08.07.2011

"Şirkətdə Elnurdan başqa adam yox idi?.."


Əfqanıstanda həlak olan təyyarəçimizin ailəsi «Azadlıq»a nələr danışdı?
“AZAL” təyyarə qəzasında həlak olanlarla maraqlanmır
Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus IL-76 yük təyyarəsi iyulun 5-dən 6-na keçən gecə Əfqanıstanın Pərvan vilayətində qəzaya uğrayıb. Əfqanıstan hökumətinin yaydığı məlumata görə, Bakı vaxtı ilə 02:10 radələrində Bahram hava limanı yaxınlığında enməyə hazırlaşan IL-76 4K-AZ 55 təyyarəsi ilə rabitə ani olaraq kəsilib və onun radarlarda görüntüsü itib. Eyni zamanda Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 km uzaqlıqda, 4 km hündürlükdə havada işartı gördüyünü bildirib.
Atası kimi həlak oldu
“Silk Way” aviaşirkəti direktorunun keyfiyyət üzrə məsləhətçisi Adil Qasımov mətbuata açıqlamasında qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyada Əfqanıstan, Azərbaycan və Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin (IFAS) nümayəndələrinin təmsil olunduğunu bildirib: “Bu komissiyada ”Silk Way" aviaşirkətinin nümayəndələri də var. Onlar avtomobillərlə hadisənin baş verdiyi Pərvan əyalətinə gedəcəklər, oradan qəza yerinə isə iki-üç saatlıq piyada yol var. Ona görə də qərara gəlinib ki, sabah səhər (bu gün –red.) yola çıxsınlar”.
Yükqaldırma imkanı 40 ton olan Il-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.
“Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KIV-nə açıqlamasında Azərbaycana məxsus təyyarəni vurduqlarını deyib.
Ötən gün biz həlak olanlardan biri - Elnur Mahmudovun ailəsi ilə görüşdük. Hadisədən 2 gün ötməsinə baxmayaraq, ailə həyətdə mağar qurmayıb. Onlar evin tək oğlunun faciəli şəkildə ölümünü heç cür qəbul edə bilmirlər.
1981-ci il təvəllüdlü bort operatoru Elnur Mahmudovun da qismətinə atası, Milli qəhrəman, hava gəmisinin bort mexaniki Ərəstun Mahmudov kimi qəzada həlak olmaq yazılıbmış. Xatırladaq ki, Ərəstun Mahmudov 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan “MI-8" vertolyotunu ermənilərin vurması nəticəsində həlak ol
“AZAL”ın nümayəndəsi suallara cavab verə bilmədi
“AZAL”ın nümayəndələri mətbuata açıqlamalarında bildiriblər ki, yaradılmış xüsusi komissiya aldığı bütün məlumatları ekipaj üzvlərinin qohumlarına çatdırır: “Həlak olanların qohumları psixoloq və zəruri tibbi yardımla daima təmin olunur”. 
Ancaq Elnur Mahmudovun ailəsi deyilənləri inkar edir. Bildirirlər ki, onlarla heç kim maraqlanmır. Üstəlik, onlar üçün məlumat almaq da çətindir. Ailənin üzvləri dəfələrlə hava limanına getsələr də, onları qarşılayan, heç bir məlumat verən olmayıb.
Günün ikinci yarısında ailəyə baş çəkməyə gələn “AZAL”ın nümayəndələri də hər hansı bilgiləri olmadıqlarını bildirdilər. Üstəlik, mediada yayımlanan xəbərlərin həqiqətə uyğun olmadığını söylədilər: “Internetdə, mətbuatda, telekanallarda yayımlanan şəkillər qəzaya uğrayan təyyarənin fotosu deyil. Məlumatların heç biri düz deyil. Bizə deyiblər ki, qəzada həlak olanlar var, ancaq kimlərinsə sağ qalmaq ehtimalı da var”.
“AZAL”ın nümayəndələri fikirlərini söylədikcə mərhumun yaxınları “yalandırsa, verin məhkəməyə” dedilər: “Mediaya bildirmisiniz ki, həlak olanların ailəsinə yardımlar edilir, onlara məlumat verilir, psixoloqla, tibbi yardımla təmin olunur. Niyə yalan məlumat yayırsınız? Kim bizlə maraqlanır? Hansı yardımlar edilib?”. Verilən suallar isə cavabsız qaldı.
“Insan nə qədər müharibə zonalarına gedər?”
Elnurun yaxınları deyir ki, evdən iyulun 5-də səhər saat 6-da çıxıb. Demək olar ki, onun getdiyi ünvan Əfqanıstanın Kabil, Kandahar şəhərləri idi. Avropanın Almaniya, Ispaniya və bu kimi ölkələrinə reys etsə də, bu, nadir hallarda olurdu. Ailəyə də ən çox təsir edən də budur. Mərhumun anası Rəhilə Mahmudova “başa düşmürəm, şirkətdə Elnurdan başqa adam yox idi, hər dəfə onu göndərirdilər” - deyə, sual edir. Bildirir ki, oğlu başqa işçilərin də növbəsinə çıxırdı: “Zəng edirdik, deyirdi ki, indi Bakıya gəlmişəm, bir azdan yenə səfər edəcəm. Ancaq evdə heç nə demirdi. Nə işlə məşğuldur, nə yük daşıyırlar, bu barədə soruşanda da heç nə demirdi. Bizim nəsil üç şəhid verib. Bacımın, qardaşımın övladlarını itirmişəm. Yoldaşım da təyyarəda həlak olub. Nəyə görə, ailənin tək oğlunu tez-tez Əfqanıstan kimi daima müharibə gedən ölkəyə göndərirdilər? Niyə onun istirahəti yox idi? Elə vaxt olurdu ki, reysdən qayıdan kimi ikinci dəfə səfər edirdi. Olmazdımı onu Avropaya göndərəydilər? Bütün günü qorxu, stress keçirirdi. Insan nə qədər müharibə zonalarına gedər?”.
Elnur Mahmudov bort operatoru vəzifəsində 8 ay idi işləyirmiş. Bir ay öncə Əfqanıstanda olanda stress keçiribmiş. Yaxınlarının sözlərinə görə, Kandaharda olanda atışmaya düşübmüş, neçə gün özünə gələ bilməyib.
***
Ata Mahmudov 34, oğul Mahmudov isə 30 yaşında dünyasını dəyişdi. Ata Ağdam-Şuşa, oğul Bakı-Kabil marşrutunda həlak oldu...
azadliq.info                               Ramin DEKO

Комментариев нет:

Отправить комментарий