10.07.2011

Sevimlilər

                                                  Corc Oruell  Al Paçino

                                      

 MƏNİM SEVİMLİ YAZARIM. Xatırlayıram ki, 1980-ci illərin əvvəlində sovet nəhənginin gil ayaqları üzərində möhkəm dayandığı vaxtlarda savadlı gənclər və tələbələr arasında Corc Oruellin satirik povest-nağılı- “Mal pəyəsi” indən populyar kitab yox idi. Onu gizlincə və əlbəttə ki “samizdat” formasında oxuyurdular. Partiya ideoloqları Oruellin əsərlərini antisovet, müəllifin özünü isə antikommunist elan etmişdilər.
 Əlbəttə ki Oruellin satirası ayrı-ayrı nöqsanları deyil, əsasların əsasını döyəcləyərək yazırdı: “Bütün heyvanlar bərabər idi, lakin bəziləri digərlərindən daha çox bərabər idi”. Heyvan siması- sosializmin doqmalarından biri belə idi.
 1943-cü ildə II dünya savaşının qızğın çağında Oruell “siyasi əhəmiyyətli nağıl” olan “Mal pəyəsi”ni yazmağa başladı. Bu əsərin janrını müəllif özü belə müəyyənləşdirmişdi. “Mal pəyəsi” heyvanların qiyamı, daha dəqiq onların inqilabı haqqında idi, çünki üsyandan əvvəl kifayət qədər uzunmüddətli, gizli təbliğat mərhələsi olmuşdu. Nağıldakı hadisələr ingilis fermasında baş verirdi və Oruell bütün dünyanı baş verə biləcəklərdən duyuq salmağa çalışırdı. İngilis heyvanlarının qiyamı inkişafda, daha doğrusu deqradasiyda təsvir edilirdi. Heyvanların insanlar tərəfindən istismarı- bir heyvanın digər heyvan tərəfindən amansız istismarı ilə əvəz olunur. İnqilabın avanqardı kimi donuzlar çıxış edir və onlar seçilmiş kastaya çevirilirlər; oxucular çətinlik çəkmədən Qoca Mayorda- Lenini, Qartopuda- Trotskini, Napoleonda Stalini tanıyırlar. Nə qədər ki donuzların tam diktaturası bərqərar olmayıb, rəhbərlər bir-birini əvəzləyir, rejim daha da sərtləşirdi.
Finalda üsyankar ferma onu əhatə edən düşmənlə- qonşu fermerlərlə barışır.
 Sahib-adamlar və sahib-donuzlar dinc, yanaşı yaşamaq prinsipləri barəsində razılığa gəlirlər. Sıravi heyvanlar bu tarixi görüşün keçirildiyi evin pəncərəsindən içəri baxırlar və görürlər ki, onların rəhbərləri arxa pəncələri üstündə gəzməyi öyrəniblər, onlar viski içir, siqar çəkir, kart oynayır və bu zaman insanlar kimi dələduzluq da edirlər... “Bayırdakı heyvanlar baxışlarını gah donuzdan insana, gah da insandan donuza dikirdilər, lakin kimin kim olduğunu ayırd etmək artıq mümkün deyildi”. “Mal pəyəsi” nağılı belə qurtarır.
 Mənim fikrimcə, final sanki süjetin çərçivəsini yarıb kənara çıxır, uzaq gələcəyə nəzər salmaq imkanı yaradır. Əgər bütün əvvəlki səhnələr totalitar rejimlərə qarşı olan kinli satira idisə, sonuncu səhnə sanki situasiyanı əvvələ qaytarır. Əzilmişlərin və narazıların əlindən daha nə gələcək? Yenəmi mənasız və amansız qiyam? Axı kabus hələ də gəzir, gəzir...
