08.07.2011

BƏYİN SÖZÜ

İntiqam Türk Eloğlu

Payız gəlirdi...ilk gözləntilərini həyat üzərində bir ayna kimi yansıdırdı. Ağacların yarpaqları saralmağa başlamış, havanın hərarəti düşmüş, buludların  qovuşmasıyla günün işıltısı azalmış, ara-ara yağmurun pıçıltısı ilə torpağın sevinci artmış və sanki təbiət kimi insanların da saçları, gözlərinin rəngi tündləşmişdi...Hər yerdən payız qoxusu gəlirdi. Bakı yeni bir fəslə öz qucağını açmışdı. Gözəl Bakı, nələr-nələr görmüş! O bütün fəsillərin şahzadəsi, tarixin qəhrəmanıdı. Onun köksündən nə dahilər, nə qəhrəmanlar su içmiş, havasından nə ərənlər güc almış, torpağından nənə-babalarımız nə füsünkarlıqlar, nə möcüzələr yaratmışdır. Payızın gəlişi insanların isti yay fəslindən sonra soyuq bir nəfəs almasına, daha gümrah bədənlə daha gümrah işlərə yol tapmasına səbəb olmuşdu...
Oktyabrın əvvəlləri idi. Bakı küçələrində bir adam dolanırdı. Ondan-bundan “Fəxri xiyaban hardadı” deyə soraqlayaraq axtardığı yerə gedirdi. Gözlərində bir parıltı, sevinc, həyata bağlılıq, yenicə dünyaya gəlmiş bir körpə kimi bədənində güclü bir hərarət vardı...Yox, bu hərarət nə bir soyuqlamanın, nə də bir başqa xəstəliyin əlaməti idi. Bu başqa bir şeydi...Asta-asta yeriyir, bir neçə dəfə “Fəxri xiyaban” hardadı deyə yoldan keçənlərdən soruşurdu. Ancaq, o, marşurtla gediləsi yolu deyil, yeriyərək gediləsi yolu soruşurdu...o, yeriyirdi. O bir tərəfdən getmək istədiyi yerə tezliklə gedib çatmaq, digər tərəfdənsə gec getmək istəyirdi...gözəl Bakının gözəlliyini yaddaşına, havasını sinəsinə hopdurmaq üçün. Ətrafa həm sevinc, həm də hüznlə baxırdı...sanki edilməsi çox çətin olan bir şeyi etmiş, gedilməsi çox ağır olan bir yerə getmiş kimiydi. İnsanlara isti baxışları ilə ürəyindəki şadlığı yansıdır, gözlərindəki atəşi Bakının sinəsindəki atəşlə tutuşduraraq öz həraətini artırırdı... Və bu, o “Fəxri xiyaban”ın girişindədir...həyəcanını gizlətməyərək gözləri ilə hansısa qəbri axtarır. Girişə yaxınlaşdı, qapıçıya salam verdi...Ancaq, bu salam adi bir salam təsiri bağışlamırdı, o “Salam”da dərin bir məna gizlənmişdi sanki. İnsanların saxta bir hala saldıqları salamı o, bir gözəlliklə verirdi...Darvazadan içəri keçdi, başını sağa çevirdi, artıq çöldən axtardığının yerini tapmışdı...Cənnətin qapılarına gedən yolda yerir halda idi. Gözləri ilə, əlləri ilə, bütün bədəni, ruhu ilə o qapını açmağa çalışan insanlar kimi şad idi...O addımlayırdı, yavaş, ancaq böyük addımlarla. Sanki gəlmiş də çatmayacaqmış kimi böyük bir həyəcan vardı vücudunda. Yaxınlaşdı...qəbrin önündə durdu. Payıza xas ağlayan buludlar kimi o da göz yaşlarını damcılatmağa başladı. Gözlərindən narın yaş damlaları düşürdü...bütünlüklə ruhsuz bir halda idi. Sanki ömrün son anları, Tanrının verdiyi son saniyələrin dəyərini itirməmək üçün çalışan bir insan kimiydi...Göz yaşları çoxalırdı...onun ağlamasına buludlar belə dözməmişdi sanki. Onun göz yaşlarını gizlətmək üçün buludlar da ağlayır, həzin, sakit yağış yağmağa başlamışdı. Dizlərini yerə qoydu, əllərini açaraq lal birisinin dil açması kimi isti bir kəlmə çıxdı ağzından...”Allahım” deyə əllərini göyə doğru uzatdı, “Şükr, Tanrım, şükr Sənə!”