28.06.2015

AYƏTULLAH ŞEYX ƏHMƏD PAYANİ


İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Görkəmli islam alimi Ayətullah Şeyx Əhməd Payani özünün elmi və əməli məqamı ilə islam aləmində tanınmışdır. O, 1928-ci ildə Azərbaycanın Yardımlı məntəqəsində Hamarkənd adlanan kəndində dindar bir ailədə dünyaya gəlmişdir.

 Uşaqlıq çağlarını ata-anasının təlim-tərbiyəsi altında keçirmişdir. Payaninin atası Məhəmməd kişi bolşevik-trotskistlərin din xadimlərinə zülm edib aradan apardığı yüzlərlə din xadimi kimi məcbur olaraq İranın Ərdəbil şəhərinə köçür. Alimin anası Musəvi Seyyidlərindən biri kimi tanınan və zamanın tanınmış dəyərli islam alimlərindən olan Seyyid Kazimin övladlarındandır.
 Ayətullah Payani İrana keçən zaman təxminən beş yaşı olub. Cavanlığının ilk çağlarından mənəvi mühitdə böyüyən Payani ilk təhsilini Ərdəbilin dini mədrəsələrində ələ gətirib. İlk təhsil günlərindən fövqəladə dərəcədə fitri istedada malik olan Payani müqəddəmə dərslərini qısa müddətdə başa vurub. O, orta və ali dini təhsil almaq üçün İslami mədrəsələrə üz tutur. Həmin dövrdə Ayətullah Musəvi Ərdəbili ilə birlikdə elmi mübahisələri olub. Alimin ilk təhsil dövranı ikinci dünya müharibəsi ilə bir vaxta təsadüf edir. O zamanlar İran padşahlığının tarix səhifəsində qara günləri hesab olunur. Ölkədə ictimai şərait hədsiz dərəcədə ağır vəziyyətdə idi. Ölkənin İngilis və Amerika dövlətləri tərəfindən istismar olunması müsəlman xalqının vəziyyətini ağırlaşdırmışdı. Hər tərəfdə zülm, hərc-mərclik, aclıq və fəqirlik hökm sürürdü. Elmi mərkəzlər elə dağıdılmışdı ki, gələcəkdə vəziyyətin yaxşılaşmasına ümid yox idi. Bu vəziyyətdə Ayətullah Əhməd Payani din elmlərini oxumaq üçün ruhani libasını geyir. Dövlət başında olan Rzaxan dini dərs oxumağı bir tərəfə, ruhani libasını geyməyi qəti surətdə qadağan etmişdi. Bu barədə mərhum Payani öz xatirələrində yazır: “Dövlət başında olan demokrat partiyası ölkədə ruhanilər əleyhinə terrora və edamlara başlayır. Bu vəziyyətdə ruhani libası geymək heç də asan iş deyildi. Hər ləhzə ölüm, ya edam ola bilərdi”.
 Ayətullah Payani orta təhsilini həmin zamanlarda Ərdəbilin “Molla İbrahim” adlı mədrəsəsində başa vurur. Bir müddətdən sonra təhsilini artırmaq üçün Quma gələn Payani, o zaman Qum şəhərində təzə elmi mərkəzin əsasını qoyan Ayətullahül-üzma Brucerdinin dərslərində iştirak edir. Mərhum Payani elmi təhsilini bu şəhərin tanınmış alimlərindən alır. “Rəsail” kitabını Ayətullah Soltani Təbatəbaidən, “Məkasib” və “Kifayə” dərslərini Ayətullah Mücahidi və Ayətullah Mərəşi Nəcəfidən öyrənir. Başqa üsul və fiqh dərslərini Mərhum Ayətullah Brucerdi, Ayətullah Höccət və Ayətullah Damad kimi tanınmış alimlərdən dərs alır. Bundan əlavə, ali dərslərin başqa qismətlərini Ayətullahül-üzma İmam Xomeyni və Ayətullahül-üzma Gülpayqanidən öyrənir. Mərhum Payani təhsilini başa vurduqdan sonra yüksək dərəcəli elmi məqama nail olur.
 İlk şəri vəzifəsini özü kimi ruhani tələbələr yetişdirməkdə bilən alim Qum elmi mərkəzində tədrisə başlayır. Ən çox tədris etdiyi dərslərdən biri Ayətullah Şeyx Ənsarinin “Məkasib” kitabıdır. Bu kitabın ağır mənalı və dərin mətləbi olmasına baxmayaraq, mərhum Payani bu kitabı on dörd dəfə tədris etmişdir. Alimin Məkasib dərsləri İslam ölkələrində lent yazıları şəklinə yayılmışdır.
 Alimin başqa fəaliyyətləri sırasında onun İranın müxtəlif məntəqələrində İslam dinin təbliğ etməsini qeyd etmək olar. Mərhum Payani özünün ədəbi, əxlaqı, pəhrizkarlığı ilə alimlər arasında seçilmişdir. Ayətullah Musəvi Ərdəbili alimin elmi və əxlaqı məqamı barəsində buyurur: “Mən onunla Rza xanın hakimiyyəti dövründən tanışam. Birlikdə dərs oxumuşuq. Çox zəhmətkeş və istedadlı idi. Məkasib dərsini əvvəlcə türk dilində deyərdi, sonra mən ona çoxlarının bu dərsdə iştirak etmək istədiklərinə görə dərsini fars dilində deməsini təklif etdim. Sonradan mənim sözümü qəbul etdi. Dini ibadətlərində həmişə dəqiq idi. Sadə şəkildə yaşamağı üstünlük sayardı”.
 Payaninin tələbəlik dostu Ayətullah Məkarim Şirazi isə buyurur: “Mən tələbəlik dövranımın ilk günlərindən onunla tanış olmuşdum. Çox əxlaqlı, xoşxasiyyət və təvazökar insan idi. Heç vaxt heç kəsi incitməzdi. Bütün alimlərə qarşı özünəməxsus məhəbəti vardı. Öz vəzifəsinə harada olsa əməl edərdi”. Sadə yaşayışı üstün tutardı. Dərslərin yüksək dərəcədə oxuyardı. 40 il ərzində Qum elmi mərkəzində müxtəlif fənləri tədris etmiş idi. Yetişdirdiyi tanınmış şagirdlərindən məlum olur ki, mərhum Payani nə qədər görkəmli ustad olub.
 Mərhum Ayətullah Payani tədris etməklə yanaşı çoxlu elmi əsərlər yazmışdır. Onlardan bəzilərini qeyd edirik:
1.İrşadut-Talib ila həqaqiqul-məkasib (Şeyx Ənsarinin “Məkasib” kitabına şərh, fars dilində).
2.Kifayətul-üsul kitabına şərh (fars dilində).
3.Risaleyi əhkamul ərazi və əqsamuha (fars dilində).
4.Risaleyi əqdi füzuli (fars dilində).
5.Fehrest Cameulş-şətat (mərhum Mirza Qumi).
 Nəhayət, mərhum Ayətullah Payani uzun sürən xəstəlikdən sonra 1997-ci ildə 71 yaşında dünyasını dəyişir. Alimin pak cənazəsi alim və ruhani tələbələrin izdihamlı müşayiəti ilə Həzrət Fatemeyi Məsumənin pak hərəmində dəfn olunur. Ayətullah Payaninin övladlarından Höccətul İslam Rza Payaninin qeyd etmək olar ki, hazırda Qum elmi mərkəzində təhsil və tədrislə məşğuldur.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий