11.09.2022

Talış dilini bilməyən erməni professor talış dilində dərsliyi necə çap eləyir?


Vasif Seyfullayev

Yerevan universitetində erməni professor talış dilində dərslik çap eləyib. Maraqlıdır, elə deyilmi?!
Bu işin siyasi tərəfini, sifarişlə yazıldığını, çap olunmağının əsl mahiyyətini, eləcə də sosial şəbəkələrdə "bizimkilər icazə vermir, amma ermənilər çap edir" kimi paylaşılan fikirləri qoyuram bir qırağa!..
Mən bu işə başqa aspektdən yanaşmaq tamamilə başqa amillərdən danışmaq istəyirəm.
Məndə bir sual yaranıb: "Talış dilində təhsil almamış, heç vaxt talış bölgəsində olmamış, talış dilinin incəliklərini bilməyən bir erməni talış dilini hardan belə mükəmməl bilir ki, talış dilində dərslik çap edir?". Hətta professor olsa belə, özü də akademik səviyyədə!..
Birmənalı qaydada bu kitabın ərsəyə gəlməsində erməni professora talış dilini mükəmməl bilən, mütəmadi ermənilərlə əlaqədə olan, ermənilərlə sıx işbirliyi olan və sapı özümüzdən olan baltalar yaxından kömək eliyib. Və bu baltaların kimlər olduğunu tapmaq üçün çox baş sındırmaq lazım deyil. Rusiyanın müxtəlif şəhərlərində yaşayan, gecə-gündüz özlərinin internet kanallarında ağızdolusu erməniləri tərifliyib onlara dəstək olan, tez-tez efirlərinə çağıran, qabaqlarında quyruq bulayan insanların kimlər olduğu artıq heç birimiz üçün sirr deyil. Butün bu sadaladıqlarım bu kitabın çap olunmasının siyasi xarakterli və sifarişlə olmasını bir daha təsdiqləyir.
Ən acınacıqlısı odur ki, Azərbaycanda yaşayan bir çox insanlarımız bunu dəstəkləyir, bu haqda sevinc dolu paylaşımlar edir və layklar qoyurlar. O insanlardan, xüsusilə talış qardaşlarımdan niyə belə sevindiklərini soruşmaq istəyirəm.
Siz sapı özümüzdən olan baltaların dəstəyilə kitab çap etmiş erməninin uğurunamı sevinirsiniz, ya özümüzün acizliyimizə?
Rusiya çöllərinə səpələnmiş, surkanın 24 saatı biz talışların hüquqlarının pozulmasından danışaraq bülbül kimi cəh-cəh vuran, əslində isə bütün talışlara badalaq qoyan "vətənpərvər" talışlarımız bu kitabı özləri çap edə bilməzdilərmi?
Mütləq idimi bir erməni professora çap elətdirəydilər?!
Axı özləri dönə-dönə təkrarlıyırlar ki, onların Rusiyada hər yerə əlləri çatır və hər cür imkanları var.
Hətta atributlarımızı da Rusiya hökümətinə təsdiq elətdirdilər, amma bir kitab çap elətdirəcək qədər aciz oldularmı?!
Sadəcə məqsəd başqa idi, bunun ikinci adı yoxdur.
Yapon dilini yaponlardan mükəmməl bilib, yapon dilində dərslik çap edən bir ingilis, yaxud fransız, və yaxud qeyri bir millətdən olan bir professor və ya dilçi alim tanıyan varsa məni də agah eləsin!

Комментариев нет:

Отправить комментарий