 İndi bu çox qəribə görünür, lakin Corc Oruellin etirazçı pamflet olan “Mal pəyəsi”nin nəşri ilə əlaqədar böyük problemləri olmuşdur.Təsəvvür edin ki naşirlər bu əsəri nəşr etməkdən imtina edirdilər. Qırx dördüncü il gedirdi, müttəfiq İngiltərə hökuməti “qoca Co”nu- Stalini hirsləndirmək istəmir, naşirlər isə hökumətin qəzəbindən qorxurdular. “Mal pəyəsi” nəhayət ki 1945-ci ildə nəşr edildi, bir çox dillərə tərcümə olundu və müəllifinə böyük şöhrət qazandırdı. Nağılı təxribatçı ədəbiyyat kimi rus dilində böyük tirajla çap etdilər. Berlindəki və Vyanadakı sovet təsir zonasındakı hərbçilər və SSRİ-dən qaçanlar arasında yaymağa çalışdılıar.
 1949-cu ildə Oriellinin “1984” romanı nəşr edildi. Kitab oxucularda emosional şoka yaxın bir təəssürat yaratdı- qərb oxucuları müəllifin öncəgörənlik etdiyi gələcəkdən doğrudan-doğruya qorxuya düşdülər. Bu kitabdakı ən parlaq sitatlar- “Böyük Qardaş səni izləyir”, “ikimənalılıq”, “fikir cinayəti”- siyasi leksikona və məişət nitqinə daxil oldu.
Bu andan etibarən C.Oruell güzəştsiz antikommunist kimi tanınmağa başladı. Bu yarlıkla razılaşmayan yeganə adam müəllif özü idi. O deyirdi: “Özlərini sosialist adlandıran insanların ləyaqətsiz davranışına görə sosializmi inkar etmək, pis konduktorlara görə dəmir yolunda getməkdən vaz keçmək qədər absurddur”.
 İllər keçirdi, Oruellin şöhrəti getdikcə daha da artırdı. O, XX əsr ədəbiyyatında pərəstiş edilən fiqur kimi etiraf olunurdu. Onun “Mal pəyəsi” və “1984”ü seçilmiş “Onluqlara”, “İyirmiliklərə”, daha sonra yüzilliyin ən əhəmiyyətli əsərləri siyahısına salınırdı.
 Və qəfildən Oruellin nüfuzu dağılmasa da, ciddi surətdə laxlamaya məruz qaldı. Sən demə yazıçı uzun illər ərzində öz dostları və yaxınları barəsində özünəməxsus formada dosyelər toplayırmış. Yazıçı öz mavi qeyd kitabçasına onların “etibarlılığı” haqqında qısa məlumatlar yazırmış.
Mənə qalsa, hesab edirəm ki Oruell sonralar günahlarının hamısını olmasa da, çoxunu yuyan mənəvi igidlik göstərmişdir. O demokratik sosializmin səmimi bir mübarizi kimi insanlığı dəhşətli təhlükələrdən qorumaq üçün həm “Mal pəyəsi”ndə , həm də “1984”də öz məxsusi ideallarını amansızlıqla məhv etmişdir. Yalnız çox cəsur və vicdanlı insanlar belə hərəkət edə bilərdilər.
 MƏNİM SEVİMLİ AKTYORUM. Deyirlər ki, o günə 40 siqaret çəkir, litrlərlə kofe içir və gün ərzində cəmi 4 saat yatır. Bütün qalan vaxtı kino çəkilişlərində iştirak edir. “Mən rola girmirəm, mən rolda yaşayıram”,- mənim sevimli aktyorum belə deyir.
 İndi onun 70 yaşı var. Titrlərdə onun adının olması bütün dünyada milyonlarla tamaşaçını həmin filmə bilet almağa və sonadak diqqətlə baxmağa vadar edir. Onun adı Al Paçinodur.