. Göz yaşları dayanmırdı, yağışla ahəngdə səssizcə ağlayırdı...Önündə durduğu qəbr Əbülfəz ELÇİBƏY-in qəbri idi. Onu buraya gətirən illər öncə yuxusunda gördüyünün gerçək olduğundan 9 ay sonra idi...Bəyin heykəlinə baxaraq yuxusunu xatırlayırdı: Əsrarəngiz bir yerdə, dağların sıldırımlı dik təpələrindən aşağı süzülən yamacların qoynunda, şırıl-şırıl axan bulağn yanında, üzü masmavi bir rəngdə olan səmanın altında...Bəylə qarşılaşmışdı. Bəy, üz cizgiləri, əlləri, gözləri, saçları...hər şeyi ilə onunla yuxusunda görüşmüşdü. “Bəyim, bu sənsən?” – “Bura Cənnətdir, səncə...?”. Yuxusunda doya-doya Bəyə doyasıya sarılmış, onun ruhunu ruhunda hiss etmişdi...“Bəyim, ölüm səni bizdən ayırdı” – “Yox, ayırmadı...mən sizinləyəm, məni görmək istəsəniz bir birinizə baxmağınız kifayətdir. Mən hər bir Türkün bədənində gizlənmişəm”. “Bəs  Bütöv Azərbaycan? Təbriz necə olacaq? Qarabağ necə olacaq?” – “Mən sizə bir söz vermişdim, sözümün üstündə də duracağam. Bütöv Azərbaycan mənim sizə ərməğanım olacaq”. “Bəs necə? Axı sən dünyada yoxsan.” – “Yox, mən məni yaşadanlardayam. Mənim Bütöv Azərbaycan sözüm mənim ruhumu yaşadanlardadır. Verdiyim söz yaxında gerçək olacaq. Bunu sizlər mənim ruhumla edəcəksiniz. Mənim idealım sizin cisminizdədir”. “Bəyim...” – “Allah sizinlə olsun, , BU YOL BİZİM YOLUMUZDUR, qutsal savaş sizi gözləyir...” yuxusunda Bəyin son sözü bu olmuşdu.
Bu olaydan illər keçmişdi, ancaq bir türlü Bəyi ziyarət etmə imkanı olmamışdı. Savaş başlamış, işğalçı rejim çökmüş, Güney Azərbaycan öz istiqlalını elan etmiş, Quzey Azərbaycan Qarabağı azad etmiş, Araz üstdəki bütün dəmir məftillər aradan götürülmüş, sərhədlər yalnızca simvolik hal almışdı...Arazın o tayı da, bu tayı da bayram keçirirdi, insanlar sevinc içərisində idi, çoxlu itkilərə rəğmən hər kəs şad idi, şəhid analarının üzündə bir sevinc, xürrəmlik vardı, dul qalmış gəlinlər, yetim uşaqlar da heç üzgün deyildilər... Çünki, uğrunda can qoyduqları torpaq onların qəhrəmanlarına – şəhidlərə haqqını halal etmişdi, bu halallıq payından hər kəs öz parçasını almışdı. Qarşıda edilməsi gərəkli bir iş qalmışdı yalnızca, bu da Azərbaycanın köksünə yara açan bölünməni bütövləşməyə çevirmək. O gün yaxınlaşırdı...bütün Azərbaycan illərdir ki, həsrətində olduğu günü gözləyirdi. Və  son nöqtə - fevral ayının 10-unda, hansı gün ki, 1828-ci ildə əliqanlı düşmənlərin cansız kağız parçası üzərində bir milləti ikiyə böldüyü gün idi, Güney Azərbaycan Cümhuriyyəti Azərbaycan Respublikasına birləşmə haqqında bəyanat vermişdi. Bir müddət sonra keçirilən xalq səsverməsi ilə bütünlüklə Azərbaycan xalqı bütöv Azərbaycana tərəfdar çıxmışdı.. Bax bu gündən 9 ay keçirdi və Təbrizli Yaşar illər öncə gördüyü yuxusunun, Bəyin sözünün gerçək olduğu gündən aylar sonra həsrətində olduğu və birləşmədən sonra da bir türlü gələ bilmədiyi Bakıya, Bəyi ziyarət etməyə gəlmişdi....
“Sənin sözün gerçək oldu, Bəyim”

Комментариев нет:

Отправить комментарий