14.02.2021

Öz malına həsrət qalan xalqımız

Anar Xəyali

Dünyanın bütün ölkələrində, daha doğrusu ərazisində dənizlər, göllər olan, yaxud da dəniz kənarında yerləşən ölkələrdə balıqçılıq, yəni balıq təsərrüfatı sıravi əhalinin monopoliyasında olur. Yəni balıqçılıq xalqa məxsus olur.
Adətən dəniz kənarında yaşayan əhali keçimini saxlamaq üçün mövsümi olaraq balıq tutur, satır- həm sıravi insanları balıq əti ilə təmin edir, həm də dolanışıqlarını çıxarırlar.
Uzun illər ali təhsil aldığım və yaşadığım Türkiyədə də bunun canlı şahidiyəm. Çünki mən əsasən Trabzon şəhərində "Karadeniz Teknik Üniversitesi"ndə oxumuşam, bu şəhər də Qara dənizin sahilində yerləşir. Orda balıqçı qəsəbələri, balıq ovu vətəgələri Türkiyə üzrə məhşurdur. Çox dəfə balıqçı təkərlərinə mindiyim balıq ovunda Trabzonlu balıqçıları müşahidə etdiyim zamanlar da olub.
Uzağa getməyək, hətta SSRİ dövründə belə yadıma gəlir ki, Sara adasında balıqçılar yaşayıb. Xalq az çox balıq görürdü süfrəsində. Hətta yaxşı yadıma gəlir, nərə cinsli balığı 1996-ildə Lənkəran bazarından o zamanın pulu ilə 2 şirvana, yəni 20 min manata alırdıq. Ölkədə ağır iqtisadi çətinliklər olan 90-cı illərdə ac olanlar ən azından sahildə durub dənizə qırmaq atardı, qırmağa nə gəldisə, Allah bərəkət versin, el dili ilə desək yavanlıq olurdu.
İlk dəfə 2001-ci ildən başlayaraq xalqın əlində az çox qalan bu sahəni də ona çox görərək ondan almağa başladılar. Bunu da olduqca sistemli şəkildə etməyə başladılar. Yaxşı xatırlayıram həmin illərdə bu proses Kəmaləddin Heydərovun kurasiyasına verildi və onun rəhbərliyi ilə həyata keçirilməyə başladı.
2002-ci ildə tanışlıq vasitəsi ilə "Caspian Fish" adıyla yaradılan bu monopoliyaya işə düzəlmişdim, iş yerim isə Dəniz vağzalının yanında olan, bu monopoliya tərəfindən qeyri-qanuni şəklidə özəlləşdirilən Balıq Liman Təchizat cəmiyyəti, tam adı "Təchizat AzB" olan ASC idi. Məhz həmin illərdə xalqın balıqçılıq ilə məşğul olan cüzi hissəsinə qarşı belə demək mümkünsə genosid siyasəti başlamışdı. Həmin vaxt mən Bakı şəhərinin demək olar ki, mərkəzində olan 240 metrlik limana və 12 PTS tipli balıqçı gəmilərinə malik müəssisənin iqtisadçısı, sonra isə Liman nəzarətçisi idim. Gözümün önündə gəmilər nərə cinsli balıqların brakonyercəsinə ovuna çıxır, hardasa 15-30 gün dənizdə olur, geri gələndə də 25-30 ton ağ balıq ilə dönürdülər. Balıqlar dərhal məlum "Caspian Fish"-ə aparılırdı. Beləcə milyonlar məbləğində nərə balığı və kürüsü ismini çəkdiyim monopoliya rəhbərinin cibinə axırdı.
Gəl zaman-get zaman bütün ölkə boyu ənənəvi balıqçı nəsilləri ya müflis edildi, ya saxta ittihamlarla həbsə atıldı, ya da məchul cinayətlərə qurban getdi. Beləcə xalq da sahilində yaşadığı Xəzər dənizinin sərvəti olan nərə balığının dadını unutmaq məcburiyyətində qaldı. Dənizdən balıq tutmaq isə tarixin kirli səhifələrində qaldı əhali üçün.
Yerdə ancaq ölkədə olan çaylar, kanallar, su hövzələri qalmışdı ki, indi artıq xalqın bunlara yaxınlaşması belə güc strukturları, rüşvətxor ekoloji təşkilatlar tərəfindən şərlənərək həbsə atılmaq putyovkası deməkdir.
Lənkəranda başlamış əhalinin etirazı, yolu bağlamaq təşəbbüsü də məhz Xəzər dənizinin sahilində yaşayan, dənizə və balığa həsrət qalan xalqın çırpınışlarıdı.
Ahh mənim öz malına, öz sərvətinə, öz nemətinə həsrət qalan xalqım ah!!

Комментариев нет:

Отправить комментарий