarlığı Talışın bir çox özündənrazı “navaşən”inə ibrət olacaq, qoy səsin daima yüksək tribunalardan gəlsin Fərqiyyə HOVA-Şiri Fərqiyyə.....

“Tolışon Sədo”

Комментариев нет:

Отправить комментарий