05.07.2011

Yuva


Mahitəvan. Hekayə

     Birdən-birə  qaranquşların  səsi  aləmi  diksindirdi.  Mən  onların  təbii  səfini pozmamaq üçün astaca eşiyə  çıxdım. Ciyəyə qonub , söhbət edirdilər sanki. Nə danışırdılar, görəsən?  Bəlkə  də , seçim  qarşısında   idilər...
    
    Həmişə  onlara tamaşa etməkdən  həzz  alıram. Toxunulmazlıq  məni  cəlb edir. Səliqə və təmizliklərinə heyranam. Elə bil , daxili  işığın  rəngidir  sinələrinə  yayılmış  ağlıq. Bütün   qanadlılardan fərqli , bəzək-düzəksiz  bir elitarlıq var  onlarda. Başqalarının  malında  gözləri  yox...Çox  qəribə, çox maraqlı, çox  sevimlidirlər... 
   
    Ah, necə də  düz bilmişdim: seçim  məsələsi  imiş. Quraqlığın   tavanı   altında  dövrə  vurub,  dirəyin  yuxarı   hissəsindəki   küncə  qondular. Bura   sərfəli yer idi; yağış, qar, külək  tutmurdu,    gün  döymürdü...
      Bir  qədər  uzaqda  oturub  onların  tamaşasına   daldım. Yalnız  iki  qaranquş  qaldı. Necə  həyəcanla,  necə  işgüzarcasına  təməl qoyuluşuna   girişdilər. Biri gedir, o biri  gəlir...  palçıq,.. ot,.. palçıq,.. ot,...ələklər  də  döşəndi...
Nə  gözəl!.. Diş-diş  naxışlı , quyraq  bir  yuva  alındı...Xudmani...
     
    Günlərin  birində   artıq  yuvada   balaların  peyda  olduğunu  hiss etdim.  Onları  görməyə  çalışır,  rəqqasə  kimi   barmaqlarım  ucunda  dartınaraq, çox  ucada olan yuvaya  boylanırdım.Valideyn  qaranquşlar  köməyimə  çatırdı: dimdiklərində yem gətirir, həmin andaca  yuvanın  kənarlarından  acgözlüklə  açılmış  dörd-beş  dənə ,  sarıdimdikli  yekə  ağız  görünürdü: --Yem,..yem,..- deyə  çığıran

 ... Həyəcanlı   çığırtılar  bir  gün  məni  çölə  atdı. İlahi, bu  qədər  sərçə  bir  yerə  necə  toplaşıb? Necə  olur ki, onlar  eyni  vaxtda, eyni  yerə cəm  olur, eyni  ünvana  hücum  edir, eyni  hiddətlə  cikkildəyirdilər? Anladım ki, mənfurlar elə  dilsiz də dil tapa, birləşə  bilirlər.
     Yuvalarına  təcavüzdən  qorxuya  düşmüş  qoşa qaranquş  isə   özlərini  az  qala  daşa-divara  vurur,   sərçələri qovmağa  çalışırdı. Əməlli-başlı  döyüş  gedirdi.
   
     Sərçələri    hürküdüb  uzaqlaşdırsam da,  onların  təcavüzkarlığı  məndə  qorxu  yaratdı. Yoxsa    sərçələrin də  ermənisi  varmı ?.. 
     Quldur  sərçələr  həyətin  ucqarında  bir  ağaca  yığışdılar, mərəkə  qopartdılar. Mənim  müdaxiləm  xoşlarına  gəlməmişdi...
     
    Axşamtərəfi  qaranquşların  fəryadına   yüyürdüm. Heç  yanda  sərçə -mərçə  yox   idi. Bəs  nə olmuşdu axı?.. Yuva  səmtinə  dönəndə   heyrətdən  içimi  çəkdim: bir   sarı pişik  dirəyə  dırmaşmışdı  və  artıq  pəncəsi  yuvada idi.
       Mən çomağı  hardan  tapdım, bilmədim. Pişiyi  qomarmağa, qaranquş  balalarını qorumağa  cəhd  göstərdim. Lakin  hər şey  tərsinə oldu: pişik   tullanıb  qaçmaq  istərkən
pəncəsi  yuvanı  yarı  böldü. Ətcə  balaların   hərəsi bir  yana  düşdü. Cəld  onları yığmağa  başladım.  Elə  zərblə  dəymişdilər ki  yerə...  Hamısı  ovcumda  can  verdi. Göz yaşlarımı  saxlaya  bilmirdim . Düşünürdüm  ki, gərək  heç  qarışmayaydım. Özümü günahkar  bildiyimdən  qeyzli  idim.  Qaranquşlar  isə    təlatümlə  havada  vurnuxub çığır-bağırla gözdən  itdilər.
     
   Yuvanın  yarısı   yerdə--- ətrafa  səpələnmiş  torpaq qırıntılarının  arasında  yanıüstə  qalmışdı.  Onu  əlimə alıb, nəzərdən  keçirdim.  Yerdəki  qırıntılara  su  vurub, yuvadan  qopduqları  hissələrə  yapışdırmaq  istədim, ancaq  heç  nə  alınmadı.
       Anam  yaxınlaşıb  məni  gözüyaşlı  görəndə  dedi:
--- Ağlama.  Daha  olan  olub...  Hər  şeyin  bir  qənimi  var... Onları    gözləmə.  Bir də  gələn   bahar  qayıdarlar.   Başqasının  da  düzəltdiyi  yuvada  qalan  deyillər.   Öz  yuvalarını  özləri  qursun gərək...
   
     Gözlənilmədən  bir  dəstə  qaranquş   quraqlığa  doluşdu.  Ağladılar, sızladılar  və  gəldikləri   kimi də getdilər.  Aylarla  qaranquş  səsi  eşidilmədi   bizim  həyətdən.
       Arabir  sərçələrin , xaraba qoyduqları  yuvaya  qonaraq, özgə  malına  sahib  olmaq  keyfini  çıxardıqlarını  görürdüm. Qarabağ    göynərtisi  bağrımı  dəlirdi. Əlimə  keçəni  onlara   sarı  atırdım. Belə-belə  uzaq  dolanmalarına ,quş beyinlərindən  yuvanı  silməyə  nail  oldum. Amma  o   sarı  pişik, bəlkə də, sərçələrlə işbirliyində olmuşdu , uzun  zamanlar    ara-çörədən əl çəkmədi.
     
   Özümsə  baharı  gözləyirdim...
      Anamın  dedikləri  oldu: baharda  qaranquşlar  qayıtdılar. Ən  qəribəsi  bu idi ki, onlar başqa  yerdə  yuva  qurmadılar. Məhz  həmin  yuvanın  ikinci  yarısını  hördülər, bütöv   yuvanı  bərpa  etdilər , bala uçurtdular  doğma yuvadan  səmanın  ənginliklərinə  doğru.
      Mən   sevindim,  fəqət  içimdən  o  ağrı  getmədi.

Комментариев нет:

Отправить комментарий