 Alfredo Ceyms Paçino 1940-cı ilin 25 aprelində Amerikanın ən böyük şəhəri olan Nyu-Yorkda anadan olmuşdur. Ailənin tək uşağı idi. 2 yaşı olarkən atası ailəni atıb getmiş, odur ki gələcək aktyor həyatın bütün məşəqqətlərini dadmışdı. Uşaqlıq və yeniyetməlik çağları Bronks yaxınlığında keçmişdi. Bu rayon Nyu-Yorkun kriminogen duruma görə ən çətin rayonlarından biri sayılır. Küçə uşaqlarının təsiri Alfredodan da yan ötmədi. “Siz çəkildiyiniz filmlərin əksəriyyətində çılğın, dəliqanlı və cinayətkar kişi obrazı yaratmısınız. Bu nə ilə bağlıdır?”- sualına aktyor belə cavab verir: “Düzünü desəm, vaxtilə cinayətkar aləm mənimçün çox maraqlı və cəlbedici idi. Yaşadığım rayonda tez-tez kriminal olaylar baş verirdi. Yaxşı yadımdadır, hətta insanlar çölə çıxmağa belə qorxurdular. Hamı fikirləşirdi ki, əgər səhər küçəyə getdinsə, axşam meyidin də tapıla bilər. Bu cür həyat tərzi mənim də diqqətimi çəkirdi. Bəzən evdən qaçıb cinayətkarlara qoşulmaq arzusuyla aşıb-daşırdım. İndi isə qanuna xidmət edən insanların həyat tərzi məni daha çox cəlb edir. Bax, əsl dəyişkənlik budur”.
 O vaxtlar yeganə normal əyləncəsi anası ilə hər bazar getdiyi yerli kinoteatr idi. Axşamlar isə balaca Alfredo onlara yığışan qohum-əqrəbasını kinoda gördüklərini yamsılamaqla əyləndirərdi. Bu, onda heç də pis alınmırdı. Uşağın aktyor fantaziyalarının həddi-hüdudu yox idi və istedad göz qabağındaydı. Digər tərəfdən, Alfredonun yaşadığı evdə onlarla birgə eşitmə qabiliyyəti zəif olan iki xalası da qalırdı. Onlar da istedadın üzə çıxmasında xeyli yardımçı olmuşdular.
 14 yaşında olarkən Cənubi Bronksdakı kiçik teatrda gördüyü Çexovun “Çayka”sı onu valeh edir və o vaxtdan teatra vurulur. Bir az götür-qoy etdikdən sonra kollecdən incəsənət profilli məktəbə keçir. Anası onun bu fikrini dəstəkləmirdi, belə ki aktyor peşəsini varlı və əhlikef adamların əyləncəsi hesab edirdi. O, Alfredonun sanballı bir iş tapmasını və normal yaşamaq üçün pul qazanmasını arzulayırdı. Alfredo isə təhsil almaq və professional aktyor kimi yetişmək istəyirdi.
 Lakin Paçinonun bu addımı o qədər də uğurlu olmadı. İmtahanlardan kəsilən 17 yaşlı oğlan aktyorluq məktəbini tərk etmək məcburiyyətində qaldı. Bir çox gənclərin həyatında olduğu kimi, düşkünlük çağları gəlib çatır və o, bir-birinin ardınca bir neçə iş yeri dəyişməli olur. Yeganə ürəyincə olan məşğuliyyət isə arada yerli teatrın səhnələşdirdiyi xırda tamaşalarda oynadığı rollar idi. Ən böyük arzusu isə böyük səhnəyə çıxmaq, kinoda çəkilmək...
 Bir müddət keçir və kifayət qədər pul topladıqdan sonra Alfredo Stanislavski sisteminin görkəmli bilicisi Li Strasberqin rəhbərlik etdiyi aktyor sənətkarlığı məktəbinə qəbul edilir. Burada püxtələşdikdən sonra Paçinonun teatrda oynadığı hər bir rol tamaşaçıların böyük rəğbəti ilə qarşılanır. Tənqidçilər aktyorun parlaq gələcəyi olduğunu qeyd edirdilər. Beləcə, tamaşaçı məmnunluğu və tənqidçilərin müsbət rəyləri onunçün böyük kinoya yol açır.
