17.07.2011

İblisə «Yox!» deyək

Cavidan
                                          
Bizlərdə may ayına az qala vay ayı kimi baxar adamlar.
Bu ayda toy eləməzlər, ev başlamazlar, mitinqə getməzlər, cəbhəçiləri döyməzlər, Azadlıq istəməzlər, heç deyəsən köşə də yazmazlar... düşər-düşməzi olarmış deyərlər...
Ekologiya ilinin mayı daşqınlar, torpaq sürüşmələri, təxirəsalınmaz və təxirəsalınan müxalif aksiyaları ilə özünün üçüncü dekadasını yola verməkdədir.
Hər ilin may ayı Vişnuizmə tapınan insanlar üçün Iblislə, Şərlə, mənfi enerji mənbələri ilə əsl mübarizə vaxtına dönür. Üzümüzə gələn çərşənbə Şərin məhvi günü kimi qeyd olunacaqdır.
Belə ki...
Qədim hind əsatirlərindən birində Hiranyakaşipu adlı az qala bütün kainatı əsarətində saxlayacaq dərəcədə dəhşətli mistik qüvvə sahibi olan İblis var. Hiranyakaşipunu nə insan, nə heyvan öldürə bilməzmiş, onu nə gündüz, nə gecə, nə yerdə, nə göydə məhv eləmək mümkün deyilmiş. Və bütün belə halların absurd cəzası kimi məhz bu iblisin öz övladı - Prahlada Maharac Tanrının pak fədaisi kimi doğulur. Hiranyakaşipu oğlunu Tanrı fədaisi olduğuna görə min zülmə ürcah eləsə də, uşaq pak qalır ki, pak qalır... Sonda Hiranyakaşipu oğlunu qılıncla öldürməyə qərar verir. Və..
- Hardadır sənin Tanrın? - deyə qılıncı uşağın üstünə çəkir.
- Hər yerdə,- deyir oğlu.
- Burda da? - qəzəbləÿ sarayın bir sütununu göstərir.
- Hər yerdədirsə, demək burda da,- oğlu deyir.
- Onda çıxsın burdan görüm səni necə qoruyacaq! - deyib qılıncını sütuna çəkincə də kimsənin, eləcə də Hiranyakaşipunun inamsızlığına görə deyil, yalnız və yalnız öz fədaisini pis vəziyyətdə qoymamaq xətrinə Tanrının yarıaslan-yarıinsan Nrisimha-Dev ekspansiyası məhz sütundan zühur eləyib İblisi dizlərinin üstündə, günəşin yarıbatmış məqamındaca məhv eləyir.
Hindistandan və bu əsatirdən bizə nə deməyə tələsməyin.
Məhvinin nə yerdə, nə göydə, nə gecə, nə gündüz, nə insan və nə heyvan əlində olmadığından əmin olub qanımızı şüşəyə tutan rüşvətdən, korrupsiyadan, məmur özbaşınalığından, kütlə cəhalətindən və s. bu kimi ünsürlərdən ibarət olan ümumi bir Şər var məmləkətdə... biz onun Azadlığa tapınan övladlarıyıq, o bizi min zülmə ürcah eləyir, yenə tapındığımızdan qopmuruq ki, qopmuruq...
Az deyilik, hər evdə varıq, hər ocaqda mövcuduq...
Kasıbların, kimsəsizlərin, haqqı tapdananların, sözü keçməyənlərin, başı əzilənlərin, sevgisi zorlananların, seçkisi azad olmayanların ən yaxın dostuyuq...
Başını köksünə əymiş çarəsiz qadınların, əlləri dizində qalan məzlum kişilərin, mələkliyi puç olunan xırdaca uşaqların xətrinədir od içində addımlamağımız.
Çarəsizlərimizin, məzlumlarımızın, mələklərimizin naminədir mübarizəmiz...
Azadlıq! - deyib də Şərin buxovundan qurtulmağa tapının.
Sizdən:
- Hardadır Azadlıq? - deyə istehza və qəzəblə soruşanlara:
- Hər yerdə! - deməkdən çəkinməyin...
Zira bütün sarayların sütunlarından zühur eləyə biləcək qədər müdhişdir Tanrının məhz bu ekspansiyası...
                               

Комментариев нет:

Отправить комментарий