 1972-ci ildə Paçinonun taleyini dəyişən bir hadisə baş verir. Məşhur rejissor Frensis Fordo Koppola özünün ölməz şedevri olan “Xaç atası” filmini çəkmək qərarına gəlir və baş rola o qədər də tanınmayan teatr aktyorunu dəvət edir. “Paramaunt” kinoşirkətinin rəhbərliyi çaşqınlıq içərisində qalır, filmin uğursuzluğa düçar olacağından qorxaraq Koppolaya öz etirazlarını bildirirlər. Lakin Koppola dediyində israrla dayanır və nəticədə sübut edir ki, yanılmamışdır. Paçino sınaq çəkilişlərində Cek Nikolsondan da yaxşı oynayır, balacaboy və qaraqabaq olmasına baxmayaraq qeyri-adi ifası ilə yadda qalır. İndi bütün dünya Al Paçinonu məhz mafiya başçısı Maykl Karleone roluna görə sevir.
 “Xaç atası” ekranlara çıxdıqdan sonra Al Paçino adı dünyanın ən yaxşı on aktyoru sırasına əlavə edilir. Film dünyanı lərzəyə saldı, onlarla mükafata, o cümlədən “Oskar”a layiq görüldü, milyonlarla dollar qazanc gətirdi. Filmdən sonra Al Paçinonun şəkli bulvar qəzetlərinin və parıltılı jurnalların birinci səhifəsindən düşmədi. Aktyor hər yerdə pərəstişkar alqışlarıyla qarşılandı. Bir vaxtlar kinoya dəvət olunmaq ümidilə yaşayan Paçinoya edilən təkliflərin sayı-hesabı yox idi. İndi o vaxt qıtlığından bir sıra dəyərli proyektlərdən imtina da etməli olurdu. Məşhur rejissorlar onu öz filmlərinə dəvət etməkdə israrlıydılar, belə ki titrlərdə Al Paçino adının görünməsi həmin filmin qazanc gətirməsi üçün əsl qarant sayılırdı.
 Həyat həmişə öz axarı ilə getmir və hər enişin bir yoxuşu da var. Başgicəlləndirici şöhrətdən sonra bir neçə uğursuz film… və Al Paçino bir müddət görünmür. Səbəbi isə onun alkoqolizm və narkomaniyaya qurşanması idi. Altı il ərzində aktyor həmin bəlalardan əziyyət çəkir, müxtəlif klinikalarda müalicə olunur. Və sonda bir çox pərəstişkarlarının sevincinə rəğmən müalicəsi nəticə verir, yaradıcılıq krizisindən çıxaraq daha böyük enerjiylə sənət aləminə qayıdır. 1989-cu ildə o yenidən Don Karleone rolunu oynayır, bu dəfə artıq “Xaç atası”nın üçüncü hissəsində çəkilir. Və yenidən baş alıb gedir… 1997-ci ildə böyük hay-küyə səbəb olan “Şeytanın vəkili” filmi ekranlara çıxır və Paçino sübut edir ki, o hələ çox şeyə qadirdir…
 İndi aktyorun 70 yaşı var. Özünü bütünlüklə sevimli sənətinə- kino və teatra həsr etmiş aktyorun ailə həyatı dağınıqdır. Müxtəlif nigahlardan olan uşaqları ilə tez-tez əlaqə saxlayır. Böyük qızı Culi Mari Paçinonun 19, ekiz oğlanlar Anton və Olivinin 9 yaşları var. Bu gün Al Paçino qazanlığı çoxrəqəmli məbləğlərin əksər hissəsini QİÇS-ə qarşı mübarizə Mərkəzinə və Aclıq çəkən uşaqlara yardım Fonduna ayırmaqda davam edir.
 Ən məşhur filmləri bunlardır: “Xaç atası”, “Çapıqlı sifət”, “Bir dəniz məhəbbət”, “Qadın ətri”, “Karlitonun yolu”, “Əlbəyaxa”, “Şeytanın vəkili”, “Hər bazar günü”, “Venesiyalı tacir”, “Ouşenin on üç dostu”.



İbrahim Sel                        
Professional Oxucu Liqası

Комментариев нет:

Отправить комментарий